Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə56/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   52   53   54   55   56   57   58   59   ...   91

- 118 - 
müxtəlif  coğrafiyalarında  Dədə  Qorqud  rəvayətlərinin  mövcudluğu  dastanın  ümumtürk  miqyasını 
sübut  edir.    İ.Həbibbəyli  qeyd  edir  ki:  “Dədə  Qorqud  indiki  Azərbaycan  ərazilərindən  də  geniş 
coğrafiyada məskunlaşmış oğuz elinin rəmzi olan ümumiləşmiş obrazıdır. Dədə Qorqudun məskəni
Vətəni  Azərbaycan,  tayfası,  milləti  isə  daha  böyük  bir  məkanda  yayılmış  oğuzlardır.  Altuntaxt  - 
Qorqud  elinin  paytaxrı,  Dərbənd  -  qapısı,  Alınca  (Əlincə)  qalasıdır.  “Dədə  Qorqud”da  qədim 
Azərbaycanın fərqli coğrafi ərazilərindəki Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, Ağ 
qaya, Dərəşam, Sürməli, Qazan göl və başqa yer adlarından bəhs edilməsi də dastanın geniş mənada 
Azərbaycanı əhatə etdiyini göstərir” [1]. 
Azərbaycan  elmində  “Kitabi  Dədə  Qorqud”un  tədqiqi  sahəsində  böyük  işlər  görülmüşdür. 
Bu tədqiqatların əksəriyyəti ədəbiyyatşünaslıq, dilçilik, tarix və toponimistikanı, müəyyən qədər isə 
sənətşünaslıq  və  musiqişünaslığı  əhatə  edir.  Tədqiqatların  bir  çoxunda  “Kitabi-Dədə  Qorqud”un 
məzmununun Naxçıvanla bağlılığı xüsusi vurğulanır. 
“Tarix və araşdırmalar sübut edir ki, Naxçıvan “Dədə Qorqud” qəhrəmanlarının əsas yaşayış 
məskənlərindəndir. Qədim Oğuz ellərinin mərkəzi hissəsində yerləşən Naxçıvan diyarında “Kitabi-
Dədə  Qorqud”la  əlaqədar  olan  50-dən  artıq  toponim  mövcuddur.  “Kitabi-Dədə  Qorqud”la  bu 
toponimlər  Naxçıvan  Muxtar  Respublikasının  əsasən  üç  zonasında:  Arazboyu  düzənlik  və  alçaq 
dağlıq  sahədə  - Sədərək,  Qaraçoban,  Şərur,  Böyükdüz  düzləri,  Qaraçuq  kəndi,  Dərəşam  qədim 
yaşayış  məntəqəsi,  Dərəşam  suyu,  Qara  dərədə;  Orta  dağlıq  sahədə- Əlincə  qalası,  Ağa  qaya, 
Qazançı  kəndi,  Qazançı  qalası,  Qaraquç  Dərbəndi,  Məkkəz  Dərbəndi,  Sirab  Dərbəndi,  Günortac 
(Günorta daşı) Qaradaşda; Yüksək dağlıq sahədə- Ağ qaya, Salxan qayası, Qaraquç (Qaraquş) dağı, 
Qazan  yaylağı,  Altuntaxt,  Buğaçeşmə,  Köksü  gözəl,  Göy  dağ  (Göycə  dağ),  Göy  Göl,  Qazan  göl 
aşırımı, Qazangöl dağı,  Qazanköç  yaylağı, Qazan yurdu və bununla bilavasitə əlaqədar olan Nəbi 
yurdu,  Gəmi  qaya  və  s.  yerləşir.Tarixi  materiallar,  coğrafi  adlar,  xalq  arasında  yaşayan  əfsanələr 
sübut  edir  ki,  qədim  Naxçıvan  diyarı  Azərbaycan  torpağıdır,  “Kitabi  Dədə  Qorqud” 
qəhrəmanlarının yurdudur, vətənidir”[2]. 
Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında (Bakı, 
Yeni  nəşrlər  evi,  1999)  muxtar  respublikanın  ərazisində  dastandakı  yer  adları  ilə  səsləşən  30-dan  çox 
toponim qeydə  alınmış, onların haqqında geniş tarixi-coğrafi məlumat verilmişdir. Şamil Cəmşidovun 
“Kitabi-Dədə  Qorqud”  monoqrafiyasında  (Bakı,  Elm,  1999)  “Kitabi  Dədə  Qorqudda  təsvir  edilən 
coğrafi mühit” bölməsində 40-dan çox yer adları  haqqında məlumat verilmişdir. Qorqudşünaslığa aid 
digər əsərlərdə də “Dədə Qorqud”dakı  yer və şəxs adlarının izahına rast gəlinir.  
“Tədqiqatlar  sübut  edir  ki,  “Kitabi-Dədə  Qorqud”dakı  Naxçıvan  toponimləri  leksik-
semantik  və  etimoloji  cəhətdən  çox  zəngin  xüsusiyyətlərə  malikdir.  Bu  toponimlər  oğuzların  bir 
aborigen əhali olduğunu dil faktları əsasında təsdiqləyir”[3]. 
“Kitabi Dədə Qorqud”un boylarında Naxçıvan bölgəsi ilə səsləşən süjetlərə və toponimlərə 
çox rast  gəlinir. Qorqudşünaslar dastandakı  “Basatın təpəgözü öldürdüyü boy”,  “Uşun Qoca oğlu 
Səgrək  boyu”,  “Bəkil  oğlu  İmran”  boylarında  cərəyan  edən  hadisələrin,  əsasən,  Naxçıvanla  bağlı 
olduğunu göstərmişlər.  
Naxçıvan  ərazisində  Dədə  Qorqudun  məxsus  olduğu  Bayat  tayfa  adı  ilə  bağlı  toponimlər 
qeydə  alınmışdır.  24  oğuz  tayfasından  biri  olan  Bayatlar  Azərbaycanın  hər  tərəfinə  səpələnmiş, 
Naxçıvanın  ən  qədim  sakinlərindən  biri  olmuşlar.  Bu  tayfaya  məxsus  Ağgül  (Sədərək  nahiyəsi), 
Nəcəf  qışlağı,  Zülfüqar  qışlağı  (Şərur  nahiyəsi)  kimi  yaşayış  məntəqə  adları  tarixi  toponimlər 
sırasına  daxildir.  Hazırda  Şərur  rayonunun  Diyadin  kəndində  Bayat,  Aralıq  kəndində  Bayatlılar 
tayfa adları da həmin tayfanın izlərini qoruyub saxlayır. 
“Dədə  Qorqud”  dastanındakı  Əlincə  qalası,  Dərəşam,  Dərəşam  suyu,  Əyrək,  Bəkdüz, 
Qaraçuğ kimi yer adları birbaşa Naxçıvan ərazisi ilə bağlıdır. Tanınmış coğrafiyaşünas alim Səfəralı 
Babayev  “Naxçıvanda  “Kitabı-Dədə  Qorqud”  toponimləri”  kitabında  ərazidə  mövcud  olan  Şərur, 
Sədərək,  Qazançı,  Qazan  yurdu,  Qazangöldağ,  Qara  çoban  düzü,  Qara  dərə,  Qara  dağ,  Dərbənd, 
Salaxan  qayası,  Buğa  çeşmə,  Sarı  ağıl,  Sarı  bulaq,  Ağ  qaya,  Altuntaxt  və  s.  kimi  toponimlərin 
mənşəyinin “Kitabi-Dədə Qorqud”la bağlı olduğunu yazmışdır [4]. 
 “Kitabi-Dədə  Qorqud”  dastanından  “Oğuzdaşı”,  “Oğuzkənd”  kimi  yer  adlarına  Naxçıvan 
ərazisində  rast  gəlinir.  Oğuzdaşı  toponimi  oğuz  və  daş  tərkib  hissələrindən  ibarətdir.  Oğuzdaşı  - 


- 119 - 
“daş  oğuz”  (dış  oğuz)  sözünün  dəyişilmiş    formasıdır.  Toponimin  mənası  “daş  (dış)  oğuzlara 
məxsus  kənd”  deməkdir.  Bu  kənd  Şərur  nahiyəsində  olmuşdur,  onların  adı  mənbələrdə  bizə  gəlib 
çatmışdır. Oğuzkənd də tarixən oğuzların yurd yeri olmuşdur, qədim oğuz türklərinə məxsus salar, 
bəydili, xələc, qarxun tayfa birləşmələrinə məxsus ailələr həmin ərazilərdə yaşamışlar. 
Dastanın  “Uşun  Qoca  oğlu  Səgrək  boyu”nda  rast  gəlinən  “Dərəşam”  toponimini  
tədqiqatçılar  “dərə”  və  “şam”  tərkibli  söz  birləşməsi  kimi  şərh  edirlər.    “Dərə”  -  “vadi”,  “çay 
yatağı”, “mahal” mənasında açıqlanır. “Şam” sözü Naxçıvanın dialekt və şivələrində “yer, məskən, 
yurd,  torpaq”,  “məzarın  şamı”  mənalarında  işlənir.  Bu  baxımdan,  tədqiqatçılar  Dərəşam  sözünü 
“dərədə yerləşən ərazi, sahə, yer, məkan, yurd” mənasında açıqlayırlar.  
Dərəşam  -  Babək  rayonu  ilə  Culfa  rayonunun  sərhədində,  Araz  çayının  sahilində  yerləşən 
qədim  yaşayış  məskəni  və  böyük  bir  ərazinin  adıdır.  Dərəşam  Əlincə,  Azadciran  və  Qışlağat 
nahiyələri və Araz çayı ilə sərhəddə yerləşmiş, Başkənd, Dibkənd, Ortakənd və Culha (Culfa) adlı 
kəndləri  əhatə  edən  nahiyə  mərkəzi  olmuşdur.  Hazırda  həmin  ərazidə  Dərəşam  sahəsi,  Dərəşam 
dəmiryol stansiyası, Dərəşam mineral bulağı vardır. 
“Uşun Qoca oğlu Səgrək boyu”nda “Əlincəqala” toponiminə rast gəlinir. Əlincə qalası Culfa 
rayonu ərazisindəki eyni adlı dağın üzərində yerləşir. Tədqiqatçıların fikrincə, dağın adı “əlini çək” 
sözündən  yaranıb.  Bəzi  mülahizəyə  görə  isə  dağın  (həm  də  qalanın)  adı  Alançıq  (“meydança”, 
“kiçik meydan”; alan - qədim türk dilində “düzənlik”, “meydan”) sözündəndir. Başqa bir ehtimala 
görə,  Əlincəqalanın  adı  Nuh  peyğəmbərin  nəticəsi  Alınca  xanın  adı  ilə  bağlı  yaranmışdır,  zaman 
keçdikcə tədricən Əlincə şəklinə düşmüşdür. 
Məlumdur  ki,  tarixən  Əlincəqala  neçə-neçə  müharibələrin  şahidi  olmuş,  Eldənizlər, 
Elxanilər, Cəlairilər dövründə möhkəm istehkama çevrilmiş, bir müddət monqolların mühasirəsində 
qalmış, feodal çəkişmələri nəticəsində dağılmışdır.  
“Dədə Qorqud” kitabının “Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər” boyunda Naxçıvanla 
bağlı  olan  Əyrək  adı  da  qeyd  olunmalıdır.  Dastanda  bu  ad  şəxs  adı  kimi  özünü  göstərir  ki,  bunu 
nümunədə izləyə bilərik: “Tərsuzamışın sözü Əyrəyə təsir elədi. Durdu, Qazan bəydən yürüş üçün 
icazə  istədi.  İzn  verildi.  Çağırdılar,  döyüşçülər  yığıldı.  Üç  yüz  nizəli  seçmə  igid  Əyrəyin  yanına 
cəmləşdi.  Meyxanada  beş  gün  yemək-içmək  oldu.  Ondan  sonra  Şiroküz  kənarından  Göyçə 
dənizinədək sahəni çapıb taladılar. Böyük qənimət əldə etdilər. Əyrəyin yolu Əlincə qalasına düşdü. 
Altı  yüz  qaradonlu  kafir  bunların  üzərinə  hücum  etdi.  İgidləri  qırdılar.  Əyrəyi  tutdular.  Əlincə 
qalasında zindana saldılar” [5]. 
Dastanın bu boyunun qəhrəmanları Əyrək və Səyrək qardaşlarıdır. Səyrək Əlincə qalasında 
zindana salınmış qardaşı Əyrəyi xilas etmək üçün qəhrəmanlıq göstərib onu qanlı kafirlərin əlindən 
xilas  edir.  Hər  iki  qardaş  “qaradonlu  kafirlərin”  üstünə  at  sürüb  qılınc  çaldı,  onları  qırıb-çatdılar, 
qovub  qalaya  saldılar...  Dərəşam  suyunu  üzüb  keçdilər.  Gecəni  gündüzə  qatıb,  Oğuz  yurdunun 
sərhədinə yetişdilər” [5]. 
Dastanın  1939-cu  il  nəşrində  bu  şəxs  adları  Əyrək  və  Səyrək,  1962  və  1988-ci  illər 
nəşrlərində isə Əgrək, Səgrək fonetik variantlarında yazılmışdır [5]. 
Naxçıvanda  Əyrək  şəxs  adı  əsasında  yaranmış  Əyrək  kəndi  olmuşdur.  Bu  kənd  tarixən 
Dərəşahbuz nahiyəsinə daxil olmuş, indiki Külüs və Keçili kəndləri arasında yerləşmiş, dağıldıqdan 
sonra kənd ərazisi “Əyrək yeri” adını qoruyub saxlamışdır. Hazırda Şahbuz rayonunun Əyrək yeri 
adlanan ərazisində yaşayış məntəqəsinin salınması əlamətdardır. 
“Dədə Qorqud” dastanında adı çəkilən Naxçıvana aid yer adlarından biri də “Qaraçuq” kənd 
adıdır.  Naxçıvan  ərazisində  Qaraçuq  kəndi,  Qaraçuq  dağı,  Qaraçuq  yolu,  Qaraçuq  məhəlləsi, 
Qaraçuq  gölü  adlı  tarixi  adlar  vardır.  Bu  ada,  həmçinin,  Türkiyə,  İran,  Qafqaz,  Orta  Asiya, 
Bolqarıstan ərazilərində rast gəlinir.  
Qaraçuq kəndinin adı “Kitabi Dədə Qorqud” dastanının müxtəlif nəşrlərində Qara çoq (1939), 
Qaraçuğ  (1962),  Qaraçığ  (1988),  digər  mənbələrdə  isə  Qaraçuq  fonetik  variantlarında  yazılmışdır. 
Dastandan sonrakı dövrlərə aid sənədlərdə kəndin adı Qaraçuğ kimi qeyd olunmuşdur [5]. 
Kəndin  adı  mənbələrdə  türk  dillərində  “qara”  -  “torpaq”  və  “çox”  sözlərinin  birləşməsindən 
əmələ gəlib, “çox münbitli torpaq” mənasında açıqlanır və kənddə kəngərlilərə məxsus qaraxanbəyli, 
yurtçu, billici, hacıvar, cığatay, qoman kimi tayfalara məxsus ailələrin yaşadığı qeyd olunur. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə