Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

- 145 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bir nəticə verməmişdir. 2013-cü ildə Talibanın Dohada (Qətər) 
açılan nümayəndəliyi üzərində öz bayrağını qaldırması isə əməl-
li-başlı qalmaqal yaratmışdır.
NATO-nun 2010-cu ildə keçirilən Lissabon sammitində 
2014-cü ilədək təqribən 50 ölkənin təmsil olunduğu ISAF-ın 
Əfqanıstandan çıxarılması barədə qərar qəbul olundu [78, 39]. 
2013-cü ilin yayından Beynəlxalq qüvvələr öz funksiyalarını təd-
ricən əfqan ordusuna verməyə və köməkçi rol oynamağa başladı-
lar. 2014-cü ilin dekabrında Əfqanıstanda ISAF-ın missiyasının 
başa çatdığı və yeni “Qətiyyətli dəstək” (Resolute Support) qey-
ri-döyüş missiyasının başladığı elan edildi.  Yeni missiya BMT TŞ 
2189 saylı qətnaməsi ilə təsbit olundu. Beləliklə, Əfqanıstanda 
ABŞ və müttəfiqlərinin 13 ildən çox davam edən müharibəsi for-
mal şəkildə başa çatdı. Eyni zamanda qoşunlar çıxarıldıqdan son-
ra ölkədə təqribən 13 minlik (təxminən 10 mini ABŞ-a məxsus) 
hərbi kontingentin qalması barədə qərar qəbul edildi: bununla 
bağlı Əfqanıstan hökuməti ilə müvafiq saziş imzalandı.
ABŞ və müttəfiqlərinin 4831 gün davam edən “Sarsılmaz 
azadlıq” əməliyyatı çox zaman Əfqanıstanda sovet işğalı dönəmi 
ilə müqayisə edilir. Bu iki hadisə arasında müəyyən oxşarlıqlar 
mövcud olsa da, ABŞ-ın “sovet təcrübəsi”ndən bəzi dərslər də 
aldığını söyləmək mümkündür. Bunlardan birincisi, hərbi əmə-
liyyatların metodikası ilə bağlıdır: mücahidlərlə mübarizədə 
quru qoşunlarından istifadə edən SSRİ-dən fərqli olaraq, ABŞ 
və müttəfiqləri hava hücumlarına üstünlük vermiş, bu da  şəxsi 
heyət arasında itkilərin qat-qat azlığını şərtləndirmişdir. 2014-cü 
ilin sonunda beynəlxalq qüvvələrin Əfqanıstandakı itkiləri 3485 
nəfər olmuşdur ki, bunun da 2356 nəfəri ABŞ-ın payına düşür. 
Lakin ABŞ-ın maliyyə itkiləri SSRİ-dən qat-qat çox olmuşdur: 
onun bilavasitə hərbi xərcləri 600 milyard dollardan, Əfqanıstan 
hökumətinə yardımları isə 100 milyard dollardan artıq olmuşdur 
[69]. İkincisi, qoşunların yeridilməsi prosesinə geniş beynəlxalq 


- 146 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
dəstəyin (BMT qətnaməsinin) təmin edilməsidir ki, bu üzdən 
hətta Rusiya və İran kimi ölkələr də əməliyyatlara ciddi bir etiraz 
edə bilmədilər. Nəhayət, üçüncüsü, SSRİ-dən fərqli olaraq, ABŞ 
qoşunlarını Əfqanıstandan tamamilə çıxarmadı (qeyd edək ki, 
SSRİ Əfqanıstandan çıxarkən, orada az sayda qüvvənin saxlan-
ması variantı nəzərdən keçirilmiş, lakin qəbul olunmamışdı), bu 
da yerli hökumətin çətin duruma düşməsini önlədi. Bütövlükdə 
Əfqanıstanda 2014-cü ildən sonrakı vəziyyət bir çox cəhətdən 
Nəcibulla dövründəki şəraiti xatırlatsa da, beynəlxalq yardımın 
davam etməsi, ilk növbədə ABŞ-ın dəstəyi hökumətin ayaqda 
qalmasına imkan verir.
Qoşunların çıxarılması ərəfəsində istər ABŞ, istərsə də NATO 
rəhbərləri qarşıda duran vəzifələrin əsasən yerinə yetirildiyini 
bəyan etsələr də, Əfqanıstandakı reallıqlar bunu təsdiqləmir [4, 
XVIII-XX]. 
Ölkədə siyasi sabitliyi bərpa etmək mümkün olmamışdır. Son 
məlumatlara görə, Əfqanıstan hökuməti ölkə ərazisinin 60 %-dən 
də azına nəzarət edir, nəzarət etdiyi bölgələrdə də tez-tez terror 
aktları və partlayışlar baş verir. Bir növ sovet işğalı dönəmində 
olduğu kimi, ölkədə ikihakimiyyətlilik hökm sürür. Əfqanıstan-
da Qərb standartlarına uyğun dövlət sistemi qurmaq cəhdi iflasa 
uğramış, əksinə, Taliban daha da güclənmişdir. Təsadüfi deyil ki, 
artıq Rusiya Talibanı real siyasi qüvvə kimi tanıyır. 
Hərbi baxımdan da öyünməli nəticələrin olduğunu demək 
mümkün deyil. Silahlı müxalifətin kökü kəsilməmiş, üstəlik əhali 
arasında beynəlxalq qüvvələrə mənfi münasibət formalaşmışdır. 
170 minlik əfqan ordusu (bütövlükdə ölkədə hərbi-təhlükəsizlik 
qüvvələrinin sayı 300 min nəfərdən çoxdur) bütün səylərə rəğ-
mən, səmərəli döyüş qabiliyyətinə malik deyildir. Bunu bir misal-
la sübut etmək olar: 2015-ci ilin sentyabrında Taliban cəmi 500 
nəfərlik dəstə ilə 7000 nəfərin müdafiə etdiyi strateji əhəmiyyət-
li Kunduz şəhərini ələ keçirmiş və yalnız ABŞ aviasiyası işə qa-


- 147 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rışdıqdan sonra şəhəri geri almaq mümkün olmuşdur. Təsadüfi 
deyil ki, bu yaxınlarda Əfqanıstan prezidenti Əşrəf Qəni ABŞ-ın 
yeni fəaliyyətə başlamış prezidenti Donald Trampa zəng edərək, 
daha bir neçə min nəfərlik hərbi qüvvə göndərilməsini xahiş et-
mişdir.
Talibana xarici dəstəyi də aradan qaldırmaq mümkün olma-
mışdır. Pakistandan əldə olunan yardımlarla yanaşı, Taliban sı-
ralarında beynəlxalq könüllülər şəbəkəsinin fəaliyyəti davam 
etmişdir. 2009-cu ilin məlumatına görə, Taliban sıralarında Çe-
çenistan, Şimali Afrika, İraq, Yəmən, Suriya, Səudiyyə Ərəbista-
nı, Tacikistan və s. kimi ölkələrdən 4000 nəfərdən çox döyüşçü 
vardı. Özbəkistan İslam Hərəkatı da Taliban tərəfdə beynəlxalq 
qüvvələrə qarşı döyüşürdü.
İqtisadi baxımdan da Əfqanıstanda əhəmiyyətli inkişaf baş 
verməmiş, nəzərdə tutulan böyük layihələrdən biri də tam şəkil-
də reallaşmamış, iri istehsal və emal müəssisələri açılmamışdır. 
Total korrupsiya ölkəyə edilən beynəlxalq yardımların effektini 
heçə endirmişdir. Əfqanıstan hələ də dünyanın ən kasıb ölkələ-
rindən biri olaraq qalır, təhsilin, səhiyyənin fəlakətli durumu 
baxımından ön cərgələrdə yer tutur. 
Ən başlıcası, ölkədə narkoiqtisadiyyat çiçəklənməkdə davam 
edir. ABŞ müdaxiləsindən sonra ölkədə narkotiklərin əkilməsi və 
istehsalı nəinki azalmamış, əksinə, yüksək sürətlə artmışdır, bu 
da müxtəlif yozumlara yol açmışdır. Taliban hakimiyyətinin son 
ilində ölkədə narkotik istehsalı 185 ton olmuşdusa, 2002-ci ildə 
bu rəqəm 2700 tona, 2007-ci ildə isə 8200 tona çatmışdır. Hazır-
da dünyada xaşxaş əkinlərinin 90 %-i Əfqanıstanın payına düşür 
[68,42]; eyni zamanda ölkə əsas narkotik istehsalçılarından biri 
olmaqla bərabər, onun geniş istehlak olunduğu  məkana da çev-
rilir.
Nəhayət, Əfqanıstan probleminə yanaşmada ABŞ müdaxilə-
sinin başlanğıcında özünü göstərən nisbi beynəlxalq həmrəyliyin 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə