Innovasiya menecmenti


Mövzu 6. İnnovasiya prosesində dövlətin rolu



Yüklə 1,46 Mb.
səhifə14/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   10   11   12   13   14   15   16   17   ...   69
innovasiya-menecmenti-muhazire

Mövzu 6. İnnovasiya prosesində dövlətin rolu
Bu bölmənin məqsədi- innovasiyanın qəbul olunandan daha geniş məzmuna malik olduğunu göstərməkdir. Əslində, innovasiya sosial və siyasi proseslərdən kənarda baş verə bilməz. İnnovasiyanın inkişafı kapitalizmin inkişafı ilə bir çox ortaq xüsusiyyətlərə malikdir. Xüsusilə, ABŞ innovasiyanın inkişafında bütün vacib şərtlərin mövcud olduğu ölkə kimi qeyd olunur. Bura həm sosial, iqtisadi, siyasi institutlar, həm də inkişaf edən qarşılıqlı əlaqələr və şəbəkələr vasitəsilə elmin fasiləsiz inkişafı aiddir. II Dünya Müharibəsindən sonra Avropanın yenidənqurulmasında öz ideyaları ilə aktiv rol oynamış Alfred Marşal dövlətin rolunun innovasiya prosesində çox önəmli olduğunu təsdiqləmişdir. O, Sənaye İnqilabının həm görünən, həm də görünməyən tərəflərini qiymətləndirərək innovasiya prosesinə təsir edən amilləri aşağıdakı kimi müəyyənləşdirmişdir:

  • institusional qurumlar;

  • təşəbbüskarlar və investorlar arasında qarşılıqlı əlaqə;

  • cəmiyyətin yeniliyi qavrama qabiliyyəti;

  • elm və texnologiyaya meyillilik;

  • elmi və akademik çevrələr ilə biznes mühiti arasında şəbəkə;

  • məhsuldar qüvvələr və maliyyə institutları;

  • kapitalizmin inkişafını şərtləndirən digər amillərin dövlət tərəfindən təmin olunması.

İnnovasiya əvvəllər təşkilati məsələ kimi nəzərdən keçirilirdi. Amma təcrübə göstərir ki, sadə bir kəşfi məhsula, prosesə və ya xidmətə çevirmək uzun müddətli, yüksək riskli, kompleks, interaktiv və qeyri-xətti prosesdir. Təşkilatların innovasiya prosesini başlatmaq və davam etdirmək qabiliyyəti əsasən onların fəaliyyət göstərdiyi şərtlər və mühit tərəfindən müəyyən edilir. İqtisadi və sosial amillər bu məqamda mühüm rol oynayır.
Qərbdə elm və texnologiyanın inkişafı sənayeləşən ölkələr ilə onların ardıcılları olan “gec sənayeləşən” ölkələr arasında ciddi fərq yaratdı. Gec sənayeləşən ölkələr innovasiyanın inkişafı üçün yerli texnoloji bazanın olmaması və ya məhdud olması ilə seçilirdi. Yaponiya və şərqi Asiya ölkələri də daxil olmaqla, bəzi dövlətlər arasındakı bu fərqi qapamaq üçün müəyyən tədbirlər gördülər. Bu ölkələr texnologiyanın təqlidi(imitasiya), yeni texnologiyanın inkişafı və nəhayət öz texnologiyalarını yaratmaq üçün lazımı şərtlərin formalaşması ilə iqtisadi inkişafa nail oldular. Beləliklə, imitasiya ilə başlayan zəncir yaradıcı - geniş istehsal ilə nəticələndi. Bu transformasiyanın reallaşması sahibkarlardan və biznes müəssisələrindən davamlı səy, dövlətdən isə dəstək tələb edirdi. Dövlət burada yalnız tənzimləmə və yenidən bölüşdürmə funksiyasını yerinə yetirmir, infrastrukturun inkişafı və texnoloji gücün formalaşması üçün aktiv müdaxilə həyata keçirir.
İnnovasiya prosesini daha yaxşı anlamaq üçün biz qəbul etməliyik ki, o iqtisadiyyatın bir hissəsidir, ölkə iqtisadiyyatı qlobal və regional miqyasda digər ölkələrlə qarşılıqlı əlaqədədir. Biznes müəssisələri ilə dövlət arasında münasibətlər ölkədən-ölkəyə radikal şəkildə dəyişir. Tarixi aspektdə bu fərqlər innovasiyanın inkişafı üçün müəyyən üstünlüklər və maneələr yaratmışdır. Dövlətin innovasiya prosesində rolu aşağıdakı məqamlarda vacib hesab olunur.

  1. Elm innovasiyanı dəstəkləyir. Bu prinsip ona əsaslanır ki, innovasiyanın əsasında elmi ideyalar dayanır. Buna görə də dövlət müəssiələri, elmi işçiləri və ya digər şəxsləri yeni ideyalar üzərində işləməyə sövq etməlidir ki, nəticədə bu ideyalar məhsul və ya xidmətə çevrilsin. Bunun üçün dövlət müəllif hüquqlarının qorunması, intellektual mülkiyyətin dəstəklənməsi üçün ciddi qanunlar qəbul edə, qrant layihələri həyata keçirə bilər.

  2. Qeyri-müəyyənlik innovasiya prosesinə mane olur. Müəssisələr yüksək risk qarşısında innovasiyadan çəkindikdə dövlət subsidiya, vergi güzəştləri ilə onları həvəsləndirməlidir. Eyni zamanda bank sisteminin innovasiyaya dəstək verməsinin təmin olunması da olduqca vacibdir. Beləliklə, aşağı inflyasiya, aşağı faiz dərəcəsi, stabil iqtisadiyyat təşəbbüskarları və müəssisələri innovasiyaya investisiya etməyə sövq edəcəkdir.

  3. Müəyyən növ tamamlayıcı sahələrə ehtiyac . Elektrik, su, yol sistemi təminatı tarixən saneyə inkişafına yardımçı olmuşdur, hazırki dövrdə isə kommunikasiya sistemlərinin, hüquq infrastrukturunun, sənaye bölgələrinin təşkili biznes təşəbbüskarlarının fəaliyyətinə dövlətin göstərdiyi ən önəmli tövhələrdəndir.

  4. Bəzi texnologiyaların təbiətindən irəli gələn əməkdaşlıq və idarəetmə ehtiyacı. İnnovasiyanın yayılmasını təmin edən mümkün şəbəkələrin inkişafı üçün dövlət kommunikasiya və qərar qəbulu prosesinə aktiv qoşulmalıdır.

  5. Siyasi səbəblər. Nəhayət, siyasət ölkənin iqtisadiyyatının planlaşdırılmasında, biznes müəssisələri üçün regional standartların yaradılmasında, daxili məhsuldar qüvvələr arasında razılıq əldə olunmasında vacib rol oynayır.

Aşağıdakı sxem dövlətin innovasiya prosesində oynaya biləcəyi mümkün rolları
göstərir. Bu sxem Porterin fikirləri əsasında inkişaf etdirilmişdir. Sxem eyni zamanda firmanın müştəriləri, istehsal amilləri(əmək, kapital, xammal), əlaqəli və köməkçi sənaye sahələri və başqa instutisional qurumlarla münasibətləri əks etdirir. Qeyd edilən faktorlar firmanın daxili güclü tərəflərini müəyyən edir.
Digər tərəfdən isə, dövlət “Tədqiqat və İnkişaf”ın əsas maliyyə dəstəkçisi və innovativ məhsulların ən böyük alıcısı kimi sahibkarları innovasiya prosesinə həvəsləndirməkdə və yönəltməkdə böyük təsirə sahibdir. Məsələn, ABŞ 1995-ci ildə T&İ fəaliyyətinə 71,4 milyard dollar vəsait ayırmışdır.(2014-cü ildə bu vəsait 133.7 milyarda bərabər olmuşdur, 2015-ci ildə isə 1.2% artımla 135.4 milyarda bərabər olacağı gözlənilir) Bu vəsait müdafiə, səhiyyə, kosmos, ümumi elm, enerji, nəqliyyat, ətraf mühit və kənd tərəssüfatı istiqamətlərində istifadə olunmuşdur. Xərclərin əhəmiyyətli hissəsi universitetlərə, sənaye araşdırma laboratoriyalarına, federal hökümət tərəfindən maliyyələşdirilən T&İ mərkəzlərinə sərf olunmuşdur. O cümlədən, innovasiyanın, T&İ-nin dəstəklənməsinin dolaylı yolları da mövcuddur. Bunlara, misal olaraq, vergi güzəştlərini, subsidiyaları, kredit üçün qarantiyaları, ixrac kreditini və s. göstərə bilərik. Məsələn, Boinq 1970-1984-cü illərdə vergi ödəməkdən tamamilə azad edilmişdir və əlavə olaraq da 285 milyon dollar yardım almışdır.(Son 27 il ərzində(1987-2014) isə Boinq 8.7 milyard dollardan artıq vergi güzəşti almışdır.) Əsas alıcı qismində çıxış edən ABŞ dövləti firmanın qarşısında dayanan qeyri-müəyyənlikləri aradan götürmüş, ilkin modellərə yüksək qiymət ödəyərək firma üçün nağd pul dövriyyəsi yaratmışdır. Qloballaşma əsrində informasiya və kommunikasiya texnologiyaları (İKT), mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir dövlətin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial-iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan birinə çevrilmişdir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri eyni zamanda informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi biliklər nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə meyilli olur, dünya arenasında özünəlayiq yer tuturlar.
Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ respublikaya rəhbərliyinin birinci dövründə cəmiyyətin bütün sferalarında inkişafın məhz elmi əsaslara söykənməsinə çalışmış, sənayenin ayrı-ayrı sahələrində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə olunması, intellektual resursların artırılmasının vacibliyini önə çəkmişdir. Ulu öndər məhz bu zərurətdən çıxış edərək Azərbaycanın intellektual potensialının gücləndirilməsinə, ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına çalışmış, bir neçə on ildən sonra dövlət müstəqilliyini elan edəcək Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə xüsusi diqqət yetirmişdir. Həmin dövrdə humanitar və fundamental elm sahələrində böyük irəliləyiş əldə edilmiş, elm və təhsildə qazanılan uğurların iqtisadiyyatın ən müxtəlif sferalarında tətbiqi uğurlu nəticələrə gətirib çıxarmışdır. Cəmiyyət inkişaf prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş yeni innovasion mərhələsinə qədəm qoymuş, Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlayan yeni-yeni ali və orta ixtisas məktəbləri açılmışdır. Ulu öndərin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində strateji vəzifələri müəyyənləşdirmişdir. İlk dəfə olaraq məhz bu sənəddə dövlətin innovasiya inkişafında elmin rolu önə çəkilmiş, elmtutumlu yeni texnologiyaların inkişafı məsələsi zəruri tələb kimi əksini tapmışdır.
Azərbaycanın bütün strateji sahələr üzrə inkişaf təmayüllərini ilk gündən düzgün müəyyənləşdirərək ötən illərdə misilsiz uğurlara imza atmış Prezident İlham Əliyev əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını yeni dövrün tələbləri səviyyəsində davam etdirir. Onun neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü siyasət inkişaf etmiş dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın, Cənubi Koreyanın timsalında əminliklə demək olar ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə indi hətta zəngin təbii sərvətləri də üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə