MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə17/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   12   13   14   15   16   17   18   19   20
§ 187). Bu əqlinəticədə ümumi önəmli dərəcədə özü özlüyündə müəyyənləşmiş haldadır. İlk sırada 1) xüsusi müəyyən cins və ya anlamında vasitələndirici tərifdir ki, bu, qəti əqlinəticə olur; 2) sonra, bilavasitə varlıq anlamında təkcə vasitələndirici olduğu qədər də vasitələnəndir; bu hipotetik əqlinəticədə özünü göstərir; 3) vasitələndirici ümumi özünün xüsusiliklərinin totallığı kimi və xüsusi təkcə, təkcəliyin istisnası kimi düşünülür; bununla dizyunktiv əqlinəticədə qarşılaşırıq. Beləliklə, dizyunktiv əqlinəticə təriflərində eyni bir ümumi çıxış edir və bu təriflər ümuminin ifadəsinin ayrı-ayrı formalarından ibarətdir.

§ 192


Öncəki paraqraflarda götürülən əqlinəticə özündəki fərqlərə və bu fərqlərin inkişafının sonuclarına görə fərqlərin özü özünü və anlayışın özündən-kənar-varlığını aradan qaldırmasından ibarətdir. 2) Bu momentlərdən hər biri özünü momentlərin totallığı, deməli, bütöv əqlinəticə kimi göstərir; 2) onların fərqinin inkarı və vasitələnməsi özü-üçün-varlığı təşkil edir, belə ki, eyni bir ümumi bu formaların hər birində və onların eyniyyəti kimi olur. Mometlərin bu ideallığında əqlinəticə prosesi aşağıdakı tərifi alır: əqlinəticə müəyyənliklər vasitəsilə baş verən proses olub özündə önəmli dərəcədə bu müəyyənliklərin inkarı vardır; deməli, əqlinəticə vasitələnmənin aradan qaldırılması, ikarı vasitəsilə vasitələnmə və subyektin başqası ilə deyil, inkar olunmuş başqası, özünün özü ilə birləşməsi prosesidir.

Əlavə. Adi məntiqdə əqlinəticə haqqında təlimin gözdən keçiriməsi ilə elementlər haqqında təlim deyilən birinci bölüm bitir. Sonra metod haqqında təlim adlandırılan ikinci bölüm başlayır və bu təlim də göstərməlidir ki, məntiqin elementlər haqqında bölümündə gözdən keçirilmiş təfəkkür formalarının mövcud obyektlərə tətbiqi vasitəsilə bütöv elmi idrak necə yaranır. Bu obyektlərin haradan alınması və ümumiyyətlə obyektivlik haqqında fikrin nədən ibarət olduğu barədə empirik və ya formal məntiq heç bir bilgi vermir. Burada təfəkkür yalnız subyektiv və formal fəaliyyət sayılır və təfəkkürün əksinə olaraq obyektivlik nə isə davamlı, möhkəm və özü üçün mövcud varlıq kimi götürülür. Amma bu dualizmin heç bir anlamı yoxdur və subyektivin və obyektivin təriflərinin araşdırılmasını davam etdirmədən və onların haradan, nədən doğduğu sualına cavab vermədən o tərifləri götürmək mənasızdır. Hər iki tərif (həm subyektivlik, həm də obyektivlik) hər haldı fikirlərdir və əsasının ümumidə və özü özünü müəyyən edən təfəkkürdə olduğunu sübut etməli olan müəyyən fikirlərdir. Bunu burada biz öncə subyektivliyə münasibətdə həyata keçirdik. Biz onu, yəni (anlayışın, mühakimənin və əqlinəticənin daxil olduğu) subyektiv anlayışını məntiqi ideyanın birinci iki başlıca pilləsinin, yəni varlığın və mahiyyətin dialektik sonucu kimi dərk edirik. Anlayış, mühakimə və əqlinəticə tərifləri o dərəcədə subyektivdirlər ki, təfəkürün qanunları deyilən qanunlardan (eyniyyət qanunu, fərq qanunu və əsas qanunundan) sonra adi məntiqdə onun element haqqında təliminin məzmununu araşdırırıq. Ancaq bu subyektivliyə onun burada adları çəkilən tərifləri (anlayış, mühakimə və əqlinəticə) ilə birlikdə özü üçün mövcud obyektlərlə kənardan doldurulan boş qutu kimi baxmaq olmaz, çünki subyektivlik dialektik olmaqla öz sınırını yarıb əqlinəticə vasitəsilə keçərək obyektivlikdə özünü göstərir.

§ 193

Artıq qeyd edildi ki, anlayışın momentləri (ümumi, xüsusi, təkcə) arasında ümumi onun tək totallığıdır; anlayışın ayrı-ayrı üzvlərində totallıq olduğu və vasitələnmənin aradan qaldırılması ilə özünü bilavasitə vəhdət kimi müəyyən etdiyi tək, geriyə özünə dönən bu totallığında (ümumidə) reallaşması (Realisierunq) – anlayışın bu reallaşması obyektdir.



Qeyd. Subyektdən, ümumiyyətlə, anlayışdan, daha dəqiq deyilərsə, əqlinəticədən obyektə bu keçid nə qədər qəribə görünsə də (əgər yalnız empirik əqlinəticəni nəzərdə tuturlarsa və əqlinəticə prosesini şüurun fəaliyyəti kimi təsəvvür edirlərsə, bu keçid daha qəribə görünər) biz, yenə də bu keçidi təsəvvür üçün əlverişli etmək məqsədi güdə bilmərik. Ancaq sual oluna bilər ki, bizim obyekt haqqında adi təsəvvürümüz ona burada verdiyimiz tərifə təxmini olsa da uyğun gəlirmi? Amma obyekt dedikdə təkcə biz, abstakt varlıq və ya mövcud bir şey yaxud ümumiyyətlə nə isə bir gerçəklik, konkret, özündə tamamlanmış bir şey düşünmürük; bu tamlıq anlayışın totallığından ibarətdir. Obyektin həmçinin predmetə yaxud, başqa bir şeyə görə dış olması isə sonra müəyyənləşəcək, çünki obyekt özünü subyektivə əkslik sayır; burada isə o anlayışın öz vasitələnməsindən keçdiyi yalnız bilavasitə sadə obyektdir; eləcə də anlayış ilk dəfə olaraq subyektiv kimi yalnız öz əksliyində müəyyənləşəcək.

Obyekt həmçinin, ümumiyyətlə (özündə müəyyənləşməmiş) bir bütöv, ümumiyyətlə obyektiv aləm, allah, mütləq obyektdir. Ancaq obyekt həm də özündə fərqlidir, özü-özlüyündə (obyektiv aləm kimi) qeyri-müəyyən müxtəlifliyə bölünmüşdür və bu təkcələrdən (Verrinzelten) hər biri də yenə bir obyekt, özü-özlüyündə bir konkret, bütöv, müstəqil mövcud varlıqdır.

Obyektivliyi biz varlıqla, mövcudluq və gerçəkliklə müqayisə etdik; eləcə də biz mövcudluğa keçidi (varlığa keçid yoxdur, çünki varlıq birinci tamamilə abstrakt bilavasitədir) obyektivliyə keçidlə müqayisə etməliyik. Özünü aradan qaldıran və gerçəkliyə keçən mövcudluğun və reflektiv ilişginin (münasibətin) törəndiyi əsas hələ tam müəyyənləşməmiş anlayışdan başqa bir şey deyil, yaxud, başqa sözlə, onlar anlayışın yalnız abstrakt tərəfləridir: əsas anlayışın önəmli vəhdətidir, ilişgi isə yalnız özü özünə refleksiya etməli olan real tərəflərin bir-biri ilə ilişgisidir. Anlayış isə onların ikisinin vəhdətidir, obyekt də özü özlüyündə real totallıq kimi fərqlərə malik olan önəmli və ümumi vəhdətdir. Lakin aydındır ki, bütün bu keçidlərdə məqsəd anlayışın və ya təfəkkürün varlıqdan ayrılmazlığını (die Unzertrennlichkeit) göstərməkdən daha böyükdür. Biz tez-tez göstəririk ki, varlıq yalnız özünün özü ilə sadə ilişgisidir və bu yoxsul tərif hər halda anlayışda və ya təfəkkürdə vardır. Bu keçidlərin məqsədi tərifləri yalnız anlayışda olduğu kimi götürməkdən ibarət olmayıb (bu qüsuru həmçinin varlığı reallıqlardan biri sayan fikrə söykənərək allahın varlığının ontoloji sübutu da daşıyır) ondan ibarətdir ki, anlayış hər şeydən öncə varlığın obyektivliyin bu uzaq abstraksiyası ilə heç bir ümumi cəhəti olmayan özü üçün bir anlayış kimi necə müəyyənləşdirilməlidlrsə, o cür götürülsün və onun müəyyənliyinə anlayışın müəyyənliyi kimi baxaraq anlayışa məxsus və anlayışda olan müəyənlikdən fərqli bir formaya keçib-keçmədiyi və keçirsə necə keçdiyi görünsün.

Əgər bu keçidin məhsulu, obyekt anlayışla (bu onun özünə xas olan formalarına aiddir) uzlaşarsa, onda özündə-anlayışın və ya əgər istərsəniz, subyektivliyin və obyektivliyin eyni olduğu sonucu düzgün formula edilmiş olar. Ancaq subyektivliyin və obyektivliyin eyni olduğu nə qədər doğrudursa, onların fərqli olması da bir o qədər doğrudur. Belə ki, bir müddəanın doğruluğu başqa müddəanın boğruluğu qədərdirsə, onda bununla deyilmiş olur ki, bu müddəanın yalanlığı başqa müddəanın yalanlığı qədərdir; belə deyim üsulu ilə həqiqəti təsvir etmək olmaz. Bu müddəalarda sözü gedən özündə bir abstraksiyadır və o birtərəfliyi ümumiyyətlə, özünü aradan qaldırmaq və obyektə, digər birtərəfliyə keçməklə aradan qaldırılan anlayışdan daha birtərəflidir. Odur ki, bu özündə neqasiya100 vasitəsilə özünü özü-üçün-varlıq kimi müəyyənləşdirməlidir. Hər yerdə olduğu kimi, burada da spekulyativ, nəzəri fikri eyniyyət anlayışın və obyektin bayağı eyniyyətindən ibarət deyil. Bunu biz yetərincə çox qeyd etmişik, ancaq əgər biz bu eyniyyətə bağlı boş, bütünlüklə şər ifadədən doğan anlaşılmazlıqlara son qoymaq istəyiriksə, bu qeydi təkrar etməyə ehtiyac yoxdur. Lakin biz əlavə etməliyik ki, bu anlaşılmazlığa son qoyulacağına ümid etməyə əsas yoxdur.

Amma əgər anlayış və obyektin bu vəhdətini ümumi halda götürsək və onun özündə-varlığının birtərəfli formasını kənara qoysaq, taparıq ki, bu vəhdət bəlli olduğu kimi allahın varlığının ontolji sübutunun müqəddiməsidir və bu subütda ən mükəmməl şəkildə çıxış edir.101 Bu sübut haqqında gözəl fikirlərlə ilk dəfə qarşılaşdığımız Anselmdə,102 doğrudur, söz təfəkkürümüzdə bir məzmunun olub-olmamasından gedir. Onun sözü qısaca aşağıdakından ibarətdir: "Əlbəttə, daha ağlasığmaz olan təkcə intellektdə mövcud ola bilməz. Çünki əgər o ancaq intellektdə mövcuddursa, onda ağlasığır ki, o ancaq intellektdə mövcud olmaqdan daha real mövcudluqdur. Deməli, daha ağlasığmaz olan yalnız intellektdə mövcudluqdursa, onda o daha ağlasığandır, bu isə, şübhəsiz, mümkün deyil". Bizim gəlib çatdığımız təriflərə görə sonlu şeylər ondan ibarətdir ki, onların obyektivliyi onların haqqındakı fikirlərlə, yəni onların ümumi təriflərilə, cinsi və məqsədilə uzlaşmır. Dekart, Spinoza və başqaları bu vəhdəti daha obyektiv ifadə etmişlər; bilavasitə düzgünlük və ya inam prinsipi bu vəhdəti Anselmin etdiyi kimi daha subyektiv götürür, yəni qəbul edir ki, bizim şüurumuzda allah haqqında təsəvvür onun varlığı haqqında təsəvvürlə qırılmaz bağlıdır. Əgər bu inam prinsipi həm də dış sonlu şeylər haqqında təsəvvürlə bağlı bizim şüurumuzun və sonlu şeylərin varlığının bir-birindən ayrılmaz olduğunu qəbul edirsə, onda bu doğrudur, ona görə ki, seyrdə onlar mövcudluğun tərifilə bağlıdır. Ancaq bizim şüurumuzda mövcudluğun allah haqqında təsəvvür kimi sonlu şeylər haqqında iəsəvvürlə bağlı olduğunu düşünmək böyük anlamsızlıq olardı; bu zaman biz unutmuş olardıq ki, sonlu şeylər dəyişkən və müvəqqətidir, yəni mövcudluq onlarla yalnız müvəqqəti bağlıdır, bu bağlılıq əbədi deyil. Odur ki, Anselm sonlu şeylərə münasibətdə bizim qarşılaşdığımız bağlılığı kənara qoyub haqlı olaraq təkcə subyektiv olanı deyil, həm də obyektiv olanı mükəmməl adlandırmışdır. Ontoloji sübut deyilən sübuta və Anselmin verdiyi bu tərifə hər cür lovğa etinasızlığın heç bir yaxşı sonucu olmaz, belə ki, bu tərif yanlış fikirlərə uymayan hər kəsi ağlında hətta onun iradəsinə və bilavasitə inam haqqında təlim timsalında əmin olduğumuz kimi hər bir fəlsəfi təlim də etiraz edilməsi istəyinə zidd olaraq mövcuddur.

Amma Anselmin sübutunun yetərsizliyi Dekartın və Spinozanın, eləcə də bilavasitə bilik haqqında təlimin paylaşdığı bu yetərsizlik – ondan ibarətdir ki, daha mükəmməl – həmçinin subyektivcəsinə – həqiqi bilik kimi dəyərləndirilən bu vəhdət müqəddimə kimi, yalnız özündə götürülür. Bu abstrakt eyniyyətə qarşı onun rəqibləri dərhal o təriflərin fərqliliyi fikrini irəli sürürlər, yəni Anselmə çox öncə edilən etirazda olduğu kimi sonlu haqqında təsəvvürü və sonlunun mövcudluğunun sonsuzluğu təsəvvürünü bir-birinə qarşı qoyurlar, çünki öncə qeyd etdiyimiz kimi, sonlu elə obyektivlikdir ki, obyektivlik olmaqla yanaşı öz məqsədinə, mahiyyətinə və anlayışına uyğun gəlmir, bu anlayışdan fərqlidir yaxud mövcudluğu özünə daxil etməyən təsəvvürdür, subyektivdir. Bu etiraz və onun əksiliyi yalnız sonlunun qeyri-həqiqi olduğunu, özündə götürülən o təriflərin birtərəfli, hər cür anlamdan məhrum olduğunu və deməli, eyniyyətin o təriflərin girdiyi və orada barışdığı bir şey olduğunu göstərməklə aradan qalxır.

B

OBYEKT


§ 194

Obyekt özündə fərq daşıyır və özünü obyektdə aradan qaldıran bu fərqə biganəliyi sayəsində bilavasitə varlıq olur; bu səbəbdən obyekt bilavasitə varlıqdır; obyekt sonra, özündə totallıqdır və eyni zamanda bu eyniyyət yalnız momentlərin özündə-mövcud eyniyyəti olduğundan bu eyniyyət özünün bilavasitə momentlərinə biganədir; beləliklə, obyekt hər biri totallıq olan müxtəlif mövcudluqlara ayrılır. Odur ki, obyekt özünün müxtəlif mövcudluqlarının tam müstəqilliyi və tam qeyri-müstəqilliyi arasındakı mütləq ziddiyyətdir.

Qeyd. Mütləqin obyekt olması tərifi daha aydın şəkildə Leybinis monadasında ifadə olunmuşdur. Leybinisin fikrincə monada obyektdir, amma özündə təsəvvürlərə malik olan, yəni dünya haqqında təsəvvürlərin totallığından ibarət olmalı obyekdir. Monadanın sadə vəhdətində bütün fərqlər yalnız ideal, qeyri-müstəqil mövcud olur. Monadaya kənardan heç nə girmir, o yalnız inkişaf dərəcəsinə görə fərqlənən bütöv anlayışdır. Bu sadə totallıq da eynilə fərqlərin mütləq çoxluğunu daşıyır ki, onlar da öz sırasında müstəqil monadalardır. Monadada monadalar və onların iç inkişafının gedişinin öncədən müəyyən olunmuş harmoniyasında bu substansiyalar (monadadakı monadalar – A. T.) yenidən qeyri-müstəqillik və ideallıq səviyyəsinə düşürlər. Beləliklə Leybinisin fəlsəfəsi ziddiyyətlə doludur.

1-ci əlavə. Əgər mütləqi (allahı) obyekt kimi anlayıb və bundan irəli getmirlərsə, onda bu, ən yeni fəlsəfədə özəlliklə Fixtenin haqlı olaraq göstərdiyi kimi, cahillik və kölə qorxusundan başqa heç nədir. Allah, şübhəsiz obyektdir və həm də qarşısında bizim (subyektiv) rəyimizin və iradəmizin heç bir anlam daşımadığı bir obyektdir. Ancaq mütləq obyekt kimi allah qaranlıq və düşmən güc kimi subyektivliyə qarşı deyil, əksinə, onun özündə subyektivlik mühüm bir momentdir. Bu, xristianlıq dini təlimində belə ifadə edilir: allah istəyir ki, bütün insanlar xilas olsun və istəyir ki, insanların hamısı səadətə qovuşsunlar. Qurtuluş və səadətə insanlar özlərinin allahla vəhdəti şüuruna ucalması sayəsində əldə edirlər və allah bu zaman onlar üçün ancaq obyekt olmaqdan, deməli, qorxu və dəhşət predmeti olmaqdan çıxır (romalıların dini şüurunda allah qorxu və dəhşət predmeti kimi təsvir olunurdu). Sonra, əgər xristian dinində allah özünü insanlara onunla bir olan və ayrıca insan kimi öz oğlunda aşkar etdiyi və onları xilas etdiyi üçün sevgi kimi dərk edilirsə, onda allahın bu yaradıcılıq aktında belə bir fikir ifadə olunur ki, obyektivlik və subyektivlik arasındakı əkslik özündə aradan qaldırılmışdır, insanın özünü bu xilasolma və səadətə çatmanın iştirakçısı etmək, yəni bizim bilavasitə subyektivliyimizdən (əski Adəmi özümüzdən kənarlaşdıraraq) imtina edib allahı özümüzün həqiqi və mühüm olduğumuz kimi anlamaq artıq bizim işimizdir.

Din kimi dini ibadətlər, ayinlər də subyektivlik və obyektivlik arasındakı əksliyin aradan qaldırılmasından ibarətdir, eləcə də elmin və əsasən fəlsəfənin bu əksliyi təfəkkür vasitəsilə aradan qaldırmaqdan başqa bir məsələsi yoxdur. İdrakda, ümumiyyətlə, söz bizə qarşı duran obyektiv dünyanın bizə olan özgəliyini (Fremdheit) aradan qaldırıb adət üzrə deyildiyi kimi, ona bələd olmaqdan gedir, bu isə obyektiv olanı anlayışa, bizim dərin özlüyümüzü oluşduran anlayışa çevirmək deməkdir. Bu aydınlatmadan görünür ki, subyektivlik və obyektivlik arasındakı münasibətə möhkəm və abstrakt əkslik kimi baxılması necə də yanlışdır. Hər iki tərif (subyektivlik və obyektivlik – A.T.) bütünlüklə dialektik təriflərdir.Öncə subyektiv olan anlayış öz fəaliyyətinə uyğun olaraq heç bir dış materiala və ya maddəyə ehtiyac duymadan özünü obyektivliyə qovuşdurur, eləcə də obyekt hərəkətsiz, özündə heç bir prosesin getmədiyi bir şey deyil; onun inkişafı özünü eyni zamanda ideyaya doğru sonrakı inkişafdan ibarət olan subyektivlik kimi aşkar etməkdən ibarətdir. Subyektivlik və obyektivlik tərifləri ilə tanış olmayan və onları abstrakt halda götürənlər görəcəklər ki, onlar nəzər salmağa macal tapmamış bu abstrakt təriflər onarın əlindən sürüşüb çıxır və hər dəfə onlar demək istədiklərinin əksini deməli olurlar.

2-ci əlavə. Obyektivliyin üç forması var: mexanizm, ximizm və məqsədli münasibət. Mexaniki müəyyənləşdirilmiş obyekt bilavasitə indifferent obyektdir. Doğrudur, belə obyektlər özündə fərqlər daşıyır, ancaq onlar bir-birinə biganədirlər və yalnız dışarı ilişgidə olurlar. Ximizmdə isə əksinə, obyekt özünü önəmli dərəcədə fərqli göstərir, belə ki, obyektlər yalnız birinin digərinə münasibətindən ibarətdir və keyfiyyətcə bir-birindən ayrılırlar. Obyektivliyin üçüncü forması – teleoloji ilişgi – mexanizmin və ximizmin vəhdətindən ibarətdir. Məqsəd yenə də mexaniki obyekt kimi özünə qapanmış totallıqdır, amma bu totallıq ximizmdəki keyfiyyət differensiasiyası prinsipi ilə zənginləşmiş totallıqdır və beləliklə, məqsəd ona əks olan yaxud qarşı duran obyektlə bağlı olur. Məqsədin gerçəkləşməsi isə ideyaya keçiddir.

a. Mexanizm
§ 195

Obyekt 1) bilavasitəliyində yalnız özündə anlayışdır; onun subyektiv anlayış kimi anlayışı öncə obyektdən kənardadır və hər cür müəyyənliyi yalnız dışarı müəyyənlikdir. Ona görə də anlayış müxtəlif obyektlərin vəhdəti kimi bir aqreqat, qatışıqdır və bu aqreqatda bir obyektin başqasına təsiri dışarı təsirdir; bu – formal mexanizmdir. Bu formal ilişgidə və qeyri-müstəqillikdə obyektlər bir-birinə dış müqavimət göstərərək müstəqil qalırlar.

Qeyd. Mexaniki təzyiq və təkan kimi sözlər də bizim üçün anlamsız, qavrayışa, təsəvvürə və təfəkkürə, eləcə də bir-birinə dış münasibətdə olduqda yaddaşımıza mexaniki təsir edir, çünki bu zaman sözlər məna daşımayan ardıcıllıqdan ibarət olur. Davranışlar, zahidlik və i. a. da insan tərəfindən ənənəyə uyğun, vicdanın diktəsilə edilirsə, bu hərəkətlərdə onun öz ruhu və iradəsi yoxdursa, onun üçün dışarı və mexaniki bir hərəkət olur.

Əlavə. Obyektivliyin birinci forması kimi mexanisizm də predmetlər dünyasını gözdən keçirərkən ilk öncə refleksiya olunan və çox zaman irəli getməyən kateqoriyadır. Lakin bu baxış üsulu hətta təbiətə münasibətdə və bundan da artıq mənəvi aləmə münasibətdə yetərsiz olan dayaz və yoxsul fikri üsuldur. Təbiətdə mexanizmə yalnız hələ özünə qapalı materiyanın tamamilə abstrakt ilişgiləri tabedir; ancaq artıq dar anlamda fiziki sahə deyilən hadisə və proseslər (məsələn, işıq, istilik, maqnetizm, elektrik və i. a.) belə, xalis mexaniki üsulla qavranıla və anladıla bilməz, bu kateqoriyanın canlı təbiət sahəsinə keçirilməsi və tətbiq olunması heç yolverilməzdir, çünki burada canlının özəlliyinin, məsələn, qidalanmanın, böyümənin və i. a. heyvanların duyma qabiliyyətinin və s. dərkindən söz gedir. Hər halda ən yeni təbiətşünaslığın mühüm və başlıca qüsuru odur ki, mexanisizmin quru və yoxsul kateqoriyalarından tamamilə fərqli və daha yüksək kateqoriyalardan söz getməli olan yerdə yenə də israrla yanlış mülahizələrə inanmayan seyrin tələbinə zidd olan və təbiətin adekvat dərki yolunu öz üzünə qapayan mexanisizmin kateqoriyalarına söykənir. Ruh dünyasının törəmələrinin dərkinə gəlincə burada da çox zaman qanunsuz olaraq mexaniki baxış irəli sürülür. Belə ki, məsələn, deyirlər ki, insan bədən və ruhdan ibarətdir. Bu zaman ruh və bədəni bir-birilə yalnız dış ilişgidə olan müstəqil mövcudluqlar sayırlar. Bəzən isə ruha (könül və ya fərdi ruh – A.T.) bir-birilə yanaşı və müstəqil mövcud olan güclərin və qabiliyyətlərin bəsit kompleksi kimi baxılır.

Lakin biz, bir tərəfdən, ümumiyyətlə anlayışlı dərkin yaxud dünyanın anlayışlarda dərkinin yerini tutmaq istəyən və mexanizmi mütləq kateqoriya sayan mexaniki baxış üsulunu nə qədər qətiyyətlə rədd etməli olsaq da digər tərəfdən, yenə də açıq şəkildə mexanisizmin haqqını və ümum məntiqi kateqorya önəmini tələb etməliyik və bu tələbə uyğun olaraq mexanisizmin tətbiqi bu kateqoriyanın adını götürdüyü təbiət sahəsinin hüdudları ilə məhdudlaşdırılmalıdır. Deməli, mexanikanın sahəsindən kənarda özəlliklə məsələn, fizikada və fiziologiyada mexaniki təsirə (məsələn, gücün, ağırlıq) qüvvəsinin və i. a. təsirinə diqqət yetirilməsinə etiraz etmək olmaz; amma bu zaman diqqətdən qaçırmaq olmaz ki, fizika və fiziologiya sahəsində mexanikanın qanunları artıq həlledici yox, duruma tabe rol oynayırlar. Bu deyilənə onu da əlavə etməliyik ki, təbiətdə ali, başqa sözlə üzvi (bioloji – A.T.) funksiyaların bu və ya başqa şəkildə pozulduğu və ya ləngidiyi yerdə ümumiyyətlə tabe rol oynayan mexanisizm dərhal hakim mövqe tutur. Belə ki, məsələn, mədəsi zəif olan adam bəzi qida növlərindən az miqdarda belə qəbul etdikdən sonra qarın boşluğunda ağırlıq hiss etdiyi halda həzm orqanları sağlam olanlar eyni qidanı qəbul etdikdə o, ağırlığı hiss etmir. Bu, xəstə durumda olan bədənin bütün başqa üzvlərinə də aiddir. Ruhi aləmdə də mexanisizm tabe rol oynayır. Haqlı olaraq mexaniki yaddaş və digər mexaniki fəaliyyət növləri barəsində, məsələn, mexaniki oxu, mexaniki yazmaq, bədahətən şer demək və i. a. haqqında danışılır. Yaddaşa gəlincə hətta demək olar ki, mexaniki fəliyyət üsulu onun mahiyyətidir. İntellekt azadlığını ehtirasla müdafiə etməyə pis yönəlmiş ən yeni pedaqogikanın bu cəhəti çox vaxt diqqətdən qaçırması gəncliyin təhsili işinə az ziyan vurmamışdır. Hər halda yaddaşın təbiətinin araşdırılması üçün mexanikaya müraciət edən və onun qanunlarını ruha qeyd-şərtsiz tətbiq etməkdə davam edən şəxs özünü pis psixoloq kimi göstərmiş olur. Yaddaşda mexaniki olan yalnız ondan ibarətdir ki, burada bəlli işarələr, səslər və s. bir-birilə dış bağlılıq halında tutulur və sonradan onlar mənalarına və iç ilişgilərinə diqqət yönəldilməsinə ehtiyac duymadan dış ilişgiləri halında bərpa edilir. Mexaniki yaddaşın bu xarakterini anlamaq üçün mexanikanı öyrənmək gərək deyil və bu psixologiyaya heç bir xeyir gətirməz.

§ 196


Obyekt onu zorakılığa məruz qoyan qeyri-müstəqilliyinə məhz ona görə çatır ki, o, müstəqildir (öncəki paraqrafa bax). Obyekt özündə öncədən müəyyənləşən anlayış olduğu üçün sözü gedən təriflərdən (obyektivlik və subyektivlik – A.T.) biri özünün başqasında aradan qaldırılmır, ancaq obyekt özünün öz inkarı sayəsində, özünün qeyri-müstəqilliyi sayəsində özü-özü ilə birləşir və yalnız bundan sonra o müstəqilləşir. Beləliklə, dışarılıqdan (der Auberlishkeit) fərqli olaraq və onu özünün müstəqilliyində inkar edərək, bu müstəqillik onun özünün özü ilə inkarı vəhdətini, mərkəz nöqtəsini (Zentralitat), obyektin zahiriləşdiyi və istifadə olunduğu subyektivliyi yaradır. Bu zahiriliyin özü də özündə mərkəzləşmiş və bu mərkəzləşmədə o da mərkəzi başqasında olan mərkəzlə bağlıdır. Bu 2) laqeyd baxıla bilməyən fərqləndirilmiş mexanisizmdir (düşmə, istək, ünsiyyətə tələbat və s.)

§ 197


Bu ilişginin inkişafı əqlinəticə yaradır. Bu əqlinəticə müəyyən bir obyektin (abstrakt mərkəzin) mərkəzi təkcəliyi kimi immanent, iç inkarlığının qeyri-müstəqil obyektlərlə onların mərkəz nöqtələrini və qeyri-müstəqilliyini özündə birləşdirən bir araçı (nisbi mərkəz) vasitəsilə bağlanmasından ibarətdir. Bu 3) mütləq mexanisizmdir.

§ 198


Göstəriən əqlinəticə (T-X-Ü) üç ünsürlü əqlinəticədir. Qeyri-müstəqil obyektlərin formal mexanisizmin özünü rahat hiss etdiyi axmaq təkcəliyi (bu qeyri-müstəqillik üzündən) eyni zamanda dış ümumilikdir. Odur ki, bu obyektlər həm də mütləq və nisbi mərkəzlər arasında araçı (vasitəçi) ünsürdür (əqlinəticə forması Ü-T-X), çünki bu iki mərkəz qeyri-müstəqillikləri sayəsində bir tərəfdən bir-birindən uzaqlaşaraq kənar ünsürlər olurlar, digər tərəfdən isə araçı ünsür vasitəsilə bir-birilə bağlanırlar. Eləcə də substansial ümumi kimi mütləq mərkəzçilik, özündə həm də təkcəlik daşıyan xalis inkarlıqdan ibarət mərkəzçilik nisbi mərkəz və qeyri-müstəqil obyektlər arasında araçı ünsür, X-Ü-T əqlinəticəsinin formasıdır. Bu araçı ünsür özünün immanent təkcəliyi üzündən eyniyyət bağlantısını və sarsılmaz özündə-varlığı ayırır və özünün ümumiliyi üzündən onu yaradır.

Qeyd. Günəş sisteminə oxşar olaraq dövlət, məsələn, praktika sahəsində üç əqlinəticə sisteminə bənzəyir. 1) Təkcə (şəxs) (özünün sonrakı müstəqil inkişafında mülki cəmiyyətə gətirib çıxaran fiziki və mənəvi tələbatdan) şəxsi özəllikləri vasitəsilə ümumi ilə (toplumla, hüquqla, qanunla, hökumətlə) birləşir. 2) Fərdlərin iradəsi, fəaliyyəti elə bir araçı ünsürdür ki, onun sayəsində toplumda tələbatlar ödənilir, eləcə də toplum, hüquq və s. onun sayəsində tamamlanır və gerçəkləşir. 3) Ancaq ümumi (dövlət, hökumət, hüquq) elə substansial aralıq ünsürdür ki, orada fərdlər və onların təmin olunması tam gerçəkliyə çevrilir və özünün vasitəli və davamlı mövcudluğunu tapır. Bu təriflərdən hər biri eyni zamanda vasitəli ifadə kimi özünü üçlüyün (məsələn, T-X-Ü) digər kənar üzvü ilə birləşdirir, bu prosesdə o özü-özü ilə birləşir, özünü səmərəliləşdirir və bu onun özünüsaxlamasıdır. Yalnız bu birləşmənin təbiəti vasitəsilə, eyni məvhumlara malik bu üç əqlinəticə vasitəsilə bütöv özünün tam quruluşu ilə dərk edilir.

§ 199

Obyektlərin mütləq mexanisizmdə malik olduqları mövcudluğunun bilavasitəliyi bu obyektlərin bir-birilə ilişgisində vasitələnməsilə, deməli, onların qeyri-müstəqilliyi ilə özündə inkara məruz qalır. Beləliklə, obyekt öz mövcudluğunda özünün başqasına etinasız (different) müəyyənləşməməlidir.



b. Ximizm

§ 200


Özünün başqasına münasibətdə etinasız qalmayan obyekt onun təbiətini oluşduran və ona mövcudluq verən bir immanent müəyyənliyə malikdir; amma anlayışın öncədən müəyyənləşmiş totallığı kimi obyekt özünün bu totallığı və öz mövcudluğunun müəyyənliyi ilə (anlayışla – A.T.) ziddiyyətdən ibarətdir. Ona görə də obyekt bu ziddiyyəti aradan qaldırmağa canatımdan və özünün mövcud varlığını anlayışa uyğunlaşdırmaqdan ibarətdir.

Əlavə. Ximizm araşdırmaçıların özəl halda ayırmadığı, mexanisizm ilə birləşdirdiyi və bu birləşmədə "mexaniki ilişgi" ümumi adı altında məqsədyönlülük ilişgisinə qarşı qoyduqları obyekttivlik kateqoriyasıdır. Ximizmə bu cür yanaşmanın əsası ondadır ki, onun mexanisizm ilə əlbəttə, ümumi cəhəti var və bu ümumilik onların hər ikisinin yalnız özündə mövcud anlayış olmasıdır, bununla belə, onlara məqsəd kimi özü üçün mövcud anlayış kimi baxılmalıdır. Ancaq mexanizm və ximizm bir-birindən çox fərqlidir və bu ondan ibarətdir ki, obyekt mexanisizm formasında əsasən yalnız özünün özünə laqeyd münasibətidir, kimyəvi obyekt isə, əksinə, başqa obyektlə davamlı olaraq qarşılıqlı ilişgidə olur. Doğrudur, obyektin inkişaf etdiyi mexanizmdə o artıq başqa obyektlərlə ilişgidə olur. Amma mexaniki obyektlərin bir-birilə ilişgisi hələ dış ilişgidir, belə ki, bir-birilə bağlı olan obyektlər müstəqillik görüntüsünü saxlayırlar. Məsələn, təbiətdə bizim Günəş sistemini oluşduran ayrı-ayrı göy cisimləri biri digərinə münasibətdə hərəkətdə olurlar və bu hərəkət vasitəsilə bir-birinə aid edilirlər. Ancaq məkan və zamanın vəhdəti kimi hərəkət, tamamilə dış və abstrakt ilişgidir və ona görə də bir-birilə dış yöndən bağlı olan göy cisimləri həm də bu bağlılıqda mövcuddurlar və mövcud olacaqlar. Ximizmdə isə iş başqa cürdür. Kimyəvi baxımdan bir-birinə etinasız olmayan obyektlər etinasız olmadıqları (Differenz) sayəsində bir-birilə və biri digəri vasitəsilə bir bütövdə birləşməyə meyillidirlər.

§ 201

Odur ki, kimyəvi prosesin məhsulu prosesdə iştirak edər üzvlərə neytral münasibətdə olur və onlar özündə bu neytral məhsuldan ibarətdir. Anlayış, konkret-ümumi obyektlərin differensiasiyası (Differenz), ayrılması vasitəsilə təkcə, yəni məhsulla birləşir və bu birləşmədə anlayış ancaq özü özü ilə birləşmiş olur. Bu prosesdə digər əqlinəticələr də var. Fəaliyyət kimi təkcə, kimyəvi prosesin gedişində alınan məhsulda mövcudluq alan obyektlərin vasitələndirici, konkret-ümumi mahiyyətidir.




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə