Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   83   84   85   86   87   88   89   90   ...   111

 
228
tikan qanadıb, yara eləyib. Gön tapa bilmirəm ki, çarıx tikəm… - O, ayağını yerə 
qoyub boynunu uzadaraq, dedi: - Görürsən, boynum armud saplağı təkin nazilib, 
ət, yağ tapa bilmirəm ki, dişimin altına qoyam. Amma sağlığına, dişlərim hələ 
sazdır… 
Camaata gülüşmə düşdü… 
Abel yenə dedi: 
- Hə? Deyirsən gön də verəcəksən, ət də? Nə olar. Sağ ol, qardaş oğlu!.. 
Njde qışqırdı: 
- Bu haranın ayısıdır? Gözümün qabağından rədd eləyin! 
Kim isə Abelə yaxınlaşıb, meydandan apara-apara dedi: «Allah sənə  lənət 
eləsin! Gorus camaatını bu təzə böyüyün yanında biabır elədin…». 
Bir nəfər ucadan dedi: 
- Njde ağa, gərək bağışlayasan. O Abel kişi qoca adamdır. Sözünün dalını-
qabağını bilmir. Ancaq onu demək istəyirdi ki, sənin gəlməyinlə camaatın halı-
vəziyyəti dəyişiləcəkmi? Əhaliyə bir köməklik olacaqmı? 
Njde qəzəblə dedi: 
- Camaat, niyə qanmaz-qanmaz danışırsınız? Niyə başa düşmək istəmirsiniz 
ki, bizim çalışmağımız, özümüzü oda-közə vurmağımız – hamısı millət üçündür?! 
Baqrat üzünü Njdeyə çevirdi, əl çala-çala dedi: 
- Doğrudur, düzdür. Yaşasın erməni millətinin belə-belə oğulları. 
Njde dedi: 
- Camaat, mənim sizinlə çox danışmağa vaxtım yoxdur. Ancaq bir sualım 
var: Qızıl Ordu Zəngəzura hücuma keçsə, siz bizim hökumətə  nə kimi kömək 
eləyəcəksiniz? 
- Biz vuruşacayıq! – deyə Samvel cavab verdi. 
Adamların içindən bir səs ucaldı: 
- Kolçakın, Yudeniçin, Denikinin, Vrangelin qoşununu darmadağın eləyən, 
müsavat hökumətini yıxan Qızıl Orduya qarşı biz nə eləyə bilərik… 
- Bu sözü deyən kimdir, qabağa çıxsın, - deyə Njde bağırdı. 
Heç kəs nə dilləndi, nə yerindən tərpəndi. 
Milli  Şuranın üzvü, qarnı yoğun tacir orta yaşlı bir müəllimi çəkə-çəkə 
tribunaya yaxınlaşdırıb dedi: 
- Xmbapet, danışan bax bu idi! 
Njde tribunadan enib müəllimlə üz-üzə durdu: 
- O sözləri sən dedinmi? 
- Bəli, mən dedim. 
- Bunu bölüyün qabağına çəkin! – deyə Njde Samvelə əmr elədi. 
Samvel müəllimin qollarını bağlayıb bölüyün qarşısında, hündür bir divara 
söykədi, özü isə yana çəkildi. 
Njde özü bölüyə komanda verdi: 
- Vətən xaininə – atəş! 
- Ay camaat! Ay ca… 
Zalpla açılan güllələr müəllimə kəlməni qurtarmağa imkan vermədi. O, üzü 
üstə meydanın daş döşəməsinə sərildi. 
Meydandakılar qəzəbdən və heyrətdən sarsıldılar. 


 
229
Njde üzünü camaata tutub dedi: 
- Bundan sonra qorxaqlarla, millət xainlərilə belə  rəftar olunacaq. Daşnak 
quruluşu  əleyhinə olan bu adamın meyiti üç gün meydandan götürülməməlidir. 
Qoy hamı baxıb ibrət alsın. 
Njde yenidən tribunaya qalxarkən, kənardan bir atlı göründü. Bu, 
Qarakilsənin kəndxudası idi. Karonun meydanda olduğunu divanxanadan öyrənmiş 
kəndxuda, atını camaatın yanına sürdü. Karonu soruşdu. Onu göstərdilər… 
Kəndxuda atdan düşüb həyəcan içində dedi: 
- General-nahankapet ağa, mən sizdən kömək almağa gəlmişəm. Adlarını 
bolşovoy və partizan qoyanlar bizim kəndi dağıdırlar.  Şələk, Bələk, Brnaqotda 
kəndxudanı basıblar dama. Partizanlar bizim kəndin küçələrində açıqdan-açığa 
deyirlər: «Məhv olsun daşnak hökuməti!» Məni də tutmaq istəyirdilər, qaçdım. 
İndi sizə xəbər verirəm… 
Kəndxudanı axıra kimi sakit dinləyən Njde birdən barıt kimi partladı: 
- Sən özün qorxaq tülküsən! Niyə qaçıb gəlmisən bura! Onların cavabını 
verə bilmirdin? 
Njdeni tanımayan, lakin zahirindən böyük qulluqçuya oxşadan kəndxuda 
dedi: 
- Ağa, qüvvəmiz, silahımız yoxdur! 
Njde meydanda olan bölüyün gedib Qarakilsədə  və başqa kəndlərdə xalq 
üsyanını yatırması üçün əmr verdi. 
 
 
Mayın iyirmi altısı idi. Axşam çoxdan düşmüşdü. Xınzirək kəndinin 
ətrafındakı gözəl mənzərələri görmək, onlara tamaşa etmək mümkün deyildi. Lakin 
böyük kəndin başı üstündə  çətir kimi açılmış  səmanı heç nə gizlədə bilməzdi. 
Onun mavi qoynunda aramla üzən ay hər yeri süd kimi eləmişdi. Dağlardan sərin 
meh əsirdi. Adama elə gəlirdi ki, bu sakit axşamda təmiz hava udub, ağ çiçəkləri 
xatırladan ulduzları seyr etməkdən zövqlü bir şey yoxdur. Adama elə  gəlirdi ki, 
belə cazibədar axşamlarda heç kəsin ürəyində dərd-qüssə ola bilməz… 
Sərin eyvanda, bol süfrə başında qabaq-qabağa oturmuş Manuçarla 
kəndxuda Minas kefi kök söhbət edirdilər. 
- Götür stəkanını, kəndxuda Minas, içək başımızın təzə  ağası Njdenin 
sağlığına! Mən sənə deyirəm ki, bizim Njde qırmızıları Zəngəzura qoymayacaq. 
- Bəlkə… 
- Bəlkəni  əkiblər çuğundur bitib… Ha… ha… ha… Ay bizim avam 
kəndxuda, bilmirsən ki, Njdenin qabağında bolşevik-molşevik duruş gətirə bilməz? 
Canavarla dovşan meydana girsə nə olar? Ərə, Minas, yoxsa qorxursan? Qorxma. 
Qırmızılar gəlsələr mənimlə haqq-hesab çəkəcəklər, sən kimsən?! 
Hər ikisi içdi. 
Manuçar stəkanları yenidən doldurub dedi: 
- Mən adamın qoçağını sevirəm. Qorxaq adam gözümün qanlısıdır. 
- Elədir, Manuçar ağa, çaxır adamı şirə, pələngə döndərir… 
- Ərə, demə ki, Manuçar kef havasına danışır. Allahın altında o, qırmızılarla 
bir döş-döşə gələm, onda görərsən ki, bu arıqca Manuçarda nə zor var!.. 


 
230
- Yaxşı, Manuçar ağa, götür bu stəkanları da içək sənin sağlığına, sonra mən 
gedim. 
- Hara? Ərə, qırışmal, sən sevinmirsən ki, Milli Şuranın üzvü ilə yeyib-
içirsən? Səhərə kimi içəcəyik. Çaxır çoxdur… Hə, içək mənim sağlığıma! 
Onlar içəndən sonra kəndxuda yerindən qalxdı. Manuçar onun ətəyindən 
tutub aşağı çəkdi. 
- Otur, otur, biqanacaq! Deyirsən, səni kəndxudalıqdan çıxardım! Ulduzlar 
sönənə kimi içəcəyik. Otur, vəssalam! 
- Manuçar ağa… 
- Otur, qırışmal! – Manuçar kəndxudanı  çəkib oturtdu. – Hökumət 
nümayəndəsinin sözünü qaytaranın cəzası  əlli stəkan çaxır içməkdir. – O, 
stəkanları doldurdu. – Bu biri, iç! Özü də tək iç. 
- Tək niyə? Götür içək cənab Karonun sağlığına! 
- Nə? Karonun? Ha… ha… ha! Ay avam kəndxuda! O da kişidir? Nə 
vəzifəsini əlində saxlaya bildi, nə də… nişanlısını! 
- Manuçar ağa, səni Milli Şuranın üzvü eləyən axı, odur. Karo ilə bərk dost 
idiniz. 
- Xeyr, məni Milli Şuranın üzvü eləyən o deyil; ona yedirtdiyim qoyunlar, 
mallardır, cibinə basdığım qızıllardır. Bəli, Minas kəndxuda, mənim dostum 
bundan belə Njdedir… Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz qayırarlar. Başa 
düşdün, ay avam?.. 
Şərab Manuçarın daxili aləmini açıb kəndxudaya göstərdi. Kəndxuda özü 
yaltaq olsa da, ürəyində dedi: «Ey vəfasız insan, səndə neçə sifət olarmış…». 
Manuçar yenə əlini butulkaya atanda bir neçə silahlı adam eyvana çıxdı. 
Manuçarla kəndxuda gələnlərin içərisində Levonla Makiçi gördükdə, 
təəccüblə ayağa qalxdılar və özlərini itirmiş halda geri çəkildilər. 
- S-i-z… Siz hardan belə? – deyə Manuçar onun, bunun üzünə heyrətlə 
baxdı.  
- Sizinlə bir yerdə yeyib-içməyə gəlmişik, «hörmətli» Manuçar ağa! – deyə 
Levon güldü. 
Vahan döşünü qabağa verib amiranə tərzdə dedi: 
- Qəza İnqilab Komitəsinin tapşırığı ilə hər ikinizi həbs edirəm! 
Manuçar özünü sındırmayıb ucadan dedi: 
- Mən inqilab komitəsi tanımıram. Heç kəs məni dustaq eləyə bilməz! Mən 
hökumət üzvüyəm. Sən kimsən? – Manuçar yəqin ki, silah götürmək üçün, otağa 
tərəf yönəldi, lakin Levon onun yaxasından yapışıb geri çəkdi. 
- Heç yerə tərpənməyəcəksən! 
Kəndxuda işin ciddi olduğunu görüb eyvanın bir tərəfinə qısıldı. 
Vahan yoldaşlarına müraciət etdi: 
- Bağlayın bunların qollarını! 
Makiç kəndxudanın qollarını bağladı. Levon da Manuçarın qollarını 
bağlayanda o, dartındı, müqavimət göstərərək dedi: 
-  İxtiyarınız yoxdur!.. Mən Milli Şuranın üzvüyəm. Mən Sarumovam! 
Mən… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə