MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə19/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   12   13   14   15   16   17   18   19   20
§ 221

Cinsin prosesi onu özü-üçün-varlığa gətirib çıxarır. Həyat hələ bilavasitə ideya olduğundan bu prosesin məhsulu iki tərəfə ayrılır. Bir tərəfdən başlanğıcda bilavasitə olan canlı fərd indi artıq vasitələnmiş və törədilmiş kimi çıxış edir. Digər tərəfdən isə özünün ilkin bilavasitəliyi sayəsində ümumiliyə mənfi münasibətdə olan canlı təkcəlik onun üzərində hakim güc olan ümumilik tərəfindən udulur.

Əlavə. Canlı varlıq ölür ona görə ki, o, ziddiyyətdir: o özündə ümumidir, cinsdir, amma bilavasitə təkcə kimi mövcud olur. Ölümdə cins, yəni ümumi bilavasitə təkcə üzərində hakim olan güc kimi özünü göstərir. Heyvan üçün onun cinsi prosesi, cinsi varlığı həyatının yüksək nöqtəsidir. Lakin heyvan öz cinsində (Gattund) özü üçün ola bilmir və cinsin zərbəsi altına düşür. Bilavasitə canlı cinsi prosesdə özünü özü ilə vasitələndirir və beləliklə də öz bilavasitəliyinin üzərində yüksəlir, ancaq ona görə yüksəlir ki, hər dəfə yenidən öz bilavasitəliyinə qayıtsın. Deməli, həyat, əsasən axmaq sonsuzluq, sonsuz proses çevrəsinə düşür. Amma həyat prosesi sayəsində, anlayışa görə, həyat kimi ideyanın qapandığı bilavasitəliyin bərtərəfləşdirilib aradan qaldırılması baş verir.

§ 222


Lakin bununla da həyat ideyası hansısa bir (xüsusi) bilavasitə "bundan", eləcə də ümumiyyətlə birinci bilavasitəlikdən azad olur. Beləliklə, həyat ideyası özünə, öz həqiqətinə tapınmış olur; o özü üçün azad cins kimi mövcud olur. Ölüm yalnız bilavasitə təkcə zərurət kimi ruhun doğuşudur.

b. İdrak


§ 223

İdeyanın stixiyası öz mövcudluğunun ümumiliyindən ibarət olduğundan, yaxud başqa sözlə, obyektivliyin özü anlayış kimi mövcud olduğundan, ideya özünü öz predmeti etdiyindən özü üçün azad mövcudluqdur. Onun ümumiliyində müəyyənləşmiş subyektivliyi onun öz iç varlığında xalis fərqlənmədir, bu eyniyyət ümumiliyini tərk etməyən seyrdir. Ancaq müəyyən fərqlənmə kimi bu subyektivlik bir totallıq kimi özünü özündən itələdiyi və başlanğıcda özünü dış (xarici) universumda görən mühakimənin davamıdır. Bu özündə eyniyyətdə olan, ancaq eyniyyəti hələ müəyyənləşməmiş iki mühakimədir.

§ 224

Beləliklə, özündə və ya həyat kimi eyni olan bu iki ideyanın bir-birinə münasibəti nisbidir ki, bu da bu sahədə sonluluğun müəyyənliyidir. Bu ilişgi, bu münasibət reflektiv ilişgidir, belə ki, ideyanın onun özünün özündə fərqləndirilməsi yalnız birinci mühakimədir, fərz edilən (das Var aussetzen) hələ fərz edilmiş (Setzen) deyildir və ona görə də subyektiv ideya üçün obyektiv ideya öncədən tapılmış bilavasitə dünyadır, yaxud başqa sözlə, ideya həyat kimi hələ təkcə mövcudluq olayındakı mövcudluqdur. Bununla yanaşı bu mühakimə ideyanın öz içində baş verən xalis fərqlənmə olduğundan (öncəki paraqrafa bax), ideya özü üçün özü və özünün başqası olduğundan ideya bu subyektiv dünyanın onunla özündə – həqiqi eyniyyətinə əminlikdən ibarətdir. Zəka dünyaya belə bir mütləq inamla yanaşır ki, o eyniyyəti yarada və öz əminliyini həqiqətə ucalda bilər; təfəkkür dünyaya bir də onun üçün özündə əhəmiyyətsiz olan əkslik yaratmaq cəhdilə yanaşır.



§ 225

Bu proses ümumiyyətlə idrakdır. İdrak fəaliyyətilə özündə əkslik, obyektivliyin birtərəfliliyilə yanaşı subyektivliyin birtərəfliliyi də aradan qaldırılır. Amma bu aradan qaldırılma öncə yalnız özündə aradan qaldırılmadır. Odur ki, özlüyündə proses yalnız bu sferanın sonluluğuna bilavasitə yoluxmuş və təfəkkürün hərəkətə cəhdi kimi ikiləşmişdir. Təfəkkür, bir tərəfdən mövcud dünyanı özünə, subyektiv təsəvvürə almaqla (der Aufnahme) ideyanın subyektivliyini aradan qaldırmağa və bununla da həqiqət kimi qəbul edilən məzmun qismində obyektivliklə özünə olan abstrakt inamı tamamlamağa can atır; və əksinə, təfəkkür özünün dünyaya birinci münasibətinin əksinə olaraq burada yalnız görüntü sayılan, özündə əhəmiyyətsiz obrazlar, təsadüflər toplamı hesab edilən obyektiv dünyanın birtərəfliliyini aradan qaldırmağa can atır, can atır ki, burada əsl həqiqi obyektivlik sayılan subyektivin iç məzmunu vasitəsilə bu obyektiv dünyanı müəyyən etsin. Birinci cəhd biliyin həqiqətə cəhdi, özlüyündə idrakdır – ideyanın nəzəri fəaliyyətidir; ikinci cəhd isə xeyrin gerçəkləşməyə cəhdidir – iradədir, praktiki fəaliyyətdir.


alfa) İdrak

§ 226

İdrak sonludur; idrakın bu ümumi sonluluğu əksliklərin müqəddiməsi olan mühakimə ilə bağlıdır və bu müqəddiməyə idrak fəaliyyətinin özü açıq-aydın ziddir. İdrakın bu ümumi sonluluğu əsasən onun öz ideyası ilə müəyyən olunur, belə ki, sonlu idrakın ayrı-ayrı momentləri idrakın bir-birindən fərqli növlərinə uyğun formalar alır və bu momentlər müstəqil olduqlarından onlar bir-birilə anlayış bağlılığında deyil, refleksiya bağlılığındadırlar. Odur ki, mövcud bir şey kimi materialın assimlyasiyası həm də elə baş verir ki, bu zaman anlayışın bir-birinə münasibətdə müxtəlif (der Verschiedenheit) formalarda çıxış edən tərifləri assimlyasiya olunan materiala dışarı olur. Bu – abstrakt idrak formasında fəaliyyət göstərən zəkadır. Odur ki, bu idrakın əldə etdiyi həqiqət də yenə sonlu həqiqətdir; anlayışın sonsuz həqiqəti bu idrak üçün ancaq özündə – əsl məqsəd kimi, onun üçün o dünyaya məxsus bir şey kimi qeyd olunur. Amma bu idrak özünün dış fəaliyyətində anlayışa əsaslanır və anlayışın tərifləri onun irəliləmə hərəkətinin ana xəttidir.



Əlavə. İdrakın sonluluğu öncədən tapılmış hansısa bir aləmə müqəddimə verməsindən ibarətdir və bu zaman dərk edən subyekt sanki tabula rasadır.103 Bu fikir idrakı üzdən, zahiri anlamaqdan daha uzaq olduğuna baxmayaraq Aristotelin ünvanına deyilir. Bu zahiri idrak özünü hələ anlayışın fəaiyyəti kimi bilmir; o özü üçün deyil, yalnız özündədir. Onun fəaliyyəti onun özünə passiv görünür, amma əslində o, aktiv xarakter daşıyır.

§ 227


Sonlu idrak müxtəlif şeylərin (das Untekschiedene) öncədən tapılan idraka əks olduğu dış təbiətin və ya şüurun müxtəlif faktları olduğu müddəasından çıxış etdiyindən 1) öz fəaliyyətinin əsas forması formal eyniyyət, yaxud ümum abstraksiyadır. Odur ki, onun fəaliyyəti verilmiş konkretin parçalanmasından, onu müxtəlifliklərinə ayırmaqdan və onlara abstrakt ümumilik verməsindən ibarətdir. Başqa sözlə, bu fəaliyyət konkreti əsas kimi saxlamaqdan və mühüm olmayan kimi görünən xüsusiyyətlərdən abstraktlaşdırma, sərfnəzər etmək vasitəsilə konkret ümumini, cinsi və ya gücü və qanunu ayırmqdan ibarətdir. Bu – analitik metoddur.

Əlavə. Analitik və sintetik metodlar haqqında adətən deyirlər ki, onlardan hansı birisini seçmək guya bizim öz ixtiyarımızdadır. Amma bu belə deyildir; Sonlu idrakın anlayışından irəli gələn bu metodların hansından istifadə edilməsi dərk edilən predmetlərin öz formasından asılıdır. İdrak əsasən analitik fəaliyyətdir. Onun məşğul olduğu obyekt təkcə obrazdır (die Çestalt der Vereilzelunq) və analitik idrak fəliyyəti ona verilən təkcəni ümumiyə çevirməyə yönəlir. Burada təfəkkür yalnız abstrakt anlam, yaxud formal eyniyyət anlamı daşıyır. Bu baxış Lokkun və bütün empiriklərin baxışıdır. Bir çox müəlliflər deyirlər ki, idrak ona verilən konkret predmetləri abstrakt elementlərə parçalamaqdan və sonra onları ayrı-ayrılıqda gözdən keçirməkdən başqa heç nə edə bilməz. Ancaq aydındır ki, bu cür idrak şeylərin təhrif edilməsidir. (Verkehren) və şeyləri olduğu kimi götürmək istəyən idrak özü özü ilə ziddiyyətə girmiş olur. Belə ki, məsələn, kimyaçı bir parça əti retorta104 yerləşdirərək onun üzərində cürbəcür əməliyyatlar aparır, sonra da deyir ki, mən onun oksigendən, karbondan, hidrogendən və i. a. olduğunu aşkar etdim. Amma bu abstrakt maddələr artıq ət deyillər. Psixoloq da eynilə kimyaçı kimi müəyyən bir davranışın ayrı-ayrı tətəflərini bir-birindən ayrı şəkildə gözdən keçirir. Bu zaman analiz edilmiş predmet elə gözdən keçirilir ki, sanki o qatları bir-bir soyulan soğandır.

§ 228

Sonlu idrakın bu ümumiliyi 2) həmçinn müəyyən ümumilikdir. İdrak fəaliyyəti burada sonlu idrakda özünün sonsuzluğu halında mövcud olmayıb hissi idrakın müəyyənləşdirdiyi anlayışın momentlərindən keçir. Predmetin belə anlayış formasına salınması sintetik metoddur.



Əlavə. Sintetik metodun hərəkət yönü analitik metodun hərəkət yönünün əksinədir. Analitik metod təkcədən çıxış edib ümumiyə doğru hərəkət etdiyi halda, sintetik metodun çıxış nöqtəsi, əksinə, ümumidir (tərif kimi) və bu metod xüsusilərdən (parçalanmadan hasil edilən) təkcəyə (teoremə) doğru hərəkətdir. Beləliklə, sintetik metod özünü anlayışın predmetdəki momentlərinin inkişafı kimi aşkar edir.

§ 229


aa) İdrakın ümumiyyətlə müəyyən anlayış forması verdiyi predmet, beləliklə onun cinsi və ümumi müəyyənli sayılır və bu anlayış forması predmetin tərifidir. Bu tərif üçün material və əsaslar analitik metodla əldə edilir (

§ 227). Lakin müəyyənlik yalnız bir əlamət olmalıdır, yəni yalnız dış, subyektiv idraka yardımçı olmalıdır.

Əlavə. Definisiyada (tərifdə) anlayışın hər üç momenti: əsas cins (qenus proximum) kimi ümumi, cinsin müəyyənliyi (qualitas spesifika) kimi xüsusi və müəyyənləşmiş predmetin özü kimi təkcə vardır. İlk öncə definisiyanın mənşəyi ilə bağlı sual doğur və suala ümumiyyətlə cavab verməliyik ki, definisiya və ya tərif analitik yolla yaranır. Amma bu cavab dərhal verilmiş tərifin düzgünlüyü ilə ilgili mübahisə doğurur, çünki tərif onun çıxış nöqtələri olan qavrayışların xarakterindən və hansı baxımdan verilməsindən asılıdır. Tərif verilmiş predmet zəngin olduqca daha çox tərəflərilə gözə dəyir və ona verilən təriflər də müxtəlif olur. Belə ki, məsələn, həyatın, dövlətin və i. a. çoxlu tərifləri vardır. Həndəsə üçün isə tərif vermək daha asandır, çünki onun predmeti, məkan çox abstraktdır. Sonra, göstərmək lazımdır ki, tərif verilən predmetin məzmunu ilə bağlı heç bir zərurət verilmir. Biz razılaşmalıyıq ki, məkan, bitki, heyvan və i. a. mövcuddur və adı çəkilən predmetlərin zəruriliyini göstərmək həndəsənin, botanikanın və i. a. işi deyil. Tək bu səbəbdən fəlsəfə üçün sintetik metod da analitik metod kimi az yararlıdır, çünki fəlsəfə hər şeydən öncə öz predmetlərini təsdiq etməli və onların zəruriliyini göstərməlidir. Buna baxmayaraq fəlsəfədə də sintetik metoddan istifadə edilməsinə çox can atılmışdır. Belə ki, Spinoza definisiyalardan başlayıb məsələn, deyir: substansiya causa sui. Onun tərifinə (definisiya) yüksək dərəcədə spekulyativ həqiqətlər daxil edilmişdir, ancaq bu həqiqətlər Spinoza təriflərinə inam formasında daxil edilmişdir. Bu Sellinqə də aiddir.

§ 230


bb) Anlayışın ikinci momentinin, ümuminin müəyyənliyi kimi xüsusinin göstərilməsi nə isə bir xarici baxış nöqtəsinə əsaslanaraq anlayışın bölgüsündən ibarətdir.

Əlavə. Bölgüyə verilən tələb budur ki, o, tam olsun və bunun üçün elə bir prinsip və ya özül olmalıdır ki, ondan çıxış edilərək aparılan bölgü tərifin, yaxud definisiyanın göstərdiyi sahə tam həcmilə əhatə olunsun. Bölgü zamanı çox önəmli olan budur ki, bölgünün prinsipi bölgüyə məruz qalan predmetin təbiətindən hasil edilsin, çünki yalnız buna əməl etməklə bölgünün təbii olmasını təmin etmək olar. Belə ki, məsələn, zoologiyada məməlilərin bölgüsünü apararkən prinsip kimi əsasən dişlər və caynaqlar götürülmüşdür, çünki məməlilər öz bədənlərinin yalnız bu orqanları ilə bir-birindən fərqlənirlər və onların dəyişik siniflərinin ümumi tipi bu orqanların quruluşundan asılıdır. Ümumiyyətlə həqiqi bölgü anlayışla aparılan bölgüdür. Odur ki, bölgü hər şeydən öncə üç üzvlü olmalıdır; amma xüsusilik özünü ikiləşmş halda göstərdiyindən bölgü dörd üzvlü də ola bilər. Ruh sferasında trixotomiya üstünlük təşkil edir və Kantın xidmətlərindən biri bunu göstərməsindən ibarətdir.

§ 231

cc) Definisiyada ifadə olunan sadə müəyyənliyin bağlantı kimi baxıldığı konkret təkcədə predmet fərqli təriflərin sintetin bağlantısıdır, bir teoremdir. Bu təriflər fərqli olduqlarından onların eyniyyəti vasitələnmiş eyniyyətdir. Aralıq üzvləri təşkil edən materialın əldə olunması konstruksiyadır, idrak üçün göstərilən bağlantının zəruriliyinin yarandığı vasitələnmə isə sübutdur.



Qeyd. Adi göstərişə görə sintetik və analitik metodlar arasındakı fərqin xarakteri, bu metodlardan hansının istifadə olunması ümumiyyətlə və bütövlükdə ixtiyari seçimdən asılıdır. Əgər biz ilkin şərt, müqqədimə kimi sintetik metoda görə sonuc olan konkreti götürürüksə, onda bu konkretdən analiz yolu ilə sübutun ilkin şərtlərini və onun üçün material olan abstrakt tərifləri hasil edə bilərik. Əyri xəttin riyazi tərifləri həndəsədə teorem adlanır və eynilə bu cür düzbucaqlı üçbucağın definisiyası kimi götürülən Pifaqor teoremindən analiz yolu ilə bu teoremdən öncə sübut olunmuş teoremlər hasil etmək və onlardan Pifaqor teoremini hasil etmək olar. Analizin və ya sintezin seçimində sərbəstlik onların hər ikisinin dış müqəddiməyə əsaslanmasından irəli gəlir. Anlayışın təbiətinə uyğun olaraq analiz sintezdən öncədir, belə ki, öncə empirik – konkret materialı ümumi abstraksiya biçiminə qaldırmaq lazımdır və ancaq bundan sonra onları sintetik metodda definisiya kimi qeyd etmək olar. Öz sahələrində önəmli olan və parlaq uğur qazanmış bu metodların (analiz və sintez – A. T.) fəlsəfi idrak üçün yaramadığı özlüyündə aydındır, belə ki, onlar müqəddimədən çıxış edirlər və onlarda idrak özünün irəliləmə hərəkətində formal eyniyyətə söykənən hissi, empirik xarakter daşıyır. Həndəsi metodu başqalarından daha çox tətbiq edən və onu spekulyativ anlayışları hasil etmək üçün tətbiq edən Spinozada bu metodun formalizmi bir anda gözə dəyir. Bu metodu ifrat pedantizmə çatdıran Volf fəlsəfəsi də məzmunca hissi idrakın metafizikasıdır.

Bu metodların formalizmindən fəlsəfədə və elmlərdə yol verilmiş əvvəlki sui-istifadə ən yeni zamanda konstruksiya adlanan suiistifadə ilə əvəz olundu. Kant riyaziyyat öz anlayışlarını konstruksiya edir təsəvvürünü işə saldı; bu yalnız onu göstərdi ki, riyaziyyat anlayışlarla deyil, hissi seyrin abstrakt təriflərilə məşğul olur. Beləliklə, anlayışların konstruksiyasını irəlicədən qəbul edilmiş sxem, cədvəl formasında fəlsəfi və elmi predmetlərin ixtiyari təsnifatının formal üsulu istisna olmaqla qavrayışdan alınan hissi təriflərin göstərilməsi adlandırdılar. Burada, arxa planda, şübhəsiz, ideya haqqında, anlayışın və obyektivliyin vəhdəti haqqında bulanıq təsəvvür, eləcə də ideyanın konkret olması barədə təsəvvür görünür. Lakin bu oyun və konstruksiya deyilən şey yalnız özlüyündə anlayışın təmsil edə bildiyi vəhdəti göstərməkdən uzaqdır və hissi-konkret seyr də konkret təfəkkürü və ideyanı çox az təmsil edir. Lakin həndəsə məkanın hissi, ancaq abstrakt seyri ilə məşğul olduğundan asanlıqla orada sadə empirik tərifləri qeydə ala bilər; odur ki, yalnız həndəsədə sintetik metod mükəmməllik əldə edə bilər. Amma təqdirə layiqdir ki, öz yolu ilə irəliləyərək, həndəsə sonda ölçülməz və irrasional kəmiyyətlərlə üzləşir və əgər bu kəmiyyətlərdə həndəsə spekulyasiya105 (im Bestimmen) yolu ilə irəliləmək istəyirsə, hissi seyr prinsipindən kənara çıxmağa məcburdur. Və burada da başqa sahələrdə olduğu kimi təhrif olunmuş terminologiya alınır: bizim rasional adlandırdığımız şey əslində hissi seyr sahəsinə məxsus olur, irrasional adlandırdığımız şey isə daha çox təfəkkürün aqilliyinin başlanğıcı və izidir. Digər elmlər artıq hissi seyrin köməyi ilə irəliləməyin mümkünsüz həddinə çatdıqda (bu isə tez-tez və zəruri olaraq baş verir, çünki məkanın sadə tərifləri və ya ədədlər onların predmeti deyil) çətinlikdən çıxmaq üçün asan yol axtarırlar. Onlar öz təriflərinin inkişaf ardıcılığını qırır və ehtiyac duyduqları anlayışları kənardan,təsəvvür, rəy, davranış sahəsindən, yaxud başqa qaynaqlardan götürürlər (bu ehtiyac duyulan, kənardan mənimsənilən anlayışlar isə öncəki təriflərə çox vaxt əks olur). Sonlu idrak özünün istifadə etdiyi metodun və onun məzmuna münasibətinin təbiətini dərk etmədiyindən definisiyalar, bölgülər və i. a. yolu ilə hərəkət etdikdə anlayışın təriflərinin zəruriliyinə əsaslandığını görməyə bilər. Bu səbəbdən də sonlu idrak görmür ki, özünün son həddinə çatmışdır, bu həddi aşdıqda isə o hissi seyrin təriflərinin heç bir gücə malik olmadığı sahədə olduğunu bilir və onları burada da kobudcasına tətbiq edir.

§ 232

Sonlu idrakın sübutda doğurduğu zərurət öncə yalnız subyektiv düşüncə üçün nəzərdə tutulmuş dış zərurətdir. Amma özlüyündə zərurətdə sonlu idrak öz müqəddiməsini və sonlu idrakın məzmunu öncədən tapılmış və mövcud çıxış nöqtəsini tərk edir. Zərurət özündə özünü özü ilə bağlayan anlayışdır. Subyektiv ideya özündə, beləliklə, verilməmiş və ona görə də ona subyekt kimi immanent olan özünə və özü-üçün müəyyənliyə gəlir. İradə ideyasına keçir.



Əlavə. İdrakın sübut vasitəsilə gəldiyi zərurət onun çıxış nöqtəsinə əksdir. İdrak özünün çıxış nöqtəsində verlmiş və təsadüfi məzmuna malik olur; indi öz hərəkətinin son nöqtəsində isə o məzmunu zərurət qismində görür və bu zərurət subyektiv fəaliyyətlə vasitələnir. Subyektivlik də başlanğıcda tamamilə abstrakt, yalnız tabula rasa idi, indi isə o, əksinə, müəyyənedicidir. Bu, idrak ideyasından iradə ideyasına keçiddir. Bu keçid əsasən ondan ibarətdir ki, həqiqətən subyektivlik kimi, hərəkətli, fəal və tərifləri olan anlayışdır.

betta) İradə

§ 233

Özündə və özü üçün müəyyən və özünə bərabər sadə məzmun kimi subyektiv ideya xeyirdir (das Çute). Onun həqiqət ideyasının əksinə olaraq özünü reallaşdırmağa can atmasının vəzifəsi öncədən tapılmış dünyanı öz məqsədinə uyğun müəyyənləşdirməkdən ibarətdir. Bu iradə bir tərəfdən, öncədən tapılan obyektin önəmsizliyinə əminlikdir, digər tərəfdən isə – iradə sonlu iradə kimi xeyrin məqsədini yalnız subyektiv ideya kimi qeyd edir və obyektin müstəqilliyə malik olduğunu düşünür.



§ 234

Odur ki, bu fəaliyyətin sonluluğu obyektiv dünyanın ziddiyyətli təriflərində xeyrin məqsədinin mühüm olduğu qədər də qeyri-mühüm, gerçəkləşən olduğu qədər də gerçəkləşə bilməyən olduğu, gerçəklik olduğu qədər də imkan olması arasındakı ziddiyyətdən ibarətdir. Bu ziddiyyət xeyrin gerçəkləşməsinin sonsuz proqresidir və bu sonsuz proqresdə xeyir yalnız zərurət, labüdlük kimi qeyd olunur. Ancaq formal olaraq bu ziddiyyət fəaliyyətin məqsədinin subyektivliyinin və deməli, onun obyektivliyinin, onların hər ikisinə sonluluq verən əksliyin aradan qaldırılması ilə yox olur. Bu fəaliyyət nəinki bu subyektivliyin, ümumiyyətlə subyektivliyin birtərəfliliyini aradan qaldırır, çünki başqa belə bir yeni subyektivlilik, yəni əksliklərin yenidən yaranması əvvəlki, aradan qaldırılmış subyektivlikdən fərqlənmir. Bu özünə qayıdış həm də xeyirdən və tərəflərin özündə həqiqi eyniyyətindən ibarət olan məzmunun xatırlanmasıdır, nəzəri münasibətin (

§ 224) müqəddiməsinin, bu müqəddimədə obyektin substansial və həqiqi olduğunun xatırlanmasıdır.

Əlavə. İntellekt (der İntelligenz) dünyanı olduğu kimi götürməyə can atdığı halda, iradə əksinə, dünya necə olmalıdırsa, o cür etməyə can atır. Bilavasitə, öncədən tapılanı iradə davamlı varlıq saymayıb yalnız görüntü, özlüyündə cüzi bir şey hesab edir. Burada əxlaqi baxışın ümidsiz vurnuxduğu ziddiyyətlər çıxış edir. Praktiki baxımdan bu baxış Kantın, eləcə də Fixtenin fəlsəfi baxışıdır. Xeyir reallaşmalıdır; biz onun gerçəkləşməsinə çalışmalıyıq və iradə yalnız fəal xeyirdir. Amma dünya necə olmalıdırsa, o cür olsaydı, onda iradəyə artıq fəaliyyət kimi yer qalmazdı. Deməli, iradənin tələbi budur ki, onun məqsədi bir tərəfdən reallaşmasın. Burada iradənin sonluluğu yaxşı ifadə edilmişdir. Amma biz, bu sonluluq üzərində dayanmamalıyıq və iradə prosesinin özü onu və ondakı ziddiyyəti aradan qaldırır. Barışıq ondan ibarətdir ki, iradə öz sonucunda idrakın çıxış nöqtəsinə, deməli, nəzəri və praktiki ideyanın vəhdətinə qayıdır. İradə məqsədi özününkü bilir və intellekt dünyanı gerçək anlayış kimi başa düşür. Bu, düşünən idrakın əsl mövqeyidir. Əhəmiyyətsiz və yox olmalı şeylər dünyanın gerçək mahiyyətini deyil, yalnız öz qabığını oluşdurur. Dünyanın əsl mahiyyəti özündə və özü üçün anlayışdan ibarətdir və beləliklə, dünyanın özü ideyadır. Biz dünyanın sonlu məqsədinin gerçəkləşdiyi qədər də əbədi gerçəkləşdiyini dərk etdikdə təmin olunmamış cəhd yox olur. Bu, ümumiyyətlə yetkin insanın baxışı olduğu halda gənclik düşünür ki, bütün dünya şər üzərində dayanmışdır və hər şeydən öncə onu tamamilə başqa dünyaya çevirmək lazımdır. Dini şüur əksinə, dünyanı ilahi əqlin idarə etdiyini, deməli, necə olmalıdırsa, o yöndə idarə etdiyini düşünür. Amma varlığın və zərurətin bu uyğunluğu donmuş, hərəkətsiz deyildir, çünki xeyir, dünyanın son məqsədi ona görə mövcuddur ki, o daim özü özünü doğurur və ruhi və təbii dünya arasında həm də fərq budur ki, təbiət daim yalnız özü özünə döndüyü halda ruhi aləmdə, şübhəsiz, proqres də vardır.

§ 235

Beləliklə, xeyrin həqiqəti nəzəri və praktiki ideyanın vəhdəti kimi müəyyənləşmişdir və bu vəhdət onu göstərir ki, özündə və özü üçün xeyir əldə olunmuşdur, obyektiv dünya özündə və özü üçün ideyadır və həm də əbədi olaraq özünü məqsəd kimi düşünür və öz fəaliyyəti sayəsində gerçək olur. Müxtəliflikdən (der Differenz) özünə dönən həyatdır və idrakın sonluluğundan özünə qayıdan və anlayışın fəaliyyəti sayəsində anlayışla eyniyyətdə olan bu həyat spekulyativdir, yaxud mütləqdir, ideyadır.



c. Mütləq ideya

§ 236


Subyektiv və obyektiv ideyaların vəhdəti kimi ideya ideya anlayışından ibarətdir; ideya anlayışı üçün ideya özlüyündə bütün tərifləri əhatə edən predmetdir, obyektdir. Bu vəhdət mütləq və tam həqiqətdir, özü özünü düşünən və məntiqi ideya kimi özünü düşünən ideyadır.

Əlavə. Mütləq ideya hər şeydən öncə praktik və nəzəri ideyaların vəhdətidir və deməli, həm də həyat ideyası ilə idrak ideyasının vəhdətidir. İdrakda ideya qarşımıza müxtəliflik formasında çıxdı və idrak prosesi, bildiyimiz kimi bu müxtəlifliyin aradan qaldırılması və adı çəkilən vəhdətin, yəni özlüyündə və özünün bilavasitəliyində əsasən həyat ideyasından ibarət olan vəhdətin bərpa edilməsindən ibarətdir. Həyatın yetərsizliyi ondan ibarətdir ki, o hələ yalnız özündə mövcud ideyadır; idrak isə əksinə, birtərəfli və yalnız özü üçün ideyadır. Onların vəhdəti və həqiqəti özündə və özü üçün mövcudluqdur, deməli, mütləq ideyadır. Bura qədər bizim baxış predmetimiz inkişafda olan və ayrı-ayrı pillələri keçmiş ideya idi; indi isə artıq ideyanın özü özü üçün predmetlidir. Bu – allah ideyasıdır ki, bunu Aristotel ideyanın ali forması adlandırmışdır.

§ 237

Mütləq ideya özü üçündür, çünki onda nə keçidlər, nə müqəddimə və ümumiyyətlə ötəri və şəffaf olmayan heç bir müəyyənlik yoxdur; o özü məzmununu özü kimi seyr edən anlayışın xalis formasıdır. Mütləq ideya özünün öz məzmunudur, çünki o özünü özündən ideal (ideelle) fərqləndirməsidir və fərqləndirmələrdən biri özü ilə eyniyyətdir, amma bu eyniyyətdə məzmunlu təriflər sistemi kimi formaların totallığı vardır. Bu məzmun məntiqinin sistemidir. Forma kimi ideyanın payına bu məzmunun metodundan – onun momentlərinin ləyaqəti (der Wahrunq) haqqında müəyyən bilikdən başqa heç nə düşmür.



Əlavə. Mütləq ideyadan söz açanlardan onun nəhayət əsl izahını eşidəcəyimizi düşünürük. Əlbəttə, mütləq ideya haqqında məzmunsuz deklarasiyalarla uzunçuluq etmək olar. Lakin ideyanın həqiqi məzmunu inkişafını izlədiyimiz bütöv sistemdən başqa bir şey deyil. Həmçinin demək olar ki, mütləq ideya ümumidir; ancaq o xüsusi məzmununa nə isə başqa bir şey kimi qarşı duran abstrakt forma kimi yox, bütün təriflərin geri dönərək toplaşdığı və onunla müəyyənləşən məzmunun bütövlüyündən ibarət mütləq formadır. Bu baxımdan mütləq ideyanı uşağın söylədiyi dini məzmunu təkrar söyləyən qoca ilə müqayisə etmək olar, ancaq qoca adam üçün söylənilən dini məzmun onun bütün həyatının mənasıdır. Əgər uşaq dini məzmunu anlayırsa belə, yenə də bu məzmun onun üçün elə bir məzmundur ki, bütün həyat və bütün dünya ondan kənarda təsəvvür olunur. Bunu ümumiyyətlə insan həyatı və onun məzmununu oluşduran olaylar barədə də söyləmək olar. İnsanın bütün can atımı məqsədə nail olmağa yönəlir, bu məqsəd əldə olunduqda biz, istədiyimizdən başqa bir şey tapmadıqda təəccüblənirik. Amma maraq doğuran bütövlükdə hərəkətdir. İnsan öz həyatını izləyərsə, sonuncu mərhələ ona çox məhdud görünə bilər, amma bu sonluq özündə hər şeyi yerləşdirən dekursus vitaedir.106 Eləcə də mütləq ideyanın məzmunu gözümüzün qarşısında genişlənən əhatəli məzmundur. Nəhayət, biz bilirik ki, məzmun və maraq bütün inkişaf yolundan başqa bir şey deyildir. Sonra, fəlsəfi anlama ondan ibarətdir ki, müstəqil (für sich) götürülən hər bir məhdudluq tama məxsus və ideyanın momentləri olduğu üçün dəyər qazanır. Burada da belədir. Biz məzmunu bilirik və bununla yanaşı bilirik ki, məzmun ideyanın canlı inkişafıdır və bu sadə keçmişə ünvanlanmış baxış formanın özündədir. İndiyədək gözdən keçirilmiş mərhələlərdən hər biri mütləqin obrazıdır (ein Bild), amma mütləq bu pillələrdə öncə məhdud halda çıxış edir və odur ki, o özünü (açıqlanmasını metod adlandırdığımız) bütövə sarı qovur.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə