MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

vəziyyətdə Azərbaycanın xristian sakinləri bir növ təklənmiş olur,  ümumi məkan içində bir
adacığa çevrilirdilər.  “VII əsrdə və VIII əsrin birinci rübündə Albaniya ağır siyasi və iqtisadi
vəziyyətdə idi.  Bizans,  Xəzər xaqanları və xilafət tərəfindən ölkəyə talanedici hücumlar
olurdu… Ölkə xəzərlərə, ərəblərə və (alban tarixçisinin yazdığı kimi) yunanlara xərac ödəməli
olurdu.  Albanlar özlərinin maddi vəziyyətlərini bir qədər yaxşılaşdırmaq üçün kütləvi şəkildə
islamı qəbul edirdilər, çünki islamı qəbul edənlər xəracdan azad olub, ərəblərin özü kimi yalnız
üşr vergisi ödəyirdilər… İslam zor gücünə yayılmırdı, nə xristianlar, nə də atəşpərəstlər təqibə
məruz qalmırdılar. Ancaq islamı qəbul edən yerli ə’yanlar maddi mənfəət əldə edirdilər” [102, 
s.51]. Beləliklə, zimmilər də müsəlmanlığı qəbul etməklə yeni mədəni məkana qovuşurdular. 
K.E.Bosvort göstərir ki,  ərəb-türk münasibətlərinin kökü VII əsrə gedib çıxsa da,  türklərin
Misirdən şərqdəki müsəlman mədəniyyətinə dərindən qovuşması XI əsrin başlanğıcına təsadüf
edir.  Ümumiyyətlə götürdükdə türklər islamı məmnuniyyətlə qəbul edib,  sünniliyin və onun
hənəfi məzhəbinin tərəfini saxlayırdılar [bax:  157,  s.21-32].  Bu prosesin gedişində türklər öz
əzəli runik yazılarından uzaqlaşır, qədim epiqrafik yazı, əlyazma və çap mədəniyyətindən [bax: 
186, s.159-190] yeni islam əlyazma mədəniyyətinə keçməyə başlayırdılar.
Maraqlı məsələlərdən biri də Orxon-Yenisey əlifbasının Azərbaycanda işlənib-işlənməməsi
ilə bağlıdır. VI-VII əsrlərdə qədim Azərbaycanın Dərbənd divarlarından şimalda yerləşən Xəzər
xaqanlığında runik əlifbadan istifadə edirdilər. Onların cənub qonşusu azərbaycanlılara mədəni
təsiri olmaya bilməzdi. Həqiqətən də, 1948-52-ci illərdə Mingəçevirdə tapılmış V-VI əsrlərə aid
qədim alban epiqrafik nümunələrində türk runikasından 13  hərfin 65  dəfə təkrar işləndiyi
müəyyən edilmişdir [bax: 67a]. Sonrakı dövr Azərbaycan alimlərinin mətnşünaslıq təcrübəsin-
də istifadə etdikləri şərti işarələr sisteminin nəzərəçarpacaq bir hissəsinin runik nümunələr və
ya onların əsasında tərtib edilmiş rəmzlər olduğu aşkara çıxarılmışdır [bax: 71, s.110-139; 72, 
s.176-181].  Belə faktlar sübut edir ki,  hələ Orxon-Yenisey yazıları Avropa alimləri tərəfindən
kəşf edilməmişdən çox-çox qabaqlar runik yazı əvvəl Albaniyanın,  sonralar isə Azərbaycanın
türk qəbilələrinə tanış olmuş,  onlar ulu əcdadlarının əlifbasından bu və ya digər məqsədlər
üçün istifadə etmişlər. 
Bəzilərinin ən qədim Azərbaycan kitabı saydıqları Avestanın ilkin mətni 12 min inək dərisi
üzərində qızıl hərflərlə yazılıbmış. Əbu Reyhan Biruni yazırdı ki, Avesta başqa xalqların başa
düşməməsi üçün xüsusi bir yazı ilə yazılmışdı.  Bu fakt vaxtilə Azərbaycan ərazisində də ya-
zının inhisara alındığına işarə edir.
İslam mədəniyyətinin sivilizasiya qarşısında ən nəhəng dünyəvi xidməti onun yazını
demokratikləşdirməsi sayıla bilər.  Məlum olduğu kimi Peyğəmbərin (s.ə.)  öz dövründə yazı
ərəblər arasında da kütləvi yayılmamışdı. Suriya alimi Ə.Fərfur qeyd edir ki, cahiliyyə dövründə
ərəblər yazıya az bələd olmuş və müxtəlif materiallar üzərində yazmışlar. Qur’an nazil olarkən
yazı yazmaq nisbətən genişləndi və Məhəmməd Peyğəmbər (s.ə.)  vəhyləri yazmaq üçün
yazını bilənləri seçməyə başladı [33, s.8]. O vaxtlar Məkkənin özündə qüreyşilər arasında cəmi
17  nəfərin - Əli ibn Əbu Talibin,  Ömər ibn əl-Xəttabın,  Osman ibn Əffanın,  Əbu Süfyan ibn
Hərbin və onun oğullarının,  Yəzidin və Müaviyənin,  Əbu Übeydə ibn əl-Jərrahın,  Təlha ibn
Übeydullahın və b.  yazı savadının olduğu göstərilir [201,  s.14].  Maraqlıdır ki,  məhz sonuncu
dinin meydana gəlməsi Allah kəlamının yazıya alınmasını şərtləndirəndən,  Qur’ani-Kərim və
Axır Peyğəmbər elmə, yazıb-oxumağa ali qiymət verəndən sonra ümumiyyətlə bütün dünyada
yazı kahinlərin və din xadimlərinin preroqativindən çıxıb, daha geniş kütlələr arasında və sonra
daha geniş regionlarda yayılmağa başlamışdır. 
“Yazı tarixinə həsr olunmuş işlərdə toxunulması ən vacib məsələlərdən biri müəyyən yazı
sisteminin təşəkkül və inkişafının başqasından,  özündən əvvəl mövcud olandan asılılığıdır” 


[140, s.8]. Ərəb yazısı da özünün təşəkkül və inkişaf tarixində daha qədim yazı formalarından
faydalanmışdır.  Bu yazının tarixi finikiya və nəbati yazısı ilə bağlıdır.  Bu əlifba ərəblərə
finikiyalılardan və nəbatilərdən bəsit şəkildə keçmişdi və sonralar “Qur’anın,  hədislərin doğru
təsbiti üçün ayrıca nöqtə və hərəkə işarələri ilə bəzəndi” [196]. C.Piren daha qədim (e.ə. VIII
əsr)  ərəb yazısının Finikiya-Aramidən deyil,  Saba-yunan elementli (başqa)  sami yazısından
yarandığını iddia edir [bax:  167,  s.186-188].  A.M.Qurbanov göstərir ki,  Şərqdə Finikiyadan
arami yazısı yaranmış, ondan isə yəhudi budağı, Suriya budağı, İran budağı və ərəb budağı tö-
rəmişdir [bax:  50,  s.530-531].  Ancaq hər halda məlumdur ki,  “finikiyalılar özlərinin əlifbasını
quraşdırarkən Misir yazısının konsonantiv - samit səslilik prinsipindən istifadə etmişlər”  [123, 
s.101] və bu prinsip saitlər  sistemi çox məhdud olan ərəb dilindəki mətnlərin yazıya köçürül-
məsi üçün optimal imkanlar vermişdir.  
Ərəb yazısının ilk dəfə Hirada meydana çıxdığı tapıntılar əsasında sübut olunmuşdur. 
Buradan yazının Ərəbistan regionuna yayılması tarixi haqqında isə müxtəlif fikirlər söylənilir. 
Həbib İbn Xəlduna əsaslanaraq yazırdı:  “Fənni-kitabət Hiradan əhli-Taif və Qüreyşə nəql
olunub,  onlar dəxi əhli-qələm oldular.  Əhli-Taif və Qüreyşdən ibtidai-istemali-qələm eyləyən
şəxs bir rəvayətdə Süfyan və digər rəvayətdə Hərəb ibn Ümeyyə olub, küttabi-Hiradan Əsləm
bin Sidrə nam kimsədən əxz və təəllüm eyləmiş idi. İmdi mühəqqəq budur ki, əhli-Hicaz fənni-
xətti əhli-Hiradan və əhli-Hira Həmirdən əxz edib.  Jəzirei-Ərəbdə xəttin şüyuu bu vəchlə
olmuşdur” [197, s.13]. 
Katib Ç ələbi xətləri (ümumiyyətlə yazını) siryani, ibrani, rumi, matvi, hindi və sindi, zənci və
həbəşi, ərəbi olmaq üzrə təsnif edəndən sonra ərəb yazısı haqqında yazır: “İbn İshaq demişdir
ki, ilk ərəb xətti məkki, sonra mədəni, sonra bəsri, sonra kufidir” [205, s.709-710].
Sonrakı dövrlərdə isə ərəb xəttinin daha da inkişaf etdirilməsində ərəblərin özlərindən çox, 
islamı qəbul etmiş digər müsəlman xalqlarının rolu tarixdə yüksək qiymətləndirilir. 
“Harunərrəşid zamanında nəqli-hədis və rəvayət hifzi bə’də isnad səbəbilə gücləşib, vəz’i-təfsir
və tədvini-hədisə və binaən əleyhi bir çox əməlin təliminə ehtiyac göründü. Elm isə təlimə və
əbsətə olduğundan sənaye hökmünə girdi. Sənayenin mənbəi isə ol vəqt mədəni bulunan fars
və İraq və Xorasan və Mavərənnəhr olduğundan dəyalimə və səlaciqə vəqtlərində nəhv və
lüğə və kəlam əcəmistanda tərəqqi bulmuş və misdaq… zühur eləmiş idi. Ərəblər həzəriyyətdə
ancaq ümuri-riyasət və hökm və tənə’’üm ilə uğrayır və sənaye və fünun ilə uğraşmasını digər-
lərinə buraxırlar idi. Elmi-xətt isə o dəxi sənaye qəbilndən sayılıb, İbrahim və Yusif Sakkızi və
Ustad Ühul və İbn Müqəllə və İbn Bəvvab və vəliyyi-əcəmi kibi qılmazan və naqil və katibi-xətt
mənsub və bədii tamamın əslən əcəmdən olaraq zühur elədilər.  Bə’dəhü müruri-zaman ilə
sənaye və ülum İrandan Misirə nəql olunub,  orada dəxi həddi-nisabını bulduqdan sonra
məmaliki-Ruma təvəccöh elədi” [197, s.16-17].
Konsonantivlik prinsipi bir sıra hallarda ərəb dilində yazılmış ilkin mətnlərin düzgün
oxunmamasına,  həmçinin müsəlmanların Müqəddəs Kitabının qiraətində təhriflərin ortaya
çıxmasına səbəb olurdu. Buna görə də saitlərin yazıda əks edilməsi və bununla mətnin düzgün
oxunması aktual əhəmiyyət daşıyırdı.  Bu problem məhdud saylı ərəb saitlərinin yazıda
işarələnməsini şərtləndirirdi və nəticədə hərəkələr tətbiq edilməyə başladı.  Bu hərəkələri ilk
dəfə tətbiq edən şəxsin Əbul-Əsvad əd-Duali olduğu müəyyənləşdirilmişdir.
İslam dininin yarandığı və intişar tapdığı ilk əsrlərdə müsəlman yazıları yalnız ərəbdilli
mətnlərdən ibarət olduğu üçün yazıda dil problemi yox idi.  Lakin sonralar islam dininin
dünyanın nəhəng bir regionunda birdəfəlik zəfər çalmasından və Qur’ani-Kərimin, onunla bağlı
dini yazıların kütləviləşməsindən sonra qeyri-ərəb müsəlman xalqları öz anadilli islam
mədəniyyəti nümunələrini ana dilində yazıya köçürməyə ehtiyac hiss etməyə başladılar.  Bu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə