Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

 
38
döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi  əməliyyat rayonunda fəal iştirak 
edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu. 
Orduda əla və qüsursuz xidmət edən Mirkazım bəy hərbi pillələri çox sürətlə keçmişdir. 
1882-ci ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə avqustun 26-da ona 
birinci dərəcəli mükafat verilmiş və yetmiş dörd manat pulla mükafatlandırılmışdır. İki il sonra 
Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova  ştabs-kapitan 
rütbəsi verilir. 1891-ci ilə  qədər yunkerlər məktəbində müəllim işləyən Talışxanov həmin il 
vaxtilə xidmət etdiyi qrenadyor Minqrel alayının on üçüncü rotasının komandiri təyin olunur. 
Podpolkovnik Mirkazım bəyin rotası səhra məşqlərində həmişə fərqləndiyinə görə onun xidmət 
yerini tez-tez dəyişmişlər. Yaxşı komandir kimi onu “axsayan” rotaya komandir təyin etmişlər. 
1899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il 
sonra isə səksən ikinci Dağıstan alayına, 1904-cü ildə iki yüz altıncı Larqo-Kaqul ehtiyat piyada 
alayına, bir neçə aydan sonra isə əlli beşinci piyada batalyonuna komandan təyin olunur. 
Polkovnik Mirkazım bəy 1903-cü ildə Qafqaz hərbi dairəsinin iki yüz yetmiş nömrəli 
əmrilə Qafqaz hərbi Dairə  məhkəməsinin üzvü seçilir. Orduda uzun illər qüsursuz xidmətinə 
görə 1914-cü ildə Mirkazım bəy Talışxanov general-mayor rütbəsinə layiq görülür. 
Generalın nəvəsi Rəna xanım Axundzadədə babasının 1905-ci il martın birində  tərtib 
olunmuş “xidmət kitabçası” saxlanılır. Onun ailə vəziyyəti bölməsində oxuyuruq: 
“Tiflisli saray müşaviri Ağabəy Yadigarovun qızı  Məsumə xanımla 1888-ci ildə ailə 
qurmuşdur. Dörd uşaq atasıdır; oğlu Mirəlixan  1895-ci il sentyabrın 9-da,   Sarabəyim 1890-cı il 
fevralın yeddisində, Liyabəyim 1891-ci il fevralın səkkizində Züleyxa 1892-ci il avqustun 
üçündə anadan olmuşdur”. 
Sənədlərlə tanış olarkən qovluqdan saralıb-solmuş bir vərəq də  çıxdı. Onu Mirkazım 
bəyin qızı Züleyxa xanım yazıb: “Atam Rusiyanın müxtəlif  şəhərlərində  hərbi xidmətdə olub. 
Minskdə, Magilyovda, Qroznı və başqa yerlərdə. Birinci dünya müharibəsi başlananda Nikolsk-
Ussuriysk şəhərində yerləşən üçüncü Sibir atıcı polkunun komandiri idi. Yaşının çox olmasına 
baxmayaraq yenə də çox sevdiyi hərbi işdən ayrılmaq istəmirdi. 
Yadımdadır, o vaxtlar inqilabi iş üstündə “Potyomkin” zirehli gəmisinin heyəti Sibirə 
sürgün olunmuşdu. Onlar bizim qonşuluqdakı  qəsəbədə yerləşdirilmişdilər. Komandirlər xırda 
bir səhvə görə ağır və dözülməz cəza verəndə atam onlara havadar dururdu. Hətta, bir neçəsini 
ölüm cəzasından belə xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə 
görüşərdilər. Onlar küçədə atama rast gələndə qurşağa qədər  əyilər, “Əlahəzrət, səxavətiniz 
həmişə var olsun. Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın” - deyib yolun qırağına 
çəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsünüb onlara yanaşar, əl tutar və bu qədər təzim 
nəyə gərəkdir, - deyib kədərlə köks ötürərdi. 
1914-cü ildə birinci dünya müharibəsi başlananda atam bizi  Tiflisə göndərib, özü isə 
üçüncü Sibir atıcı polku ilə müharibəyə getdi. 
Atam qırx beş ilə yaxın ordu xidmətində çoxlu orden və medallarla təltif olunmuşdu. 
Onlardan yadımda qalanları üçüncü dərəcəli müqəddəs Anna, ikinci və ücüncü dərəcəli 
Müqəddəs Stanislav ordenləri, III Aleksandrın hakimiyyəti dövrünə aid xatirə və 1877-78-ci illər 
müharibəsində aldığı tünd bürünc medallardır. Atam 1916-cı ildə general-mayor rütbəsində 
istefaya çıxdı. Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan atam 
Tiflisdəki Qafqaz müsəlman xeyriyyə  cəmiyyətində onunla birgə  fəaliyyət göstərirdi. 
Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə atam Mirzəkazımbəy Talışxanov idi. Az sonra 
bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Faris, bacım   
Liyabəyimlə    ailə   həyatı qurdu. 
General-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə  səksən dörd yaşında Bakıda 
vəfat etmişdir. 
 
 
 
 


 
39
GENERAL ƏSƏDBƏY TALIŞXANOV 
 
Onlar bir nəsildən çıxmışdılar, bir küçədə oynayıb, bir məktəbdə oxumuşdular. Boş 
vaxtlarını da həmişə birlikdə keçirərdilər. Gənclik yaşına çatanda ulu babaları Qara xanın və Mir 
Mustafa xanın vəsiyyətlərinə əməl edərək hərbi sənəti seçdilər. 
Mirkazım bəyin  əmisi oğlu  Əsədbəy Talışxanov ondan cəmi iki yaş kiçik idi. Əsədbəy 
Ağaəlibəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtın 
ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumağa başladı... 
...Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə  Əsədbəyin artıq iyirmi yaşı 
vardı. Nizami ordu üçün püxtələşmiş yetkin bir zabit idi. 1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna 
göndərilən  Əsədbəy praporşik rütbəsində  əlli ikinci briqadada xidmətə başladı. Xidmətinin 
üçüncü ilində əlaçı zabit olduğuna görə, Əsədbəy Talışxanovu batareya komandiri təyin etdilər. 
Hərbin çətin yolları, müharibələrin  əzab-əziyyəti onu nəinki bezdirdi, hətta ürəkdən 
sevdiyi hərb sənətinə daha da möhkəm bağladı. 
Çar ordusu ötən  əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada istilaçılıq siyasəti 
aparmağa başladı. Qafqazda Krım müharibəsi (1853-56) sona yetən kimi Şərqə  tərəf yürüş 
başlandı. Ən böyük Kokand və Buxara xanlıqları işğal olundu. Çimkənd, Daşkənd, Səmərqənd 
şəhərləri bir-birinin dalınca alındı. 1880-ci ildə isə Türkmənistanı fəth etmək üçün ruslar oraya 
on bir minlik qoşun yeritdilər. Torpağın hər qarışı  uğrunda inadla döyüşən Axal-Təkinlilər 
general Lazerevin ordusunu məğlubiyyətə uğradırdılar. Şərqə yürüşdə qələbə əldə etmək istəyən 
çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün Şipka qəhrəmanı general Skobelevi də göndərdi. 
Skobelevin qoşunu Qafqaz hərbi Dairəsinin döyüşçüləri ilə birləşib Göytəpə  şəhərini dağıtdı, 
onu müdafiə edən iyirmi beş min: döyüşçünü qılıncdan keçirtdi. Axal-Təkini və Mərv şəhərini 
özlərinə tabe etdilər. 
Əsədbəy Talışxanov da öz batareyası ilə Axal-Tekini işğal edən ekspedisiyanın 
tərkibində iki il iştirak etdi. İstilaçı çarın əmrilə vəzifə borcu kimi din qardaşlarına silah qaldırdı. 
Bu döyüşlərdəki igidliyinə görə üçüncü dərəcəli, qılınc və bantlı “Müqəddəs Anna”, “Müqəddəs 
Stanislav” ordenləri ilə təltif olundu. 
On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə  təltif olunan kapitan 
Əsədbəy Talışxanov yeni əsri podpolkovnik rütbəsində qarşılamışdır. 
Tədqiqatçı M.Əliyev yazır ki, hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə  Əsədbəy 
1902-ci ildə dördüncü dərəcəli, bantlı “Müqəddəs Vladimir” ordeni ilə təltif olunmuş, 1910-cu il 
iyulun doqquzunda isə polkovnik rütbəsi qazanmışdır. Bu illər  ərzində o əlli ikinci artilleriya 
briqadasının birinci diviziyonun komandir vəzifəsinə qədər yüksələ bilmişdir. 
Əsədbəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin iyirmi 
ikisində general-mayor rütbəsi ilə  təltif olunmuşdur. O, həmin il iyulun iyirmi beşində Qafqaz 
Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə  təyin 
olunmuşdur. Uzun illər bu ordunun tərkibində qüsursuz xidmətlərinə görə o, birinci dərəcəli 
“Müqəddəs Anna” və “Müqəddəs Stanislav”, üçüncü dərəcəli “Müqəddəs Vladimir” və 
dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif olunmuşdur. 
General-mayor  Əsədbəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-Şura (indiki 
Buynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur. 
  
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə