Fənn: Maliyyə və bank işi


Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri



Yüklə 0,94 Mb.
səhifə12/14
tarix02.03.2018
ölçüsü0,94 Mb.
#28788
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14

2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri.
Pul vəsaitlərinin saxlanılması və onlar vasitəsi ilə nağdsız hesablaşmaların aparılması üçün bankda müəssisə və təşkilatlara hesablaşma hesabı və ya cari hesab açılır.

Mülkiyyət formasından asılı olmayaraq kommersiya fəaliyyəti ilə məşğul olub, hüquqi şəxs statusuna malik olan müəssisə və təşkilatlara hesablaşma hesabı açılır. Hesablaşma hesabı olan müəssisə və təşkilat hüquqi şəxs hesab edilərək bütün ödənişlərin ödənilməsində iştirak edərək, bank ilə sərbəst kredit münasibətinə girmək hüququna malikdir.

Kommersiya fəaliyyəti ilə məşğul olmayan müəssisə və təşkilatlara bankda cari hesab açılır. Hesablaşma hesabı və cari hesabda müəssisəyə məxsus olan xüsusi vəsaitlər saxlanılır. Cari hesab sahibi hesablaşma hesab sahibinə nisbətən vəsaitdən məhdud çərçivədə, yəni smeta daxilində istifadə edə bilər. Borc vəsaitlərinin uçotunu aparmaq üçün bank, bankdan borc almaq hüququna malik olan müəssisələrə ssuda hesabları açır.

Hesablaşma hesabı və cari hesabın açılma qaydası Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti” haqqında qanunla müəyyənləşdirilmişdir.

Hesablaşma hesabının açılması üçün kommersiya bankına aşağıdakı sənədlər təqdim edilməlidir:

- müəyyən olunmuş formada ərizə;

- müəssisənin dövlət qeydiyyatından keçməsi haqda sənəd;

- müəssisənin yaradılması haqda təsis müqaviləsi;

- nizamnamənin surəti;

- müəssisə direktorunun səlahiyyətini təsdiq edən sənəd;

- müəssisənin baş mühasibinin səlahiyyətini təsdiq edən sənəd;

- birinci vəzifəli şəxslərin imzaları və müəssisənin möhür nümunəsi olan iki kartoçka;

- vergilər idarəsinin müəssisəni vergiyə cəlb etmək üçün uçota qəbul edilməsi haqda arayış;

- müəssisənin DSMF-də uçota götürülməsi haqda arayış;

- statistika orqanlarının qeydiyyat kartoçkası.

Hesablaşma hesabından ödənişlər hesablaşma prinsiplərinə uyğun olaraq hesab sahibinin sərəncamı və ya razılığı ilə hesabdakı sərbəst pul vəsaiti müqabilində aparılır.

Hesablaşma hesabının açılması hesablaşma-kassa xidməti haqqında bank ilə müştəri arasında müqavilə imzalamaq deməkdir. Bu zaman bank müştəriyə kompleks kassa hesablaşma xidməti göstərməsi haqda öhdəçilik qəbul edir. Bank hesablaşmalarının aparılması, pul və hesablaşma çeklərinin verilməsi, şəxsi hesablardan çıxarışın verilməsi; müştərinin hesabına daxil olan bütün pul vəsaitlərinin qorunub saxlanması; müştərinin ilkin tələbi əsasında pulların verilməsi və müştərinin əməliyyatları üzrə kommersiya sirrinin saxlanması öhdəliyini qəbul edir.

Müştəri isə öz növbəsində öz pullarının imkan daxilində tamamilə bankda saxlanacağı; kassa və hesablaşma əməliyyatlarını nizamlaşdıran normativ sənədlərin tələblərinə əməl edəcəyi, lazımi hesabat sənədlərinin banka vaxtlı-vaxtında təqdim edəcəyi öhdəliyini qəbul edir.

Müştərilərə hesablaşma-kassa xidməti ödənişli əsaslarla aparıldığından müqavilədə xidmətlərin dəyəri və onun ödənilmə qaydası ayrıca göstərilməlidir.

Müqavilədə habelə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi haqqında məsuliyyət də nəzərdə tutulur.

Bankın müştəriləri arasındakı hesablaşmalar banklar arasındakı hesablaşma kimi meydana çıxır. Banklararası hesablaşmalar nağdsız hesablaşmaların əsasını təşkil edir. Belə hesablaşmalar müştərilərə ayrı-ayrı banklar vasitəsilə xidmət göstərildikdə meydana çıxır. Banklar arasındakı bu hesablaşmalar korrespondent (müxbir) münasibətləri adlanır. Korrespondent hesabları vasitəsilə banklararası hesablaşmaların qeyri-mərkəzləşdirilmiş və mərkəzləşdirilmiş iki variantı mövcuddur.

Qeyri-mərkəzləşdirilmiş banklararası hesablaşmalar kommersiya banklarının bir-biri ilə korrespondent münasibətlərinə əsaslanır.

Mərkəzləşdirilmiş banklararası hesablaşmalar isə Milli Bankda açılan korrespondent hesablar vasitəsi ilə aparılır.

Respublikamızda banklararası hesablaşmaların ikinci variantından – mərkəzləşdirilmiş qaydadan istifadə edilir. Bu məqsədlə Milli Bankın nəzdində zonalar üzrə hesablaşma-kassa mərkəzləri (HKM) yaradılmışdır. Hesablaşma kassa mərkəzlərində bu mərkəzin üzvü olan banklara korrespondent hesab açılır. Bu hesabdan ödənişlər hesabda olan vəsaitlər müqabilində aparılır. Bankın müxbir hesabında vəsait olmadıqda ödənişi Milli Bank nisbətən yüksək faizlə kredit (overdraft) hesabına apara bilər. Nağdsız hesablaşmaların iqtisadi bazasını maddi istehsal təşkil edir.

İqtisadi məzmununa görə nağdsız hesablaşmalar əmtəə və qeyri-əmtəə xarakterli olurlar. Əmtəə xarakterli hesablaşmalar təsərrüfat təşkilatları arasında aparılır və nağdsız hesablaşmalar sisteminin ¾ hissəsinə qədərini təşkil edir.

Qeyri-əmtəə xarakterli hesablaşmalarda əsas yeri büdcə ilə hesablaşmalar; bank ssudaların alınması, ödənilməsi, ssudalara görə faizlər üzrə hesablaşmalar, cərimələr, əlavələr və s. təşkil edir.

Satıcıların və alıcıların hesablarının yerləşdiyi yerdən asılı olaraq hesablaşmalar şəhərlərarası (kənar şəhərli) və şəhər daxili (yerli) hesablaşmalara bölünür.

Müxtəlif yaşayış məntəqələrində yerləşən, bu səbəbdən də müxtəlif yerlərdə yerləşən bankların xidmətindən istifadə olunmaqla aparılan hesablaşmalar şəhərlərarası (kənar şəhərli) hesablaşma adlanır.

Bir yaşayış məntəqəsində yerləşən və eyni bankın və ya həmin məntəqədə yerləşən müxtəlif bankların xidmətindən istifadə etməklə aparılan hesablaşmalar şəhər daxili hesablaşma adlanır.

Nağdsız hesablaşmaların aparılma formaları seçilən zaman hesablaşma iştirakçılarının yerləşdiyi yer xüsusi əhəmiyyət kəsb edir.



3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və planlı ödəmə.
Nağdsız hesablaşmaların təşkili prinsiplərinə görə hər bir müəssisə özünə uyğun, onun mənafeyinə cavab verən hesablaşma formasından istifadə edə bilər. Bu barədə heç bir kənar tərəfin o cümlədən bankların təsiri olmadan müqavilə imzalanır və tərəflər arasında hesablaşmalar ilə əlaqədar iddialar bankların iştirakı olmadan tərəflərin özləri vasitəsi ilə həll edilir.

Bütün nağdsız hesablaşmalar müvafiq sənədlər vasitəsi ilə aparılır. Həmin sənədlər dövlət standartları səviyyəsində olub əməliyyatın mahiyyətini açıqlamalıdır. Nağdsız hesablaşmaların formaları əsasən hesablaşmalarda tətbiq olunan sənədin adı ilə adlandırılır.

Nağdsız hesablaşmalar zamanı:

- ödəmə tapşırıqlarından;

- çeklərdən;

- akkreditivlərdən;

- ödəmə-tələbnamə tapşırıqlarından istifadə edilir.

Nağdsız hesablaşmalarda istifadə olunan sənədlər dövlət standartlarına cavab verməli və hesablaşma haqqında tam təsəvvür yaratmalıdır. Bunun üçün bütün sənədlər aşağıdakı əsas rekvizitlərə malik olmalıdır:

1. Hesablaşma sənədinin adı.

2. Hesablaşma sənədinin yazılma tarixi və nömrəsi.

3. Ödəyicinin adı, onun bankdakı hesab nömrəsi, onun bankının adı və kodu.

4. Satıcı təşkilatın adı, onun bankdakı hesabının nömrəsi, onun bankının adı və kodu.

5. Ödənişin təyinatı, yəni nə məqsəd daşıması.

6. Ödənişin məbləği yazı və rəqəmlə.

Bütün hesablaşma sənədinin birinci nüsxəsində bankdakı hesab üzrə məbləğlərə sərəncam vermək hüququ olan şəxslərin imzası ilə yanaşı müəssisənin möhürü olmalıdır. Vəsait ödəyicinin hesabından yalnız sənədin birinci nüsxəsi əsasında silinir.

Hüquqi şəxs tərəfindən filiallar, nümayəndəliklər, şöbələr vasitəsi ilə həyata keçirilən əməliyyatlar üzrə təqdim olunan hesablaşma sənədləri həmin hüquqi şəxsin vəkil etdiyi şəxslər tərəfindən imzalanır.

Hazırda nağdsız hesablaşmaların ən geniş yayılmış forması ödəmə tapşırıqları ilə olan hesablaşmalardır.

Ödəmə tapşırığı – bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğdə vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də kənar şəhərli hesablaşmalar aparılır.

Hesablaşmalarda ödəmə tapşırığından istifadə imkanı genişdir. Belə ki, həm əmtəə əməliyyatları, həm də qeyri-əmtəə əməliyyatları üzrə olan hesablaşmalarda ödəmə tapşırığından istifadə etmək mümkündür.

Ödəmə tapşırıqları bank tərəfindən qəbul edilmiş formada xüsusi bankda texniki vəsaitdən istifadə olunmaqla 4 nüsxədə tərtib edilir:

I nüsxə ödəyici bankda vəsaitin silinməsinə əsas verən sənəd kimi qəbul edilir və həmin bankda saxlanılır.

IV nüsxə ödəmə tapşırıqlarının icra olunmağa tələb edilməsini təsdiq edən sənəd kimi ödəmə tapşırıqları verən müəssisəyə qaytarılır və qəbz rolunu oynayır.

II, III nüsxə isə satıcıya xidmət edən banka göndərilir.

Bu zaman ikinci nüsxədən vəsaitlərin satıcının hesabına daxil edilməsini təsdiq edən sənəd kimi istifadə olunur və bankın gündəlik sənədlərində saxlanılır.

III nüsxə isə satıcının hesabında əməliyyatların aparılmasını təsdiq edən sənəd kimi şəxsi hesabdan çıxarışla birlikdə satıcı təşkilata verilir. Ödəmə tapşırıqları icra üçün onun hesabındakı vəsait ödənişə tam təminat verdikdə qəbul edilir. Yəni, ödəyicinin hesabındakı vəsaitlər ödənişi tam təmin etməzsə və yaxud onun hesabında vəsait olmazsa, ödəmə tapşırıqları bank tərəfindən icra üçün qəbul edilmir. Bank ilə hesab sahibi arasında ödəmə tapşırığının icraya qəbul edilməsi haqda başqa şərt də müəyyən oluna bilər. Bu halda sənədlər icra üçün həmin şərt daxilində qəbul edilir. Məsələn, ödəyici təşkilat bankda ssuda almaq hüququna malik olarsa, ödəniş bank ssudası hesabına aparıla bilər. Yəni, sənədin təqdim olunma tarixinə, müəssisənin hesabında vəsait olmazsa, lakin müəssisə bankdan kredit almaq imkanına malik olarsa, ödəmə tapşırığı bank tərəfindən icra üçün qəbul edilə bilər.

Ödəmə tapşırıqları yazıldığı gündən üç təqvim günü müddətinə etibarlıdır (yazıldığı gün nəzərə alınmır). Yəni, üç gün ərzində müəssisə onu banka təqdim edə bilər. Ödəmə tapşırıqları ilə hesablaşma zamanı hesablaşma sənədlərinin hərəkət sxemini aşağıdakı kimi göstərmək olar:


Bu o deməkdir ki, məhsulların yola salınmasını, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini təsdiq edən sənədlər alıcı təşkilata təqdim olunur. Alıcı təşkilat təqdim olunan sənədə müvafiq məbləğə ödəmə tapşırığı tərtib edərək özünə xidmət edən bank şöbəsinə təqdim edir. Bank həmin sənədin qanuniliyinə əmin olduqdan sonra ödəmə tapşırığını müvafiq hesablarda əks olunmaq üçün özünə xidmət edən hesablaşma-kassa mərkəzinə göndərir.

Hesablaşma kassa mərkəzi qəbul etdiyi sənədlər üzrə ödəniş aparır. Ödəmə tapşırığında göstərilən məbləği ödəyici təşkilata xidmət edən bankın hesabından silərək, satıcı banka xidmət edən kassa-hesablaşma mərkəzinə köçürür, yəni aviza göndərir. Satıcıya xidmət edən kassa hesablaşma mərkəzi həmin viza əsasında satıcıya xidmət edən bankın müxbir hesabına vəsait daxil edir. Daha sonra vəsaitlər bankın müxbir hesabından silinərək, satıcının hesabına daxil edilir və satıcıya vəsaitlərin köçürülməsini təsdiq edən ödəmə tapşırığının 3-cü nüsxə ilə birlikdə şəxsi hesabdan çıxarış təqdim olunur.

Ödəmə tapşırıqlarından eyni zamanda hesablaşmaları müntəzəm xarakter daşıyan müəssisələr arasında tətbiq olunan planlı ödəniş qaydasında aparılan hesablaşmalarda da istifadə olunur. Bu zaman hesablaşmalar hər yola salınan mal üzrə deyil, müəyyən olunmuş tarixlərdə dövri olaraq vəsait köçürmək yolu ilə həyata keçirilir. Planlı ödəniş qaydasında hesablaşmalardan bir-biri ilə müntəzəm əlaqədə olan müəssisələrin hesablaşmalarında istifadə olunur. Məsələn, ticarət təşkilatları ilə ticarətə hər gün və ya günaşırı mal verən təşkilatlar arasında və ya hər gün yanacaqdan istifadə edən müəssisə ilə yanacaq verən müəssisə arasındakı planlı ödəniş qaydasında hesablaşmalar mütərəqqi hesablaşma qaydası hesab olunur. Belə ki, hesablaşmalar malın göndərilməsindən asılı olmayaraq aparılır. Belə qayda eyni zamanda hesablaşmaları sadələşdirir və qarşılıqlı debitor, kreditor borclarının yaranmasına imkan vermir. Tərəflər arasında bağlanan müqavilələr əsasında tərəflər bir-birinə mal göndərişini davam etdirir. Ödəyici təşkilat isə tərəflər arasında razılaşdırılmış müddətlərdə, eləcə də hər ayın sonuncu günü ödəniş aparır. Axırıncı gün ödəniş ilə göndərilmiş mal məbləği müqayisə edilir və borclu tərəf öz borcunu ödəməli olur. Yəni satıcı az mal göndəribsə, gələcək mal göndərişində onu nəzərə alır. Ödəyici təşkilat az ödəyibsə, ödəmə tapşırığı vasitəsi ilə həmin kəsiri ödəməli olur. Bütün ara müddətdə, yəni müəyyən olunmuş dövrlərdə satıcıların hesabına vəsaitlərin daxil edilməsi ödəmə tapşırıqları vasitəsilə keçirilir. Digər ödəmələrdən fərqli olaraq ödənişin səbəbləri göstərilən qrafada “planlı ödəniş” sözü yazılır.



4. Çeklərlə hesablaşma
Hazırki şəraitdə nağdsız hesablaşmaların bir forması da çeklər ilə hesablaşmadır. Çek ödəyicinin onun hesabından müəyyən məbləğin ödənilməsi haqqında öz bankına verdiyi yazılı sərəncamdır. Çeklərin pul və hesablaşma çekləri forması mövcuddur. Pul çeklərdən müəssisənin hesabından nəğdi pulun alınması üçün istifadə edilir. Əmək haqqına, təsərrüfat ehtiyaclarına, ezamiyyə xərclərinə, pensiya, təqaüd verilməsinə və eləcə də kənd təsərrüfatı məhsullarının satın alınması üçün banklardan nəğdi pulun alınması pul çekləri vasitəsi ilə aparılır. Hesablaşma çekləri isə nağdsız hesablaşmaların bir forması kimi tətbiq olunur və hesablaşma çeki dedikdə ödəyicinin onun hesabından müəyyən məbləğin silinib, başqa müəssisənin hesabına köçürülməsi haqqında banka verdiyi yazılı sərəncam başa düşülür. Hesablaşma çekləri ödəmə tapşırıqları kimi ödəyici təşkilat tərəfindən tərtib olunur və öz bankına ödəniş üçün təqdim olunur.

Çeklərlə hesablaşma zamanı çek verən, çek doldurulduqdan sonra çek alanla birlikdə həmin çekin benifisiar banka (hesabına müəyyən məbləğdə pul köçürən benifisiara xidmət göstərən bank) təqdim edir. Çekin məbləğinin qalığa uyğun-olub olmaması benifisiar bank tərəfindən möhürlə təsdiq edilir. Deməli çekin düzgünlüyü benifisiar bankda yoxlanılır.

Çeklər ilə hesablaşma zamanı sənəd dövriyyəsi aşağıdakı kimi həyata keçirilir. Mal material qiymətlisi alan müəssisə hesablaşma çeki yazaraq onu mal satana təqdim edir. Çekdə; ödəniş məbləği; (yazı və rəqəmlər) ödəniş alanın adı; çekin yazıldığı yer; ödənişin aparılma tarixi göstərilməlidir. Yazılmış çek, çek verənin imza və möhürü ilə rəsmiləşdirilir.

5. Akkreditivlərlə hesablaşma.
Nəğdsiz hesablaşmaların bir forması da akkreditiv vasitəsi ilə aparılan hesablaşmadır. Akkreditiv-alıcı bankının alıcının akkreditiv ərazisində göstərdiyi şərtlərlə ona göndəriləsi malın və göstərilən xidmətin dəyərinin satıcıya ödənilməsi haqda satıcı bankına verdiyi tapşırıqdır. Hesablaşmanın bu formasından yalnız kənar şəhərli hesablaşmalarda istifadə olunur. Akkreditiv fəaliyyət müddəti bank tərəfindən məhdudlaşdırılır və onun fəaliyyət müddəti satıcı ilə alıcı arasında bağlanan müqavilə ilə müəyyən edilir. Akkreditiv qaydasında hesablaşmanın bir xüsusiyyəti də ondadır ki, ödəniş satıcının yerləşdiyi yerdə aparılır. Akkreditiv vasitəsi ilə hesablaşmanın üstünlüyü ondadır ki, ödənişə zəmanət verilir, lakin əvvəlcədən ödəniş forması deyildir. Belə ki, akkreditiv məbləği satıcının hesablaşma hesabı olduğu bankda bronlaşdırılır və satıcı əmin olur ki, onun yola saldığı malların dəyəri yola salınma sənədləri banka təqdim olunan kimi ödəniləcəkdir.

Azərbaycan Respublikasında akkreditivlər ilə hesablaşmalarda yalnız sənədli akkreditiv formasından istifadə oıunur.

Sənədli akkreditiv elə bir sazişdir ki, onun əsasında bank (emitet bank) müştərinin (akkreditivə əmir verənin - applikantın) xahişi ilə və onun sərəncamına əsasən hərəkət edərək ödənişi üçüncü şəxsin (benifisiarın) adına aparmalıdır.

Akkreditiv açmaq üçün applikant – yəni akkreditivin açılması üçün sərəncamla emitet banka müraciət edən alıcı-banka ərizə ilə müraciət edir. Ərizədə aşağıdakılar göstərilmişdir:

a) mal göndərənin adı;

b) akkreditivin məbləği;

c) akkreditivin müddəti;

d) ödənişin hüquqi əsası;

e) malların və xidmətlərin adı, qiyməti, sayı.

Göstərilən rekvizitlərin biri olmadıqda emitet bank tərəfindən akkreditiv açılmır.

Akkreditiv açılması haqqında məlumat satıcı təşkilata poçt akkreditivi formasında iki üsul ilə çatdırıla bilər:

1) xidmət göstərən bank vasitəsi ilə;

2) benifisar vasitəsilə təqdim etmək yolu ilə.

Birinci halda akkreditiv ərizəsi 4 nüsxədə, ikinci üsulda isə üç nüsxədə tərtib edilir: hər iki halda ərizənin ikinci nüsxəsi bankın möhürü ilə təsdiqlənərək üçüncü nüsxə ilə birlikdə satıcıya çatdırılır. Birinci halda o hesablaşma kassa mərkəzi vasitəsi ilə və ya poçtla, ikinci halda isə applikantın müvəkkillərinə verilir ki, o da öz növbəsində ərizənin ikinci nüsxəsini benifisiara verir. Üçüncü nüsxəni isə özündə saxlayır.

Benifisiar bank akkreditivinin həqiqiliyini, onun zahiri əlamətlərinə görə diqqətlə yoxlamalıdır. Akkreditiv alıcının xüsusi vəsaiti və ya da bank krediti hesabına açıla bilər. Hər iki mənbədən istifadə etməklə akkreditiv açılmasına icazə verilmir. Akkreditivin qüvvədə olması müddəti də applikant tərəfindən müstəqil qaydada müəyyən edilir. Akkreditiv ssuda hesabına açılarsa onun müddəti ssudanın müddətinə uyğunlaşdırılmalıdır. Akkreditivdən bir müştəri adına açılmış müəssisə istifadə edə bilər.

Akkreditiv göstərilən müddətdə istifadə olunmazsa o bağlanır və məbləğ aidiyyatı üzrə geri qaytarılır.

Akkreditiv üzrə ödənişləri həyata keçirmək üçün satıcı təşkilat akkreditiv şərtlərində nəzərdə tutulan sənədləri banka təqdim etməlidir. Bank həmən sənədlərin (mal nəqliyyat sənədləri, yola salınmış mallar üzrə hesab qaimə) qanuniliyini yoxlayır və onun qanunuliyinə əmin olduqdan sonra icra üçün qəbul edir.

6. Ödəmə tələbnaməsi (aksept).
Əvvəllər nisbətən geniş yayılmış, hazırda isə bəzi hallarda tətbiq olunan hesablaşma formalarından biri də ödəmə tələbnamə tapşırığı vasitəsi ilə aparılan hesablaşmalardır. Hesablaşmanın bu forması bankın inkasso əməliyyatı ilə əlaqədardır.

İnkasso əməliyyatı zamanı ödəmə tələbnaməsi – tapşırığı müəssisə tərəfindən ona xidmət edən banka təqdim olunur və ödəniş üçün həmin hesablaşma sənədləri satıcıya xidmət edən bank vasitəsilə alıcı bankına göndərilir. Satıcı təşkilat həmin sənədi özünə xidmət göstərən banka təqdim etmədən ödəyici təşkilata da göndərə bilər. Göründüyü kimi hesablaşmanın bu formasında hesablaşma əməliyyatları və yaxud hesablaşmanın aparılma təşəbbüsü satıcı təşkilata məxsusdur və ondan başlanır. Ona görə də hesablaşmaların təşkili prinsipinə görə ödəniş üçün təqdim olunan tələbnamələr ödəyicinin razılığı əsasında ödənilməlidir. Yəni ödəyici tərəfindən akseptləşdirilməlidir. Ona görə də hesablaşmanın bu forması aksept hesablaşma forması kimi qəbul edilmişdir. Ödəyicinin razılığını almaq məqsədilə ödəyici bankında həmin tələbnamə xüsusi jurnalda qeydiyyatdan keçirilir və intizam qaydasında akseptləşdirmək üçün yəni ödənişə münasibətləri bildirmək üçün ödəyici təşkilata verilir. Akseptin müxtəlif formalarından istifadə olunur. Belə ki, müsbət aksept, mənfi aksept əvvəlcədən və sonradan aksept, tam və qismən aksept, eləcə də malın və hesablaşma sənədlərinin aksepti formaları mövcuddur.

Müsbət aksept dedikdə ödəyici təşkilatların hər bir ödəniş sənədi üzrə ödənişə razılığını yazılı surətdə banka təqdim etməsi başa düşülür.

Mənfi akseptdə isə ödəyici təşkilat yalnız ödəyişdən imtina zamanı yazılı surətdə banka məlumat verir, ödənişə razılığı isə yalnız susmaqla bildirir, yəni ödəniş üçün ayrılmış müddət ərzində ödəyici təşkilat ödəniş üzrə narazılığını bildirməzsə, həmən sənəd akseptləşdirilmiş hesab edilir və ödəniş üçün qəbul edilir. Müddətlərinə görə əvvəlcədən və sonradan aksept formaları mövcuddur. Əvvəlcədən aksept o deməkdir ki, ödəyici təşkilat pul vəsaitləri onun hesabından silinənədək öz razılığını bildirməlidir. Həmin sənəd 3 iş günü ərzində akseptləşdirilməlidir.

Kommersiya banklarının yaranması, onların hesablaşma kassa mərkəzləri ilə hesablaşmaları hazırki şəraitdə - aksept formasının əvvəlcədən aksept qaydalarına üstünlük verir. Yəni sənəd aksept müddəti keçdikdən sonra ödənilir. Ödəniş ödəyicinin razılığı əsasında aparılırsa, deməli, ödəyici təşkilat ödənişdən imtina da edə bilər. Ödəyici təşkilatlar əsasən ödənişdən:

- mal sifariş verilməmişdir;

- əmtəəsiz hesab təqdim olunub;

- razılaşdırılmış qiymət yoxdur;

- mal aidiyyatı üzrə göndərilməyib və s. motivlərin əsasında tam imtinalar təqdim edilə bilər. Göstərilən motivlər ilə yanaşı müqavilədəki digər şərtlərin pozulmasına da istinad etməklə ödənişdən imtina etmək olar. Bir qayda olaraq akseptlərdən imtinalar yazılı surətdə təqdim olunur və imtinaların motivi tərəflər arasında bağlanan müqavilənin müvafiq müddəalarına əsaslanmalıdır. Bank akseptlərdən imtinalar üzrə satıcının və ödəyicinin heç bir iddialarına görə cavabdeh deyildir. Bu iddialar məhkəmə vasitəsilə həll olunmalıdır.

Qeyd etdiyimiz kimi ödənişə razılığı bilmək üçün ödəyici təşkilatlara kənar şəhərli hesablaşmalara görə 3 iş günü möhlət verilir. Bu zaman sənədin daxil olma və ödəniş günü nəzərə alınmır. Həmən müddətdə sənədlər 1N-li kartotekada saxlanılır. Ödənişə razılıq əldə edildikdən sonra ödəmə tələbnaməsi ödənişi üçün təqdim olunur və müəssisənin hesabındakı pul vəsaitləri müqabilində ödənilir. Ödəmə tələbnaməsi tam və ya qismən ödənilə bilər. Ödəyici təşkilat yuxarıda göstərilən motivlər əsasında ödənişdən tam və ya qismən imtina edə bilər. Tam imtina təqdim olunarsa ödəmə tələbnaməsi ödənilmədən geri qaytarılır. Qismən imtina zamanı isə ödəmə tələbnaməsi üzərindəki məbləğdə bank tərəfindən düzəliş edilir və “Ödəniş məbləği – rəqəmlə” göstərilir. Hər iki halda ödəmə tələbnamələrinin tam və ya qismən ödənilməsi təqdim olumuş imtina sənədləri əsasında aparılır. Ödənişindən imtina edilmiş mal material qiymətliləri alıcı tərəfindən məsul mühafizəyə qəbul edilir və həmin mallar satıcının sərəncamı ilə sərəncamlaşdırılır, yəni mallar ya geri, ya da başqa ünvana göndərilir. Ödəmə tələbnamə tapşırığının mənfi cəhəti ondadır ki, bu zaman ödənişə təminat verilmir.


Mövzu 11. Bank sistemi.
PLAN
1. Bank işinin yaranması və inkişaf tarixi;

2. Bankların təsnifləşdirilməsi;

3. Банк системи вя онун йенидян гурулмасы;

4. Dünya bank sisteminin xüsusiyyətləri.

1.Bank işinin yaranması və inkişaf tarixi
Qədim əsrlər tarixində bankların nə zaman yarandığı, onların hansı əməliyyatları yerinə yetirdiyi, onların təkamülündə hərəkətverici qüvvənin məhz nəyin olduğu haqda dolğun məlumat yoxdur. Qədim xalqların ilk pulları haqda (balıqqulaqları, xəz dəri, qızıl külçələr, və s.) müəyyən qədər məlumat bu günə qədər gəlib çıxsa da, hazırda banklar haqqında yetərincə məlumat bizə çatmamışdır.

Bildiyimiz kimi bank sözü italyan sözü olan “banko” sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Bu ticarət zamanı dövlət tərəfindən, ayrı-ayrı şəhərlərin və hətta ayrı-ayrı şəxslərin zərb etdikləri müxtəlif sikkələrdən istifadə olunurdu. Aydın məsələdir ki, o dövrdə vahid pul sistemi yox idi. Alqı-satqı zamanı müxtəlif dəyərli, cürbəcür pullara rast gəlmək olurdu. Belə bir şəraitdə bu pulların bir-birinə dəyişdirilməsinin hansı nisbətdə aparılmasını məsləhət görən xüsusi peşəkarlar lazım idi. Bu peşəkarların ticarət meydanında öz fəaliyyətlərini yerinə yetirmək üçün xüsusi masaları olurdu. Əgər nəzərə alsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu və buraya dünyanın hər yerindən müxtəlif ölkələrin malları və pul nişanları axışırdı, o zaman ticarət əməliyyatlarında bankirlərin iştirakının vacibliyini və onların masa-banklarının daha geniş yayılmasının səbəbini başa düşmək olar.

Qədim Yunanıstanda isə ticarətin bu məsləhətçiləri trapezidlər adlandırılırdı. Yunan dilində “trapeza” masa deməkdir. Qədim Romada da bu fəaliyyətlə məşğul olan mensarilər mövcud idi. “Mensa” latın sözü olub, masa mənasını verir. Mensarilər də öz növbəsində valyuta mübadiləsi və başqa pul əməliyyatları ilə məşğul olurdular. Belə çıxır ki, ilk banklar ticarət meydanlarında müxtəlif pulların mübadiləsi üçün nəzərdə tutulmuş mübadilə masaları əsasında yaranmışlar.

Tarixçilərin fikrincə Qədim Vavilonda hələ bizim eradan əvvəl VI əsrdə kredit qoyuluşları və onlar üzrə faizlərin verilməsi təcrübədən keçirilmişdir. Həmçinin bu əməliyyatlar b.e.ə. IV əsrdə Yunanıstanda da həyata keçirilmişdir. Bununla yanaşı qədim yunanlar müvafiq haqla pulların mübadiləsini də yerinə yetirirdilər. Bu ilk bank əməliyyatlarını kim yerinə yetirirdi? Tarixçilərin fikrincə bu həm ayrı-ayrı şəxslər tərəfindən, həm də müxtəlif kilsələr tərəfindən həyata keçirilirdi.

Çox keçmədi ki, ilk bankirlər başa düşdülər ki, hərəkətsiz qalan iri həcmli pul vəsaitlərinin yığımı səmərəli deyil. Belə ki, onları müvəqqəti olaraq istifadə etmək və ya başqasına verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. Bu zaman girov kimi əsasən gəmilər və mallar iştirak edirdi. Bəzi hallarda isə evlər, qiymətli əşyalar, hətta adamlardan (qullardan) da girov kimi istifadə olunurdu.

İqtisadiyyatın inkişafı və hesablaşmaların artması ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmışlar. Sənayenin inkişafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafına gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, universal fəaliyyətə gətirib çıxardı.

Bank xüsusi müəssisə kimi əmtəə istehsal edir, lakin onun istehsal etdiyi əmtəə maddi istehsal sahəsinin mallarından fərqlənir. Bank sadə əmtəə istehsalı ilə məşğul deyil. O, xüsusi növ olan ödəmə vəsaiti – pul istehsal edir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə