İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə118/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   ...   114   115   116   117   118   119   120   121   ...   142

Qadın sözünü təzəcə bitirmişdi ki, Nadya gəldi, bu nabələd adama baxanda heyrətləndi. Bir anlığa
ayaq üstəcə donub qaldı. Yalnız bundan sonra özünü ələ aldı, başıyla salam verib:
– Mən sizi tanıdım, – dedi, – yəqin, mənim atam olacaq o kişi sizsiniz.
Alik ayağa qalxdı, qızına sarılmaq, onu bağrına basmaq istəyirdi, amma qızı əllərini qabağa verərək
qəti etiraz elədi.
– Yox, lazım deyil, mən hələ sizi atam kimi qəbul eləməyə hazır deyiləm. Bunun üçün zaman lazım
olacaq.
Alik pərt halda yerinə oturdu, yenə də qərarsız halda danışır, səsi qətiyyətsiz çıxır, əllərini qoymağa
yer axtarırdı. Məryəmlə görüşəndə, onunla danışanda belə hisslər keçirməmişdi, doğmaca qızının
qarşısında isə özünü itirdi.
Naharı birlikdə elədilər, Nadya gözaltı bu yad adamın hər bir hərəkətini izləyirdi. Atasının onları atıb
getdiyini bildiyi andan etibarən onda belə bir hiss var idi ki, nə vaxtsa mütləq atası gəlib onu
tapacaq. Necə görüşəcəklərini dəfələrlə təsəvvüründə canlandırmışdı. Bu görüş səhnəsi onun
təsəvvüründə yalnız bir epizoddan ibarətdi. Atası onu qucaqlamaq üçün qollarını geniş açıb ona
doğru yeriyəcəkdi, o isə barmağını tapança kimi atasının sinəsinə tuşlayıb deyəcəkdi: “Rədd ol!
Mənim sən adda atam yoxdur! Çıx get, qoy bir də gözüm səni görməsin! Əgər atamdınsa, niyə mənə
sahib çıxmadın? Niyə məni atıb getdin? Bəs indi hansı üzlə gəlibsən? Heç utanıb xəcalət çəkirsən?”
Atasına onu qucaqlamağa imkan vermədi, amma onu qova da bilmədi, neçə illər ürəyində qövr eləyən
sözləri də alnının ortasına deyə bilmədi. Alicənab adama oxşayan bu yaraşıqlı kişinin sifətində nəsə
bir doğmalıq, onu özünə çəkən qəribə bir ifadə var idi. Nadya nə qədər çalışsa da, bu adamla sərt,
arzuladığı kimi kobud danışa bilmirdi. Qəribə yemək yeməyi var idi. Çörəyi dürmələyərək
ovurdlarını şişirdib elə iştahla yeyirdi ki, Nadyanı da iştaha gətirirdi. Hələ indiyə kimi yeməyini belə
ləzzətlə, iştahla yeyən birisini görməmişdi.
Yeməkdən sonra Nadya atasının dünən gəldiyini, gecəni oteldə qaldığını, şeylərinin hələ də orda
olduğunu öyrənəndə dedi ki, mən taski çağırıram, gedin şeylərinizi gətirin, mənim evim olduğu halda
oteldə niyə qalırsınız?
Anası həyəcanlanmış halda etiraz elədi. Qızım, nə danışırsan? Yad adamın bizim evdə nə işi var?
Nadya gülərək başını yırğalayırdı. Ana, o, yad adam yox, mənim atamdır. Sonrası da, anamı yer
üzündə heç kim məndən yaxşı tanıya bilməz. Sənin də ürəyindəndir, sadəcə özünü yerə vurmaq
istəmirsən. Xahiş edirəm, uşaqlıq eləməyin, özünüzü yaxşı aparın, azından mənim varlığımı
unutmayın.
Nadya taksi çağırdı. Alik otelə gedəndən sonra Nadya anasına deyirdi, əslində mən belə düşünürdüm
ki, atam nə vaxtsa gəlib bizi taparsa, onu dərhal qovacaq, həndəvərimizə buraxmayacağam. Amma bu
adamı görən kimi də ondan xoşum gəldi, ona qanım qaynadı və başa düşdüm ki, heç vaxt ona qarşı
kobudluq, hörmətsizlik eləyə bilmərəm. Nə ləzzətlə yemək yeyirmiş. Onun hesabına bu gün doyunca
yedim. Yaxşı, ana, mən qaçım. Atamın otağını göstərərsən. Bax ha, özünü ucuz tutma. Maşallah, sənin
nəyindir, on beş yaşlı qıza oxşayırsan. Qoy dəridən-qabıqdan çıxsın.
– Nadya, yum ağzını! Yoxsa mən sənə göstərərəm! – qıpqırmızı olmuş qadın qızını hədələdi, Nadya
isə artıq gözləməyərək çöl qapısına doğru qaçırdı.
Alik şeylərini gətirdi, iki iri çamadan idi, birində paltarları idi, o birində isə meyvə quruları, konyak,
şərab gətirmişdi. Mariya ona qalacağı otağı göstərdi, evlə tanış elədi, ayaqyolunun, hamamın yerini
göstərdi.
– Sən uzan, dincəl, – dedi, – mənsə bir azdan gedib nəvəmi gətirəcəyəm.


– Mən də gedəcəyəm, – Alik dedi, – beş-on dəqiqə gözlə. Duş qəbul eləyim, paltarlarımı dəyişib
gəlirəm.
Alik duş qəbul elədi, üzünü qırxıb paltarlarını dəyişdi. İllər öncəsi hər ikisində həyat eşqinin alışıb-
yandığı bir vaxtda qol-qola girib getdikləri küçələrlə indi bir-birlərinə toxunmamağa çalışaraq yanaşı
addımlayırdılar. İndi getdikləri küçələr də, onlar özləri də çox dəyişmişdilər. Küçələr əvvəlki kimi
ilğımlanmırdı, günəş şüası əvvəlki tək səkilərin üstündə bəxtiyarcasına oynaşmırdı, hər şey – səkinin
kənarında cərgə ilə düzülmüş ağcaqayın ağacları da, naxışlı pəncərələri olan tirlərdən tikilmiş evlər
də, adamlar da onların üzünə gülümsəmirdilər.
– Nəvəmin adı nədir? – Alik soruşdu.
– Nəvənin? – qadın duruxdu.
– Nədir, nəvəm deyil?
– Nəvəndir, amma sən ona belə rahatlıqla nəvəm deyə bilməzsən. Sənin ona nəvəm deməyə haqqın
çatmır. Aydındırmı? Adı Alikdir.
– Alik?
– Hə, – qadın bir qədər gec cavab verdi.
Aliki sanki getdiyi yerdəcə tutub saxladılar, Məryəmin çılpaq qolundan yapışdı, sanki bu təmasdan
qadının bədəninə yandırıcı alov axdı, müqavimət göstərməzsə, Alikin qucağına yıxılacağından ehtiyat
eləyirdi. Alik onu qucaqlamaq istəyirdi, amma qadın sivişib onun qolları arasından çıxdı.
– Ayıbdır, – dedi, – hər halda hərəkətlərinə fikir versən yaxşıdır. Sənə xoş üz göstərdik, sənsə gör nə
fikirlərə düşübsən.
Alik sarsılmışdı, qadın onu qucaqlamağa imkan verməsə də, qəlbində qadına qarşı sonsuz
minnətdarlıq hissi var idi. Qadın hamilə olanda qorxaqcasına aradan çıxıb, onu tək qoymuşdu, illər
uzunu bircə dəfə də yadına salmamışdı. Qadın isə onu unutmamış, nəvəsinə onun adını qoymuşdu.
Qadının əlindən yapışdı, Mariya əlini çəkmək istəyirdi, amma bunu könülsüz elədiyi aydınca hiss
olunurdu və Alik də qadının əlini buraxmadı. Uşaq bağçasına qədər beləcə gəldilər.
Nadyadan və Məryəmdən fərqli olaraq, Alik babasına tez isinişdi. Nadya axşam işdən qayıdanda
nəvə ilə baba gizlənqaç oynayırdılar. Babası onun üçün alüminium məftillərdən araba düzəltmişdi.
Uşaq arabasını fəxrlə anasına da göstərdi və təzədən babasının yanına qaçdı. Elə babasının
qucağındaca yuxuya getdi. Nadya heyrətini gizləyə bilmirdi.
– Mən elə düşündüm, təkcə mənim qanım çəkir, Alik hər adamı yaxın buraxmazdı, babasıyla nə tez
dostlaşdı?
– Eh, ay qızım, elə o vaxt da onunla kim tanış olurdusa, dərhal da onu sevməyə başlayırdı.
Mariya həyətdəki çardağın altında şam süfrəsi açmışdı. Alik özüylə gətirdiyi konyak şüşəsini də
qoydu süfrəyə. Tünd konyakdan az-az içirdilər, Nadya yenə də gözlərini atasından çəkə bilmir,
heyranlıqla onun yemək yeməsinə tamaşa eləyirdi. Əgər görməsəydi, bir insanın bunca ləzzətlə yemək
yeyəcəyini təsəvvür eləyə bilməzdi.
Axşam Alik onlarla vidalaşıb yatmağa gedəndə birdən Nadya onu səslədi:
– Ata!
Bu evə ayaq basandan Nadyanın ona ata dediyi ilk dəfəydi. Heyrətdən özünü itirmiş Alik qızına tərəf
döndü.
– Nəydi, qızım?
Nadya atasına yaxınlaşdı, titrək səslə astadan dedi:
– Ata, məni qucaqla!




Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə