MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə11/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
§ 107

Ölcü keyfiyyətin hər şeydən öncə bilavasitə mövcudluq kimi müəyyən etdiyi kəmiyyətdir; ölçü nə isə bir mövcud varlığın və ya keyfiyyətin bağlantıda olduğu müəyyən kəmiyyətdir.

Əlavə. Deməli, ölçü keyfiyyət və kəmiyyətin vəhdəti kimi həm də tamamlanmış varlıqdır. Biz varlıq haqqında danışdıqda o, öncə nə isə tamamilə abstrakt və təriflərdən məhrum bir şey kimi qarşımızda durur, ancaq varlıq önəmli dərəcədə özünütəyinetmədən ibarətdir və özünün tamamlanmış müəyyənliyinə ölçüdə nail olur. Ölçüyə mütləqin tərifi kimi də baxmaq olar və bu baxış üsuluna uyğun olaraq deyilmişdir ki, allah bütün şeylərin ölçüsüdür. Bu baxış həm də hər şeyin: dənizin və qurunun, çayların və dağların, eləcə də fərqli heyvan və bitki növlərinin sərhəddini müəyyən edən məhz odur deyərək allahı tərifləndirən əski yəhudi himnlərinin əsas tonunu təşkil edir. Əski yunanların dini şüurunda ölçünün əxlaqa, mənəviyyata münasibətdə ilahiliyi Nemezidlər63 şəklində təsvir olunur. Bu təsəvvürdə habelə o fikir də vardır ki, insani olan hər şeyin: sərvətin, şərəfin, gücün, eləcə də sevincin, qəmin və i. a. müəyyən ölçüsü vardır və onun artıqlığı dağılma və məhvə aparır. Predmetlər aləmində də ölçü ilə qarşılaşırıq. Birincisi, biz təbiətdə zəruri məzmunu ölçü yaradan varlıqları görürük. Belə varlıqlara özəlliklə azad ölçü səltənəti kimi baxılmalı olan Günəş sistemini aid etmək olar. Biz, əgər digər cansız təbiət şeylərini gözdən keçirsək, görərik ki, burada ölçü sanki arxa plana keçir, çünki burada mövcud olan kəmiyyət və keyfiyyət təriflərinin bir çox hallarda bir-birindən asılı olmadığı aşkar olunar. Belə ki, məsələn, qayanın və çayın keyfiyyətləri müəyyən kəmiyyətlə bağlı deyil. Lakin biz, əsas etibari ilə yuxarıda adı çəkilən predmetlər kimi heç də ölçüdən tamamilə məhrum olmayan predmetlər tapırıq, çünki kimyəvi tədqiqatda çaydakı su və qayada olan ayrı-ayrı tərkib ünsürləri onlarda olan maddələrin kəmiyyət bağlantıları ilə şərtlənmiş keyfiyyətlərdir. Üzvi təbiətdə ölçü bilavasitə seyrdə daha tez gözə çarpır. Ayrı-ayrı heyvan və bitki növlərinə aid orqanizmlər həm bütövlükdə ölçüyə malikdir, ham də ayrı-ayrı orqanlarının müəyyən ölçüsü vardır, bundan başqa o da qeyd edilməlidir ki, cansız təbiətə yaxın olan ibtidai canlı varlıqlar ali canlı varlıqlardan ölçülərinin daha qeyri-müəyyən olmaları ilə fərqlənirlər. Belə ki, məsələn, bəziləri yalnız mikroskop altında görünə bilən, bəziləri isə araba təkəri böyüklüyündə olan daşlaşmış ammon buynuzları tapa bilərik. Ölçünün qeyri-müəyyənliyini canlı həyatın inkişafının daha aşağı pilləsində olan bəzi bitkilərdə, məsələn, qıjılarda da aşkar etmək olar.

§ 108


Ölçüdə keyfiyyət və kəmiyyət bilavasitə vəhdətdə olduğundan onların fərqi də bilavasitə halında çıxış edir. Odur ki, müəyyən spesifik kəmiyyət qismən sadəcə müəyyən kəmiyyətdir və ona görə də ölçünü, yəni qaydanı pozmadan mövcud varlığı böyüyə və kiçilə bilən müəyyən kəmiyyətin dəyişilməsi həm də keyfiyyətin qismən dəyişilməsidir.

Əlavə. Keyfiyyətin və kəmiyyətin ölçüdəki eyniyyəti hələ yalnız özündə eyniyyətdir, hələ müəyyənləşməmiş eyniyyətdir. Bu o deməkdir ki, vəhdəti ölçü olan o təriflərən hər biri (keyfiyyət və kəmiyyət) həm də özü üçün təzahür edir, belə ki, bir tərəfdən mövcud varlığın kəmiyyət tərifi keyfiyyət dəyişmədən dəyişilə bilir, digər tərəfdən isə – bu asılı olmayan böyümə və kiçilmənin öz həddi var və həddin aşılması keyfiyyəti də dəyişdirir. Belə ki, məsələn suyun temperaturu öncə onun damcı-maye halına heç bir təsir göstərmir, ancaq sonradan temperaturun artması və azalması elə bir nöqtəyə gəlir ki, bu nöqtədə su damlalarının bir-birinə bağlanma halı dəyişilir və su ya buxara, ya da buza çevrilir. Kəmiyyət dəyişikliyinin baş verməsi əvvəl tamamilə zərərsiz olur, ancaq bu dəyişikliyin arxasında bir başqa şey də gizlənir və zərərsiz görünən bu kəmiyyət dəyişikliyi sanki keyfiyyəti tora salan hiyləgərlikdən ibarət olur. Ölçünün bu antinomiyasına əski yunanlar dəyişik formalar verməklə onu əyaniləşdirməyə can atmışlar. Məsələn, onlar suallar qoyurdular: bir buğda dənəsini artırmaq topa yaradırmı, atın quyruğundan bir tük çıxarmaqla atquyruğu çılpaqlaşırmı? Əgər biz bu suallara kəmiyyətin təbiətinə varlığın asılı olmayan dış müəyyənliyi kimi baxılması mövqeyindən cavab vermək istəyiriksə, onda dərhal qəbul etməliyik ki, kəmiyyətin bu sərbəst, keyfiyyətdən asılı olmadan artması və azalmasının da öz sərhəddi vardır və bu dəyişiklikdə elə bir nöqtəyə çatmaq olar ki, bir buğda dənəsinin artması ilə buğda topası yarana, bir tükün çıxarılması ilə atın quyruğu çılpaqlaşa bilər. Burada da kəndli haqqında söylənənə bənzər hal yaranır: kəndli iti yeriyən eşşəyinin yükünü hər dəfə bir lot64 artırır və nəhayət sonuncu artımda eşşək yükün ağırlığına davam gətirməyib yıxılır. Bu cür sualları yalnız boş cəfəngiyyat saymaq çox haqsızlıq olardı, belə ki, burada biz əslində praktiki yöndən, özəlliklə də mənəvi baxımdan çox önəmli fikirlərlə qarşılaşırıq. Belə ki, məsələn, bizim xərclərimizlə bağlı bir qədər az və ya çox xərcləyə bilmək sərbəstliyimiz var və bu çərçivədə xərclər kisəmizə elə bir ziyan gətirmir. Amma hər bir insan üçün fərdi şəraitdə müəyyən olunan ölçüdən kənara çıxılması ölçünün keyfiyyət təbiətində özünü göstərir (suyun temperaturunun dəyişilməsi ilə onun keyfiyyət halının dəyişilməsində gördüyümüz kimi) və indiyə kimi yaxşı təsərrüfatçılıq kimi baxılan iş yoxsulluğa və talana gətirib çıxaran fəaliyyətə çevrilmiş olur. Politika sahəsində də bu cürdür: dövlət quruluşu ərazidən, sakinlərin sayından və (bu qəbildən olan) başqa kəmiyyət təriflərindən asılı olduğu qədər də onlardan asılı deyildir. Məsələn, ərazisi min kvadrat mil65 və əhalisi dörd milyon olan dövləti gözdən keçirərkən öncə biz düşünmədən razılaşacağıq ki, ərazinin bir neçə mil və ya əhalisinin bir neçə min artması və ya azalması dövlət quruluşuna önəmli təsir edə bilməz. Ancaq o da inkar olunmazdır ki, dövlətin aramsız olaraq böyüməsi və ya kiçilməsi zamanı elə bir an yaranır ki, başqa şəraitlərdən asılı olmadan yalnız bu kəmiyyət dəyişiklikləri sayəsində dövlət quruluşu artıq keyfiyyət dəyişikliyinə məruz qalmaya bilmir. Kiçik Şveçariya kantonu (inzibati ərazi bölgüsü – A. T.) böyük imperiya üçün yararlı deyil, Roma respublikası alman imperiyasının kiçik bir şəhərciyi ediləndən sonra onun da dövlət quruluşu imperiya üçün yaramadı.

§ 109


Ölçüsüzlük hər şeydən öncə ölçünün öz təbiətinin kəmiyyət tərəfi ilə bağlı olaraq özünün keyfiyyət müəyyənliyindən kənara çıxmasıdır. Ancaq birinci kəmiyyət müəyyənliyilə müqayisədə bu başqa kəmiyyət münasibəti ölçüsüzdür və eyni zamanda da keyfiyyət münasibəti olduğundan ölçüsüzlük həm də ölçüdür. Bu iki keçid (keyfiyyətdən müəyyən kəmiyyətə və bundan yenə də əksinə, keyfiyyətə keçid) sonsuz proqres – ölçüsüzlükdə ölçünün aradan qalxması və özünübərpa etməsi kimi təsəvvür edilə bilər.

Əlavə. Kəmiyyət, gördüyümüz kimi, nəinki dəyişiləndir, yəni artan və azalandır, həm də ümumiyyətlə öz hüdudundan kənara çıxmadır. Kəmiyyət özünün bu təbiətini ölçüdə də saxlayır. Lakin ölçüdə olan kəmiyyət bəlli sərhəddi aşdığından ona uyğun olan keyfiyyət də aradan qalxmış olur. Lakin bununla, ümumiyyətlə keyfiyyət inkar edilmir, yalnız bu müəyyən keyfiyyət aradan qalxır və onun yerini başqa keyfiyyət tutur. Bir-birinin ardınca gah yalnız kəmiyyətin dəyişilməsindən, gah kəmiyyətin keyfiyyətə keçməsindən ibarət olan bu ölçü prosesini ana xətt66 kimi təsəvvür edib əyaniləşdirmək olar. Bu cür ana xətti təbiətdə hər şeydən öncə cürbəcür formalarda tapırıq. Suyun temperaturunun artması və azalması ilə bağlı yaranan keyfiyyətcə bir-birindən fərqli aqreqat halları haqqında artıq yuxarıda xatırlatmışıq. Metaoksidləşmə dərəcələrilə də iş bu cürdür. Musiqi tonlarının fərqini də ölçü prosesində baş verən öncə yalnız kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsinə aid misal kimi göstərmək olar.

§ 110

Burada, əslində aşağıdakı proses baş verir: ölçünün malik olduğu bilavasitəlik aradan qaldırılır; ölçüdə kəmiyyət və keyfiyyət öncə bilavasitədirlər və ölçü onların yalnız nisbi eyniyyətidir. Lakin bəlli olur ki, ölçü ölçüsüzlükdə aradan qalxır; amma ölçüsüzlükdə ölçü yenə də özünə qayıdır, çünki ölçüsüz olan ölçünün inkarı olmaqla yanaşı kəmiyyətin və keyfiyyətin vəhdətidir



§ 111

İnkarı inkarın təsdiqi kimi sonsuz, varlıq və yoxluq, nə isə və başqası və i. a. kimi daha abstarkt tərəflərinin yerinə indi keyfiyyət və kəmiyyət tərəflərinə malikdir, yəni a) öncə keyfiyyət kəmiyyətə (

§ 105) keçdi və bu keçid aşkar etdi ki, onların hər ikisi inkardır; b) ancaq onların vəhdətində (ölçüdə) öncə onlar bir-birindən fərqlənirlər və biri o birini vasitələndirir; c) bu vəhdətin bilavasitəliyinin özünü aradan qaldırması aşkarlanan kimi bu vəhdət indi özündə özü ilə sadə münasibət kimi müəyyənləşir və özündə aradan qalxma kimi varlığa və formaya malikdir. Özü özünü inkar vasitəsilə özünü özü ilə vasitələndirən və özü özü ilə münasibətə girən və deməli, vasitələnmədən, özünü aradan qaldırmadan, özünü özü ilə münasibətə, bilavasitəliyə gətirmədən ibarət olan varlıq və ya bilavasitəlik mahiyyətdir.

Əlavə. Ölçü prosesi sonsuz proqresin keyfiyyətin kəmiyyətə və kəmiyyətin keyfiyyətə daimi keçidi formasında boş axmaq sonsuzluğundan ibarət olmayıb həm də özünün başqasında özü özü ilə uyğunluqdan ibarət həqiqi sonsuzluqdur. Keyfiyyət və kəmiyyət ölçüdə öncə başqa-başqa şeylər kimi bir-birinə qarşı durur. Amma keyfiyyət özündə-kəmiyyət və əksinə, kəmiyyət özündə-keyfiyyətdir. Onlar ölçü prosesində biri digərinə keçdiyindən bu təriflərdən hər biri öncə özündə nə idisə,ona keçir, biz isə bu keçiddə öz təriflərilə inkara məruz qalan və ümumiyyətlə aradan qaldırılmış varlıq əldə edirik ki, bu, mahiyyətdir. Özündə-mahiyyət artıq ölçüdə var idi və mahiyyət prosesi yalnız ondan ibarətdir ki, o özündə nə idisə, özünü o cür hesab edir. Adi şüur şeyləri varlıqlar kimi başa düşür və onları keyfiyyət, kəmiyyət və ölçü baxımından gözdən keçirir. Ancaq bu bilavasitə təriflər hərəkətsiz olmayıb sonradan bir-birinə keçir və mahiyyət isə onların dialektikasının sonucudur. Mahiyyətdə daha keçid yoxdur, yalnız münasibət vardır. Münasibətin forması varlıqda yalnız bizim refleksiyamızdır; mahiyyətdə münasibət isə onun öz tərifidir. Əgər (varlıq sferasında) nə isə bir şey başqası olursa, onda bununla həmin şey itmiş olur; mahiyyət sferasında isə, belə deyil: burada biz, həqiqi başqası ilə deyil, yalnız fərqlə, birinin başqasına (onun öz başqasına) münasibətilə qarşılaşırıq. Deməli, mahiyyətin başqasına keçidi eyni zamanda keçid deyildir, çünki fərqlinin fərqliyə keçidilə fərqli yox olmur, ancaq fərqlilər öz münasibətlərində qalırlar. Əgər biz varlıq və yoxluq deyiriksə, onda varlıq və yoxluq özü üçün götürülür. Müsbət və mənfi ilə isə iş tamamil başqa cürdür. Bu sonuncuların həqiqətən varlıq və yoxluq tərifləri vardır. Amma özü üçün götürülən müsbətin anlamı yoxdur, o hökmən mənfı ilə əlaqələndirilməlidir. Mənfi ilə də məsələ eynilə bu cürdür. Varlıq sahəsində əlaqəlilik yalnız özündə olmaqdan ibarətdir; mahiyyətdə isə əlaqəlilik, bağlılıq öncədən müəyyənləşmişdir. Deməli, varlığın formaları və mahiyyət arasındakı fərq elə bundadır. Varlıqda hər şey bilavasitədir; mahiyyətdə isə əksinə, hər şey nisbidir.

İKİNCİ BÖLÜM

MAHİYYƏT HAQQINDA TƏLİM



§ 112

Mahiyyət anlayışdır, öncədən müəyyənləşmiş anlayışdır; mahiyyət sahəsində təriflər yalnız nisbidirlər, ancaq hələ özündə özünü təhlil etməyən, düşünməyən təriflərdir; odur ki, burada anlayış hələ özü üçün anlayış deyildir. Özünün inkarı ilə özünü özü ilə vasitələndirən varlıq kimi mahiyyət özü özü ilə, özü və özünün başqası ilə münasibətdir; lakin bu başqası bilavasitə mövcud olmayıb, öncədən müəyyənləşmiş və vasitələnmiş başqasıdır. Varlıq mahiyyətdə yox olmamışdır, ancaq mahiyyət bir tərəfdən özü özü ilə sadə münasibət kimi varlıqdır, digər tərəfdən varlıq özünün birtərəfli tərifində bilavasitədir, yalnız mənfiliyə, görüntü səviyyəsinə endirilmişdir. Bununla da mahiyyət özündə özü ilə görüntü kimi varlıqdır.



Qeyd. Mütləq mahiyyətdir. Bu tərif mütləq varlıqdır tərifinin eynidir, çünki varlıq eyni zamanda özü ilə sadə münasibətdir; bununla belə onun bu tərifi yüksək tərifdir, ona görə ki, mahiyyət özündə özünə yüklənmiş varlıqdır, başqa sözlə, mahiyyətin özünün özü ilə sadə münasibəti mənfiliyin inkarı kimi, özünü özündə özü ilə vasitələnmə kimi öncədən müəyyənləşmiş münasibətdir. Ancaq mütləqə mahiyyət kimi tərif verərkən mənfiliyi çox vaxt yalnız bütün mənfi predikatlardan abstraksiyalaşdırılmış anlamda başa düşürlər. O zaman bu mənfi hərəkət, abstraklaşdırma mahiyyətdən kənar bir şey olur və beləliklə də mahiyyət özünün bu şərtindən məhrum bir nəticə, abstraksiyanın caput mortuumdan67 ibarət olur. Ancaq bu mənfilik varlıq üçün kənar, dışarı bir şey olmayıb, onun özünün dialektikası olduğundan onun həqiqəti, mahiyyəti özü özünə dalmış yaxud özü özündə əsl varlıq olacaq; mahiyyətin bilavasitə varlıqdan fərqi refleksiyadan, onun özünün özünə görünməsindən ibarətdir və bu refleksiya mahiyyətin fərqləndirici tərifidir.

Əlavə. Biz mahiyyət haqqında söz açanda onu bilavasitə varlıqdan fərqləndiririk və mahiyyətə münasibətdə bilavasitəlik kimi varlığa boş görüntü kimi baxırıq. Amma bu görüntü sadəcə heçlik olmayıb aradan qalxmış varlıqdır. Mahiyyət baxışı refleksiya baxışıdır. Biz refleksiya deyimini ilk öncə işığa nisbətdə işlədirik, belə ki, işıq düzxətli hərəkətdə güzgünün səthi ilə qarşılaşdıqda güzgü onu qaytarır, əks etdirir. Beləliklə, burada ikiləşmiş bir şeylə: birincisi, nə isə bir bilavasitə, varlıq, ikincisi isə yenə həmin şey, lakin vasitələnmiş yaxud müəyyənləşmiş halında qarşılaşırıq. Biz predmet haqqında düşünərkən də bu ikiləşmə baş verir, burada predmeti bilavasitə halında qəbul etmədiyimizdən onu vasitələnmiş halda dərk etmək istəyirik. Fəlsəfənin də vəzifəsini yaxud məqsədini adətən şeylərin mahiyyətini dərk etməkdə görürlər və bunu belə başa düşürlər ki, fəlsəfə şeyləri bilavasitə halında saxlamamalı və göstərməlidir ki, onlar vasitələnmiş və ya nə isə başqası ilə əsaslandırılmışdır. Şeylərin bilavasitə varlığı arxasında mahiyyətin gizləndiyi örtüyü və ya qabığı təmsil edir. Sonra deyirlər: bütün şeylərin mahiyyəti vardır və bununla bildirirlər ki, şeylər həqiqətən bilavasitə göründükləri kimi deyillər. Yalnız bir keyfiyyətdən digərinə, keyfiyyətdən kəmiyyətə və əksinə keçilməsilə iş bitmir – şeylərdə başqa bir nə isə də vardır ki, bu nə isə mahiyyətdir. Mahiyyət kateqoriyasının başqa mənalarına və işlədilməsinə gəlincə ilk öncə yada sala bilərik ki, alman dilində yardımçı feli zein (olmaq) işlədərkən keçmiş zamanı göstərmək üçün Westen (mahiyyət) deyimindən, keçmiş varlığı göstərərkən gewesen (olmuşdu) sözündən istifadə edirik. Sözlərin bu cür yanlış işlədilməsinin əsasında varlıq və mahiyyət arasındakı münasibətə düzgün baxış durur, çünki gerçəkdən də biz, mahiyyətə keçmiş varlıq kimi baxa bilərik, lakin onu da qeyd etməliyik ki, elə bu cəhətdən keçmiş abstrakt inkara məruz qalmış, aradan qalxmış olur və deməli, həm də saxlanılır. Əgər biz deyirik ki, Sezar Qalliyada ist geweson (olmuşdur) bununla Sezar haqqında burada deyilənin yalnız bilavasitəliyi inkar edilir, onun Qalliyada olması isə heç də tamamilə inkar edilmir, çünki ist gewesen (olmuşdur) deyiminin məzmunu Sezarın Qalliyada olmasının bilavasitəliyinin inkarından ibarətdir, ancaq bu məzmunu burada aradan qalxmış halda ifadə edirik. Gündəlik həyatda Wesen (mahiyyət) haqqında söz getdikdə bunu çox zaman yalnız biz bilirik və ya toplu kimi başa düşürlər. Biz, məsələn: Zeitungswesen (pressa), Postwesen (post), Cteuerwesen (vergi) deyirik və bu deyimlərdə onu düşünürük ki, bu şeylər ayrılıqda bilavasitə halda deyil, kompleks halda götürülməlidir; sonra, onlar müxtəlif münasibətlərdə götürülməlidir. Sözlərin belə işlədilməsində olan hal burada Wesen (mahiyyət) deyimində bizim nəzərdə tutduğumuzdan o qədər də fərqlənmir. Sonlu Wesen (varlıqlar) haqqında da danışılır və insanı sonlu Wesen (varlıq) adlandırırlar. Lakin Wesen haqqındı söz getməsi onu göstərir ki, sonluluq hüdudundan kənara çıxılmışdır və demək, insanın bu cür göstərilməsi dəqiq deyil. Sonra, əgər deyirlər ki, verilən uca mahiyyətdir, uca varlıqdır (ein höchstes Wesen) və bununla allahı nəzərdə tuturlarsa, onda buraya iki qeyd əlavə edilməlidir. Birincisi, verilən, sonluluğu bildirən deyimdir və buna uyğun olaraq deyirik ki, bu qədər, o qədər planetlər verilmişdir yaxud bu xassələrə malik bitkilər verilmişdir. Beləliklə, o şey ki, verilmişdir, o başqalarından kənarda və onlarla birlikdə olan bir şeydir. Amma sadə sonsuzluq kimi allahdan kənarda və onunla yanaşı heç bir başqa mahiyyət ola bilməz. Allahdan kənarda verilənin allahdan kənar heç bir önəmliliyi yoxdur və bu halında ona dayaqdan və mahiyyətdən məhrum boş görüntü kimi baxılmalıdır. İkincisi, buradan o çıxır ki, yalnız uca varlıq kimi allah haqqında söz açmaq qətiyyən yetərli deyim üslubu deyil. Burada işlədilən kəmiyyət kateqoriyası əslində özünə lazımi yerini yalnız sonlu sahəsində tapır. Biz, məsələn, deyirik ki, bu – ən uca dağdır və bu zaman onu da ifadə etmiş oluruq ki, bu ən uca dağdan başqa digər uca dağlar da vardır. Eləcə də bu anlamda kiminsə haqqında deyirik ki, o öz ölkəsində ən varlı və ən elmli adamdır. Lakin allah başqa valıqlarla yanaşı bir varlıq olmayıb və yalnız uca varlıq olmayıb tək mahiyyətdir; amma biz dərhəl qeyd etməliyik ki, allahın bu anlayışı dini şüurun inkişafında önəmli və zəruri pillə olsa da allah haqqında xristianlıq təsəvvürünün bütün dərinliyini əhatə etmir. Əgər biz allaha mahiyyət kimi baxırıqsa və bu baxışda dayanırıqsa, onda biz onu əkstəsir gücü ilə qarşılaşmayan ən ümumi kimi və ya başqa sözlə, hökmran, ağa kimi başa düşürük. Ancaq qorxu hökmran və aqilliyin başlanğıcı olsa da hər halda aqilliyin yalnız başlanğıcıdır. Yəhudi dini, eləcə də Məhəmməd dini allahı hökmran kimi və əslində yalnız hökmran kimi başa düşürlər. Bu dinlərin yetərsizliyi ümumiyyətlə ondadır ki, burada sonlu lazımınca qəbul olunmur; sonlunun (ya təbiət predmetləri kimi, ya da ruhun sonlu təzahürləri kimi) müstəqil önəminin saxlanması bütpərəstliyin və deməli, həm də çoxallahlı dinlərin fərqləndirici özəlliyini təşkil edir. Sonra, tez-tez təsdiqlənirdi ki, uca varlıq kimi allah dərk oluna bilməz. Ümumiyyətlə bu çağdaş maarifçilik baxışıdır və daha qəti deyilərsə, allah uca varlıqdır deməklə kifayətlənən və rahatlanan abstrakt idrak baxışıdır. Bunu deyib allaha uca o dünyaya məxsus ( yəni dərk olunmaz) varlıq kimi baxdıqda dünyanın bilavasitəliyini, davamlı, müsbət bir şey olduğunu təsdiq etmiş olurlar və unudurlar ki, mahiyyət elə bütün bilavasitəliliyin aradan qalxmasından ibarətdir. Abstrakt, o dünyaya məxsus mahiyyət (dərk olunmaz mahiyyət) kimi allah əslində yalnız addır və yalnız abstraktlaşdırıcı idrakın caput mortuum-udur və deməli, fərqi və müəyyənliyi olmayan bir şeydir. Allahın həqiqi dərki şeylərin bilavasitə varlığında onların həqiqət kəsb etmədiyini bilməkdən başlanır.

Nəinki allahla bağlı, hətta digər hallarda da mahiyyət kateqoriyasından abstrakt biçimdə istifadə olunur və o zaman şeylərin mahiyyəti onun öz hadisəsinin müəyyən məzmununa biganə və özü üçün mövcud bir şey kimi qeyd edilir. Adətən deyirlər ki, insanlarda onların əməlləri və davranışları deyil mahiyyətləri önəmlidir. Əgər bu o deməkdir ki, insanın əməlinə bilavasitə halında deyil, yalnız onun iç məzmunu ilə vasitələnmiş, bu iç məzmunun dış görüntüsü (təzahürü) kimi baxılmaıdır, onda bu doğrudur. Ancaq bu zaman diqqətdən qaçırılmamalıdır ki, mahiyyət, bu iç məzmun öz təsdiqini təkcə yalnız hadisədə, görüntüdə onun necə çıxış etməsində tapır. İnsanların öz işlərindən fərqlənən mahiyyətlərindən çıxış etməsinin özülündə isə onların yalnız öz məzmunsuz subyektivliyini təsdiq etmək niyyəti və öz hərəkətlərini özündə və özü üçün mənalı olanla uyğunlaşdırmaq istəməməsi durur.

§ 113

Mahiyyət sahəsində özü ilə münasibət eyniyyət forması, özündə-özünə refleksiyadır; bu sonuncu burada varlığın bilavasitəliyinin yerini tutur; bunların hər ikisi eyni bir özü ilə münasibət abstraksiyasıdır.



Qeyd. Bütün məhdud və sonlu varlıqları həqiqət yerinə qəbul edən və fikirdən məhrum hissilik bu məhdudluğu və sonluluğu özü ilə eyniyyətdə olan, özü özündə ziddiyyətsiz bir şey kimi anlama idrakın iradına çevrilir.

§ 114


Bu eyniyyət varlıqdan irəli gəldiyindən öncə yalnız varlıq tərifləri ilə yüklənmiş və onlara dışarı olan bir şeyə münasibət kimi çıxış edir. Əgər varlıq mahiyyətdən ayrı götürülürsə, onda o, qeyri-mühüm adlanır. Ancaq mahiyyət özündə öz inkarına, başqası ilə münasibətə, vsitələnməyə malik olduğundan özündə-varlıqdır, mühümdür. Odur ki, mahiyyət özündə qeyri-mühüm olanı özünün görüntüsü kimi daşıyır. Lakin görüntüdə və ya vasitəlilikdə fərqlilik olduğu üçün və bu fərqlinin (onu doğuran eyniyyətdən fərqlənən və bu eyniyyətin özündə olmayan və onda görüntü kimi çıxış edən fərqlinin) özü eyniyyət forması aldığından bu görüntü özü ilə münasibətdə olan bilavasitəlik və ya varlıq formasına malikdir; bunun sayəsində mahiyyət bilavasitəliliklə vasitəliliyin hələ qeyri-mükəmməl birliyinə çevrilmiş olur. Burada hər şey elə müyyənləşmişdir ki, mahiyyət özü özü ilə münasibətdə olur və bununla birlikdə özü özünü öz hüdudundan kənara çıxarmış olur; mahiyyət sferasında hər şey refleksiyanın varlığı kimi, başqasında öz görüntüsü (scheint) ilə parlayan və özündə başqasının öz görüntüsü ilə parladığı varlıqdır. Bu səbəbdən də o həm də ziddiyyətin müəyyənləşdiyi, mövcud olduğu sferadır və bu ziddiyyət varlıq sahəsində yalnız özündə mövcud olan ziddiyyətdir.

Qeyd. Bütün bunların hamısında substansial olan eyni bir anlayış olduğundan mahiyyətin inkişafında da varlığın inkişafında olan təriflərlə, ancaq refleksiya olunmuş formada qarşılaşırıq. Beləliklə, varlıq və yoxluq yerinə indi müsbət və mənfi formalar çıxış edir. Müsbət eyniyyət qismində əkslikdən məhrum varlığa uyğun gəlir, mənfi isə fərq kimi inkişaf edir (özü özündə görüntü ilə parlayır). Sonra, burada özüldən refleksiya olunmuş mövcud varlığın özülü kimi yaranış mövcudluqdur və i. a. Məntiqin bu (ən çətin) kəsimi əsas etibarilə metafizikanın və ümumiyyətlə fərqləri müstəqil götürən və eyni zamanda onların nisbiliyini qəbul edən düşünən idrakın doğurduğu elmlərin kateqoriyalarını özündə birləşdirir; ancaq bu fikirlərin hər ikisini yan-yana və ya bir-birindən sonra qoyaraq, bu idrak, onları anlayışda birləşdirməyib yalnız həmçinin sözü vasitəsilə bir-birinə bağlayır.

A

MAHİYYƏT MÖVCUDLUĞUN ƏSASIDIR



a. Xalis reflektiv təriflər

alfa) Eyniyyət

§ 115

Mahiyyət özünə özündə öz görüntüsü ilə parlayır və ya o, xalis refleksiyadır.68 Beləliklə, mahiyyət yalnız özü ilə münasibətdir, lakin onun özünün özü ilə münasibəti bilavasitə münasibət olmayıb reflektiv, fikri münasibətdir, mahiyyət özü ilə eyniyyətdir.



Qeyd. Bu eyniyyət formal yaxud fikri eyniyyətdir, onu müəyyən bir dərəcəyə qədər fərqdən tutur və abstraksiyalaşdırırlar. Yaxud, daha doğrusu, abstraksiya elə bu formal eyniyyətin nəzərdə tutulması, özündə konkretin bu sadə formaya çevrilməsidir, həm də bu çevrilmə konkretdə olan müxtəlifliyin bir hissəsinin (analizdə) üzərindən keçilməsindən və onun yalnız bir hissəsinin ayrılmasından yaxud müxtəlif müəyyənliklərin bir-birindən fərqlənməsinə baxmayaraq onların hamısının bir müəyyənlikdə birləşdirilməsindən asılı olmayaraq baş verir.

Cümlənin subyekti kimi mütləqlə bağlı olan eyniyyət belə səslənir: mütləq özü ilə eyniyyətdə olandır. Bu mühakimə nə qədər düzgün olmasa da hər halda iki mənalıdır və onun lazımi mənasında götürülüb götürülməməsi aydın olmur; odur ki, bu mühakimənin deyilişi tam deyil, çünki burada abstrakt fikri eyniyyətin, yəni mahiyyətin başqa təriflərinə qarşı qoyulan eyniyyətin nəzərdə tutulub tutulmaması və ya özündə özünə eyniyyət kimi konkretin nəzərdə tutulduğu həll olunmamış qalır. İkinci anlamda götürülən eyniyyət, aşağıda görəcəyimiz kimi öncə əsas, sonra isə həqiqətən anlayışdır. Hə, "mütləq" sözünün özü də tez-tez "abstrakt" sözü ilə eyni anlamda işlədilir; belə ki, məsələn, mütləq məkan, mütləq zaman abstrakt məkan, abstrakt zamandan başqa heç nəyi göstərmir.

Mahiyyətin mühüm təriflər kimi götürülən tərifləri subyektin ehtimal etdiyi predikatlar olur və o təriflər mühüm təriflər olduğundan bu subyekt bütövdür. Bu cümlənin sayəsində yaranan qanunlar təfəkkürün ən ümumi qanunları adlandırılmışdır. Eyniyyət qanunu belə səslənir: "Hər şey özünə bərabərdir, A=A"; inkar formasında isə belə deyilir: "A eyni bir zamanda həm A olub, həm də A olmaya bilməz". Təfəkkürün həqiqi qanunu olmaq yerinə, bu cümlə abstrakt düşüncənin qanunundan başqa bir şey deyil. Artıq bu cümlənin forması onun özü ilə ziddiyyətdədir, belə ki, bu cümlə subyekt ilə predikat arasında fərqi vəd edir, eyni zamanda da formasının tələb etdiyini vermir. Özəlliklə də bu qanun təfəkkürün ona bir başa əks olan qanunları kimi müəyyənləşdirilən digər qanunları ilə məhv edilir. Əgər təsdiq edirlər ki, bu qanun sübut edilə bilməsə də hər bir şüur bu qanun üzrə hərəkət edir və təcrübənin göstərdiyi kimi şüur bu qanunun səsini eşidən kimi dərhal onunla razılaşır, onda bu yalançı məktəb təcrübəsinə qarşı belə bir ən ümumi təcrübə qoyulmalıdır ki, heç bir şüur bu qanun üzrə fikirlər və i. a. yaratmır, bu qanun üzrə danışmır, nəyə aid olmasından asılı olmayaraq elə bir şey yoxdur ki, bu qanun üzrə mövcud olsun. Bu normativ (seinsollenden) qanundan irəli gələn (planet planetdir, maqnetizm maqnetizmdir, ruh ruhdur) ifadələri haqlı olaraq ağılsız ifadələr sayılır: ən ümumi təcrübə bax belədir. Yalnız belə qanunları tanıyan və qəbul edən məktəb, eləcə də onun bu qanunları ciddi şərh edən məntiqi sağlam fikrin və ağlın ittihamı qarşısında özlərini çoxdan nüfuzdan salmışlar.

Əlavə. Eyniyyət hər şeydən öncə artıq varlıq kimi gözdən keçirdiyimiz məzmundur, ancaq bu – varlıq bilavasitə müəyyənliyi aradan qaldırılmaqla, deməli, ideal kimi irəli çıxan varlıqdır. Eyniyyətin həqiqi anlamını lazımi səviyyədə başa düşmək çox önəmlidir, bunun üçün ilk öncə onu yalnız abstrakt eyniyyət kimi, yəni fərqi istisna edən eyniyyət kimi anlamaqdan qaçmaq lazımdır. Bu elə bir məqamdır ki, onunla fəlsəfə adına layiq olan fəlsəfə hər cür pis fəlsəfədən fərqlənir. Eyniyyət (bilavasitə varlığın ideallığı kimi) bizim dini şüurumuz üçün, eləcə də ümumiyyətlə hər bir təfəkkür və şüur üçün yüksək tərifdir. Demək olar ki, allah haqqında həqiqi bilik onu eyniyyət – mütləq eyniyyət kimi anlamaqdan başlanır, bu anlayışda o da vardır ki, dünyanın bütün əzəməti, böyüklüyü allah qarşısında heçdir və allahın qüdrəti və böyüklüyünün yalnız şəfəqi kimi mövcud ola bilər. Eynilə bu cür demək lazımdır ki, eyniyyət özünüdərk kimi insanın özünü qalan təbiətdən, özəlliklə də heyvanlardan fərqləndirməsidir. Başqa sözlə, insanın özünün özü ilə eyniyyəti deyimində onun heyvandan fərqlənməsi fikri də vardır, yəni eyniyyətdə fərdin təsdiqi vardır; heyvan özünü "mən" kimi, yəni özündə özünə xalis eyniyyət kimi dərk edə bilməz. Sonra, eyniyyətin təfəkkür üçün anlamına gəlincə burada önəmli olan odur ki, özündə aradan qaldırılmış varlığa və onun təriflərinə malik həqiqi eyniyyət abstrakt, yalnız formal eyniyyətlə qarışdırılmasın. Təfəkkürə hissilik və bilavasitə seyr nöqteyi-nəzərilə edilən birtərəflilik, məzmunsuzluq və s. kimi iradların əsasında belə bir yanlış fikir durur ki, təfəkkürün fəaliyyəti yalnız abstrakt eyniləşdirmə fəaliyyətindən ibarətdir, formal məntiqin özü isə formal eyniyyət qanununu guya ali qanun kimi irəli sürərək o fikri təsdiq edir. Əgər təfəkkür yalnız abstrakt eyniyyətdən ibarət olsaydı, onda ən gərəksiz və darıxdırıcı bir şey sayılardı. Əlbəttə, anlayış və sonra da ideya özü özü ilə eyniyyətdir; lakin onlar yalnız ona görə özü ilə eyniyyətdir ki, onlarda həm də fərq vardır.

beta) Fərq

§ 116


Mahiyyət yalnız özündə özünə xalis eyniyyət və görüntüdür, çünki o özü ilə münasibətdə olan inkarlıqdır yaxud özünün özünə inkar münasibətidir və deməli, özünü özündən özü ilə itələmədir; deməli, o özündə zəruri olaraq fərqi də saxlayır.

Qeyd. Özgəvarlıq artıq burada keyfiyyət özgə varlığı, müəyyənliyi, sərhəddi olmayıb mahiyyətdəki özü özünə aid olan inkardır, habelə münasibətdir, fərqdir, öncədən müəyyən olunmuş özgəvarlıqdır, vasitələnmədir.

Əlavə. Necə olur ki, eyniyyət fərqə gəlib çıxır sualı verilirsə, onda bu sualın əsasında bu fikir durur ki, eyniyyət məzmunsuz eyniyyət kimi, abstrakt eyniyyət kimi müstəqil, heç nədən asılı olmayan bir şey olduğu kimi fərq də bir başqa şeydir, eyniyyət kimi o da müstəqildir, asılı deyil. Lakin bu fikir qoyulmuş suala cavabı mümkünsüz edir, çünki əgər eyniyyətə fərqdən ayrı bir şey kimi baxılırsa, onda təkcə yalnız fərq qalır. Bu səbəbdən də fərqə keçidi sübut etmək olmur, belə ki, bu keçidin necə baş verdiyini soruşanlar üçün bu keçidin çıxış nöqtəsi yoxdur. Deməli, sual mənasızlaşır və sual verən öncə başqa sual, yəni o, eyniyyət dedikdə nəyi başa düşür sualını qoymalı idi – onda görünərdi ki, o, eyniyətlə heç bir fikri əlaqələndirmir və eyniyyət onun üçün ancaq boş sözdür. Sonra, gördüyümüz kimi, eyniyyət, şübhəsiz, abstrakt, məzmunsuz bir şey olmayıb bir inkarlıqdır, varlığın və onun təriflərinin inkarıdır. Bu tərifində isə eyniyyət həm də münasibətdir, yəni özü ilə inkarı münasibətdir yaxud özünü özündən fərqləndirmədir.

§ 117


Fərq 1) bilavaistə fərqdir, müxtəliflikdir və bu müxtəliflikdə fərqlənənlərdən hər biri nədirsə odur və onlardan biri özünə münasibətdə dışarı olan digərinə biganədir. Fərqlənənlərin öz fərqliliyinə biganəliyi sayəsində bu fərqlilik onlardan kənarda üçüncü bir müqayisə edəndə öncədən olur. Bu dışarı fərq – bağlantıda olanların eyniyyəti kimi – onların oxşarlığı, onların eyniyyətsizliyi kimi isə – oxşar olmasıdır.

Qeyd. Düşüncə bu təriflərin ayrılığını o dərəcəyə çatdırır ki, oxşarlıq və oxşarsızlığın substratı müqayisə üçün eyni olsa da yenə də müqayisə onlarda bu substratın fərqli tərəflərini və bu substratın özünə fərqli baxışları görür; lakin özü üçün götürülən oxşarlıq yalnız əvvəlki tərif – eyniyyət, özü üçün götürülən oxşarsızlıq isə fərqdir.

Müxtəlifliyi, təfavütü də qanuna çeviriblər. Bu qanun belə səslənir: "Hər şey fərqlidir" və ya: "Bir-birinin tam eyni olan iki şey yoxdur". Burada "hər şeyə" birinci müddəada aid edilən eyniyyətin əksinə olaraq fərq predikatı aid edilir; deməli, burada eyniyyət qanununa zidd olan qanun irəli sürülür. Bu ziddiyyəti aşağıdakı deyimlə aradan qaldırmağa can atmaq olar: fərq, müxtəliflik yalnız zahiri müqayisədən irəli gəldiyindən hər bir şey ancaq özünə bərabərdir və beləliklə eyniyyət qanunu ikinci qanuna zidd deyil. Amma bu halda müxtəliflik də nə isə bir şeyə və ya hər şeyə məxsus deyil, bu subyektin mühüm tərifini təşkil etmir; beləliklə bu ikinci müddəa hətta deyilə bilməz. Digər tərəfdən, əgər nə isə bir şey müddəaya görə fərqlidirsə, onda bu onun öz müəyyənliyi sayəsində belədir; amma bu halda burada artıq fərq yox, müəyyən fərq nəzərdə tutulur. Leybnisin yuxarıda gətirilmiş müddəası məhz bu cürdür.

Əlavə. Bir haldakı empirik-əqli idrak eyniyyəti gözdən keçirməyə başlayır, əslində o artıq öz hüdudundan kənara çıxır və qarşısında eyniyyəti deyil,boş fərqlilik formasında fərqi görür. Biz təfəkkürün qanunu deyilən eyniyyət qanununa uyğun olaraq dəniz dənizdir, hava havadır, ay aydır və i. a. deyərkən bu predmetləri bir-birinə biganə predmetlər sayırıq və deməli, qarşımızda eyniyyət deyil, fərq görürük. Ancaq biz şeyləri onların yalnız fərqlərində gözdən keçirməkdə dayanmırıq, onları bir-birilə müqayisə edirik və bunun sayəsində oxşarlıq və oxşarsızlıq təriflərini alırıq. Sonlu elmlərin işi önəmli dərəcədə bu təriflərin işlədilməsindən asılıdır və bizim zamanda elmi araşdırmadan danışanda bunu əsasən araşdırılan predmetlərin müqayisəsi metodu kimi başa düşürlər. Etiraf etməmək olmaz ki, bu yolla çox önəmli sonuclar alınmışdır və bu baxımdan müqayisəli anatomiya və müqayisəli dilçilik sahələrində ən yeni dövrun böyük uğurları yada salınmalıdır. Amma bu zaman biz müqayisəli metodun eyni uğurla idrakın bütün sahələrində tətbiq edilə bilməsini düşünməklə alimlərin çox uzağa getdiyini nəinki qeyd etməliyik, həm də özəlliklə qeyd etməliyik ki, təkcə müqayisə elmi tələbatı tam ödəyə bilməz və bu metodla əldə edilmiş sonuclara əsl anlayışlı idrakın yalnız hazırlıq və zəruri materialı kimi baxılmalıdır. Lakin bir halda ki, müqayisə zamanı iş üzdə olan fərqləri eyniyyətə çevirməkdən ibarətdir, onda riyaziyyata bu məqsədin daha dolğun həyata keçirildiyi elm kimi baxılmalıdır (doğrudur, riyaziyyat buna məhz ona görə nail olmuşdur ki, kəmiyyət fərqləri tamamilə dışarı fərqlərdir). Belə ki, məsələn, həndəsə üçbucaqlını və dördbucaqlını, keyfiyyətcə fərqlənən bu həndəsi fiqurları gözdən keçirərkən onların bu keyfiyyət fərqlərindən sərfnəzər edir və onları kəmiyyətcə bir-birinə bərabər sayır. Nə empirik elmlərin, nə də fəlsəfənin riyaziyyatın bu üstünlüyünə həsəd aparmamaları barəsində biz yuxarıda (

§ 99, əlavə) söz açmışıq və bu həm də boş idraki eyniyyət haqqında yuxarıda etdiyimiz qeydlə bağlıdır.

Deyirlər ki, Leybnis bir dəfə sarayda fərqlilik qanunundan danışarkən bağda gəzişən saray zabitləri və qadınları iki eyni, bir-birinə oxşayan yarpaq axtarırlarmış ki, filosofun söylədiyi təfəkkür qanununu təkzib etsinlər. Sözsüzdür ki, bu hətta bizim zamanımızda da metafiziklərin sevimli məşğuliyyət üsuludur. Lakin Leybnisin irəli sürdüyü qanunla bağlı qeyd ediməlidir ki, fərq yalnız dışarı və biganə müxtəliflik kimi başa düşülməməlidir, deməli, şeylərə özlüyündə fərqli olmaq xasdır.69

§ 118

Oxşarlıq (die Gleichheit) yalnız bir-birinin eyni olmayan şeylərin eyniyyəti, oxşarsızlıq isə oxşar olmayan şeylərin oxşarsızlığıdır. Deməli, bu iki tərif bir-birinə biganə olan ayrı-ayrı tərəflərə və ya baxışlara bölünməyib biri o birində parlayır. Odur ki, fərq refleksiyanın fərqidir və ya özündə fərqdir, müəyyən fərqdir.



Əlavə. Boş, məzmunsuz fərqliliklər bir-birinə biganə qaldığı halda, oxşarlıq və oxşarsızlıq, əksinə, daim bir-biri ilə bağlı olan və biri o birisiz düşünülə bilməyən qoşa təriflərdir. Boş fərqlilikdən əksliklərə bu irəliləmə hərəkətilə biz artıq adi şüurda qarşılaşırıq, çünki biz razılaşırıq ki, müqayisə yalnız fərqlərin mövcudluğu ehtimal edildikdə önəmli olur və əksinə, fərqləndirmə oxşarlığın varlığı ehtimal edildikdə əhəmiyyət daşıyır. Odur ki, hansısa bir fərqin göstərilməsi vəzifəsi qarşıya qoyulduqda biz bir-birindən bilavasitə və aydın görünən fərqləri olan predmetləri (məsələn, qələm və dəvə) fərqləndirməyi böyük məharət saymırıq; digər tərəfdən, deyə bilərlər ki, yalnız yaxın predmetləri (məsələn, fıstığı palıdla yaxud baş kilsəni kilsə ilə) bir-biri ilə müqayisə etməyi bacaran şəxs müqayisə apararkən böyük istedad göstərmir. Deməli, biz eyniyyətdə fərqliliyi və fərqlilikdə eyniyyəti tələb edirik. Lakin empirik elmlər sahəsində tez-tez elə olur ki, bu təriflərdən birinin hesabına o biri unudulur və ya bir tərəfli olaraq elmin vəzifəsini mövcud fərqlərin eyniyyətə çevrilməsində ya da bu vəzifəni yenə də birtərəfli olaraq yeni fərqlərin tapılmasında görürlər. Buna başlıca olaraq təbiətşünaslıqda rast gəlirik. Təbiətşünaslıqda yeni-yeni maddələrin, güclərin, cinslərin, növlərin və i. a. tapılmasını və ya başqa istiqamətdə gedərək indiyədək sadə sayılan predmetin əslində qəliz olduğunun sübutunu başlıca vəzifə sayırlar; yeni dövrün fizik və kimyaçıları yalnız dörd ünsürlə, o da ki, sadə olmayan ünsürlərlə kifayətlənən əski insanlar haqqında rişxəndlə danışırlar. Özləri isə yalnız eyniyyəti görürlər; buna uyğun olaraq da nəinki elektrik olayını və kimyəvi xassəni zəruri eyniyyət kimi gözdən keçirirlər, hətta həzm və assimlyasiya kimi üzvi prosesləri yalnız kimyəvi proseslər kimi götürürlər. Artıq öncə (

§ 103, əlavə) biz qeyd etmişik ki, ən yeni fəlsəfəni tez-tez (ələ salaraq) eyniyyət fəlsəfəsi adlandırırdılar, halbuki fəlsəfə (və başlıca olaraq spekulyativ məntiq) fərqdən sərfnəzər edilən (abstraktlaşdırılan) xalis fikri eyniyyətin əhəmiyyətsizliyini göstərmişdir; doğrudur, spekulyativ məntiq bizdən qəti tələb edir ki, yalnız boş fərqlə kifayətlənməyib bütün varlığın iç vəhdətini dərk edək.

§ 119

2) Fərq özündə müsbət və mənfi arasında olan mühüm fərqdir; müsbət özü ilə elə eyniyyət münasibətidir ki, o mənfi ola bilməz, mənfi isə özü üçün elə fərqlənmədir ki, o müsbət ola bilməz. Onlardan biri o biri olmadığı üçün hər ikisi müstəqil olduğundan biri o birində görüntüsü ilə parlayır və biri o birinin başqasıdır. Odur ki, mahiyyətin fərqi qarşıqoymadır, müqayisədir və bu qarşıqoymaya görə fərqlinin qarşısındakı ümumiyyətlə başqası deyil, onun öz başqasıdır, yəni fərqləndirilənlərdən hər birinin yalnız öz başqasına münasibətdə tərifi vardır, biri o birində əks etdiyi dərəcədə özü özündə əks edir. Beləliklə onlardan hər biri öz başqasının başqasıdır.



Qeyd. Özündə fərq aşağıdakı müddəanı verir: "Hər şey zəruri olaraq fərqlidir" və ya başqa sözlə: "İki bir-birinə əks predikatdan yalnız biri müəyyən bir nə isəyə aid edilə bilər və üçüncü istisnadır". Bu ziddiyyət qanunu açıq-aydın eyniyyət qanununa ziddir, belə ki, bir şey bir qanuna görə yalnız özü ilə münasibətdən ibarət olmalı, başqa qanuna görə isə o şey özünün başqası ilə əksliyindən – münasibətdən ibarət olmalıdır. Abstraksiyanın özünəxas mənasızlığı da elə ondan ibarətdir ki, o, bir-birinə belə zidd olan iki müddəanı hətta müqayisə etmədən qanunlar kimi yan-yana qoyur. Üçüncünü istisna qanunu ziddiyyətdən qaçmaq istərkən ziddiyyətə yuvarlanan düşüncənin müəyyən etdiyi qanundur. Bu qanuna görə A yalnız ya +A, ya da yalnız –A ola bilər; ancaq bununla artıq nə +, nə də – olmayan və eyni zamanda da həm +A kimi, həm də –A kimi hesab edilən üçüncü A müəyyənləşir. Əgər + batı (qərb) istiqamətində 6 mili, -6 mil isə doğu (şərq) istiqamətində məsafəni göstərirsə, yəni + və – bir-birini məhv edirsə, onda 6 mil yol və ya məsafə bu əkslik olmadan və onunla nə idisə o olaraq qalır; + və – ədədlərin yaxud abstrakt istiqamətlərin hətta boş əksliyinin də üçüncüsü, məhz sıfırı vardır; lakin biz, + və – arasında boş fikri əksliyin ədəd, istiqamət və bu qəbildən olan digər abstraksiyalarda qanuni yeri olduğunu inkar etməyi düşünmürük.

Kontradiktor70 anlayışlar haqqında təlimdə bir anlayış, məsələn, mavi (belə təlimdə hətta rəngin hissi təsəvvürü də anlayış adlandırılır), digəri isə qeyri-mavi adlanır, belə çıxır ki, bu başqası (qeyri-mavi) nə isə bir təsdiq (məsələn qeyri-mavi mavinin inkarı tərifində hansısa başqa bir rəngin, məsələn, sarı rəngin təsdiqi) deyil, yalnız abstrakt inkar kimi qeyd olunur. Mənfinin onun özündə eyni zamanda müsbət olduğu barədə sonrakı paraqrafa bax; bu artıq o tərifdən irəli gəlir ki, nə isə bir başqasına əks olan onun başqasıdır. Kontradiktor adlanan anlayışlar arasındakı əksliklərin boşluğu, məzmunsuzluğu özünün tam ifadəsini, necə deyərlər, ən ümumi qanununun nəhəng formulunda tapır; bu formula görə hər bir şey qarşılaşdırılan bütün predikatlarında (hansı predikatları götürürük götürək) bir predikata malik olur, digərlərinə malik olmur, belə ki, ruh ya ağdır, ya da ağ deyil, ya sarıdır, ya da sarı deyil və i. a. sonsuzadək.

Belə ki, eyniyyət və əksliyin özlərinin bir-birinə əks olduğunu unutduqları üçün əkslik qanununu ziddiyyət qanunu biçimində eyniyyət qanunu yerinə qəbul edirlər və bir-birinə zidd olan əlamətlərdən (yuxarıya bax) heç birinə malik olmayan və ya məsələn, dördbucaqlı çevrə kimi hər iki əlamətə malik olan anlayışı məntiqi yöndən yalan olan anlayış elan edirlər. Çoxbucaqlı çevrə və çevrənin düzxətli qovsünün də bu qanuna zidd olmasına baxmayaraq həndəsəçilər tərəddüd etmədən çevrəyə tərəfləri düzxətlərdən ibarət çoxbucaqlı kimi baxırlar. Ancaq çevrə kimi bir şey (onun sadə müəyyənliyi) hələ anlayış deyil; çevrə anlayışında isə mərkəz və periferiya eyni dərəcədə önəmlidir, hər iki əlamətə malikdir və ancaq periferiya və mərkəz bir-birinə əksdir və bir-birinə ziddir.

Fizikada önəmli rol oynayan polyarlıq haqqında təsəvvürdə əksliyin daha düzgün tərifi vardır, ancaq fizika təfəkkür qanunları barədə öz anlayışında adi məntiqə söykəndiyindən polyarlıq anlayışını inkişaf etdirmək istəsəydi və bu anlayışda olan fikirlərə gəlib çıxsaydı, dəhşətə gələrdi.

1-ci əlavə. Müsbət yenə də eyniyyətdir, ancaq yüksək həqiqət məziyyəti daşıyan, özü özü ilə eyniyyət münasibəti kimi eyniyyətdir və eyni zamanda o, mənfilik əlaməti daşımayan eyniyyətdir. Özü üçün mənfi fərqdən başqa bir şey deyil. Eyniyyətdə olan, hər şeydən öncə tərifləri olmayandır; müsbət, əksinə, özü ilə eyniyyətdir, ancaq nə isə bir başqasına əkslikdə müəyyənləşmə kimi özü ilə eyniyyətdir, mənfi isə özü ilə eyniyyət olmaması tərifilə fərqdir. Bu onun (mənfinin – A. T.) özündə olan fərqin fərqidir.

Adətən düşünürlər ki, müsbət və mənfi arasındakı fərq mütləq fərqdir. Lakin onların hər ikisi özündə eynidir və ona görə də müsbəti mənfi və əksinə, mənfini müsbət adlandırmaq olardı. Belə ki, məsələn, əmlak və borc iki ayrıca, müstəqil əmlak növləri deyil. Onlardan birində, borcluda mənfi olan borc verəndə müsbətdir. Və bu, həm də batı (qərb) yolu olan doğu (şərq) yoluna münasibətdə də doğrudur. Deməli, müsbət və mənfi önəmli dərəcədə bir-birilə şərtlənir və yalnız bir-birinə münasibətdə mövcud olurlar. Maqnitin quzey (şimal) qütbü güney (cənub) qütbsüz, güney qütbü isə qüzey qütbsüz mövcud deyil. Əgər maqniti iki yerə kəssək, birində quzey, birində isə geney qütblər ala bilmərik. Elektrikdə də bunun kimi, müsbət və mənfi yüklər bir-birindən ayrı mövcud flüidlər71 deyil. Ümumiyyətlə, əkslikdə olan tərəflər arasında münasibət belədir ki, bu tərəflər biri o biri üçün yalnız nə isə bir özgəsi olmayıb onun özünün özgəsidir. Adi şüur fərqlənənlərə bir-birinə biganə tərəflər kimi baxır. Deyirlər ki, məsələn, mən – insanam, ətrafımda isə – hava, su, heyvanlar və başqa şeylər vardır. Burada hər şey ayrı-ayrılıqdadır. Ancaq fəlsəfənin məqsədi şeylərə bir-birinə biganə halda baxan şüuru aradan qaldırmaq və onların zərurətini elə dərk etməkdən ibarətdir ki, bu idrakda onlar bir-birinə özünün özgəsinə münasibəti kimi götürülsün. Belə ki, məsələn, cansız təbiət canlı təbiətdən yalnız ayrı bir şey kimi deyil, həm də canlının zəruri başqası kimi gözdən keçirilməlidir. Cansız və canlı bir-biri ilə zəruri münasibətdədir və biri yalnız özündən o birini qovmaqla, itələməklə və bununla da onunla bağlantıda mövcud olur. Eləcə də təbiət ruhsuz, ruh isə təbiətsiz mövcud deyil. Biz, təfəkkür sahəsində başqası da mümkündür deməkdən vaz keçdikdə ümumiyyətlə irəliyə önəmli bir addım atmış oluruq. Çünki başqası da mümkündür deməklə təfəkkür təsadüflə məşğul olmalı olur, həqiqi təfəkkür isə, yuxarıda qeyd edildiyi kimi, zərurət haqqında təfəkkürdür. Ən yeni təbiətşünaslığın əsasən polyarlıq kimi maqnetizmdə qavranılan və bütün təbiətdən qırmızı xətlə keçən əkslik təbiətin ən ümumi qanunudur və bunun qəbul edilməsini biz, şübhəsiz, elmdə irəliyə mühüm addım saymalıyıq; ancaq bu zaman əksliklə yanaşı boş müxtəliflik anlayışınınn da lüzumsuz yerə işlədilməsindən imtina edilməlidir. Belə ki, məsələn, rənglərə gah haqlı olaraq bir-birinə münasibətdə olan polyar əksliklər (əlavə rənglər deyilən rənglər) kimi baxırlar, gah da onları yenidən bir-birinə biganə olan və qırmızının, sarının, yaşılın və i. a. xalis kəmiyyət fərqlilikləri kimi götürürlər.

2-ci əlavə. Üçüncünü istisna qanunu (abstrakt idrak qanunu) üzrə danışmaq yerinə, biz, deməliyik: hər şey əkslikdir. Və doğrudan da heç yerdə: nə göydə, nə yerdə, nə ruhi aləmdə, nə də təbiət aləmində – idrakın təsdiq etdiyi abstrakt "və ya-və ya" yoxdur. Harada mövcud olmasından asılı olmayaraq hər bir şey nə isə bir konkretdir və deməli, bu şey özlüyündə fərqlidir və əkslikdən ibarətdir. Şeylərin sonluluğu da onların bilavasitə mövcud varlıqlarının özündə nədən ibarətdirsə, ona uyğun gəlməməsindən ibarətdir. Belə ki, məsələn, cansız təbiətdə turşu özlüyündə həmçinin əsasdır, yəni onun varlığı yalnız başqası ilə onun münasibətindədir. Bu isə onu göstərir ki, turşu əkslikdə hərəkətsiz olmayıb özünü olduğu kimi təsdiq etməyə can atır. Ziddiyyət – əslində dünyanı hərəkətə gətirən bax budur və buna görə də ziddiyyəti düşünmək olmaz demək gülüncdür. Bu fikirdə doğru olan yalnız budur ki, ziddiyyətlə iş bitə bilməz və o özünü özünün vasitəsilə aradan qaldırır. Lakin ziddiyyətin aradan qalxması absrakt eyniyyət demək deyil, çünki abstrakt eyniyyətin özü əksliyin yalnız bir tərəfidir. Əksliyin ziddiyyət kimi müəyyənləşmiş nəticəsi əsasdır və bu əsas eyniyyəti və fərqi yalnız aradan qaldırılmış və ideal momentlər səviyyəsinə gətirilmiş halda özündə saxlayır.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə