Gülüstan müqaviləsi
141
etdiyi Mustafa xanın öz narazılığını ifadə etməsindən xeyli qəzəbləndi və
bildirdi ki, Mustafa xanın onu öyrətməyə haqqı çatmır. Sisianova görə,
hətta Rusiya imperatoru da nə etməyin lazım olduğu haqda ona məktub
göndərmir, amma Mustafa xan buna cəsarət edir. Tabeçiliyində olanların
yerli əhaliyə qarşı qanunsuzluqlar etməsini inkar edəndən sonra Sisianov
Mustafa xan qarşısında yenidən qarabağlıların geri qaytarılması məsələsi-
ni qaldırdı. Bu məsələ imzalanan müqavilədə də öz əksini tapmışdı və
nəzərdə tutulmuşdu ki, dərhal bu məsələnin yerinə yetirilməsinə baş-
lansın. Müqavilənin imzalanmasından 7 gün sonra Mustafa xan Şirvanda
olan qarabağlıların geri qaytarılması şərtinin icrasına başlamamışdı.
Sisianov təkid etdi ki, Mustafa xan dərhal qarabağlıların geri qay-
tarılmasına başlasın və həm də onu xəbərdar etdi ki, göndərdiyi mək-
tublarında Sisianova dərs verməyə çalışsa, onda həmin məktublara cavab
verməyəcəkdir (63).
Günlər ötdükcə yalnız Mustafa xan deyil, yerli əhalinin də ruslara
qarşı narazılığı açıq şəkildə özünü göstərməyə başladı. 1806-cı il yanvar
ayının 3-də yem toplayan rus yegerlərindən biri yerli adamların açdığı
atəşlə yaralandı. Həmin gün üç kazakın atı əlindən alındı, rus düşərgəsinə
gələn bəylər də yerlilərin atəşinə tutuldu. Bü isə Sisianovun ciddi
təşvişinə səbəb oldu. Buna görə Sisianov göstəriş verdi ki, Şamaxı
bağlarında şübhəli görünənlərə qarşı atəş açılsın. Bütün bunlar haqqında
Mustafa xana məlumat verən Sisianov onun qarşısında məsələ qaldırdı
ki, ruslara atəş açmamaq və rus düşərgəsinə yaxınlaşmamaq üçün öz
adamlarına göstəriş versin. Sisianov eyni zamanda xan tərəfindən vəd
edilmiş həcmdə ərzağın çatdırılmasını da ona xatırlatdı.
Mustafa xanla yazışmalarında Sisianov dəstəsinin ərzaq və yemlə
təmin edilməsi məsələsini diqqət mərkəzində saxlayırdı. Çünki Sisianov
Şamaxıdan geriyə yox, irəliyə, Bakı xanlığına doğru hərəkət etməyi
planlaşdırırdı. Şamaxı xanlığının Rusiyaya birləşdirilməsindən sonra
Bakı xanına təzyiq göstərilməsi və onun da Rusiya təbəəliyinə sövq
edilməsi üçün Sisianov əlverişli məqam və şərait əldə etmişdi. Bakının
işğalı sərhədlərin genişləndirilməsindən əlavə, Hətərxan-Bakı-Gəncə-
Tiflis marşrutunun işə salınmasını təmin etmiş olardı. Şamaxının
Rusiyaya birləşdirilməsindən sonra Rusiya xarici işlər naziri knyaz
Çartorıyskiyə yazdığı məktubunda Sisianov bildirirdi ki, dərhal Bakya
doğru hərəkət etməyi planlaşdırır. Onun yazdığına görə, general-mayor
Zavalişinin rəhbərliyi altındakı qoşun dəstəsi də Bakı yaxınlığında onun
gəlməsini gözləyirdi (64).
Mehman Süleymanov
142
3. Bakı xanlığının işğalı cəhdi və Sisianovun qətli
Rusiyanın Cənubi Qafqazdakı qoşunlarının təminat və təchizatının
təhlükəsiz marşrutunun yaradılması baxımından Bakı xanlığının işğalı da
Rusiya üçün ciddi əhəmiyyət kəsb edirdi. Bu xanlığın işğalı Rusiyanın
Cənubi Qafqazdakı işğalının genişləndirilməsi və Rusiyanın Qara dənizlə
Xəzər dənizi arasında möhkəmlənməsi, habelə Xəzər dənizində etibarlı
liman şəhərinin əldə edilməsi baxımından da Rusiya üçün mühüm
əhəmiyyət kəsb edirdi. Ona görə sələfləri kimi, Sisianov da Qafqaza
gələn gündən Bakının işğalına lazımi diqqət ayırdı. Danışıqlar, təşviq və
təhdid cəhdləri alınmadıqda rus silahına əl atılması qərarlaşdırıldı.
Bakı xanlığının və Xəzəryanı əraziləri işğal etmək, Xəzər dənizində
və Xəzəryanı ərazilərdə möhkəmlənmək üçün Xəzər dənizindəki hərbi
donanmanın təkmilləşdirilməsi və yeniləşməsi Rusiyanın bölgə
siyasətinin tərkib hissəsini təşkil edirdi. 1804-cü ilin noyabrında Rusiya
imperatorunun sərəncamına əsasən Rusiyanın xarici işlər naziri
Çartorıyski Sisianovun nəzərinə çatdırırdı ki, Cənubi Qafqaza çıxarılan
quru qoşunlarının möhkəmləndirilməsi üçün Xəzər dənizindəki
donanmanı işlək və hazır vəziyyətdə saxlamaq lazımdır. Bununla
əlaqədar, Rusiya imperatoru Rusiya dəniz qüvvələri nazirinin müavininə
göstəriş vermişdi ki, Xəzər hərbi donanmasının işlək və döyüş
vəziyyətinə gətirilməsi və lazım olanda hərəkət etməsi üçün zəruri işlər
görülsün. İmperator tərəfindən eyni zamanda Xəzər donanmasına rəhbər
təyin olunmuş Sisianovdan tələb olunurdu ki, Xəzər donanmasının
möhkəmləndirilməsi üçün lazımi məsələləri hərbi dəniz nazirinin
qarşısında qaldırsın və Xəzər donanmasını döyüşə hazır vəziyyətə
gətirsin (65).
Rusiya imperatorunun sərəncamına müvafiq olaraq dəniz qüvvələri
nazirinin müavini general Çiçaqov, Həştərxan limanının komandiri
general-mayor Pevsova göstəriş verdi ki, Xəzər dənizindəki gəmiləri
möhkəmləndirsin və onları toplarla təmin etsin. 1804-cü ilin dekabrında
general Çiçaqov bildirirdi ki, Xəzər donanmasının 11 hərbi və bir neçə
nəqliyyat gəmisi artıq döyüş tapşırıqlarının icrasına hazırdır. Onun
yazdığına görə, 1805-ci ilin yazının başlanğıcında bu gəmiləri hərbi
tapşırıqların icrasına cəlb etmək olardı (66).
Rusiyanın Azərbaycan xanlıqları üzərinə hücumunun həyata keçiril-
məsi üçün Sisianovun 1805-ci ilə planlaşdırdığı fəaliyyətində Xəzər
donanmasından fəal şəkildə istifadə olunması nəzərdə tutulmuşdu. Hələ
1804-cü ilin sonunda Sisianov Xəzər donanmasının Ənzəliyə
göndərilməsi planları haqqında Rusiya sarayını məlumatlandırdı. Onun
Gülüstan müqaviləsi
143
planına əsasən, 1805-ci ilin aprelində nəqliyyat gəmiləri ilə müşayiət
olunan hərbi gəmilər 6 bölükdən ibarət olan silahlı dəstə ilə birlikdə
Ənzəliyə getməli (67) və Xəzəryanı ərazilərin işğalının həyata
keçirilməsi üçün əlverişli mövqe tutmalı idi.
Sisianovun general-mayor Zavalişinə ünvanladığı təkliflərdən də
göründüyü kimi, Xəzər donanmasının 1805-ci ilin yazında Ənzəliyə
göndərilməsi Azərbaycan xanlıqlarının işğalı üçün 1805-ci ilə
planlaşdırılan kampaniyasının tərkib hissəsi idi. Ənzəliyə göndərilən
desant dəstələrinə rəhbərliyi general-mayor Zavalişinə həvalə edən
Sisianov onun nəzərinə çatdırırdı ki, ekspedisiyanın həyata keçirilməsi
Xəzər sahillərinin işğal edilməsi, Fətəli şahın cəzalandırılması və bir də
Rusiya imperatorunun yalnız ona (Sisianova) açıqladığı planın bir
hissəsini icra edilməsi üçün nəzərdə tutulmuşdur. Rusiya imperatorunun
yalnız Sisianova açıqladığı planın isə Azərbaycan xanlıqlarının işğalı və
Xəzəryanı ərazilərdə möhkəmlənmək olduğunu istisna etmək olmaz.
Ənzəli ekspedisiyasının icra edilməsi üçün 16-cı yeger alayının təcrübəli
podpolkovniki Aseyev general-mayor Zavalişinin köməkçisi təyin
olundu (68).
Sisianova görə, dəniz desant qüvvələrinin qarşısına aşağıdakı
vəzifələr qoyulmuşdu: 1) Qacar şahı Fətəli şahı qorxutmaq lazım idi ki,
əvvəlki hərbi kampaniya zamanı əsir düşmüş rus hərbçilərini, ələ
keçirilmiş gürcü knyazlarını, zadəganlarını geri qaytarsın, hərbi
kampaniya üçün xərc edilmiş 1 milyon rubl vəsaitin əvəzini ödəsin,
Tiflisə hücum zamanı Ağa Məhəmməd xan Qacarın gürcü qoşunlarından
ələ keçirdiyi 12 ədəd topu təhvil versin; 2) Bakı şəhəri işğal edilsin və
orada qarnizon yerləşdirilsin (69).
Hadisələrin sonrakı gedişi göstərdi ki, Ənzəliyə göndərilən hərbi
qüvvələrin vəzifəsi yalnız bundan ibarət deyildi. Sisianov Ənzəliyə
göndərilən hərbi qüvvələrin fəallaşmasına nail olmaqla Fətəli şah
qüvvələrinin bir hissəsini ora cəlb etmək və bununla da Qarabağa
göndərilməli olan Qacar qoşunlarının gücünü zəiflətmək istəyirdi.
Ənzəliyə göndəriləcək desant qüvvəsinin tərkibində 8 bölük var idi.
Onlardan 6-sı Kazan muşketyor alayından, 2-si isə 16-cı yeger alayından
idi. Bu bölüklərin şəxsi heyətinin sayı belə idi: 35 zabit, 86 unter-zabit,
23 təbilçi, 1046 sıravi, 115 qeyri-nizami, 40 topçu. Şəxsi heyətin ümumi
sayı 1345 nəfər idi. Dəstənin ixtiyarında 1 ədəd 12 funtluq top, 3 ədəd 6
funtluq top var idi. Dəstənin daşınması üçün 12 ədəd hərbi gəmi və
dəstənin ərzağının və təchizatının daşınması üçün 11 ticarət gəmisi vəzi-
fələndirilmişdi. Hərbi gəmilərin özlərinin də topları var idi (70).
Dostları ilə paylaş: |