Fənn: Maliyyə və bank işi



Yüklə 0,94 Mb.
səhifə11/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14

Nağdsız pul tədavülü bank hesablarında olan pul qalıqlarının dəyişməsi deməkdir. Bu isə hesab sahibinin çeki, plastik kart, elektron hesablama vasitələri və başqa hesablama sənədləri üzrə verdiyi əmrlərin bank tərəfindən yerinə yetirilməsi zamanı həyata keçir. Nağdsız pul tədavülünün 2 qrupu mövcuddur: - əmtəə əməliyyatları üzrə; - maliyyə öhdəlikləri. I qrupa - əmtəə və xidmətlər üzrə nağdsız hesablaşmalar aiddir. II qrupa – büdcə ödəmələri (gəlirdən vergi, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, digər məcburi ödəmələr) və büdcədənkənar fond, bank ssuda faizləri, kredit üzrə faiz ödəmələri, sığorta kompaniyaları üzrə hesablaşmalar aiddir.

2. Pul tədavülü qanunu.
Pul tədavülü qanunu K.Marks tərəfindən formalaşdırılmışdır. Özünün “Kapital” əsərində K.Marks iqtisadi göstəricilər olan pul kütləsi, mal və xidmətlərin, kreditin, qarşılıqlı və nağdsız ödəmələrin qiymət məbləği və pulun dövretmə sürətinin qarşılıqlı iqtisadi asılılığının elmi açıqlamasını vermişdir. Bu qarşılıqlı əlaqə iki növ asılılığın məcmusu kimi başa düşülür: - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə realizə olunan mal və xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq; - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə pulun dövretmə sürəti arasındakı tərsinə asılılıq. Bütün bunları aşağıdakı formulada göstərmək olar:

K= S / C (1)

Burada: K – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı; S – realizə olunan mal və xidmətlərin qiymət məbləği; C – tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı. (pulun dövretmə sürəti) Pulun tədiyyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər qəlizləşdi və pulun tədavüldəki miqdarını müəyyən edən qanun aşağıdakı kimi formalaşmış oldu:



K= (S1-S2+S3-P) / C (2)

Burada: S1 – mal və xidmətlərin qiymət məbləği; S2 – kreditə satılmış malların qiymət məbləği; S3 – öhdəliklər üzrə ödəmələrin məbləği; P – qarşılıqlı ödəmələr.



Pulun dövretmə sürəti (pulun tədavül sürəti) – pulun tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il ərzində hər bir dövri gəlirlərin xərclərinə xidmət edən pul kütləsinin dövrlərinin sayını göstərir. Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksiyası vasitəsilə tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı həmişə lazımi səviyyəsini saxlaya bilirdi. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər, tədavüldə qızıla xırdalanmaya banknotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman da heç bir problem ortaya çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar. Lakin problem o zaman qalxır ki, heç bir şeylə məhdudlanmayan kağız pul emissiyası pul tədavülü qanununu pozmuş olur, tədavül kanalları artıq pullarla dolur ki, bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur. Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi həm ümumi iqtisadi amillərdən, həm də monetar amillərdən asılıdır. Pulun dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s. təkan verə bilər.

Bazar münasibətlərində pullar daima tədavüldə fəaliyyət göstərir. Yeni pullar tədavüldə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları vasitəsilə yaradırlar. Məhz bu səbəbdən də pul emissiyasının kredit xarakteri istənilən dövlətin pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur. “Pul emissiyası”“pulun tədavülə buraxılması” anlayışları bir-birindən fərqlidir. Belə ki, pulun tədavülə buraxılması nəticəsində onların dövriyyədəki ümumi miqdarı praktiki olaraq artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kommersiya banklarının öz müştərilərinə kredit verdiyi zaman buraxılır. Nağd pullar isə tədavülə kommersiya banklarının kassa əməliyyatları, yəni onların müştərilərinə öz əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir. Lakin burada həmçinin əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş borcların nağdsız qaydada ödənilməsi prosesi də baş verir. Bundan başqa nəzərə almaq lazımdır ki, kommersiya bankları “ikinci pullara”, daha dəqiq desək, artıq ölkənin mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir. Bununla da demək olar ki, tədavüldə pulun miqdarı dəyişmir. Pulun emissiyası dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir ki, bu zaman pul kütləsi tədavüldə artmış olsun. Həmçinin onu da qeyd etmək lazımdır ki, pul emissiyası hər bir ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilir ki, bununla da tədavülə əlavə “ilkin” pullar buraxılmış olur. Beləliklə də tədavülə pulun buraxılmasını analoji olaraq pulun nağd və nağdsız emissiyasına bölürlər.



3. Bank multiplikatorunun mahiyyəti.
İqtisadiyyatda inzibati amirlik dövründə nağd və nağdsız pul emissiyası anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı dövlətin mərkəzi bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi. Bazar iqtisadiyyatı şəraitində isə emissiya funksiyası bölünməyə başlayır: - Nağdsız pul emissiyası kommersiya bank sistemi və qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. - Nağd pul emissiyasını isə Milli Bank yerinə yetirir. Nağdsız pul emissiyasının başlıca məqsədi hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələblərinin ödənilməsindən ibarətdir. Lakin, kredit təşkilatlarında olan vəsaitlər hesabına hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələbatını deyil, adi tələbatı ödənilir. Aydındır ki, əlavə tələbat əlavə vasitələr hesabına ödənilə bilər. Bunun üçün də bu əlavə vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır. İkipilləli bank sistemi şəraitində emissiya mexanizmi bank (depozit) multiplikatoru əsasında fəaliyyət göstərir. Multiplikator – (lat. multiplicator – çoxaldan) – iqtisadi göstəricidir. Onun miqdarı o dərəcəni xarakterizə edir ki, o səviyyədə investisiya tələbinin, yaxud investisiyaların özünün artırılması məhsulun buraxılış həcminin və bu məhsula istehlak tələbinin (və bu səbəbdən də gəlirin) dəyişməsini əmələ gətirir. Sayca multiplikator vahiddən çoxdur və bu nisbətə bərabərdir: M=1/İSM. Burada İSM istehlakçının bu məhsulun istehlakına son həddəki meylidir, yaxud taraz YDM–in, investisiyaların həcminin dəyişilməsinin nisbətinə bərabərdir. (“İzahlı iqtisadi terminlər lüğəti” – II cild səh. 106-107) Bank multiplikatoru ölkənin bank sistemi çərçivəsində nağdsız pulların bir bankdan başqa banka hərəkəti prosesində kommersiya banklarının hesablarında onların həcminin artması deməkdir. Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit multiplikatoru müxtəlif nöqteyi nəzərdən multiplikasiyanın vahid mexanizmini xarakterizə edir. Bank multiplikatoru multiplikasiya prosesini onun subyektlərinin mövqeyindən tərənnüm edir. Buraya pulu multiplikasiyalaşdıran – kommersiya bankları və qeyri-bank təşkilatları aiddir. Kredit multiplikatoru bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə bilməsi faktını açıqlayır. Kredit multiplikatoru dedikdə kommersiya banklarının kreditlərinin mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür. Depozit multiplikatoru multiplikasiyanın obyektini, daha dəqiq, multiplikasiya prosesində artan kommersiya banklarının depozit hesablarındakı pulları tərənnüm edir. Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı münasibəti kimi təsəvvür etmək olar. Pul təklifi birbaşa pul bazasının həcmindən və pul multiplikatorundan asılıdır. Pul bazası dedikdə mərkəzi bank tərəfindən buraxılan (Milli Bankın xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan) nağd pullar və kommersiya banklarının məcburi ehtiyatları nəzərdə tutulur. Ölkəmizin timsalında son illər pul bazası sferasında baş verən dəyişiklikləri ümumi şəkildə müsbət qiymətləndirmək olar. Belə ki, statistik məlumatlara əsasən qeyd etmək lazımdır ki, 2007-ci ilin mart ayının sonuna geniş mənada pul bazası (və ya ehtiyat pullar) ilin əvvəlinə nəzərən 246.2 mln. AZN və ya 12% azalaraq 1798.4 mln. AZN təşkil etmişdir. Manatla pul bazası isə ilin əvvəlinə nəzərən 63 mln. AZN və ya 3.9% artaraq 1662.5 mln. AZN təşkil etmişdir. Pul multiplikatoru pul bazasının artması zamanı pul təklifinin necə dəyişməsini göstərir. Depozit əmsalı və ehtiyat normasının artması uyğun olaraq pul multiplikatorunu azaltmış olur.

4. Pul aqreqatları.
Pul aqreqatı pul kütləsinin göstəricisidir.

Pul kütləsi pul bazasının kommersiya bank sistemində genişlənməsi ilə yaranır və tədavüldəki nağd pullardan və müştərilərin hesablarındakı pul qalıqlarından ibarətdir. Statistikada pul aqreqatları müəyyən müddətdə pulun hərəkətindəki dəyişikliklərinin təhlili üçün nəzərdə tutulmuşdur. Pul aqreqatlarının düzülüşünün əsasını maddi sərvətlərin likvidlik səviyyəsi ardıcıllığı təşkil edir. Maddi sərvətlərin likvidliyi dedikdə onların tez bir zamanda böyük itkilər vermədən pula çevrilmə qabiliyyəti durur. Maddi sərvətlərin likvidliyi zamanla ölçülür. Bu sərvətlərin pula çevrilməsi nə qədər az müddətdə baş verərsə, demək onun likvidliyi bir o qədər yüksəkdir. Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır.

Tədavüldə nağd pullar M0 aqreqatı ilə müəyyənləşir. Bu aqreqat özündə banknotları, xəzinə biletlərini və metal pulları cəmləşdirir.

M0 aqreqatını pul bazasından fərqləndirmək vacibdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi pul bazasının tərkibinə kommersiya banklarının mərkəzi banklarda olan məcburi ehtiyatları aiddir. Lakin M0 aqreqatına isə formal olaraq bu ehtiyatlar daxil deyil.

Ardıcıl olaraq M0 aqreqatına azdan başlayaraq likvidli vəsaitləri birləşdirərək ondan sonrakı aqreqatları almaq olur.

Aqreqatların sayı və tərkibi ölkənin kredit sisteminin struktur xüsusiyyətlərindən və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları:



M0 – tədavüldəki nağd pullar;

M1 = M0+ bankın cari hesablarındakı vəsaitlər;

M2 = M1+ kommersiya banklarında müddətli və əmanət qoyuluşları;

M3 = M2+ qeyri-bank təşkilatlarındakı əmanətlər;

M4 = M3+ depozit sertifikatları, səhmlər və müxtəlif kredit öhdəlikləri.

Milli Bank pul kütləsi kimi M2 aqreqatını qəbul etmişdir ki, bu da nağd pullardan, hesablarda və müddətli depozitlərdə olan qalıqlardan ibarətdir.

Əvvəllər pul aqreqatlarından istifadə xarici ölkələrlə müqayisədə Azərbaycanda bir o qədər də yüksək səviyyədə olmasa da son illərdə Milli Bankın bu istiqamətdə apardığı işləri qənaətbəxş hesab etmək olar. Azərbaycan Respublikasında məcmu pul kütləsini hesablamaq üçün (pul bazası) M0 (dövriyyədə pul), M1 (M0 və tələbolunanadək əmanətlər və depozitlər), M2 (M1 və müddətli əmanətlər), M3 (M2 və istiqraz və əmanət sertifikatları, xarici valyuta ilə depozitlər) pul aqreqatlarından istifadə edilir.

5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri.
İnflyasiya anlayışı pul tədavülü qanununun pozulması yolu ilə dövriyyə kanallarının dolması kimi başa düşülür.

“İnflyasiya” termini kütləvi şəkildə kağız pullara keçidlə əlaqədardır və kağız pulların çoxluğu onların ucuzlaşmasına və bunun ardınca isə qiymətlərin qalxmasına səbəb oldu.



İnflyasiya – yalnız kağız-kredit tədavülünə məxsus olan, mal dövriyyəsi təklifi ilə müqayisədə artıq kağız pulların dövriyyə etməsi, qiymətlərin qalxması və bununla da pulların dəyərsizləşməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşayət olunan pulun tədavül qanununun pozulmasıdır.

Başqa sözlə desək, inflyasiya hər şeydən əvvəl pul tədavülü kanallarının artıq pul kütləsi ilə dolması, lakin bunun qarşısında əmtəə kütləsinin artmamasının nəticəsində yaranır. İqtisadiyyatda qiymətlərin səviyyəsi dövriyyədə tədavül edən pulların həcmindən asılıdır. Klassik mübadilə qaydasına görə bu aşağıdakı kimi göstərilir:

MV = PQ

Burada; P – mal və xidmətlərin qiymət səviyyəsi;

Q – real mal və xidmətlərin həcmi;

M – dövriyyədə olan pul kütləsi;

V – pulun dövretmə sürəti.

Buna uyğun olaraq inflyasiya proseslərinin artmasının vacib səbəblərindən biri nominal pul kütləsinin Milli məhsulun artmasından daha tez çoxalmasıdır.

İnflyasiyanın sürəti pul kütləsinin artım sürəti və pulun dövretmə sürətinin artması ilə düz mütənasib, real məhsulun artım sürəti ilə isə tərs mütənasibdir. Pul kütləsinin sabitliyi şəraitində real məhsulun aşağı düşməsi inflyasiyanın sürətinin artmasına səbəb olur. Çünki, az həcmdə məhsulun qarşısında pulların əvvəlki həcmi durmuş olur. Əksinə, əvvəlki həcmdə pul kütləsinin qarşısında real məhsul həcminin artması isə deflyasiyaya, başqa sözlə qiymətlərin aşağı düşməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, təcrübədə deflyasiyaya çox nadir hallarda rast gəlmək olur. Müasir iqtisadi şəraitdə inflyasiya prosesi çox zaman real məhsulun artıb azalmasından asılı olmayaraq inkişaf edir.

Pulun dövretmə sürəti və məhsulun real artımının sabitliyi şəraitində inflyasiya pul kütləsinin artım sürəti ilə müəyyənləşir.

Tədavüldə pul kütləsinin artması bütövlükdə mərkəzi bankların kredit emissiyası ilə müəyyənləşir. İstənilən istiqamətdə mərkəzi bankların aktivlərinin artması, yəni hakimiyyətə, kommersiya banklarına, əhaliyə, xarici dövlətlərə verilən kreditlər, həmçinin xalis beynəlxalq ehtiyatların artımı pul bazasının artmasına səbəb olur. Multiplikativ effektlə pul bazasının artması pul kütləsinin genişlənməsinə səbəb olur. Pul kütləsi isə öz növbəsində inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, demək olar ki, mərkəzi bankların aktivlərinin istənilən genişlənməsi inflyasiya xarakteri daşıyır və bu aktivlərin strukturuna və artmasına görə inflyasiya mənbələri haqda mühakimə yürütmək olar. Kredit emissiyası nəticəsində yaranan pul kütləsi inflyasiya tempinə dərhal deyil, hissə-hissə təsir göstərir. Qeyd etmək lazımdır ki, pul kütləsinin artması inflyasiya tempinin artmasına təsir göstərdiyi kimi, onun azalması da inflyasiyanın azalmasına səbəb olur.

İnflyasiyanın yaranmasının aşağıdakı forma və növləri vardır:



  1. Qiymətlərin artım sürətinə görə:

- Mötədil inflyasiya – qiymətlərin orta illik artım tempinin 5-10% olması ilə müşayət olunan qiymətlərin tədricən qalxmasıdır.

- Çaparaq inflyasiya – qiymətlərin orta illik artım tempinin 10-50% olması ilə müşayət olunan qiymətlərin birdən-birə qalxmasıdır.

- Hiperinflyasiya – qiymətlərin artım tempi 100%-dən artıq olduqda, qiymətlərin çox yüksək templə artmasıdır. (BVF hiperinflyasiyanı qiymətlərin ayda 50% qalxması kimi müəyyənləşdirmişdir)



2. Yaranma üsuluna görə:

- İnzibati inflyasiya – qiymətlərin inzibati yolla idarə edilməsindən qalxmasıdır.

- Xərclər inflyasiyası – istehsal faktorlarına, əsasən istehsal resurslarına qiymətlərin qalxması, bunun nəticəsində tədavül və istehsal xərclərinin artması və onlarla birgə istehsal olunan malların qiymətlərinin qalxmasıdır.

- Tələb inflyasiyası – tələbin təklifdən çox olması nəticəsində qiymətlərin qalxmasıdır

- Təklif inflyasiyası – istehsal resurslarının tam istifadə olunmaması şəraitində istehsal xərclərinin qalxması ilə nəticələnən qiymətlərin qalxmasıdır.

- İdxal inflyasiyası – xarici faktorların təsiri nəticəsində; məsələn, ölkəyə həddən çox xarici valyuta axını və import qiymətlərinin qalxması ilə yaranan inflyasiyadır. Belə ki, xaricdən axıb gələn valyuta ölkənin mərkəzi bankı tərəfindən milli valyutaya dəyişdirilir və bu zaman məcburiyyət qarşısında arxasında əmtəə kütləsi olmayan əlavə milli valyuta emissiya edilir.

- Kredit inflyasiyası – hədsiz kredit ekspansiyasının yaratdığı inflyasiyadır. Kredit ekspansiyası dedikdə, uzun və qisamüddətli kreditləşmənin miqyasının genişlənməsindən söhbət gedir.



3. Təzahür formalarına görə:

- Açıq – istehlak mallarının və istehsal resurslarının sərbəst şəkildə qiymətlərinin qalxması ilə yaranan inflyasiyadır.

- Qapalı – dövlətin qiymətləri əvvəlki səviyyədə saxlamaq arzusu ilə müşayət olunan əmtəə qıtlığından yaranan inflyasiya. Bu zaman malların açıq bazardan qapalı bazara keçməsi baş verir ki, burada da qiymətlər aydın məsələdir ki, artır.

İnflyasiyanın təsnifləşdirilməsi sxem şəklində aşağıdakı kimi göstərilə bilər:

Aydın məsələdir ki, inflyasiya dərhal ölkənin iqtisadi və sosial inkişafına öz mənfi təsirini göstərir. İnflyasiya faktorları ilə mübarizə üçün dövlət özünün iqtisadiyyatın dövlət tənzimlənməsinin kompleks tədbirlərini daha dəqiq desək, antiinflyasiya siyasətini həyata keçirir. Bu siyasətin iki istiqaməti mövcuddur ki, onlar aşğıdakılardır:


  • deflyasiya siyasəti;

  • gəlirlər siyasəti.

Deflyasiya siyasəti – bu pul tələbinə qarşı pul-kredit və vergi mexanizmi vasitəsilə, dövlət xərclərinin aşağı salınması, yenidənmaliyyələşdirmə dərəcələrinin qaldırılması, vergi prosesinin təzyiqinin güclənməsi və pul kütləsinin məhdudlaşdırılmasına tərəf yönəldilən bir mexanizmdir. Deflyasiya siyasətinin yerinə yetirilməsinin əsas xüsusiyyəti iqtisadiyyatda böhran hallarının yaranması və iqtisadi artımın ləngiməsidir.

Gəlirlər siyasəti – bu siyasət qiymətlər və əmək haqqlarına qarşı, onların tam doldurulması və yaxud da artırılmasına məhdudiyyətlərin qoyulması ilə baş verən paralel nəzarətdən ibarətdir.

Antiinflyasiya siyasətinin variantlarından istifadə ölkədəki vəziyyət və müəyyən mərhələdəki cəmiyyət qanunauyğunluqlarından asılıdır. Əgər məqsəd iqtisadi artımın qarşısını almaqdırsa bu zaman deflyasiya siyasəti həyata keçirilir. Əksinə, iqtisadi artımı stimullaşdırmaq lazım gəldikdə isə gəlirlər siyasətindən istifadə olunur. Elə hallar da olur ki, inflyasiya ilə mübarizə məqsədilə paralel olaraq hər iki antiinflyasiya siyasətindən istifadə oluna bilər.




İnflyasiyanın təsnifləşdirilməsi

Mötədil inflyasiyası




Qiymətlərin artım sürətinə görə


Çaparaq inflyasiyası





Hiper inflyasiyası



Xərclər inflyasiyası







İnzibati inflyasiya

Tələb inflyasiyası






Yaranma üsuluna görə


Təklif inflyasiyası




Kredit inflyasiyası




İdxal inflyasiyası


Açıq inflyasiyası





Təzahür formalarına


Qapalı inflyasiyası




6. Pul islahatları
Pul tədavülünün inflyasiya proseslərinin vəziyyətindən asılı olan əsas sabitləşmə formaları pul islahatları və antiinflyasiya siyasətidir.

Müharibələrdən sonrakı dövrlərdən iqtisadiyyatın bərpasının əsas üsulu olan pul tədavülünün sabitləşməsi aşağıdakı metodların köməyi ilə həyata keçirilirdi:

- nullifikasiya;

- revalvasiya;

- devalvasiya;

- denominasiya.

Nullifikasiya – güclü surətdə qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutanın tədavülə buraxılması deməkdir.

Revalvasiya – pul vahidinin əvvəlki qızıl məzmununun bərpa olunması deməkdir. Məsələn, birinci dünya müharibəsindən sonra 1925-1928-ci illərin pul islahatları zamanı İngiltərədə funt sterlinqin müharibədən əvvəlki qızıl məzmunu bərpa olundu.

Devalvasiya – pul vahidinin qızıl məzmununun düşməsi, ikinci dünya müharibəsindən sonra isə milli valyutanın xarici valyutaya nisbətən rəsmi məzənnəsinin və qızıl məzmununun aşağı düşməsidir.

Denominasiya – “sıfırların pozulması” metodudur, daha dəqiq desək, qiymət miqyasının möhkəmlənməsidir. Məsələn, Braziliyada 1988-ci ildə yeridilən yeni pul vahidi əvvəlki 1000 pul vahidi ekvivalentinə bərabər idi. Denominasiya, həmçinin Rusiyada da 1998-ci ildə rublun 1:1000 nisbətində denominasiyası baş vermişdi. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir. Fərmana əsasən yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

Mövzu 10. Nağd və nağdsız pul hesablaşmaları
P L A N
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti.

2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri.

3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və planlı ödəmə.

4. Çeklərlə hesablaşma.

5. Akkreditivlərlə hesablaşma. Planlı ödəmə.

6. Ödəmə tələbnaməsi (aksept).

ƏDƏBİYYAT
1. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000.

1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti.
İstehsal prosesini həyata keçirən hər bir müəssisə müvafiq müəssisə və təşkilatlarla arası kəsilməz əlaqədə olur. Onlar mal material qiymətliləri əldə edir, istehsal etdiyi məhsulu reallaşdırır, fəhlə və qulluqçulara əmək haqqı verir, büdcəyə ödəmələri həyata keçirir, kreditdən istifadə edir və onu geri qaytarır. Bütün bu proseslər pul hesablaşmaları vasitəsilə və ya bilavasitə pulun iştirakı ilə həyata keçirilir.

Dövlətin, müəssisə və təşkilatların əhali ilə hesablaşmaları, əhali qrupları arasındakı hesablaşmalar, müəssisə və təşkilatlar arasındakı hesablaşmaların bir qismi nağdı pulların iştirakı ilə yəni nağd qaydada aparılır. Nağdsız hesablaşmaların inkişafı pul tədavülü üçün böyük əhəmiyyət kəsb edir, belə ki, nağdsız hesablaşmaların əsas məqsədi ödəmə dövriyyəsində nəğdi pulu əvəz etməkdir. Nağdsız hesablaşmalar pul vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə kömək edir, material fondlarının hərəkətinə nəzarəti təmin edir, tədavüldə olan pulların həcminin azalmasına, pul tədavülü xərclərinin aşağı salınmasına, müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda cəmləşməsinə və onlardan kredit resursları kimi istifadəyə şərait yaradır.

Nağdsız hesablaşmalar sisteminin qarşısına qoyulan tələblər hesablaşmaların müəyyən prinsiplər əsasında aparılmasını tələb edir.

Nağdsız hesablaşmalar əsasən aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

1. Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılmış hesablarda saxlamalıdırlar və nağdsız hesablaşmalar həmin hesab vasitəsi ilə aparılmalıdır.

2. Hesablardan ödənişlər hesab sahibinin razılığı və ya sərəncamı ilə onun müəyyən etdiyi növbəlilik əsasında hesabdakı vəsait müqabilində aparılmalıdır. Bu zaman ödənişlərin ləngidilməsinə imkan verilməməlidir.

3. Nağdsız hesablaşmalar tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş formalarda aparılmalıdır və s.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə