Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   62   63   64   65   66   67   68   69   ...   113

210 
 
edir. Buna görə  də  əlahəzrət imperatorun ədalət məhkəməsi Eyvaz Əsriyanı 
asılmaq vasitəsilə ölüm cəzasına, müttəhim Baxşını isə beş il katorqa cəzasına 
məhkum edir... Qərar qətidir, şikayət qəbul edilməyəcəkdir. 
 
Məhkəmə sədri dəftəri örtür, hamı salondan çıxır. İşıqlar sönür. 
İşıq yalnız Eyvaz ilə Baxşının üstündə qalır. 
 
B a x ş ı. Sən inqilab hərəkatı üçün daha lazım idin... 
E y v a z. Mən səni anlayıram, Baxşı! Sən heç bir şey sübut edə bilməyəcəkdin. 
Bu saat bizi ayıracaqlar. Baxşı, axırıncı görüşümüzdür. Sənə son sözüm: işində 
möhkəm ol! Bir də, artıq atam öldü, bacım və anam kimsəsizdirlər, onları  sənə 
tapşırıram. 
 
Soldatlar qapını açır və yolu göstərirlər. 
 
E y v a z. Sağ ol, Baxşı! Heç darıxma! Bu dar ağacı bu gün bizim üçündür, 
sabah onlar üçün. 
 
Qucaqlaşırlar. İşıq dəyişir

 
ON YEDDİNCİ ŞƏKİL 
Suxumda kiçik bir otaq. 
S o n a uzanmış, anası və oğlu yanında oturmuşdur

 
S o n a. Ana, ürəyim çox darıxır. 
N a b a t. Hava tutqundur, qızım. Bir azdan gün çıxar, ürəyin açılar. 
S o n a. Ana, görəsən indi Baxşı harada olmuş olar? 
N a b a t. Kim bilir, qızım? Deyirlər, Sibir böyük yerdir. Kim bilir, ölübdür, 
sağdır?.. 
S o n a. Sağ olsaydı, indi gəlib çıxmalı idi. Vaxtı çoxdan qurtarmışdır. Mən 
hesabını saxlamışam. 
N a b a t. O da bədbəxt oldu. Qızım, Allah ona kömək olsun. 
S o n a. Ana, görəsən Baxşı  məni bu halda görsə  nə edər? Yenə  də  məni 
sevərmi? Ana, dur sən allah, o güzgünü mənə ver. 
N a b a t. Ay qızım, nə üçün sənin ürəyinə pis-pis fikirlər gəlir? Allaha şükür, 
sənə nə olub? Naxoşsan, sağalarsan, qurtarar gedər. 
S o n a. Yox, ana. Mənə belə gəlir ki, mən bir də sağalmayacağam... 
Ay! Gör üzüm necə olmuşdur? Adam qorxur. Yox, o məni daha 
sevməz... O, kim bilir... Əvvəllər o məni çox sevirdi. 


211 
 
N a b a t. O səni öz canından artıq sevirdi. 
S o n a. Ana! Şər deməsən, xeyir gəlməz. İşdir, mən ölsəm, sonar Baxşı gəlib 
çıxsa, mənim yerimi ona göstərərsən və deyərsən ki, mən özümü və kiçik Baxşımı 
onun ixtiyarına verirəm. Deyərsən ki, onu mən sevirdim, lakin bizi ayırdılar. 
Deyərsən ki, mən onun yolunu gözlədim, çox... 
 
Bu aralıq bayırdan tar səsi eşidilir və gözəl səsli bir qadın oxuyur. 
 
Azad bir quşdum, 
Yuvamdan uçdum, 
Bir bağa düşdüm 
Bu gənc yaşımda. 
 
Bir ovçu gördü, 
Köksümdən vurdu, 
Torpağa düşdüm 
Bu gənc yaşımda

 
S o n a. Dayan! 
N a b a t. Ay qızım, vallah, sən dəli olmuşsan. Bir belə də fikir olar? 
S o n a. Ana! Allahın altında bir adam olaydı, o Baxşının çaldığı havanı bir çala 
idi, qulaq asa idim. Ey günlər, günlər! Ana, qonşumuzda bir kor var, o da deyəsən, 
o gün bu havanı çalırdı. Sən allah, bir dur gör, gəlsə çağır, o havanı bir də çalsın, 
eşidim. 
N a b a t. Usta Minası? 
S o n a. Adını heç bilmirəm nədir. Amma, yox, ana, getmə. O havanı heç kəs 
çala bilməz. Onsuz mənə tar ləzzət verməz. 
N a b a t. Bayırda bilmirəm kimdir “Sona, Sona” – deyir. 
S o n a. Bəlkə kağız-zad gəlmişdir. Nabat durub bayıra çıxır. 
S o n a (oğluna). Baxşımın bütün xoşbəxt günlərindən mənə qalan bir sənin 
adındır. Bir də o tar. Sən böyüyərsən, o tarı çalarsan. Yaxşı! Baxşı, mən ölsəm, sən 
mənsiz nə edərsən? Baxşı  gəlsə, mən səndən nigaran qalmaram. O səni məndən 
yaxşı saxlar. 
 
Nabat sevinərək içəri girir

 
N a b a t. Sona! Ay Sona! Gözün aydın olsun, gəldi. 


212 
 
S o n a. Kim? Tarçalan?! 
N a b a t. Yox, özü, lap özü... 
B a x ş ı, a r v a d ı və q ı z ı içəri girirlər. 
B a x ş ı. Sona!.. 
S o n a (diqqətlə Baxşıya baxıb, onu tanıyaraq). Baxşı! Sənsən!.. Allaha çox 
şükür! Sən sağsan! Yaxına gəl, Baxşı! (Onu öpmək istəyir, birdən dayanır, 
düşünür). Mən səni öpmək istəyirəm. Yox, olmaz. Mən naxoşam. Baxşı, ömrümdə 
iki yol səni öpmək istədim, ikisində də qismət olmadı. Nə isə, eybi yoxdur, Baxşı, 
Allah qoysa, sağalaram, sonra... Necəsən, Baxşı? Otur! Məndən qorxmursan ki? 
Mən sapsarı saralmışam. 
B a x ş ı. Yox, Sona! Səndə nə var ki... Naxoşsan sağalarsan. Sən heç qorxma
mən səni sağaldaram. 
N a b a t. Sən gərək muştuluğumun əvəzində sabahdan sağalıb, ayağa durasan. 
S o n a. Duraram, ana, yəqin duraram. Mən səni çalmağından tanıdım, Baxşı... 
Ancaq güman aparmadım. Bu gün ürəyim heç yerində deyildi. Hələ deyəsən bir 
şey gözləyirdim... Bu arvad kimdir, Baxşı? (Sükut) Bu sənin arvadındır?.. 
B a x ş ı. Bu qız gürcüstanlıdır, Sona. Bir dostumun bacısıdır. Bunun da qardaşı 
mənimlə dustaqda idi. 
S o n a. Bu da sənin qızındır? Gözəl qızdır. Adı nədir? 
B a x ş ı. Adı Sonadır. 
S o n a. Sonadır? Sən öz qızına mənim adımı vermişsən. Mənim də oğlumun 
adı Baxşıdır, kiçik Baxşı. Bunları bir yerdə böyüdərsən, Baxşı. 
B a x ş ı. Mən səni tək qoymaram. Bir yerdə böyüdərik. 
S o n a. Baxşı, yox, Baxşı... Məni burada qoyma. Məni də özünlə Bakıya apar. 
Yaxşı eləmişsən ki, evlənmişsən. Baxşı, mənim səndən son bir xahişim vardır. Bu, 
bütün ömrümdə üçüncü xahişimdir. O havanı bir də çal. Mən özüm oxumaq 
istəyirəm. Heyif ki, dura bilmirəm, yoxsa... 
B a x ş ı. Sonam! Bu saat. Ancaq, sən allah belə solğun danışma. Sona yaxşı, 
yaxşı, deyir. Baxşı çalır, Sona yavaşcadan oxuyur. 
S o n a. 
Azad bir quşdum, 
Yuvamdan uçdum, 


213 
 
Bir bağa düşdüm 
Bu gənc yaşımda. 
 
Bir ovçu gördü, 
Köksümdən vurdu, 
Torpağa düşdüm 
Bu gənc yaşımda. 
 
Birdən Sonanın bədəni süstləşir, uzanır və tərpənməz olur. 
 
B a x ş ı (onun yanında dizi üstə oturaraq). Sona, Sona!.. 
 
İ ş ı q d ə y i ş i r. 
 
G ə n c S o n a. Demək, kiçik Sonaynan kiçik Baxşı bizik, böyük Baxşı da sən... 
Q o c a B a x ş  ı. Elədir ki, var, qızım... Sona havanın birinci yarısını 
oxumuşdu, birdən süstəldi, uzandı, susdu, gözlərini yumdu və həmişəlik tərpənməz 
oldu... Baxşı onun üzərinə  əyildi, birinci və sonuncu dəfə olaraq soyuq 
dodaqlarından öpdü. Sonanı Bakıya gətirdilər. Kiçik Baxşını da öz yanına götürdü. 
General-qubernator artıq yox idi. Lakin onların başladığı  işlər davam edir və 
getdikcə  hər iki tərəfdən genişlənirdi. Nəhayət, Oktyabr inqilabı imperator 
jandarmeriyasının, burjuaziya hakimiyyətinin kökünü kəsdi.  Əməkçi xalqlar azad 
qardaş oldular. Köhnə dünya dağılmağa, yeni dünya qurulmağa başladı. Köhnə 
məzarlığı sökür, yerində  mədəniyyət bağçası tikirdilər. Baxşı da orada idi. O, 
Sonanın baş sümüyünə baxır və düşünürdü. Ala gözlərinin yeri birər qara uçurum 
idi. Al dodaqlarından  əsər belə qalmamışdı. Sonanın yalnız inci dişləri qalmışdı. 
Sona, sanki gülürdü, nəyə gülürdü, Sona? O, çar jandarmlarının və burjuaziya 
hakimiyyətinin qanlı siyasətinə gülürdü. O, incilin və Quranın həqiqətinə, o, 
burjuaziya milli namusunun məntiqinə gülürdü. Ver əlini, Sona, ver əlini, Baxşı! 
Qoy keçmişin qanlı tarixi bu köhnə  məzarlıqda  əbədilik gömülsün. Qoy yeni 
qardaşlıq dünyasının qırılmaz qolları sizin əllərinizi, iki qardaş kütlənin birləşmiş 
həyatı kimi, əbədilik birləşdirsin... 
 
İ ş ı q s ö n ü r 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə