Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   2   3   4   5   6   7   8   9   ...   112

atları sürüb çölə üz qoydular. Qoşun əl çəkməyib onların dalından 

düşdü. Bir xeyli getmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi, 

dönüb geri baxanda gördü ki, bir dəstə kəhər atlı ildırım kimi budu 

dallarınca gəlir. 

Dedi: 

– Ata bir dəstə kəhər atlı yetirhayetirdədi. 



Alı dedi: 

– Oğul, Rövşən, ağızlarını sulanmış şuma sal. 

Rövşən atları şuma saldı. Kəhər atların hər birisi şumdan çıxa 

bilməyib batıb qaldılar. Qırat ilə Dürat ilıdırım kimi şumdan çıxıb yola 

düşdülər. Bir az getmişdilər ki, yenə Rövşən Qıratın yüyənini çəkib 

dönüb geri baxdı. Gördü bu dəfə də bir dəstə qara atlı budu elə gəlirlər 

ki, ley kimi. 

Dedi: 


– Ata, bir dəstə qara atlı yetirhayetirdi. 

Qoca Alı dedi: 

– Bala, ağızlarını qaratikanlığa sal. 

Rövşən atları qaratikanlığa sürdü. Qara atlılar da özlərini tikanlığa 

vurdular. Qara atların baldırları qızıl qana boyandı. Rövşən bir az 

getmişdi, bir də atın cilovunu dartdı, qanrılıb geri baxdı, gördü indi də 

bir dəstə ağ atlı çathaçatdadı. Dedi: 

– Ata, bir dəstə ağ atlı budu yetirhəyetirdədi. 

Atası dedi: 

– Oğul, qorxma, ağızlarını daşlığa sal. 

Rövşən atları daşlığa dırmaşdırdı. Ağ atlar sıldırım daşlıqlara çıxa 

bilməyib yarı yolda qaldılar. Qırat və Dürat qızılquş kimi süzüb sıldırım 

qayaların dalında gözdən itdilər. 

Ata, oğul axşama qədər yol gedib axşam bir çayın qırağına çatdılar. 

Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. 

Rövşən dedi: 

– Ata, bura ağaclıq, otluq bir yerdi. Ortadan da bir çay axır. 

Qoca Alı dedi: 

– Oğul, burada yurd salmaq olmaz. İlxının, mal-qaranın əlindən 

dincələ bilmərik. Bir də ki, xanlar, paşalar xəbər tutar, bizə namərdlik 

eləyər. 

Ata, oğul o gecə çay qırağında qaldılar. Sabah açıldı, yenə qalxıb yola 

düşdülər. Az getdilər, çox getdilər, axşam bir düzəngaha çatdılar. Alı 

oranın da nə cür olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki: 

– Ata, bura ucu-bucağı görünməyən bir düzəngahdı. 

Qoca Alı dedi: 

– Burada da qalmaq olmaz. Orada atlanan burda düşər, karvanların 

ayaqları altında qalarıq. 

Bu gecəni də burada gecələyib sabah yenə yola düşdülər. Getdilər, 

getdilər uca bir dağın belinə çatdılar. Qoca Alı dedi: 

– Rövşən, bu necə yerdi? 

Rövşən dedi: 




– Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidi. 

Alı kişi soruşdu: 

– Oğul, bax gör, bu bel ki, deyirsən, bunun hər tərəfində bir uca 

təpə var, ya yoxdu? 

Rövşən dedi: 

– Ata, var. Biri sağında, biri də solunda. Özü də başları qarlıdı. 

Alı dedi: 

– Oğul, axtardığım yer elə buradı. Mən buranı çox yaxşı tanıyıram. 

Cavan yaşlarımda bu yerlərdə çox at oynatmışam. Çox ceyranlara ox 

atmışam, çox cüyürlər ovlamışam. Köhnə oylağımdı, mən buranın hər 

daşına bələdəm. Buraya Çənlibel deyərlər. Əsl yurd salmalı bu Çənlibeldi. 

İndi özümüz olmağa bir olacaq, atları da saxlamağa bir töylə tik. 

Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir töylə tikdi. Ataoğul 

Çənlibeldə yurd saldılar. Yaşamağa başladılar. Günlərin bir günündə 

Alı kişi Rövşəni yanına çağırıb, dedi: 

– Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq 

deyərlər. Yeddi ildən-yeddi ilə cümə axşamı məşriq tərəfdən 

bir, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün 

ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar. 

Hər kim Qoşabulağın o köpüyündə çimsə elə qüvvətli bir iyid olar ki, 

dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə 

aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar 

ürkər, pələnglər tük tökər, quşlar qorxusundan qanat salar, dağlar, 

daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər. Çox iyidlər, şahzadələr bu 

su üçün gəlib, heç birinin baxtı yar olmayıb. İndi yeddi il tamam 

olhaoldu. Vədə çatıb, get axtar, Qoşabulağı tap, o köpükdən bir qab 

doldurub mənə gətir. 

Rövşən getdi dağları, daşları, düzləri əndər-döndər elədi. Axırda 

bir dağa çatdı. Gördü dağın bir tərəfində bir uca sıldırım daşlı, əl 

çatmaz, ün yetməz qaya var. Amma qaya elə bir qayadı ki, iyid istəyir, 

üstünə çıxsın. Rövşən qayanın dörd tərəfinə dolandı. Göz gəzdirdi. Əl 

tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya 

atdı, min ənvai-müsibətinən qayaya dırmaşdı. Baxdı ki, bura elə bir 

mənzər, laləzar yerdi ki, day nə deyim. Gül gülü çağırır, bülbül bülbülü, 

elə bil ki, bu sıldırım qayanın üstündə bir bağça şəkili çəkilib

yetmiş iki qələmnən yetmiş iki rəng vurulub. Qoca kəhənsalə bir ağac 

gördü. Yaxına gəlib baxdı ki, vallah Qoşabulaq qaynayıb göz yaşı kimi 

axıb ətrafı süd gölünə döndərir. 

Rövşən o qədər gözlədi, axşam oldu. Gecədən xeyli keçmişdi, bir 

də məşriqdən bir ulduz doğdu, məğribdən də bir ulduz. Bu ulduzlar 

gəlib düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmağından 

Qoşabulaq coşub-daşdı, ağ köpük adam boyu qalxdı. 

Rövşən köpükdən bir qab doldurdu. Köpük elə gözəl, elə içməli 

idi ki, Rövşən özünü saxlaya bilməyib doldurduğu qabı qabaqca öz 

başına çəkib doyunca içdi. İkinci dəfə təzədən bir də qabı doldurmaq 

istəyirdi ki, atasına gətirsin, baxdı ey dadi bidad... köpük hayanda idi, 




bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz yaşıdı axır. 

Rövşən bir başına, bir də dizinə vurdu, ancaq hara çatacaq... Qabı da 

götürüb kor-peşiman geri dönüb əhvalatı atasına danışdı. 

Qoca Alı kişi bir ah çəkib, dedi: 

– Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi. 

Rövşənin dərdi bir idi, beş oldu. Özünə əl qoydu, başına-gözünə döyməyə 

başladı ki, niyə qabaqca özüm içdim. 

Alı kişi dedi: 

– Oğul, cəza-fəza eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt 

deyərlər. Görünür ki, mənim alnımda belə yazılıbmış. Yəqin ki, mənə 

bir də səni görmək qismət deyilmiş. Tay mənim əcəlim tamamdı. 

Qulas as, sənə bir-iki sözüm var: 

– Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqətən 

bütün dünyada məşhur olar. O köpüyü ki, sən içdin, ondan sənin qollarına 

qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə 

bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək vızıltısı olacaq. 

Bəylər, xanlar, paşalar sənin qorxundan tük tökəcək, quşlar qanad 

salacaq. Necə ki Misri qılınc sənin belində, sən də Qıratın belindəsən, 

özü də bu Çənlibeldəsən, sənə heç kəs dov gələ bilməyəcək. Ancaq 

bu həndəvərdə manşur bir qacaq var. Adına Dəli Həsən deyərlər. 

Özünü bircə ondan gözlə!.. Get, sənin adını Koroğlu qoydum! 

Qoca Alı kişi vəli-varisini eyləyib ömrünü öz oğluna bağışladı. 

Koroğlu atasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə 

yurd saldı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə