Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Gəlin çay gətirdi, çay buğlanır, pürrəngi çaydan gözünü çəkə bilmir, ötən günləri bir 
daha xatirələrində canlandırırdı.  
 
Yaşadığı günlərə görə peşman deyildi, beş günlük dünyada şahlar kimi kef elədi.  
 
Hansı qadınlara sahib olmadı, hansı müğənnilərlə, müxbirlərlə kef çəkmədi, 
haralarda yeyib içmədi?  
 
Gecə televizora baxır, xoşu gələn müğənni gördümü, səhərisi onu rayona dəvət 
eləyirdi, azından üç-beş gün saxlayırdı.  
 
Ona ən çox ləzzət verən buydu ki, ətrafındakı yüzlərlə adamlar pərəstiş elədikləri 
müğənni qızların onun üçün anadangəlmə lüt rəqs elədiklərini, yataqda hər istəyinə 
tabe olduqlarını, onun qarşısında alçaldıqlarını, diz çöküb yalvardıqlarını bilmirdilər.  
 
Onun yaşadığı ömrə minlər, milyonlar həsəd aparardı. Amma nəydisə, son vaxtlar 
qarı dəyişmişdi, onunla kobud rəftar eləyir, hər sözünə nifrətlə cavab verir, onu 
adam yerinə qoymurdu.  
 
Görünür yaşlaşdıqca onun cavanlıqda elədikləri qarıya daha çox yer eləyirdi.  
 
Axşam işdən qayıdan oğlu onun otağına gəldi, ata, biz ciddi söhbət eləməliyik, 
deyirdi. Qoca diksindi, oğlu onunla nə ciddi söhbət eləyə bilərdi?  
 
Səsinin tonundan, həyəcanından onu da hiss elədi ki, söhbət doğrudan da ciddi 
olacaq. 
 
- Ata, neçə yaşın var? 
 
- Səksən beş, - qoca tərəddüdlə cavab verdi, ciddi söhbətin yaşıyla bağlı olduğunu 
güman eləməzdi. 
 
- Özünü necə hiss eləyirsən? 
 
- Əla! - qoca dirçəldi, yəqin oğlu onu sanatoriyaya göndərmək istəyirdi. 
 
- Ata, özünü necə hiss eləsən də, sonda yaş öz sözünü deyəcək. Uzağı iki-üç il 
yaşayasan, ya yaşamayasan. 
 
- Onu Allah bilər! – qoca həyəcanlandı, ciddi söhbətin havası vurdu onu, oğlu hansı 
əsasla belə hökm verirdi? Allahın işini nə bilmək olardı, bəlkə iyirmi-otuz il 
yaşayacaqdı bundan sonra. Lap elə yaşamağa ümidliydi də. Bəlkə onun uzağı iki-üç il 


yaşadığın deyən oğlunu da qoca öz əliylə qoyacaqdı qəbrə. Hirslənmişdi, ürəyindən 
keçənləri oğluna deməkdən özünü saxlaya bilmədi. – Sən nə danışdığını bilmirsən, 
bala! Mən sənin kimi cavanlardan çox yaşaram! Sənin kimilərin ehsanını yeyəndən 
sonra o dünyaya yolçuluq üçün tədarük görməyə başlaram. Srağagün həkimə 
getmişdim, deyirdi sən bu ürəklə yüzün də arxasını yerə vuracaqsan. 
 
- O hamıya elə deyir! – oğluyla sərt danışdığını güman eləyirdi, oğlu isə 
hirslənməmişdi, sakit cavab verirdi. – Fikrin nədi, başçının atasına desin sabah düşüb 
öləcəksən? Həkim deyil, amma axmaq da deyil. Dedim axı, söhbətimiz ciddi olacaq! 
 
Oğlu siqaret yandırdı, keçib onunla üzbəüz oturdu. Ata, diqqətlə düşün, deyirdi, 
dünyadakı bütün kefləri çəkibsən, ürəyin necə istəyib, elə də yaşayıbsan.  
 
Ürəyini, böyrünü tutub, ağrılarla, xəstəliklə çarpışa-çarpışa bir il artıq, ya əskik 
yaşamağının sənin üçün nə əhəmiyyəti var?  
 
Ağlın başında, əzabsız-əziyyətsiz ölməyin daha yaxşıdı.  
 
Günlər keçdikcə ağrıların başlayacaq, oturub dura bilməyəcəksən, səni qucaqda 
ayaqyoluna aparacaq, şalvarını aşağı çəkəcəklər ki, işini görə biləsən.  
 
Ya da yatdığın, yemək yediyin otağa altına qab gətirəcəklər.  
 
Huşunu, ağlını itrəcək, öz doğma balalarını belə tanımayacaqsan.  
 
Gözlərin tutulacaq, qulaqların eşitməyəcək. Düşün, bu əzabları, ağrıları çəkmək sənə 
lazımdımı? İndi ölsən, sənə bir ehsan verəcəyəm ki, bütün rayonun ağzı açıla 
qalacaq.  
 
Qoyunlar, cöngələr kəsəcəyəm, ölkədəki bütün mollaları çağıracağam, hər yerdən 
qonaqlarımız gələcək. Başdaşını bahalı mərmərdən sifariş verəcəyəm.  
 
Həm sənin üçün yaxşı olacaq, o dünyaya şah kimi yola salacağıq, həm də mən 
qazanacağam, azından iki yüz min dollar irəli düşəcəyəm.  
 
Mənim üstümə artıq hay salıblar, uzağı beş-altı aya işdən çıxaracaqlar, qorxuram 
təkcə çıxarmaqla kifayətlənməsinlər, indi işdən çıxarılanları birbaşa türməyə atırlar.  
 
Elə fərz eləyək sən bir ildən sonra öldün, mənim işsiz vaxtlarımda.  
 
Dilənçi kimi dəfn olunacaqsan, ehsan verilməyəcək, uzaqbaşı o yelbeyin molla gəlib 
üstündə ağzına gələni qırıldayacaq, vəssəlam. Ölən kimi də unudulacaqsan.  


 
- Aydındı, - qoca istehzayla gülümsədi, - amma öz əlimdə deyil axı. 
 
- Əlimizdədi! – qocanın təəccübünə rəğmən oğlu inamla danışırdı. 
 
- Nə cür yəni, özümü öldürüm? 
 
- Ay ata, özünü niyə öldürürsən? Həkim tanışım var, çağıracağam, gəlib sənə 
dərmanlar verəcək, gözünü yumacaq, bir də açmayacaqsan. Zərrəcə də ağrı hiss 
eləməyəcəksən. 
- Nankor evlad! – qoca sakit danışmağa çalışsa da, bacarmadı, səsini qaldırmışdı. – 
Ağzından çıxanı qulağın eşidirmi? Sən bir az varlanacaqsan, irəli düşəcəksən deyə 
mən diri gözlü gedim qəbrə girim? Ay əbləh, hansı oğul puldan ötrü atasının 
ölümünə razı olar? Bu gündən mənim sən adda oğlum yoxdu! Belə vacibdi, özün öl, 
ev-eşiyi satıb səni dediyindən də artıq dəfn elərəm! Öz mollalarımızla 
kifayətlənmərəm, müsəlman ölkələrində nə qədər molla var, hamısını çağıraram! 
 
Oğlu ona baxır, istehza ilə gülümsəyirdi. Həyatın hər üzünü görmüş qoca başa düşdü 
ki, dedikləri oğluna təsir eləmir, oğlu artıq onu canlılar siyahisindən silib.  
 
Hədəylə, gurultulu sözlərlə oğlunu qorxuda bilməyəcək. Bir halda həkimin köməyi ilə 
onu o dünyaya yola salıb pul qazanmağı qarşısına məqsəd qoyubsa, onun razılığı 
olmadan da istədiyinə nail olacaqdı.  
 
Bu vəziyyətdən çığır-bağırla yox, ağılla çıxa bilərdi. 
 
- Sən bütün bunları ciddi düşünüb, götür qoy eləyibsən? – boğuq səslə soruşdu. 
 
- Hə! – oğlu qətiyyətlə dedi. 
 
- Mənə üç gün vaxt lazımdı. Yaxşı-yaxşı düşünməliyəm. 
 
- Nə deyirəm, - oğlu könülsüz halda dilləndi. 
 
Qapıdan çıxanda oğlu geri döndü, ata, dedi, istəyirsən sərəncamına maşın verim, 
hara istəyirsən get, görmək istədiyin yerləri gör, pul da götür, nəyə istəyirsən xərclə. 
Cavanlıqda kef çəkdiyin bulaqlar üstə get, soyüq dağ sularından iç.  
 
Qoca başını yırğalayıb etiraz elədi, gəzmək, görmək istədiyi bir yer yox idi, yalnız 
kəndə gedəcək, anasının, bacısının qəbrini ziyarət eləyəcək, qəbrləri üstə su 
səpəcəkdi. Oğluyla söhbəti onu kökündən silkələmişdi.  
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə