Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   2   3   4   5   6   7   8   9   ...   136

13 
 
       
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
VİDADİ MURADOV 
AMEA Naxçıvan Bölməsi                                         
vidadimuradov@gmail.com  
UOT: 94 (479.242) 
 
XVIII-XX əsrin əvvəllərində Ordubad şəhərinin iqtisadi həyatına dair 
 
 Açar  sözlər:  Ordubad  şəhəri,  ticarət,  dövriyyə,  satış  bazarı,  karvansara,  dükan,                    
sənətkarlıq, emalatxana, istehsal, tənəzzül, meyvə 
Keywords: Ordubad city, trade, circulation, sales market, caravanserai, shops,craftsmanship, 
workshop, production, decline, fruit 
 Ключевые  слова:  город  Ордубад,  торговля,  оборот,  базар,  каравансарай,  ремесло, 
мастерской, производство упадок, фрукты   
 
Azərbaycanın orta əsr və yeni dövr  şəhərlərinin əksəriyyəti kimi, Ordubad şəhərinin də iqtisadi 
həyatının əsasını ticarət, sənətkarlıq və əkinçilik, ilk növbədə isə bağçılıq və üzümçülük təşkil edirdi. 
Şəhərin iqtisadi həyatında ticarət xüsusilə  mühüm rol oynayırdı. Bunu hələ 1727-ci ildə tərtib edilmiş 
“Naxçıvan sancağının müfəssəl dəfətəri”ndə verilən məlumatlar da təsdiq edir. Həmin məlumatlardan 
aydın olur ki, bu dövrdə Ordubadda ticarət əməliyyatları şəhərdə fəaliyyət göstərən 6 karvansara və 210 
dükan  vasitəsilə  həyata  keçirilirdi  [4,  s.125-14].  Doğrudur,  sonrakı  100  il  ərzində  baş  vermiş 
müharibələr və çəkişmələr şəhərdə ticarətin inkişafına ağır zərbə vurmuşdu. Rus müstəmləkə dövrünün 
başlanğıcında  şəhərdə  əvvəllər  fəaliyyət  göstərmiş  6  karvansaradan  yalnız  ikisi  salamat  qalmışdı. 
Ticarət və sənətkar dükanlarının sayı isə XVIII əsrin əvvəlləri ilə müqayisədə 3 dəfədən də çox azalaraq 
80-ə enmişdi [8, s.194]. Bu dükanlardan 30-da ipək və pambıq parçalar, mahud, çay, qənd, qəhvə, metal 
məmulatları, 20-də isə yeyinti məhsulları satılırdı [4, s.201-202]. 
Naxçıvan  diyarının  Rusiya  imperiyasının  tərkibinə  qatılması  ilə  bölgədə  yaranmış  siyasi 
sabitlik  Ordubad  şəhərində  də  ticarətin  inkişafına  müsbət  təsir  göstərdi.  XIX  əsrin  60-cı  illərində 
şəhərdə ancaq ticarət dükanlarının sayı 93-ə çatmışdı. Bu dükanlardan 32-ni illik ticarət dövriyyəsi 
25 min rubl təşkil edən bəzzaz dükanları, 29-nu ancaq Asiya ölkələrində istehsal edilən məhsulların 
satışı ilə məşğul olan və ümumillik ticarət dövriyyəsi 15 min təşkil edən xırdavat dükanları, 28-ni 
isə meyvə və digər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan və ümumi illik dövriyyəsi 9 
min rubla bərabər olan baqqal dükanları təşkil edirdi [12, s.52]. 
Ordubad  şəhəri  həm  onu  əhatə  edən  kəndlərlə,  bir  çox  iri  şəhərlərlə  sıx  ticarət  əlaqələri 
saxlayırdı.  Mənbələrin  verdikləri  məlumatdan  aydın  olur  ki,  ordubadlı  tacirlər  Rusiya  ilə  İran 
arasında  gedən  tranzit  ticarətdə  mühüm  rol  oynayırdılar.  Onlar  Rusiyanın  Moskva,  Həştərxan  və 
digər şəhərlərindən rus mallarını alaraq İranda satırdılar [8, s.201]. Ordubadlı tacirlər Təbriz şəhəri 
ilə daha sıx əlaqə saxlayırdılar. Onlardan 10 nəfəri Təbrizdən gətirilən malların ancaq topdansatış 
ticarəti ilə məşğul olurdu [8, s. 201]. XX əsrin əvvəllərində Ordubad şəhəri Naxçıvan, Bakı, Nuxa, 
Şuşa, Tiflis, İrəvan kimi şəhərlərlə də sıx ticarət əlaqələri saxlayırdı [10, s. 24; 14, s.93]. 
Ordubadın  daxili  və  xarici  ticarət  əlaqələrində  yerli  istehsalın  məhsulları,  ilk  növbədə 
sənətkarlıq və bağçılıq məhsulları əsas yerlərdən birini tuturdu. Yerli sənətkarların istehsal etdikləri 
müxtəlif  növ  misgərlik  məmulatları,  ayaqqabı,  xam  ipək,  dabbağ  məmulatları  yerli  tələbatı 
ödəməklə yanaşı, qonşu ölkələrə və kəndlərə də göndərilirdi. Onların bir qisminin əsas satış bazarı 
Naxçıvan və İrəvan şəhərləri idi. Üzümçülük və bağçılığın yüksək dərəcədə inkişaf etməsi müxtəlif 
növ bağçılıq məhsulları ilə ticarətin inkişafı üçün əlverişli şərait yaradırdı. Təkcə o faktı göstərmək 
kifayətdir ki, 1857-ci ildə Ordubad şəhərində ümumi dəyəri gümüş pulla 36 min rubl olan meyvə 
istehsal  edilmişdi.  İstehsal  edilmiş  bu  meyvənin  əsas  satış  bazarını  Naxçıvan,  İrəvan,  Tiflis, 


14 
 
Aleksandropol və digər şəhərlər təşkil edirdi. Hər il Ordubaddan Naxçıvan şəhərinə ümumi dəyəri 
12 min rubl təşkil edən 20 min pud üzüm, ərik, şaftalı, alma və s. meyvələr göndərilirdi [12, s.52]. 
Ordubad meyvələrinin əsas satış bazarlarından birini də İrəvan şəhəri təşkil edirdi. XIX əsrin 
sonlarına aid olan məlumata görə, hər il Ordubaddan İrəvan şəhərinə 15 min pud ancaq qurudulmuş 
ərik göndərilirdi [11, s.158]. Ümumiyyətlə götürdükdə, XIX əsrin 60-cı illərində Ordubaddan ixrac 
edilən məhsulların ümumi dəyəri gümüş pulla 60-70 min rubl təşkil edirdi [12, s.52] ki, bunun da 
əsas hissəsi bağçılıq məhsullarının payına düşürdü. Ordubad şəhərinin apardığı ticarət əlaqələrinin 
həcmi hətta əhalisi daha çox olan Naxçıvan şəhərini üstələyirdi. Mənbələrdən birində bunun başlıca 
səbəbi  kimi  Ordubadda  taxılçılığın  zəif  inkişaf  etməsinin  ticarət  və  sənətkarlığın  inkişafına  güclü 
təkan verməsi göstərilir [12, s.52]. Əlbəttə, Ordubad şəhərinin istər daxili, istərsə də xarici ticarət 
əalqələrinin inkişafına digər faktorlar da ciddi təsir göstərirdi. 
Əhalinin sayı baxımından Ordubad şəhəri Naxçıvan şəhərindən geri qalsa da, sənətkarlıq və 
sənaye  məhsulları  istehsalına  görə  onu  xeyli  üstələyirdi.  Mənbələrdə  istehsalın  bu  sahələrinin  də 
inkişafı  Ordubadda taxılçılıq  məhsullarının  istehsalı  üçün  zəruri  olan münbit  torpaqların  azlığı  ilə 
izah  olunur  [12,  s.  52].  Çox  təəsüf  ki,  mənbələrdə  Ordubadda  sənətkarlığın  vəziyyəti  haqqında 
məlumatlar  tədqiq  etdiyimiz  XVIII-XX  əsrin  əvvəllərini  tamamilə  əhatə  etmir.  Xüsusilə  XVIII 
əsrdə  bu  sahənin  vəziyyətini  özündə  əks  etdirən  məlumatlar,  demək  olar  ki,  yox  dərəcəsindədir. 
Hətta  “Naxçıvan  sancağının  müfəssəl  dəftəri”  kimi  mötəbər  mənbədə  də  Ordubad  şəhərinin 
sənətkarlıq həyatı haqqında heç bir məlumata rast gəlmək mümkün deyil. 
Ordubad  şəhərində  sənətkarlığın  vəziyyəti  haqqında  sistemli  və  daha  müfəssəl  məlumatlara 
yalnız XIX əsrin 30-cu illərindən, daha doğrusu, Naxçıvan diyarının Rusiya tərəfindən işğalından 
sonra rast gəlmək mümkündür. Ordubad şəhərinin bu dövrdə rus məmurları tərəfindən tərtib edilmiş 
kameral  təsvirində,  eləcə  də  V.Qriqoryevin  və  İ.Şopenin  əsərlərində  şəhərdə  sənət  istehsalının 
vəziyyətini özündə əks etdirən xeyli faktiki materiala rast gəlmək mümkündür. Bu məlumatlardan 
aydın  olur  ki,  bütün  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  Ordubad  şəhərində  sənət  istehsalının 
demək  olar  ki,  bütün  sahələrində  sənətkarlar  fəaliyyət  göstərirdi.  Bununla  belə,  tam  inamla 
söyləmək  olar  ki,  şəhərdə  ilk  növbədə  yerli  xammala  əsaslanan  sənət  sahələri  daha  çox  inkişaf 
etmişdi.  Buna  misal  olaraq  misgərlik  sənətini  göstərmək  olar.  Ordubadın  ətrafında  zəngin  mis 
yataqlarının olması şəhərdə misgərlik sənətinin inkişafına güclü təkan vermişdi. 
XIX əsrin 30-cu illərinə aid məlumatlar əsasında Ordubad şəhərində daha çox inkişaf etmiş və 
geniş  yayılmış  sənət  sahələrini  müəyyənləşdirmək  olar.  Şəhər  sənətkarları  arasında  saylarının 
çoxluğuna  görə  toxucular  öndə  gedirdilər.  Ümumi  sayı  177  nəfər  olan  toxucular  [1,  v.14-16], 
əslində həmin dövrdə şəhərdə fəaliyyət göstərən bütün sənətkarların, az qala yarısını təşkil edirdilər. 
Sonrakı  yerlərdə  çəkməçilər  (44  nəfər),  müsgərlər  (32  nəfər),  həllaclar  (29  nəfər),  boyaqçılar  (19 
nəfər) və digərləri dayanırdı [1, v.14-16; 9, cəd.5; 16, s.343-346]. Onu da göstərmək lazımdır ki, bu 
sənətkarların  böyük  hissəsi,  daha  doğrusu  225  nəfəri  bazarda  və  karvansaralarda  yerləşən 
emalatxanalarda işləyirdilər [1, v.14-16]. 
Ordubadda sənət istehsalının daha bir fərqli cəhəti onun satış bazarının daha geniş olması idi. XIX 
əsrin 60-cı illərinə aid mənbələrdən birində göstərilir ki, Ordubadda “Sənətkarlıq sənayesi Naxçıvanla 
müqayisədə çox inkişaf etmişdi və yalnız yerli bazarla məhdudlaşmır; məsələn, dəmirçilik və misgərlik 
məmulatları satış üçün Naxçıvan qəzasına və qismən İrana göndərilir”. Oxşar vəziyyət ayaqqabı, ipək, 
qaytan və lent (şərid) istehsalı sahəsində də müşahidə edilirdi [12, s.53]. 
                                                                                                         
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə