ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə12/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

2

Qırışlı sifəti heç dəyişməyən bədbin, ətalətli Bakı iyun günəşinin altında süst düşmüşdü. Qızmar günəş şəhərin

başına od yağdırır, ayaq altında əriyən asfaltdan qalxan isti adamın sifətini yandırırdı. Damlarda qaynayan qırın

iyinə qarışan turşumuş tər qoxusu, maşınların tüstüsü şəhərin divarlarına, daşa-torpağa hopmuşdu. Qara tumanlı

qara-qura oğlan uşaqları şəhərin müxtəlif yerlərində quraşdırılan fontanlarda çimir, polislər onları qovsa da, beş

dəqiqə sonra qayıdıb yenə suya dalırdılar. Dənizkənarı parkda səs-küydən ağız deyəni qulaq eşitmir, qara eynəkli,

qara şalvarlı, ağ köynəkli əyalət oğlanları üzlərində makiyajları əriyən qızlara sataşır, hərdən bir onlara barmaq da

atırdılar. Bu əyalət oğlanlarının bacıları bir qayda olaraq Bakının “Mars”, “Piraniya”, “Koral” kimi barlarında

fahişəlik etdiyindən, onların küçədə gördükləri qızlara sataşaraq, talelərindən intiqam almaqdan başqa çarələri

qalmayıb. Dönərin ürəkbulandıran qoxusu dönərxanaların yanından keçənlərin paltarlarına, bədənlərinə yapışır, tər

iyinə qarışırdı. Şəhərdə aparılan tikinti və bərpa işlərində çalışan qurşağa qədər soyunmuş fəhlələrin qaldırdığı toz

buludu yoldan keçənlərin ciyərlərinə hopur, astma xəstəsi olanları öskürək pristupuna tuturdu. Yolların və səkilərin

asfalt örtüyü, daş döşəməsi üç-dörd aydan bir dəyişdirildiyindən, piyadalar dizlərinə qədər palçığa, quma batır,

maşınlar isə havadakı tozun bir an olsun yerə düşməsinə imkan vermirdilər. İlıq pivə içmək üçün kilkə qoxuyan,

kondisionersiz kafelərə daraşan adamlar, bir müddət sonra oradan ucuz pivə və balıq iyi verə-verə çıxıb, şəhərin

canına düşürdülər. Tinlərdə əyinlərinə naxışlı qara köynəklər geymiş, boyunlarının ardına yaylıqlar qoymuş əli

təsbehli, bığlı şəhər qədeşləri istidən ləhləyir, hər on beş-iyirmi metrdən bir qızmar asfaltın üstündə bağdaş quran

85

qara çarşablı dilənçilər əsəblərə toxunan cır səslərilə “Həzrət Abbas” və “İmam Hüseyn” adına pul dilənirdilər.



Ağzına qədər dolmuş zibil qutularının üstündə vız vuran yaşıl, qara milçəklər, cücülər və eşşək arıları, zibillikdə

ruzisini axtaran it-pişik, əsasən də rus millətinə mənsub “bomj”ların üz-gözünə yapışırdılar. Bomjlar onları əlləri

ilə üzlərindən qovsalar da, bir-iki saniyə sonra həşəratlar təzədən, bu dəfə daha qətiyyətlə zavallılara hücum

çəkirdilər. Musiqiyə yüksək səs verib dar küçələrdə şütüyən avtomobillər, siqnalları ilə şəhəri başlarına

götürmüşdülər. Sfetoforların yarısının işləmədiyi paytaxt Bakıda yaranan tıxaclarda ilişib qalan avtobus və mikro

avtobusların təpədən dırnağa qədər suyun içində olan, bir-birlərinin tər və müxtəlif ifraz qoxularını nəfəslərinə

çəkən bakılılar və şəhərin qonaqları, siqaret çəkən sürücüyə lənətlər yağdırır, başlarını pəncərələrdən çıxardıb

sərinləməyə çalışır, qoltuqlarının altı qırxılmamış arvadlar xırda bir bəhanə tapıb davaya, söyüşə başlayırdılar.

Sürücülər də boş dayanmır, yanlarından ötüb keçən rəqiblərini ana-bacı söyüşləri ilə söyür, onların qız-gəlinlərini

yada salırdılar. İki-üç nəfərlik qruplarla işləyən cibgirlər də basabasdan istifadə edib, camaatın ciblərindən mobil

telefon və pulları çırpışdırırdılar. Sovet dövründə əkilən, müstəqillik dövründə isə ildə minlərlə kəsilən ağaclardan

yoxsun qalan Bakının əhalisi min bir müsibətlə kölgə tapıb, sərinləməyə çalışır, bəzi adamlar ağcaqanadlı, toztorpaqlı

bağlara üz tutur, əhalinin bir qismi də Şixov çimərliyində üstündə on santimetrlik neft təbəqəsi olan,

kanalizasiya sularının axıdıldığı Xəzərə kəllə vururdular. Çimərlikdə xələtlə suya girən abırlı-ismətli xanımlara,

sahildə satılan isti qarğıdalıları yeyib sapını, qarpızları gəmirib qabıqlarını qumun üstünə tullayaraq milçəklərə

ziyafət verən adamlara da rast gəlmək olurdu.

Tiflisdən qayıdandan sonra günlər həftələrə, həftələr də aylara qarışıb getmişdi. Bu zaman ərzində dünyada,

ölkədə, regionda və Zaurun həyatında çox şeylər baş vermişdi. Gündüzlər uzanmış, gecələr qısalmış, hicran bütün

ağırlığı ilə çiyinlərinə çökmüşdü. Zaur işlərinə qaldığı yerdən davam edirdi. Norveç səfirliyinə bir ilə yaxındır

verilən layihə nəhayət təsdiq olunmuş və Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi, Cənubi Qafqazdakı qaçqın və

məcburi köçkünlərin danışdıqları hekayələrdən ibarət “Keşməkeşli qaçqınım mənim” adlı iki cildlik toplunun dörd

dildə çap olunması üçün, 50 min avroluq qrant udmuşdu.

Sözsüz ki, bu puldan sonra Zaurun maddi vəziyyəti də xeyli yaxşılaşmış, başı bütövlüklə layihəyə qarışmışdı.

Onun Artuşla yeganə əlaqəsi MSN proqramı idi. Saatlarla kompüter vasitəsilə danışır, audio-vizual sevişirdilər.

Ayrılığın qısa olacağına, tez bir zamanda üçüncü ölkədə, məsələn Gürcüstanda görüşəcəklərinə dair bir-birlərinə

verdikləri vədləri müəyyən səbəblərdən gerçəkləşdirə bilməmələri onları dərindən sarsıtsa da, vüsala olan

ümidlərini itirmirdilər.

Yalnız gecələr, dərin yuxuda olarkən ruhu sevgi dolu bədənindən ayrılaraq aşiqinin ruhu ilə qovuşur, səhərə

yaxın isə gecənin ehtiraslı səyahətlərindən bədəninə qayıdırdı. Günəşlər divarda asılmış güzgüdə çilik-çilik olub

cingilti ilə otağa yayılanda, Zaur bu günün də Artuşsuz keçəcəyini düşünərək, ürək sancısı ilə çarpayıdan qalxırdı.

Valideynləri görməsin deyə ereksiyasını əli ilə birtəhər örtüb vanna otağına qaçır, lirik mahnılar züm-zümə edə-edə

əl-üzünü yuyur, üzünü qırxır və tərləmiş güzgüdə bulanıq əksinə baxaraq “Daha nə qədər, nə qədər sürəcək bu

həsrət?” düşünürdü.

Valideynləri oğullarının evlənməyəcəyi faktı ilə artıq barışmış görünürdülər. Beynəlxalq münasibətlər

fakültəsini əla qiymətlərlə bitirən, ingilis dilini mükəmməl bilən Zaur, atasının Xarici İşlər nazirliyində, ya da neft

şirkətlərinin birində işləməsinə dair etdiyi təkid və verdiyi məsləhətləri qulaq ardına vuraraq, QHT sektoruna

yönəlmişdi. Zaurun nə üçün gürcü, osetin, erməni, abxaz və axıska türklərinin problemləri, bölgənin münaqişələri

ilə maraqlandığını, hansı səbəbdən mətbuatda kəskin yazılarla çıxışlar edib, hamıyla üz-göz olduğu və özünü

təhlükəyə atdığını Zaurun nə anası, nə atası nə də ki, qohum-əqrəbası başa düşə bilmirdilər.

- Bu münaqişələr Cənubi Qafqazda həmişə olub, bundan sonra da olacaq. Onları həll eləmək sənə düşüb

oğlum? – deyirdi atası. - Sənin gördüyün işdə nə pul var, nə də ki, hörmət. Sənin düz-əməlli karyeran da

olmayacaq. Yalnız risk və təhlükə! Günü-gündən düşmənlərinin sayı artır. Akif Tağı avantürist adamdır. Onun

qrant udmaq və xarici kəşfiyyat orqanlarının tullantılarını yeməkdən başqa dərdi yoxdu. Sənin qabağına isə qəpikquruş

atır.


- Ata mən işimi sevirəm! Bir ay çox qazanaram, bir ay az. Nə fərqi var? Əsas odur ki sərbəstəm, azadam.

Ölkələri gəzirəm, yeni-yeni insanlarla tanış oluram.

- Görürəm elə, necə gəzirsən. Tiflisə üç günlük gedib, on günə qayıdırsan. Bircə dəfə də zəng vurub xəbər

vermirsən ki, ay ata, ay ana sağ-salamatam. Biz isə burda ürəyimizin içini yeyirik.

Demək olar ki, həftədə azı bir dəfə Zaurun atası ilə buna oxşar dialoqları baş verirdi. Hər ikisi bu dialoqları

artıq əzbərləmişdilər. Bu səhər də ənənə təkrarlanmışdı.

Bir stəkan çay içib ryukzakını çiyninə asan Zaur, qapını çırparaq evdən çıxdı və Sahil metrosunun yanında

yerləşən Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin ofisinə piyada gəldi.

Kondisionerlə sərinlənən ofisdə Akif Tağıdan başqa heç kim yox idi - Katibə məzuniyyətə çıxaraq dincəlməyə

Antalyaya getmişdi, ikinci koordinator Teyyub isə Kiyevdə konfransdaydı. Zaur özünə Nescafe hazırlayıb

masasının arxasına keçdi, kompüterini açdı. Gözlərini monitordan ayırmayan Akif:

86

- İşlər necə gedir? – soruşdu.



- Necə olacaq. Kişi yenə beynimi xarab elədi səhər-səhər.

- Atadır. Yaxşı yaşamağını, pul qazanmağını istəmək onun da haqqıdır. Sən onu başa düşməlisən. Heç bir ata

öz övladının pisliyini istəməz.

Artuşdan elektron məktub gəldiyini görən Zaur, Akifin sonuncu sözlərini eşitmədi. Məktubu açıb, həvəslə

oxumağa başladı.

“...Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa

dikib sənin aydınlığını gözlədim. Beləcə payız da, qış da, yaz da bitdi, yayın cırhacırındayıq indi. Ötən həftə iki

günlüyünə Tiflisə getməli oldum. Sənə özüm yazmadım ki, narahat olmayasan. Bilirdim ki, işini-gücünü atıb

gələcəksən. Minlərcə addım atdım Tiflisin küçələrində. Hər guşəsinə baş çəkdim. Hər parkı, hər ağacı əzbərlədim.

Sevdaya boyanmış hər bir yerdə sənin adını aradım. Evlərin divarları bir-bir üzərimə yıxılırdı sanki.

Üzərimə çökən sevgi acısının şiddətindən qıvranarkən, məni bu ağrıdan dartıb çıxaracaq əllərini axtardım. Hicran

şeirləri yazdım sənə. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan deyə, boş-boş gözlədim. Səndən gələcək

bir tək xəbərə həsrət qaldım. Saatlar əsirlər kimi gəldi mənə. Səni axtarmaqdan yorğun düşmüş bədənimi

qaranlığın qucağına uzatdım gecələr boyu. Səhərin bir göz qırpımında açılması üçün ATA otelində yuxuya

getmək istədim. Bacarmadım. Səhəri gözlərimi bağlamadan açdım. Hər gecə ayaq səslərini dinlədim, bəlkə gələn

sən olarsan deyə. Hər səhərlə birgə hüzn yağdı ürəyimə. Günəş yalnızlıq rəmzi idi mənim üçün... Hər şey

sənsən”.

Zaur göz yaşlarını gizlətməyə çalışaraq, qəhvədən bir qurtum içdi.

- Nə olub? Yenə nədi girmisən kompüterin içinə?

Zaur başını qaldırıb Akifə baxdı.

- Məktub gəlib, təcili cavab yazmalıyam. Bir dəqiqə icazə ver mənə.

- Buyur, buyur. Səninlə işim yoxdu, elə belə soruşdum.

Nescafedən bir qurtum da alıb yazmağa başladı.

“...Səni çox gözəl başa düşürəm Artuş. Kaş ki, xəbər verəydin mənə, gələydim Tiflisə. Bilmirəm niyə belə

elədin axı sən? O ki, qaldı həsrətə... Mən də hər mövsümdə sənin yoxluğunla islandım. Yaz çiçəkləri açılıb

bahara xoş gəldin deyəndə, mən onun heç də xoş gəlmədiyini bilirdim. Uzun qış aylarından sonra gəlməz

sandığım köçəri quşlarla bərabər, Bakıya dönməni gözlədim. Sən isə yox idin onların arasında. Adı bilinməyən

qəsəbələrə getdim səndən bir iz tapmaq üçün. Dənizin sonsuz dalğalarına ümid bağladım. Bulvarda gözləyirdim

səni. Limanlara sənin olmadığın gəmilər yanaşırdı. Amma mənim gözümdən bircə damla duzlu yaş axmadı. Göz

yaşlarımı sənin üçün saxlayıram çünki. Heç kimə aça bilmirəm ürəyimi. Bunun nə qədər böyük bir zülm

olduğunu sən də yaxşı bilirsən. Sığınacaq bir liman, yaslanacaq bir sinə axtarıram. Hər gecə ay param-parça olur.

Hər gecə ulduzlar bir-bir düşür soraqlara. Ulduzları ovuclarına doldurub mənə gətirməyini istəyirəm. Günəş kimi

doğub bu qara dünyamı aydınlatmanı istəyirəm. Amma sən yoxsan yanımda... Sən yoxsan”.

Zaur məktubu göndərdikdən sonra, rəfdə qovluqlar arasında qurdalanan Akif Tağıdan soruşdu:

- Akif, sən Yerevanda olmusan. Bu şəhər sənə necə təəssürat bağışladı?

Akif Zaura döndü, gözləri gülürdü. Əlində qovluq ona yaxınlaşdı:

- Səninlə bu haqda dəfələrlə danışmışıq axı. Sən mənim hər iki səfərimi əzbərə bilirsən.

- Düzdür, danışmışıq. Amma ən əsas sualı sənə vermək yadımdan çıxıb.

- Nə sualdır o elə?

- Özünü orada necə hiss edirdin? Hansı duyğular keçirdi ürəyindən?

Akif sifətinə düşüncəli ifadə qataraq qovluğu ovucuna vura-vura dedi:

- Nə gizlədim, hər iki səfərimdə də qəribə hisslər keçirmişəm. Həm çox yaxın, həm də dünyanın ən uzaq

ölkəsində olduğum hissinə qapılmışam. Bilirsənmi, bu olduqca qeyri-adi, anlaşılmaz duyğudur. İnsan özü ora

düşmədikcə, görmədikcə başa düşə bilməz.

- Yəni sən hər an hiss edirdin ki, düşmənlərin əhatəsindəsən?

Akif bir az fikirləşdikdən sonra:

- Əlbəttə, bunu bir an olsun yaddan çıxarmırdım. Ətrafımda Ermənistan xüsusi xidmət orqanlarının

cangüdənlər var idi və onlar bir an olsun düşmən dövlətdə olduğumu unutdurmurdular mənə. Bəlkə də onlar

yanımda olmasaydı, Yerevan küçələrində, əlbəttə kimliyimi elan etmədən, rahat-rahat gəzə bilsəydim, bu hisslər

yaranmazdı məndə. Hətta Yerevanda tədbirin təşkilatçılarına dedim ki, cangüdənlərim, təhlükəsizlik tədbirləri

87

olmasaydı, bura mənim üçün Tiflisdən fərqsiz olardı. İncidilər məndən, amma bu sözün qarşısına bir söz qoya



bilmədilər.

Zaur kompüterin qabağından qalxaraq otaqda gəzişməyə başladı. Bir siqaret yandırdı. Birdən başını qaldırıb

ona tamaşa eləyən Akifə:

- Mən, QHT-mizin ən fəal əməkdaşı kimi, heç Ermənistanda olmamışam – dedi. Bu sənə qəribə gəlmir ki?

Akif onun sualından təəccüblənməsə də, çiyinlərini çəkdi:

- Ay qardaş, sən indiyə qədər bu barədə heç vaxt mənə heç nə deməmisənsə, mən haradan bilim ki, sənin

Ermənistana getmək kimi bir arzun var?

- İndiyə qədər istəmirdim, amma indi istəyirəm.

- Bunun yəqin ki, bir səbəbi də olmalıdır?

Zaur siqaretin külünü, kağızdan düzəltdiyi kulyoka çırpıb dedi:

- Bəli, səbəbi var. Tiflisdə çox maraqlı, orijinal yanaşmaları olan insanlarla tanış oldum. Onlar da bu münaqişə

barədə demək olar ki, bizim kimi düşünürlər.

- Luizanı deyirsən?

- Həm Luiza, həm Artuş. İkisi də kifayət qədər savadlı, qeyri-standart adamlar idi.

Akif diqqətlə Zaurun sifətinə baxdı. Onun üzündə şübhələrinə cavab axtarırmış kimi.

- Ermənistana getmək istədiyindən əminsən? – soruşdu.

Zaur:

- Niyə də olmasın axı – dedi. – Sülhməramlı fəaliyyətə faydam olacaqsa, məncə getməyimdə qəbahət yoxdur.



Elə deyil?

Akif pəncərədən bayıra baxdı. Gözləri yol çəkirdi. Dodaqlarını büzüb dedi:

- Haqlısan. Ermənilərlə canlı ünsiyyət, əlbəttə ofisdə oturub onlarla yazışmaqdan, layihələr hazırlayıb xarici

donorlara göndərməkdən daha faydalıdır. Sən Tiflisdə, Kiyevdə, Moskvada onlarla canlı ünsiyyətdə olmusan. İndi

də o cəmiyyət səni içəridən maraqlandırır. Bundan təbii nə ola bilər?

Zaur başa düşüldüyünü görüb sevindi. Akifə duyduğu hörmət və sevgisi daha da artdı.

- Bəs bizim sülhməramlılığımızın bir xeyri varmı? Yoxsa biz doğrudan da qrant almaqla məşğuluq?

Akifin dodaqları qaçdı, başını buladı:

- Sülhməramlılıq dediyin hadisə, bu günə qədər öz dəqiq tərifini tapmayıb. Amma bir həqiqət var ki, o da

sülhməramlılığın indilərdə ağır günlərini yaşamasıdır. Həm də bu fakt təkcə Cənubi Qafqaza yox, dünyanın bütün

münaqişə zonalarına aiddir. Keçmiş Yuqoslaviyadan başlayaraq etnik problemləri hərbi yolla həll etməyin

səmərəliliyi sülh dialoqunun və xalq diplomatiyasının perspektivsizliyi illüziyasını yaratmaqdadır.

- Səncə bunun səbəbləri nələrdir?

- Sentyabrın 11-dən sonra başlanmış antiterror əməliyyatı Cənubi Qafqaz qarşıdurmasına yeni siyasi ritorika

gətirdi. Üç respublikanın iqtidarları terminlər oyunundan dividentlər əldə etməyə, münaqişələrin tənzimlənməsi

üzrə danışıqlar prosesində xalq diplomatiyasını hər cür dəstəkdən məhrum edən monopoliyalarını möhkəmlətmək

üçün kredit almağa başladılar. Seçkilər öncəsi hər iki respublikada atəşkəs tez-tez pozulur, iqtidarlar əhalini

müharibə ilə qorxudur. Bu münaqişə bizlər üçün münaqişədir, faciədir. İqtidarlar üçün isə biznesdir. Mən bu

oyunda iştirak etməkdən yorulmuşam artıq. Sülhməramlılıq tostları, qardaşlıq ritorikası məni bezdirib.

- Sən hesab edirsən ki, üç respublikanın da hakimiyyəti eyni xətti izləyir?

- Cənubi Qafqaz respublikalarındakı vəziyyətlə tanış olan istənilən adam, bu bölgədəki dövlətlərin siyasi

rejimləri arasında heyrətamiz dərəcədə oxşarlıq olduğunu birmənalı şəkildə anlaya bilər. Düzdür, Gürcüstan

regionda demokratik islahatlar üzrə liderdir, amma ümumiyyətlə götürəndə bu rejimlərin hamısı yalnız münaqişələr

həll edilmədiyinə, bölgəyə münasibətdə ziddiyyətli xarici maraqlar və bu maraqlar arasında az-çox uğurlu

balanslaşdırma olduğuna görə dayanıqlıdır. Belə təsəvvür yaranır ki, münaqişəyə, yaxud onun həllinə cəlb edilmiş

tərəflərin hamısı situasiyanın konservasiya olunması, münaqişələrin bundan sonra da dondurulması zərurətini qəbul

edir. Bu isə rejimlərin və onların baş qəhrəmanlarının sabitləşməsinin qaçılmazlığı illüziyasını yaradır.

Zaur diqqətlə Akifi dinləyirdi. Bu insanın dərin zəkası, mühakimə qabiliyyəti və analitik istedadı qarşısında

həmişə heyranlıq duymuşdu. İndi də Akif, sanki ofisdə, Zaurun qarşısında yox, möhtəşəm konfrans zalında, böyük

bir auditoriya qarşısında çıxış edirdi. Zaur özünün də regiondakı siyasi situasiyadan xəbərdar olduğunu, bu

təşkilatda boş yerə işləmədiyini göstərmək üçün soruşdu:

- Məni həmişə bilirsən nə maraqlandırıb Akif? Minsk Qrupu kimi bir strukturun bizim münaqişədə vasitəçi

olmasına baxmayaraq, ABŞ-ın, Qərbi Avropanın və Rusiyanın konfliktə münasibətləri xeyli dərəcədə bir-biriləri

ilə ziddiyyət təşkil edir. Belə bir şəraitdə Cənubi Qafqazdakı problemləri həll etmək mümkündürmü?

Akif heç düşünmədən bu suala:

- Əlbəttə yox – cavabını verdi. – Hamı Minsk Qrupundan ümidlərini üzüb. İstər hakimiyyətlər, istərsə də QHTlər

sülhməramlılığı imitasiya edir. Hər üç respublikada siyasi, iqtisadi və demoqrafik durum praktik olaraq eynidir.

88

Gürcüstandakı inqilaba baxmayaraq, üç respublikada da avtoritar rejimlər, korrupsiya məngənəsində sıxılan



iqtisadiyyat, yaxınlaşmaqda olan demoqrafik fəlakət hökm sürür.

Zaur əllərini yanlara ayırıb yerinə oturdu.

- Bilmirəm bu nə vaxt baş verəcək, amma nə vaxtsa ermənilərlə azərbaycanlılar, gürcülərlə abxazlar və

osetinlər keçmişdə birgə məskunlaşdıqları yerlərdə dinc, yanaşı yaşamağı və əməkdaşlıq etməyi mütləq

öyrənəcəklər.

Akif onun fikrinin davamını gətirdi:

- Ya da ki, bu ölkələr hələ uzun on illiklər bir-biriləri ilə fasiləsiz ədavət apararaq bölgəni məhvə gətirib

çıxaracaqlar. Regionumuzda insanları şüurlu şəkildə bölən, onların əməkdaşlığına əngəl törədən informasiya

blokadası hökm sürür. Dondurulmuş münaqişələrlə və nəzarətsiz zonalarla nə etməli? Bax bu suala dəqiq cavab

hələ tapılmayıb.

- Bəs sən konkret olaraq erməni xalqı haqda nə fikirləşirsən Akif? Səmimi olmanı istəyirəm, mənə dəqiq cavab

ver. Bu mənim üçün çox vacibdir.

Bu sual gözlənilməz olmuşdu. Akif də bir siqaret yandırıb kreslolardan birinə oturdu.

- Baxmayaraq ki, mən sülhməramlı fəaliyyətlə məşğulam və Azərbaycanda məni sevməyən kifayət qədər adam

var, mən yenə də ilk növbədə azərbaycanlıyam. Necə ki, Ermənistandakı həmkarlarım da ilk növbədə erməni, hətta

əksər hallarda qatı daşnakdırlar.

Bəli, mənim fikrimcə erməni milləti düşməndir. Buna söz yox. Tarixə baxsaq ermənilərlə neçə dəfə barışmışıq.

Həmişə də hiylənin qurbanı biz olmuşuq. Müxtəlif dövrlərdə ya öz xoşumuzla, ya da zorla bizi sülhə məcbur

ediblər. Amma erməni millətinin genində olan türkə nifrət silinib getməyib. Əksinə güclənib. Axırıncı sülh SSRİnin

qurulması ilə zorla yaradıldı. Nəticə nə oldu? Yenə uduzan biz olduq. Dağlıq Qarabağ işğal olundu. Təbii ki,

rusların oynadığı mənfi rolu da danmaq olmaz. Erməni özbaşına deyil ki, haranısa işğal eləsin.

- Bəs əvvəllər azərbaycanlılarla ermənilər on minlərlə qarışıq ailələr qurub, uşaqlar dünyaya gətirib. Bu gün də

onların bir qismi bizim aramızda yaşayır. Ümumiyyətlə, biz bir sülhməramlı təşkilat kimi nəyə nail olmaq

istəyirik? Biz qrant yeyirik, yoxsa məqsədimiz xalqlar arasında sülhə nail olmaqdır?

- Mən yenə də müharibənin tərəfdarı olmadığımı təkrarlamaq istəyirəm. Qarabağ erməniləri bizim

vətəndaşlarımızdır. Amma biz ilk növbədə güclü iqtisadiyyat və güclü ordu qurmalıyıq ki, ermənilər Azərbaycan

ərazisində yaşaya-yaşaya ayrılmaq sevdasına qapılmasınlar, separat təmayüllər göstərməsinlər. Dövlət dövlət olsa,

separatçılıq da olmaz. Amma ermənilərlə ehtiyatlı olmaq lazımdır, onlardan nə desən çıxar. Açığı mən onlara

güvənmirəm.

- Axı niyə - Zaur ayağa qalxdı və əllərini belində birləşdirib, arxaya doğru gərnişdi: – İki xalqın arasındakı bu

uçurum daha nə qədər böyüyəcək? Biz nə vaxta qədər düşmən qalacağıq?

- Bilirsənmi Zaur, hər şey kənardan oxşar görünən, amma çox fərqli olan xalqlarımızın psixologiyasında yatır.

Türkün psixologiyasında mərdlik, birsifətlilik var. Ümumən, türkün keyfiyyətlərini sadalasaq, başda halallığı və

ədalətsizliklə barışmamağı göstərə bilərik. Mütləqə İnam yaradıcısı Asif Ata, türkün keyfiyyəti ilə bağlı deyirdi ki:

“Türk ata minər, Koroğlulaşar, atdan düşər Füzuliləşər”.

Zaur eşitdikləri qarşısında şok olmuşdu. Akifin türklükdən, türkçülükdən danışdığına indiyə qədər şahid

olmadığından, bu pafoslu çıxış onu xeyli sarsıtmışdı. Akif isə sağ əlini yuxarı qaldırıb əsdirə-əsdirə aramsız

danışırdı:

- Türk həmişə zərifliyi və möhtəşəmliyi bir əldə birləşdirməyi bacarıb. Amma istəyənə aman verib, heç vaxt

arxadan vurmayıb. Öz sərkərdəsini satan Səhl Sumbat, igidin atını oğurlayıb satan Keçəl Həmzə kimi adamlar

Türkün arasından çıxmayıb. Bu erməni xisləti, erməni keyfiyyətidir. Erməninin ürəyində ilan var. İlan xislətli adam

- yıxıldı yalvaran, qalxdı çalandır. Gücsüzün qənimi, güclünün nökəri olan ermənilər, xalqımızın başına min bir

müsibətlər gətirib. Bu gün Bakıda yaşayırıqsa, Bakı adlı şəhərimiz varsa, 90 il bundan əvvəl türk qılıncının qından

sıyrılması sayəsindədir. Mən bunları unuda, dana bilmərəm.

Zaur lal-dinməz yenidən yerinə oturdu. Çaşqın gözlərlə rəhbərinə baxır, eşitdiklərini həzm etməyə çalışırdı.

Onu daldığı xəyallardan ayıran da, elə Akifin özü oldu.

- O ki, qaldı sənin Ermənistana getmək arzuna, bunu dəstəkləyirəm, çünki mən dialoqun tərəfdarıyam. Yerevan

Press-klubundan Boris Novosardyan bir layihə təklif edib bizə. İndi onu tapıb verərəm sənə, baxarsan. Türkiyə-

Azərbaycan-Ermənistan-Gürcüstan jurnalistlərinin iştirakı ilə Yerevanda keçirilməsi nəzərdə tutulan “Türkiyə-

Azərbaycan-Ermənistan-Gürcüstan KİV-ində düşmən obrazı” adlı üç günlük konfransdır. Mən doğrusu getməkdən

imtina etdim, çünki həm işlərim çoxdu, həm də mövzu mənə maraqsız gəldi. Amma sən istəsən gedə bilərsən.

Mehmanxana, yemək və yol xərclərinin hamısını onlar ödəyirlər.

Zaur gözlərini Akifdən ayırıb monitora dikdi:

- Bəs layihəni kim maliyyələşdirir?

89

- Caritas France təşkilatı. Borisin e-mailini indi sənə ataram, onunla yazışarsan. Şərtlər səni qane edərsə,



gedərsən.

***

Bütün Bakı, İçəri Şəhərdəki evi, iş yeri, hətta vücudu da dar gəlirdi Zaura. İki gün əvvəl Boris Navasardyana

yazdığı məktuba hələ cavab almadığından, ağlına müxtəlif fikirlər girən, qəlbinə şübhələr dolan Zaur özünə yer

tapa bilmir, Akifi bitib-tükənməyən sualları ilə dəng eləyirdi: “Bəlkə tədbir ləğv olunub?”, “Bəlkə Boris mənim

namizədliyimlə razı deyil?”, “Ermənistana getməyin başqa yolu yoxdurmu?”.

Əvvəllər Ermənistana getmək haqda bircə söz danışmayan, ümumiyyətlə bu məsələ ilə maraqlanmayan bir

adamın, birdən-birə nə üçün Yerevana getmək həvəsinə düşdüyünü anlamırdı Akif. Bu sualla Zaura müraciət

eləməmişdi, oğlanın xətrinə dəyməkdən qorxurdu. Amma bir şeydən dəqiq əmin idi – Zaur Tiflisdən qayıdandan

sonra çox dəyişmişdi.

Üzünü hansı səmtə çevirsə Artuşun pıçıltılarını eşidən, isti nəfəsini, ətrini, öpüşlərinin islaqlığını duyan Zaur, 2

saylı məktəbin qapısına necə gəlib çıxdığını özü də anlamadı. Bura gəlməyi heç vaxt planlaşdırmamış, bu barədə

heç fikirləşməmişdi də. Bir gün qeyri ixtiyari olaraq məktəbin binası qarşısında dayandığını fərq etdi. Bilirdi ki,

bütün təhsil ocaqları yay tətilindədi, məktəblər bağlıdı və içəri girmək onun üçün müşkül olacaq. Yenə də bəxtini

sınamaq istədi.

Alnını şüşəyə yaslayaraq alaqaranlıq foyenin axırında, əlində nəsə toxuyan yaşlı qarovulçu qadını gördü.

Şüşəni taqqıldatdı. Qadın gözlərini qıyıb gələnin kim olduğuna baxdı və ayağa qalxıb, şap-şaplarını sürütdəyəsürütdəyə

qapını açdı.

- Nədi oğlum, kimi axtarırsan?

- Heç kimi xala, içəri girmək istəyirəm.

Qadın gözlərini bərəldib, ikinci hecanın sonundakı saiti uzadaraq soruşdu:

- Niyə?

- Mən bu məktəbi qurtarmışam xala. Gəlmişəm keçmiş günlərimi yada salam.



- Başa düşürəm, amma səni buraxa bilmərəm oğlum. Məktəbdə heç kəs yoxdur. Yad adamı içəri necə

buraxım?


- Bir neçə günə çıxıb gedirəm xaricə. Axırıncı dəfə məktəbimi görmək istəyirəm. Bəlkə bir daha qayıtmadım

Bakıya – Zaur elə ordaca uydurdu və xəcalətindən qulaqları qızardı.

- Yenə də deyirəm - buraxa bilmərəm! Siniflərdən bir şey itsə, mən cavabdehəm axı!

Zaur qadının əlindən tutdu:

- Xala mənə inanmırsınızsa koridorları, həyəti bir yerdə gəzək. Amma qurban olum dala qaytarmayın.

İndi burada köhnə qarovulçu Naidə xala olsaydı, Zaur rahatlıqla içəri keçərdi. Amma beş il əvvəl sanitar

işlədiyi xəstəxanadan pensiyaya çıxandan sonra, məktəbə qarovulçu düzələn qadın, Zauru əlbəttə tanıya bilməzdi.

O, ömründə ilk dəfə idi ki, oxuduğu məktəbi son dəfə görmək üçün qapıda yalvaran adam görürdü. Məktəb,

müəllim, təhsil anlayışlarının tənəzzülə uğradığı, dəyərdən düşdüyü bir zəmanədə, belə bir adama rast gəlmək

qadını mat qoymuşdu. Bir yandan həqiqətən də içəri adam buraxmağa səlahiyyəti çatmırdı, obiri tərəfdən isə

doğma şəhəri və məktəbi ilə vidalaşmaq istəyən gəncə mane olmağın insafsızlıq olduğunu başa düşürdü.

- Yaxşı, gəl oğlum. Amma on beş dəqiqə vaxtın var! Hərdən rəhbərlikdən kimsə gəlib sənəd zad götürür. Səni

içəridə görən olsa, işimdən olaram.

Zaur sevincək olub qarını yanağından öpdü və cibinə beş manatlıq əskinası dürtüb tələsik dedi:

- Sağ ol ay xala.

Qapıdan addım atan kimi, pilləkənlərlə becid-becid ikinci mərtəbəyə qalxdı. Tətilə girən məktəbin ölü sükuta

qərq olmuş uzun koridorunun ortasında dayandı, sağa-sola boylandı. Hardan başlayacağına qərar verə bilmirdi,

duruxmuşdu. Nəhayət, son dörd ilini oxuduğu sinfin qapısına yaxınlaşdı və dərindən nəfəs alaraq qapının qolunu

burdu.

Həmən partalar, həmən lövhə, həmən müəllim masası. Burada baş vermiş yeganə dəyişiklik, Rus yazıçılarının



portretlərinin divarlardan çıxardılaraq yerlərinə Azərbaycanın şair və yazıçılarının şəkillərinin asılması idi. Sovet

dövründən qalma pəncərələr isə, indiyə qədər dəyişdirilməmişdi. İki laylı pəncərələrin aralarına yığılmış toz-torpaq

da, elə on-iyirmi il əvvəlki toz torpaq idi deyəsən. Budur, dörd il Artuşla bölüşdüyü ortadan üçüncü sıradakı parta.

Keçib “yerinə” əyləşdi, lap aşağı sinif şagirdləri kimi əllərini üstü toz bağlamış masanın üzərində birləşdirdi. İndi

bu yer ona çox dar gəlirdi, vücudu çətinliklə masa ilə skamyanın arasına sığışmışdı. Zaur böyümüşdü.

“Bax belə” düşündü. “Nəhayət uzun illərdən sonra, həmən sinif, həmən parta...”

Gözündən yaşların nə vaxt boşalmağa, damcı-damcı masanın, dirsəklərinin üstünə düşərək islatmağa

başladığını hiss etmədi Zaur. Bir də onda ayıldı ki, vücudunun üsyankar, qışqırtılı cismaniliyini lap yeniyetmə

90

dövründəki kimi hiss etməyə başlayıb. Qasığından ona tanış, doğma şəhvət sancısı qopdu. Sanki sevdiyi insan indi



burada, yanında oturmuşdu. Onun tərini hiss edir, nəfəsinin istisini üzündə duyurdu. Yeganə müstəsna mülkiyyəti

olan cismini o sevgiliyə fəda etməyə hazır idi. Çünki hormonlarla və sevgi qığılcımlarıyla dolu olan vücudu təkcə

özünə mənsub ola bilməyəcək qədər nəhəng idi.

Qadının ona 15 dəqiqə vaxt verdiyini yada saldı. Çıxmaq istəyirdi sinifdən amma ayaqları getməyə razı

olmurdu. Sanki partalar onu çağırır, o illəri bir daha, bir daha ağlında dolaşdırmağı tələb edirdilər. Divarlar da

getmə deyirdilər. Lövhə isə “dayan, qal, son dəfə məni təbaşirlə kirlət” hayqırırdı.

Daha dözə bilməyib ayağa qalxdı. Dodaqları titrəyirdi. Boğazında ilişib qalmış qəhər, səssiz-səssiz axan

gözyaşılarının hönkürtüyə çevrilməsini əngəlləyirdi. Lövhənin qarşısında ayaq saxladı. Balaca bir təbaşir parçası

dəydi gözünə. Təbaşiri götürüb ovucunda oynatdı, bir az fikirləşib onu cibinə atdı. Məktəbin həyətinə çıxmaq üçün

arxa tərəfdən aşağı enərək qapını açdı. Əmək dərsi binasının arxasında, Artuşla bir-birlərinə ürəklərini açdıqları,

gizlincə öpüşdükləri yerə gəldi. Burada bitən çinar ağacı, ətrafa kölgə salmaqda davam edirdi. Ağacın altındakı iki

kubik daşın ortasına qoylan taxta parçasına oturdu. Bu çinar, uşaqlıq illərində olduğu kimi, bu gün də onu qızmar

günəşin şüalarından qoruyurdu. Kürəyini ağacın enli gövdəsinə yaslayıb gözlərini yumdu və nədənsə son zəng

gününü xatırladı.

O gün məktəbin həyətində iynə atsan yerə düşməzdi. Və o gün Zaurun yanında sevdiyi insan yox idi. Dəstədən

ayrılıb bu ağacın altında tək başına oturan Zauru heç kəs fərq etməmiş, sinif yoldaşları onu itirib axtarmamışdılar.

İlk dəfə Zaur öz lazımsızlığını məzuniyyət günü dərk etmişdi. Ağlamışdı xeyli və yaxınlaşıb göz yaşlarını görən də

olmamışdı. Mikrofonla çıxış edənləri eşitmir, illərin necə də tez ötüb keçdiyini düşünürdü. Müəllimlərdən canları

qurtaracaq, hər gün səhər tezdən oyanmağa ehtiyac qalmayacaq deyə hamı sevinirdi. Attestat almaq, yeni həyata

atılmaq Zaurun da ürəyincə idi, amma bu andan sonra onu Artuşa bağlayan, ona Artuşu xatırladan son maddi

əlaqənin də kəsiləcəyi, unudulmaz anlarını keçirdiyi məktəbin bir az sonra onun həyatından əbədi silinib

gedəcəyini bilmək ona əzab verirdi. “Onsuz da Artuşdan sonra bu məktəbin heç bir ləzzəti, dadı qalmayıb” deyə,

özünə təsəlli vermiş, hələ 1990-cı ildə bu məktəblə vidalaşdığını düşünmüşdü. Yenə də son dəfə bura ayaq basmaq

qəribə gəlirdi ona - elə bil yarımçıq bir işi, kiməsə deyiləsi sözü qalmışdı.

Bir neçə dəqiqə sonra son dəfə rəmzi zəng çalınacaq və 11 ildir hər səhər eşitdiyi bu cır səs, Zaurun vücudunu

yarıb keçərək, onun həyatından birdəfəlik gedəcəkdi. O, səbirlə bu anı gözləyirdi.

Birinci sinifə başladığı, Artuşla tanış olduğu günü də çox yaxşı xatırlayırdı. Ürkək və inamsız iki oğlan uşağını

– azərbaycanlı və ermənini yan yana oturtmuşdular. Azərbaycanlı və erməninin sinif yoldaşı ola bilmələrinin, bir

parta arxasında otura bilmələrinin adi hal olduğu səksəninci ilin əvvəlində, cəmi bir neçə il sonra iki düşmən xalqa

çevriləcəklərini bilməyən Artuş və Zaura, möhkəm dost olmaları üçün bir həftədən də az vaxt tələb olunmuşdu.

Məktəbin ilk iki ilində maraq dairələri o qədər də geniş olmayan uşaqlar butulka qapaqları yığıb onlarla müxtəlif

oyunlar oynayırdılar və ən çox butulka qapağına sahib olana, bütün sinif qibtə edirdi.

Filateliyaya maraq isə, hər ikisində üçüncü sinifdən sonra yaranmışdı.

Siqareti ayaqqabısının altında əzərək söndürdü və ayağa qalxdı. Ürəyinə daş basıb getməliydi buradan. Gəldiyi

qapıdan dala qayıdıb pilləkənlərin yanından keçdi və arxadan qarovulçu qadına yaxınlaşdı.

- Çox sağ olun xala. Sizin bu yaxşılığınızı heç vaxt yaddan çıxarmayacam.

Qadın son ilməni milə keçirdib başını qaldırdı.

- Sən ki, vətəndən getməmişdən qabaq gəlib məktəbinə baş çəkirsən, deməli layiqli oğulsan. Kaş bütün

cavanlar sənin kimi olaydı.

Zaur sıxıla-sıxıla dedi:

- Xala, mən əslində məktəbi görmək üçün yox, ilk məhəbbətimi yad eləmək üçün gəlmişdim. Yəqin ki, məni

başa düşərsiniz.

Qadın gülümsünüb dedi:

- Ay xatakar – sonra başını buladı, - Bəs sən öz ilk məhəbbətinlə ayrılmısan? O qız indi hardadı?

Zaur pəncərəyə, Bünyat Sərdarov küçəsindən keçən maşınlara baxa-baxa dedi:

- Bizi müharibə ayırdı.

Qadın Zaurun cavabını başa düşməmiş olacaqdı ki, dəqiqləşdirdi:

- Necə yəni?

Səhv buraxdığını başa düşən Zaur:

- Atası hərbçi idi. Qarabağda şəhid oldu - tez-tələsik dedi. Qız da anası ilə Qazaxıstana köçüb getdilər,

qohumları gilə.

Zaur belə məharətlə, utanıb-qızarmadan yalan danışmağı bacardığını özü üçün yenicə kəşf edirdi. Bu onun

xoşuna gəlməyə başlamışdı.

Qadın “vay-vay-vay” deyib, başını buladı.

91

- Allah rəhmət eləsin bala. Neynək, həyatdı da. Ölüm itim dünyasıdı. Allah qalan balalarımızı, cavanlarımızı



salamat eləsin. Qan axmasın, camaat qırılmasın. Yazıqdı bu millət ay bala, yazıqdı.

Arvad bunları deyib ağır-ağır ayağa qalxdı və ayaqlarını sürütləyərək qapıya yönəldi. Zaur da asta-asta onun

dalınca gedir, bir yandan da son dəfə məktəbin divarlarına, divarlardan asılmış plakat və şüarlara baxırdı. Əvvəllər

Leninə mənsub “Oxumaq, oxumaq, yenə də oxumaq!” şüarı, indi məktəb direktoru İradə Dəstərxanlının “Təhsil

bizim üçün prioritet sahədir” aforizmi ilə əvəzlənmişdi.

Qadınla vidalaşıb küçəyə çıxdı. Nə üçünsə içi nifrət, qəzəb doluydu. Məktəbdə rahatlıq tapmaq yerinə, ovqatı

daha da təlx olmuşdu. Yeyin addımlarla üzü aşağı düşə-düşə, qarşıdan gələn etinasız, ya da ürkək adamların onun

yanına çatmamış qeyb olduqlarını, buxarlandıqlarını görürdü. Sanki hamı hamıdan qaçır, gen gəzirdi. “Hanı mənim

uşaqlığımın Bakısı” düşündü. “Hanı “Plombir” dondurması? Nə üçün insanlar gülmür daha? Nə üçün küçələr indi

tünlük və çirklidir? Nə üçün dağıdılır, yerlə yeksan edilir hər şey?”

Əbədi uşaq qalmaqdan, heç vaxt böyüməməkdən daha gözəl bir şeyin olmadığını yenidən məktəbə qayıdandan

sonra başa düşmüşdü. Başa düşmüşdü ki, Artuşla birlikdə bir-birlərinin uşaqlıqlarını oğurlamış, bunun nəticəsində

də vaxtından tez böyümüşdülər.

***


Valideynlərinin evdə olmaması, yalnızlığa ehtiyacı olan Zaurun kefini az da olsa açmış, hirsini soyutmuşdu.

Hələ qarşıda onu - əgər Borisdən müsbət cavab gələrsə - Yerevana getmək üçün valideynlərinin razılığını almaq,

ala bilməsə yenə də öz bildiyini eləmək kimi əziyyətli bir iş gözləyirdi. Yerevan mövzusu açılanda yəqin ki, anasının

bir neçə dəfə ürəyi gedəcək, atasının isə şəkəri qalxacaqdı. Amma nə olursa olsun, Zauru yolundan heç nə

saxlaya bilməzdi.

Otağına girib əynini soyundu. Köhnə kamodun üstündəki çərçivəli altı fotoşəkildən biri, onun Artuşla məktəbin

həyətində çəkdirdiyi son şəkil idi. Şüşənin altındakı ağ-qara əksi barmaqları ilə sığalladı. “Bu çərçivə necə də

dar gəlir mənə də, sənə də... Biz həbs olub qalmamalıyıq çərçivələrdə, yetər artıq dözdük, boyun əydik bu sistemə”.

Çərçivəni götürüb kamodun birinci gözünə, alt paltarlarının üstünə atdı və gün ərzində ilk dəfə gülümsədi. “Məni

heç bir müharibə, münaqişə saxlaya bilməz. Bundan sonra şəkillərdə təsəlli axtarmayacağam. Görüşəcəyik. Mütləq

görüşəcəyik”.

Gələcəyə inamı artmış; arxayınlıq, toxtaqlıq tapmışdı. Elə bu an oğlan və ya qıza aid olduğu aydın olmayan cır

bir səs eşidildi küçədən.

- Nəlbəki, nəlbəki, stəkan, stəkan. Daşa-divara vurursan, sınmayır, üstünə çıxırsan sınmayır.

Maraqlanıb pəncərədən boylandı. Cavan bir oğlan idi. İki dolu zənbilin yanında dayanıb əlindəki stəkanı beton

divara vurub təkrar edirdi.

- Daşa-divara vurursan, sınmayır, üstünə çıxırsan sınmayır.

Pəncərələrdən, eyvanlardan baxan olduğunu görüb stəkanı yerə qoyub ayaqlamağa başladı. Doğrudan da

sınmırdı. Oğlan nə qədər canfəşanlıq etdisə də alıcı olmadı. Birdən səsini xırp kəsərək zənbilinə doğru əyildi.

Başını bulayıb, yükünü götürüb uzaqlaşdı. İndi onun səsi uzaqdan gəlirdi.

- Nəlbəki, stəkan, daşa-divara vurursan, sınmayır, üstünə çıxırsan sınmayır.

Zaur otağın ortasında dayanıb nə edəcəyini fikirləşdi və axırda başını qatmaq üçün internetə girməyə qərar

verdi. Səkkiz dənə məktub gəlmişdi poçtuna və... biri Boris Navasardyandan idi. Dəlicəsinə sevindiyindən, özünü

itirdi və iki əli ilə başını tutdu.

Boris Zaurun tədbirə dəvət edildiyini, lakin mövzu ilə bağlı iki-üç səhifəlik məruzə hazırlamaq lazım gəldiyini

yazırdı.


“Sizin konfransımızda iştirakınız, inanıram ki, çox səmərəli və faydalı olacaq. Cənab Akif Tağının təşkilatı

ilə əvvəllər də layihələrimiz olub və onun məsləhət bildiyi bir şəxslə əməkdaşlıq etməkdən məmnunluq duyarıq.

Sizdən xahişim, konfransımızın mövzusuna - “Azərbaycan-Ermənistan-Türkiyə-Gürcüstan” dörd tərəfli

münasibətlərinə, bu münasibətlərin reallıq və perspektivlərinə dair bir məruzə hazırlayıb mənə göndərəsiniz.

Zəhmət olmasa pasport məlumatlarınızı da yazın. Konfrans iyul ayının 7-10 tarixləri arasında keçiriləcəyi üçün,

siz 6 iyulda artıq Yerevanda olmalısınız. Tiflisə gəlib, oradan da maşınla Sadaxloya, Gürcüstan-Ermənistan

sərhədinə gəlməlisiniz. Sizi orada qarşılayacağıq. Yolda çəkəcəyiniz xərclərin hamısı qəpiyinə qədər sizə

ödənəcək...”

Zaur dərhal pasport məlumatlarını Borisə yazıb, məruzəni də bir-iki günə hazırlayacağını əlavə etdi və

məktubu göndərdikdən sonra, MSN-də Artuşu axtardı. Offline görünən Artuşa əvvəl məktub yazmaq istədi, amma

92

sevgilisinin bir neçə dəqiqə sonra peyda olması onu sevindirdi. Qulaqlıqları taxıb, mikrofonu dodaqlarına



yaxınlaşdırdı.

- Alo.


Artuşun səsi kəsik-kəsik gəlirdi.

- Salam Zaur. Bayaqdan buradaydım. Acdım, yeməyə getdim. Neynirsən?

- Sağ ol. Məktəbə getmişdim. Kameranı aç.

Artuş kamera bağlantısını da qoşaraq ekranda göründü. Üzü gülürdü.

- Deyəsən evdə təksən? – Artuş soruşdu.

- Hə təkəm. Bizimkilər harasa gediblər.

- Bayaq dedin məktəbə getmişdin. Bizim iki saylıya?

- Aha.


Artuş çənəsini yumruqlarına yaslayıb üzünü əməlli-başlı kameraya yaxınlaşdırdı və etinasız soruşdu:

- Necə idi?

Zaur bilmədi nə desin.

- Nə “necə idi”?

- Məktəb? Neynədin orada?

- Heç, elə belə. Keçmişi yada saldım. Çinarımız yadındadır? Bax onun altında oturdum bir az. Sinifimizə də

baş çəkdim, bizim partamızda əyləşdim.

Artuşun üzündəki laqeyd ifadə dəyişmədi:

- Çox yaxşı.

- Deyəsən bu səni maraqlandırmadı.

- Niyə maraqlandırmalıdır axı Zaur? O məktəblə bağlı ən işıqlı xatirəm sənsən. Səninlə də ki, artıq demək olar hər

gün görüşürük. Məktəbdə münaqişə başlayandan sonra bizə qarşı təzyiqlər dözülməz həddə çatmışdı. O məktəbi nə

sevir, nə də nifrət etmirəm. Bağışla ki, bu gün orada keçirdiyin hisslərini səninlə bölüşə bilmirəm.

Zaur başını bulaya-bulaya razılaşdı:

- Haqlısan. Səninlə mübahisə edə bilmərəm. Onda gəl səni başqa bir xəbərlə sevindirim.

Artuşun həyəcandan gözləri parıldadı:

- Bax bu əla olar! De gəlsin!

- Boris Navasardyandan cavab gəldi. Məni Yerevana dəvət edir.

Artuş gözlərini kameraya zilləyib Zaura baxırdı. Deməyə söz tapmırdı.

- Mən Yerevana gəlirəm Artuş! Eşidirsən?

Zaur bərkdən gülməyə başladı.

- Necə gələcəksən? – uzun sürən sükutdan sonra Artuşun verdiyi sual bu olmuşdu.

- Tiflisdən Ermənistan sərhədinə, Sadaxloya. Orada məni qarşılayacaqlar. Ermənistan xüsusi xidmətləri və

Boris Navasardyanın özü gələcəklər.

- Nə vaxt çıxırsan yola?

- Bir həftə sonra. İyulun altısı gərək sərhəddə olum. Tədbir yeddisi səhər başlayır.

- Mən də gəlmək istəyirəm.

- Hara?


- Sərhədə.

- Lazım deyil. Çekistləriniz səni görməsinlər. Mən sənə Yerevana çatanda zəng vuraram, qaldığım otelə

gələrsən. Sərhədə gəlsən, bunu düz başa düşməzlər. Səbrli ol, bir azca da döz.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə