MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə48/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   44   45   46   47   48   49   50   51   ...   228

 

77

 



Təbii ekosistemlərdə enerji axınları da öz intensivliyi və xarakteri üzrə  dəyişir, lakin bu proses ekoloji 

faktorların təsiri ilə nizamlanır, bu isə bütövlükdə ekosistemin dinamikasında təzahür olunur.  

 

5.5. Ekosistemin dinamikası  

Ekosistem də ona daxil olan sistemlərdə (populyasiya, qruplaşma və s.) olduğu kimi dinamiki prosesləri 

(tsikllik, populyasiyanın və biosenozun dəyişməsi və s.) keçirir.  

5.5.1. Tsikllik dəyişmə. Xarici şəraitin sutkalıq, mövsümi və çoxillik dövriliyi və orqanizmlərin daxili 

(endogen) ritmlərinin təzahürü, populyasiyaların fluktuasiyası bütün qruplaşmaların – biosenozların tsiklliyində 

kifayət qədər sinxron (eyni zamanda baş vermə) əks olunur.  

Sutkalıq tsikllər  gündüz və gecə temperaturları arasında böyük fərq olan yüksək kontinental iqlim 

şəraitində daha kəskin keçir. Məsələn, Orta Asiyanın qum səhralarında qızğın günorta çağında bir çox heyvanlar 

ya yuvalarında gizlənir, yaxud da yayda gecə həyat tərzi, bəziləri isə (ilanlar, hörümçəklər və s.) qışda gündüz 

həyat tərzi keçirir. Lakin sutkalıq ritmlər bütün coğrafi zonalarda müşahidə edilir, hətta tundrada qütb günündə 

bu ritmə uyğun olaraq bitkilərin çiçəkləri açılır və bükülür. İ.A.Şilov (2001) qeyd edir ki, sutka ərzində 

qanunauyğun ritmik dəyişmələrdə biosenotik sistemlərdə növ tərkibində  və  əsas qarşılıqlı  əlaqə formalarında 

prinsipial dəyişiklik baş vermir. Buna əsaslanaraq o, bu prosesi biosenozun sutkalıq dinamikası deyil, 

biosenozun sutkalıq aspekti adlandırılmasını təklif edir. O, qeyd edir ki, sutkalıq aspekt növlərin sutkalıq ritm 

həyat fəaliyyətində aktivliyi ilə  təyin olunur. Məsələn, mülayim qurşaq meşələrində biosenozun gündüz 

aspektində gündüz aktivliyi ilə seçilən həşəratlar, quşlar və  bəzi digər heyvanlar üstünlük təşkil edir: burada 

çiçəkli bitkilər arasında bitkilərin  əksəriyyəti gündüz çiçək açdığından çiçəkləmə dövründə gözəl gündüz 

aspekti yaranır. Gecə vaxtları gecə heyvan növləri (gecə kəpənəkləri, bir çox məməlilər, quşlardan keçisağan, 

bayquş və b.) və gecə heyvanları ilə tozlanan bitkilərin aktivliyi ilk sıraya çıxır.  

Balıqlar arasında da gündüz və gecə aktivliyi olan formalar mövcuddur. Planktonun və planktonla 

qidalanan heyvanların sutkalıq şaquli miqrasiyası məlumdur.  

Biosenozların sutkalıq aspektləri onların «sığınacaq strukturunu» əks etdirir. Vaxta görə aktivlik dövrlərinin 

bölünməsi birbaşa (bilavasitə) rəqabətin səviyyəsini aşağı salır (zəiflədir) və bununla da, eyni bioloji tələbatı 

olan növlərin bir yerdə yaşamağına  şərait yaradır. Ümumiyyətlə, sutkalıq aktivliyin ayrılması biosenozu 

mürəkkəbləşdirir, onun bioloji müxtəlifliyini və mühit resurslarının tam istifadəsinə imkan yaradır.  



 

5.5.2. Mövsümi tsikllər.  Mövsümi dəyişkənlik ekosistemin daha fundamental xarakteristikasına toxunur. 

İlk növbədə bu, biosenozun növ tərkibinə aiddir. İlin  əlverişsiz mövsümlərində bir sıra növlər yaxşı yaşayış 

şəraiti olan rayonlara miqrasiya edir. Belə hadisə köçəri quşlar, bir sıra dırnaqlı  məməlilər və b. üçün xasdır. 

Oturaq növlər biosenozun əsas nüvəsini təşkil edir, onun mövsümi görünüşünü və ayrı-ayrı dövrlərdə biosenotik 




 

78

əlaqələrini təyin edir. Bir sıra növlər ilin müəyyən vaxtında qruplaşmanın həyatından praktiki olaraq kənarlaşır 



və  dərin sükutluq halına (poykiloterm heyvanların donuşluğu, homoyoterm heyvanların qış-yay yuxusu. 

həşəratların diapauzası) keçirir və ya digər biotoplara və coğrafi rayonlara köçürlər.  

Bitki qruplaşmalarında da mövsüm üzrə həm struktur (yarpaqların tökülməsi, birilliklərin sıradan çıxması, 

ot örtüyünün quruması), həm də funksional (fotosintezin intensivliyinin dəyişməsi, bioloji kütlənin toplanması 

və s.) dəyişiklik keçirir.  

Biosenozların mövsümi aspektləri landşaft – iqlim zonalarında daha yaxşı  təzahür olunub mühitin fiziki 

parametrlərinin yayda və qışda kəskin dəiyşməsi ilə ayrılır. Qismən bu tundrada da yaxşı təzahür olunur – yay 

dövründə bura çoxlu quş, həşərat və digər heyvan növləri gəlir, qış dövründə onların  əksər hissəsi cənuba 

miqrasiya edir (quşların çoxu, şimal maralı), digərləri donuşluğa qərq olaraq aktiv həyatdan kənarlaşır 

(həşəratlar, digər onurğasızlar). Uzun qütb gecəsi fotosintez imkanının qarşısını alaraq tundra ekosistemlərinin 

mövsümi dinamikasının funksional əhəmiyyətini daha da ağırlaşdırır.  

Tropikada biosenozların mövsumi fəaliyyəti o qədər də ritmik olmasa da müşahidə edilir. Burada onun ən 

geniş yayılan forması – quraqlıq və rütubətli dövrlərin dəyişməsi olub bioloji cəhətdən müəyyən  əhəmiyyətə 

malikdir.  

Su mühitində mövsümi bioloji proseslər hidroloji mövsümlərlə əlaqədardır. Müxtəlif zonalarda onlar bir-

birinə uyğun gəlmir və su orqanizmlərinin növ tərkibinin, onların biokütləsinin və bioloji aktivliyinin 

qanunauyğun dəyişməsi ilə xarakterizə olunur. Belə ki, dəniz plankton qruplaşmaları vaxta görə inkişaf 

fazasının dəyişməsini aydın nümayiş etdirir. «Bioloji yaz» fitoplanktonun kütləvi inkişafı («dənizin çiçəkləmə 

dövrü») ilə xarakterizə olunur, halbuki zooplanktonların  əksəriyyət növlərinin bu fonda çoxalması başlanır. 

«Bioloji yay», əksinə, zooplanktonun kütləvi artımı, plankton yosunlarının isə azalması ilə fərqlənir. «Bioloji 

payız» Arktika dənizlərində planktonun ümumi azalması, mülayim zona dənizlərində isə «payız çiçəkləməsi» - 

plankton orqanizmlərinin sayının ikinci partlayışı ilə  əlamətdardır.  Qış planktonun biokütləsinin minimum 

vaxtıdır, bununla belə bu mövsümi bir çox növlər sükut mərhələsində keçirir. Ayrı-ayrı mövsümlərin uzunluğu 

geniş miqyasda dəyişir: tropiklərdə vegetasiya mövsümü praktiki olaraq ilboyu davam edir, Arktika 

dənizlərində isə adətən 2-3 aydan artıq çəkmir.  

Qeyd edildiyi kimi, biosenozun sutkalıq və mövsümi aspektləri növlərin sayının dəyişməsindən asılı ola 

bilər, lakin həmin biosenoz tipinin parametrlərinə prinsipial toxunmur. Belə hallarda sistemin kəmiyyət 

dəyişkənliyindən söhbət açmaq olar, sistemin keyfiyyət xarakteristikası isə dəyişməmiş qalır.  



 

5.5.3. Çoxillik dəyişkənlik (tsikllik). Bütün biosenozlar  üçün normal hadisə hesab olunur. O, illər üzrə 

meteoroloji  şəraitin (iqlimin fluktuasiyası) və ya digər xarici faktorların (məs., çay daşqınının sürətindən) 

dəyişməsindən asılıdır. Bununla yanaşı, çoxillik dövriyyəlik edifikator bitkilərin həyat tsikllərinin xüsusiyyətləri 

ilə, heyvanların (o cümlədən həşəratların) kütləvi çoxalmasının təkrar olunması və ya bitki üçün xəstəlik törədən 

(patogen) mikroorqanizmlərin kütləvi artması ilə bağlı ola bilər.  

Fıstıq meşələrində yetişmiş yaşında ağacların sıx çətirlərinin kölgəsi altında meşəaltı kollar və canlı örtük 

(ot örtüyü) sıxışdırılaraq məhv edilir. Məlum olduğu kimi, fıstıq kölgəyə davamlı  ağac sayılsa da, onun 

yeniyetmələrinin (cücərtiləri) böyüməsi və inkişafı üçün az da olsa müəyyən miqdarda işıq tələb olunur. Odur 

ki, qalın meşə döşənəyi üzərində və işıqsız şəraitdə fıstıq cücərtilərinin əmələ gəlməsinə şərait yaranmır. Lakin 

müəyyən vaxt keçdikdən sonra yaşı ötmüş (qoca) ağaclar yıxılır, «pəncərələr» yaranan işıq düşən sahələrdə 

fıstıq yeniyetmələrinin böyüməsinə şərait yaxşılaşır. İlk vaxtları müxtəlif yaşlı ağaclıq yaranır. Bütün yaşı ötmüş 

(qocalmış) ağaclar yıxıldıqdan sonra cavan ağaclar birinci yarusa çıxır və yenidən praktiki olaraq birmərtəbəli 

(yaruslu) fıstıqlıq bərpa olunur. Bütün tsikl iki-üç əsr davam edir.             

    


5.5.4. Ekoloji  suksessiyalar  

Suksessiya probleminin işlənməsi botanikadan başlanıb və bu günə kimi də bu konsepsiyanın  əsas 

müddəaları fitosenozların öyrənilməsinə əsaslanır. Qruplaşmaların dinamikasını ilk dəfə Yarminq (Y.Warming, 

1896) təsvir etmiş, lakin suksessiya konsepsiyasının işlənməsində  əhəmiyyətli fikirlər Amerika botanikləri 

Koules (H.Coules, 1899) və xüsusilə Klementesə (F.Clements, 1904, 1916) məxsusdur. F.Klementsin əsas 

mövqeyində vaxta görə  dəyişmə ekoloji qruplaşmaların təbii xassəsi kimi irəli sürülür. O, fitosenozların 

dəyişməsinin ilkin səbəbini ayrı-ayrı və ya kompleks iqlim faktorlarının dəyişməsi hesab edirdi, qruplaşmaların 

ardıcıl sıra dəyişməsi şəklində ekosistemin reaksiyası isə ekosistem səviyyəsində adaptasiya cavabı kimi təsvir 

olunur. F.Klementsə görə suksessiya kompleks iqlim şəraitinə daha çox adaptasiya olunan qruplaşmaların 

formalaşması ilə başa çatır (tamamlanır). Belə qruplaşmanı o, «klimaks-formasiya»  və ya sadəcə  klimaks 

adlandırdı. Beləliklə, klimaks konsepsiyası dedikdə müəyyən dərəcədə eyni iqlim şəraiti ilə xarakterizə olunan 

region daxilində fitosenozlar suksessiya prosesini başa vuraraq klimaks qruplaşma  əmələ  gətirir. Müxtəlif 

qruplaşmalardan başlayaraq klimaksla başa çatan bitki örtüyünün dəyişməsi suksessiya seriyası (silsiləsi və ya 

sırası) adlanır. Rütubətlənmə  şəraitindən asılı olaraq suksessiya sıraları  hidroseriya (ilkin qruplaşmalardan 

başlayır) və kseroseriyada (quru qruplaşmalardan başlayır) bölünür. Suksessiya prosesi onları bitmə şəraitinin 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə