Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə11/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

- 24 - 
əməlin tam şəkildə vəhdəti özünü onların mənliyində aydın şəkildə təzahür etdirməlidir. Milli qeyrəti, 
milli əqidə saflığı olmayanlarda isə milli mənlik hissləri də baş qaldıra bilməz. 
Bu mənada məktəbli gənclərlə iş apararkən onlara psixoloji cəhətdən düzgün yanaşılmalıdır. 
Düzgün  psixoloji  yanaşma  sayəsində  milli  mənliyin  ən  mühüm  tərkib  hissələrindən  olan  milli 
qeyrət hissləri aşılamaq, milli əqidə saflığı yaratmaq üçün zəmin yaranmış olur.  
Təcrübə  və  müşahidələr  göstərir  ki,  kiçik  məktəb  yaşı  dövründən  başlayaraq  uşaqlara 
qeyrətlilik  (əsasən  oğlanlara),  ismətlilik  (əsasən  qızlara),  əqidə  saflığı  ilə  bağlı  məlumatların 
verilməsi,  bu  sahədə  uşaqlarla  psixoloji  testlərin  aparılması  çox  faydalıdır.  Ona  görə  ki,  belə 
psixoloji  yanaşmalar  onlarda  milli  mənlik  haqqında  ilk  təsəvvürləri  yaradır.  Belə  təsəvvürlərdən 
qidalanan  şüurlu  özünüdərk  isə  milli  mənlik  şüurunun  yaranmasını  situmullaşdırır.  Yeniyetməlik 
dövrünə qədəm qoyan uşaqların ailəyə, kollektivə olan şüurlu münasibəti yaxşılaşır. 
Yeniyetməlik  dövründə  şəxsiyyətin  kollektivdəki  mövqeyi,  eyni  zamanda  ictimai 
münasibətlər  sistemində  tutduğu  vəziyyət,  əsaslı  dəyişikliklərə  uğrayır.  Belə  ki,  bu  yaşda  onlar 
“kiçik”  uşaqdan  “böyük”  uşağa  çevrilir.  Yeniyetməlik  dövründə  uşaqların  davranış  və  rəftarında 
əvvəlki  yaş  dövrlərində  müşahidə  edilməyən  xüsusiyyətlər  özünü  göstərməyə  başlayır.  Bütün 
bunlar  yeniyetmənin  şəxsiyyətini  kiçik  məktəblinin  şəxsiyyətindən  fərqləndirir.  Hələ 
yeniyetməliyin əvvəlində o qədər də fərqlənməyən uşaq sanki birdən birə dəyişir, yaşlılaşır. Bu cür 
dəyişmə çox vaxt böyüklər üçün gözlənilməz olur, yeniyetmənin böyüklər üçün o qədərdə rəğbətlə 
qarşılanmayan davranışında təzahür edir (3, s.308) 
Psixoloq Ə.Qədirova məxsus olan bu fikirlərdə böyük həqiqət vardır. Ona görə ki, həqiqətən 
yeniyetməlik yaş dövrünə qədəm qoyan uşaqların bir qismində yaşlılıq hissinin formalaşması özünü 
daha çox biruzə verir. Belə uşaqlarda özünüdərkin, özünüqiymətləndirmənin, özünəhörmətin ilkin 
elementləri baş qaldırır. Onlar özlərindən başqa ailə, kollektiv, yaşadıqları region, daha çox Vətən, 
xalq,  torpaq  uğrunda  gərəkli  olmaq  haqqında  düşünməyə  başlayırlar.  Psixoloq  Ə.Qədirov  göstərir 
ki,  “Yeniyetmə  yaşında  şəxsiyyətin  inkişafı,  bu  sahədə  özünü  göstərən  dəyişikliklər  onda  yaşlılıq 
hissinin  formalaşması,  yeni  tip  qarşılıqlı  münasibətlərin  meydana  gəlməsi,  sərvət  meyllərinin 
təşəkkülü, özünüqiymətləndimənin formalaşması, mənlik şüurunun inkişafa başlaması və s. cəhətlər  
təzahür edir” (3, s.308). 
Göründüyü  kimi  yeniyetmələrdə  bir  sıra  mütərəqqi  meyllərin  təşəkkülü  onlarda 
özünüdərkin, özünüqiymətləndirmənin formalaşmasına səbəb olur. Özü də məhz bu səbəbdən milli 
mənlik şüurunun inkişafa doğru dinamik surət almağa başlaması kimi cəhətlər təzahür edir. Əslində 
həmin  cəhətlər  primitiv  formada  təzahür  etməyə  başlayır.  İstər  ailədə,  istər  ümumtəhsil 
məktəblərində  istərsə  də  sosiallaşma  prosesində  yeniyetmələrdə  özünü  göstərən  bu  cəhətlərin 
mənəvi  keyfiyyətlər  halına  gətirilməsi  üçün  ilkin  olaraq  yeniyetmələrin  psixikasına  təsir  etmək 
lazım gəlir. Yeniyetmələrin psixikasına göstərilən təsirin sambalından, təsir gücündən asılı  olaraq 
onların  şüurlu  olaraq  psixi  dərketməsi  baş  verir.  Müasir  psixologiya  elmi  sübut  etmişdir  ki,  şüur 
psixikanın insana məxsus olan elə ali  səviyyəsidir ki, onun əmələ gəlməsi bir sıra zəruri amillərdən 
asılıdır. Hansı ki, bu amillərin əsasında nümunəvi həyat şəraiti, örnək ünsiyyət və işgüzar istehsal 
fəaliyyəti  dayanır.  Burada  işlətdiyimiz  “nümunəvi”,  “örnək”  və  “işgüzar”  fəaliyyət  mənəvi 
keyfiyyətləri  yaradan  milli  dəyərlər  kimi  başa  düşülməlidir.  Çünki  “qeyri-nümunəvi”,  “örnək 
olmayan”, “tənbəl” uşaqlarda mənəvi keyfiyyətlərin özünü göstərməsi və onların şüurlu olaraq dərk 
edilməsi prosesi özünü gec göstərə bilər və ən təhlükəlisi odur ki, heç göstərməyə bilər. Unutmaq 
olmaz ki, şüur bütün psixi hadisələrin həm inkişafının, həm sabit qalmanın, həm də qeyri-münasib 
inkişafının  yekunudur.  Əgər  ailədə  valideynlər  insanlarda  əqidə  saflığını  inkişaf  etdirən  onların 
əxlaqını  saflaşdıran  əməllərlə  məşğul  olurlarsa  deməli  ailə  üzvlərinin  ilk  növbədə  uşaqların 
psixikasına müsbət enerjilər daxil olmasına şərait yaratmış olur. Uşaqlar psixikanın onlara məxsus 
olan  ən  ali  səviyyəsi  sayılan  şüurun  duymaq,  qavramaq  və  qiymətləndirmək  mərhələsində 
fəallaşırlar.  Bu  fəallığın  fonunda  onlara  aşılanan  mənəvi  keyfiyyətləri  onlar  şüurlu  surətdə  dərk 
etməyə  başlayırlar.  Tutaq  ki,  ailədə  valideyinlər  mərhəmətlilik,  şəfqətlilik,  həyalılıq  kimi 
keyfiyyətləri nümaiş etdirillər şübhəsiz yeniyetməlik yaş dövründə olan övladları da belə mütərəqqi 
mənəvi  keyfiyyətləri  nümayiş  etdirməyə  meyl  edəcəklər.  Müasir  dövrdə  isə  iqtisadi,  fiziki,  ruhi 
baxımdan  ehtiyyac  içərisində  yaşayanlara,  mənəvi  çətinlik  çəkənlərə  mərhəmət  göstərmək,  şəfa 


- 25 - 
vermək, həyalı insanlara ehtiram göstərmək yeniyetmələr üçün mənəvi borca çevrilir. Bu borcu isə 
onlar  şüurlu  olaraq  yerinə  yetirirlər.  Belə  bir  təqdirdə  yeniyetmələrin  mənlik  şüuru  üçün  milli 
mənəvi keyfiyyətlər sistemi yaranmış olur. 
Yeri  gəlmişkən  demək  lazımdır  ki,  bu  mütərəqqi  meyllərin  içərisində  əqidə  saflığının 
təşəkkülü ilə bağlı psixoloqların irəli sürdükləri elmi ideyalar da diqqəti cəlb edir. 
Türkiyəli  psixoloq  Həyati  Hökelekli  (6)  yazır  ki,  insanı  mənəvi  cəhətdən  sövqə  gətirən, 
mütərəqqi  yöndə  davranışa  sövq  edən  bir  sıra  amillər  vardır.  Bu  amillər  içərisində  diqqət,  istək, 
ehtiyac,  arzu,  dilək,  əməl,  məqsəd,  cəhd,  ideal  uğrunda  mübarizə  əsas  amillərdən  hesab  olunur. 
Həyati  Hökelekliyə  görə  uşaqlara,  yeniyetmələrə  idealları  uğrunda  mübarizə  aparmağı  öyrətmək 
üçün  əvvəlcə  onların  milli-mənəvi  ehtiyaclarını  öyrənmək  lazımdır.  Sonra  bu  sahədə  onların 
istəklərinə, arzu və diləklərinə uyğun olan bir tərzdə onlara psixoloji cəhətdən yanaşmaq gərəkdir. 
Əslində  bütün  bunlar  müasir  psixologiyanın  konseptual  ideyalar  sisteminin  bir  həlqəsidir. 
Ona  görə  ki,  müasir  psixologiya  şəxsiyyətin  milli  mənlik  şüurunun  onun  fəallığı  ilə  bağlı  olaraq 
meydana  gəlməsini  iddia  edir.  Şəxsiyyətin  fəallığının  mənbəyini  isə  müxtəlif  təlabatlar  bolluğu 
təşkil edir. Həmin müxtəlif təlabatlar isə özünü ən fəal tərəf kimi göstərən motivlər sistemi halında 
üzə çıxır. Şəxsiyyətin fəaliyyət motivlərini isə psixologiya elmi müvafiq tələbatların ödənilməsinə 
istiqamətləndirən  təhriklər  hesab  edir.  Psixoloq  Q.Ə.Quliyev  təlim  tərbiyə  prosesində  yaranan 
qarşılıqlı  münasibətlərin  formalaşmasının  psixoloji  təhlilinə  həsr  etdiyi  tədqiqatlarında 
yeniyetmələrin  bu  prosesdəki  tələbatlarına  da  toxunaraq  yazır  ki,  indiyə  qədər  yazılan 
ədəbiyyatlarda oxuyuruq ki, yeniyetmələr yaşlılarla birlikdə əməkdə iştirak etdikdə məhsuliyyət və 
müstəqillik  hissi,  həssaslıq  və  qayğıkeşlik,  başqa  adamlar  haqqında  düşünmək  və  onlara  diqqətlə 
yanaşmaq bacarığı inkişaf edir...Təcrübə göstərir ki, bir qisim yeniyetmə-gənclər ərköyünlük edərək 
özlərindən yaşlıların hətta valideyinlərinin öyüdlərini, tövsiyyələrini qulaq ardına vururlar... Onalar 
həm  məktəbdən  yayınır,  həm  də    onlarda  nəcib  hisslər,  mənəvi  keyfiyyətlər  əvəzinə  əxlaqa  zidd 
digər tələbatlar özünü biruzə verir (4, s.114). 
Alimin  fikrinə  görə  yeniyetmə  və  gənclərdə  baş  qaldıran  bütün  tələbatlara  həssaslıqla 
yanaşmaq lazımdır. Başqa sözlə desək hər bir tələbatın motivini araşdırmadan yeniyetmə-gənclərin 
milli  mənlik  şüurunu  inkişaf  etdirərkən  yuxarıdakı  əngəllərlə  qarşılaşmaq  mümkündür. 
Yeniyetmələrin  davranışına  nəzarət  edən  valideyinlər,  tərbiyəçilər,  pedaqoqlar,  psixoloqlar  ilk 
növbədə  nümunəvi  davranışlarla  onların  davranış  və  fəaliyyətlərinin  motivlərini  düzgün 
müəyyənləşdirməlidirlər.  Əks  təqdirdə  onların  maraq  dairəsinin  motivlərini  də  düzgün 
müəyyənləşdirmək  mümkün  olmayacaqdır.  Çünki  yeniyetmələrin  əksəriyyətində  maraqların 
davamlılığı  bir-birindən  fərqlənir.  Bəzən  ötəri  maraqlar  müşahidə  olunur.  Ötəri  maraqlar  idrak 
təlabatlarının  tənzimlənməsinə  əngəl  törədir.  Bu  da  mənlik  şüurunun  yaranmasına  mane  olan 
amillər kimi özünü göstərir.  
Maraqlar məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif oluna bilər.  
Məzmununa  görə  maraqlar  fərdi  idrak  tələbatlarının  obyektlərini  və  müəyyən  fəaliyyət 
məqsədləri  üçün,  geniş  mənada  isə  şəxsiyyətin  mənsub  olduğu  cəmiyyət  üçün  onların  real 
əhəmiyyətini aşkara çıxarır (5, s.117). Ona görə də milli mənlik şüurunun inkişafında mühüm rol 
oynayan maraqların idrak təlabatlarının əsas obyekti olaraq öyrənilməsinə diqqətin yetirilməsi çox 
faydalıdır.  Çünki  yeniyetmə  şəxsiyyətinin  əsas  fəaliyyətinin  düzgün  motivləşdirilməsi  hesabına 
mənlik  şüuru  inkişaf  edir.  Onların  davranışının  əsas  motivi  əqidə  saflığını  yaratdığı  üçün  əqidə 
formasında meydana çıxan tələbatlar yeniyetmə şəxsiyyətinin idrak fəallığının təkanverici qüvvəsi 
kimi meydana çıxır. Beləliklə yeniyetmə şəxsiyyətinin əqidə saflığı milli mənlik şüurunu yaradan 
amilə çevrilir. Bu zaman yeniyetmələr Vətən, xalq, xalqın bütüvlüyü barədə düşünməyə başlayırlar. 
İnsanların birliyi xalqı, milləti yaradır və bu birlik xalqın, millətin diriliyinə çevrilir. Xalqı, 
milləti kütlə, izdiham halında saxlamaq onu məhv etmək deməkdir. Belə olduğu bir şəraitdə millət, 
xalq  öz  soy-kökündən,  tarixindən,  ədəbiyyatından  ayrı  düşür.  Müasir  dövr  hər  bir  müəllimdən, 
tərbiyəçıdən,  ailə  başçısından  xalqın  sıx  birliyini  təmin  etməyi  tələb  edir.  Milli  mənlik  şüuru  və 
əqidəsinin formalaşdırılması və tərbiyə olunması Azərbaycanı XVIII əsrin xanlıqlarına parçalamaq 
deyil, xalqın mütəşəkkil və monolit birliyini tələb edir. Axı, belə bir möhtəşəm birlik üçün qüdrətli 
zəmin var və yaranmışdır (2, s.12). 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə