MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə12/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
§ 120

Müsbət ayrılmış o fərqlilikdir ki, o özü üçün olmalıdır və bununla birlikdə özünün özgəsi ilə münasibətinə laqeyd qalmamalıdır. Mənfi sərbəst, özü ilə münasibətinə mənfi olmalıdır, özü üçün olmalıdır, amma bununla birlikdə bir mənfi kimi özünün özünə münasibətinə, öz müsbətinə yalnız özgəsində malik olmalıdır. Deməli, hər ikisi müəyyənləşmiş ziddiyyətdir, hər ikisi özündə eyni bir şeydir. Onların hər ikisi habelə özü üçün eynidirlər, belə ki, onlardan hər biri başqasını və özü özünü aradan qaldırmasından ibarətdir. Odur ki, onların ikisi də əsasda olurlar (qehen zu Grunde)72 yaxud başqa sözlə, özündə və özü üçün zəruri fərq yalnız bilavasitə özünün özündən fərqidir və deməli, özündə eyniyyətdir; deməli, belə özündə və özü üçün tam zəruri fərqə onun özü və eyniyyəti məxsusdur. Özü ilə münasibət kimi fərq eyni zamanda özü ilə eyniyyət kimi açıqlanmış olur və ümumiyyətlə əkslik odur ki, özündə birini və onun özgəsini, özünü və özünə əks olanı daşıyır. Bu qayda ilə müəyyənləşdirilən mahiyyətin özündə-varlığı əsas adlanır.

gamma) Əsas

§ 121


Əsas73 eyniyyət və fərqin vəhdətidir, eyniyyət və fərqin həqiqətidir, özündə-özünə və əksinə, başqasında reflesiyadır. Əsas totallıq kimi müəyyənləşmiş mahiyyətdir.

Qeyd. Əsas qanunu belə səslənir: "Hər şeyin kafi əsası vardır", yəni bir şeyin həqiqi əsası nə onun özü ilə eyniyyət kimi tərifindən, nə onun yalnız müsbət kimi, nə də mənfi kimi tərifindən ibarət deyil, ondan ibarətdir ki, şeyin varlığı onun özü ilə eyni olan və onun mahiyyətini təşkil edən başqa bir şeydədir. Mahiyyət isə özü özünə abstrakt refleksiya olmayıb başqasına refleksiyadır. Əsas özü özündə əsl mahiyyətdir, mahiyyət zəruri əsasdır və yalnız ona görə əsasdır ki, o, nəyinsə əsasıdır, nə isə başqasının əsasıdır.

Əlavə. Əgər biz əsas haqqında eyniyyətin və fərqin vəhdəti kimi danışırıqsa, onda bu vəhdəti abstrakt eyniyyət kimi anlamaq lazım deyil, çünki bu zaman bizdə yalnız başqa ad, yəni yenidən yalnız yanlış olduğunu artıq dərk etdiyimiz fikri eyniyyət alınardı. Odur ki, bu anlaşılmazlığı aradan qaldırmaq üçün əlavə olaraq demək olar ki, əsas təkcə vəhdət olmayıb, eləcə də eyniyyətin və fərqin fərqidir. Öncə qarşımızda ziddiyyətin aradan qalxması kimi aşkar edilən əsas, yeni ziddiyyət kimi çıxış edir. Lakin bu halda o özü özündə hərəkətsiz olmayıb özü özünü özündən itələyir. Əsas ona görə əsasdır ki, o əsaslandırır; ancaq əsasdan irəli gələn əsasın özüdür və əsasın formal olması da bundadır. Əsaslandırılan və əsas eyni məzmunludur və onların fərqi yalnız özü ilə sadə münasibətlə vasitələnmənin və ya öncədən müəyyənləşmənin fərqindən ibarətdir. Biz şeylərin əsası haqqında soruşduqda artıq əvvəl (

§ 112, əlavə) xatırlatdığımız refleksiya baxışı üzərində dayanırıq. Biz istəyirik ki, şeyi ikiləşmiş kimi: birincisi onun bilavasitəliyində, ikincisi, onu artıq bilavasitəliyini itirdiyi öz əsasında görək. Şeylərin yalnız vasitələnmiş halında gözdən keçirilməsinin zəruriliyini irəli sürən kafi əsas qanunu deyilən qanunun sadə anlamı da bundan ibarətdir. Təfəkkürün bu qanununu müəyyənləşdirməklə formal məntiq başqa elmlərə pis nümunə verir, çünki formal məntiq tələb edir ki, bu elmlər öz məzmununu bilavasitə qəbul etməsinlər, halbuki formal məntiq bu qanunu onun vasitələnməsindən hasil etməyərək və bu vasitələnməni göstərmədən müəyyənləşdirir. Məntiqçi hansı haqla təsdiq edir ki, bizim təfəkkür qabiliyyətimiz elə qurulub ki, bütün şeylərlə bağlı söz açdıqda onların əsası barədə soruşmalıyıq elə həmin haqla da təbib suya düşən insan nə üçün boğulur sualına cavab verə bilər ki, insan elə yaranmışdır ki, o, suyun altında yaşaya bilməz; eləcə də cani nə üçün cəzalanır sualına yurist cavab verə bilər ki, vətəndaş toplumu elə qurulmuşdur ki, cinayət cəzasız qala bilməz. Ancaq məntiqçiyə haqlı olaraq irəli sürdüyümüz bu tələbi – əsas qanununu əsaslandırmaq tələbini nəzərə almasaq belə, yenə də o, əsas adı altında nə başa düşməliyik sualına cavab verməlidir. Adi izah: əsas odur ki, nəticəsi vardır (ilk baxışda bu tərif anlayışın yuxarıda verdiyimiz tərifindən daha aydın və anlaşıqlı görünür). Lakin sonra soruşsaq ki, nəticə nədir, cavab alacağıq ki, nəticə odur ki, əsası vardır – onda aydınlaşacaq ki, bu izahın aydınlığı yalnız ondadır ki, bizdə fikrin əvvəlki hərəkətinin nəticəsi kimi alınan fikir bəlli sayılır. Ancaq məntiqin işi məhz odur ki, yalnız təsəvvür olunan, anlayışda dərk olunmamış və sübut olunmamış fikirlərin özünü müəyyən edən təfəkkürün mərhələləri olduğunu göstərsin; fikirlər bu yolla dərk və sübut olunur.



Gündəlik həyatda, habelə sonlu elmlərdə refleksiyanın bu formasından çox tez-tez istifadə edilməsində məqsəd gözdən keçirilən predmetlə işin necə olduğunu anlamaqdan ibarətdir. Bu araşdırma üsuluna qarşı heç bir etiraz etmək mümkün olmasa da söz idrakın yalnız ən zəruri məişət tələbatlarının ödənilməsindən getdiyindən biz hər halda qeyd etməliyik ki, o üsul bizim nə nəzəri, nə də praktiki tələbatlarımızı tam ödəyə bilməz ona görə ki, hələ əsasın özündə və özü üçün müəyyən məzmunu yoxdur və deməli, bir şeyi əsaslandırılmış gözdən keçirərkən bilavasitəlilik və vasitəlilik arasında yalnız formal fərq alırıq. Biz, məsələn, elektrik hadisəsini götürür və onun əsası barəsində sual veririk. Əgər cavab verirlər ki, bu hadisənin əsası elektrikdir, onda bu elə gözümüzün qarşısında olan bilavasitə məzmundur və bütün fərq ondadır ki, məzmun indi daxili formaya keçirilmişdir.

Ancaq o da qeyd edilməlidir ki, əsas nəinki özünün eynidir, habelə özündən fərqlidir, odur ki, eyni bir məzmun üçün müxtəlif əsaslar göstərmək olar; əsasların bu müxtəlifliyi fərq anlayışı üzrə irəli hərəkəti davam etdirir və eyni bir məzmunun lehinə və əleyhinə əsaslar formasında əksliyə çevrilir. Əgər biz, məsələn, hansısa bir hərəkəti, deyək ki, oğurluğu gözdən keçiririksə, onda o hərəkət bir çox yöndən fərqləndirilə bilən məzmundur. Bu hərəkət mülkiyyət hüququnun pozulmasıdır; lakin ehtiyacı olan oğru bu hərəkət sayəsində öz tələbatlarını ödəmək üçün vasitə əldə edir və ola bilər ki, oğurluğa məruz qalan şəxs öz mülkiyyətindən yaxşı istifadə etməmişdir. Bu doğrudur ki, burada mülkiyyətin pozulması həlledici baxışdır və onun qarşısında digər baxışlar geri götürülməlidir, lakin əsas qanunu işin məhz bu tərəfinin həlledici olduğunu bizə göstərmir. Doğrudur, qanunun adi formasına görə bu qanunda ümumiyyətlə əsasdan deyil, kafi əsasdan söz gedir və ona görə də düşünmək olardı ki, misal gətirilmiş hərəkətdə (oğurluqda) irəli sürülən bütün baxışların – mülkiyyət hüququnun pozulması nöqteyi-nəzərindən başqa – hamısı əsaslardır, ancaq qeyri-kafi əsaslardır. Lakin buna əlavə etməliyik ki, kafi əsasdan danışdıqda "kafi" predikatı ya artıqdır, ya da o bizi əsas kateqoriyası hüdudundan kənara çıxarır. Göstərilən predikat ("kafi"), əgər ümumiyyətlə yalnız əsaslandırma qabiliyyətini ifadə etməlidirsə, onda artıqdır və tavtolojidir, belə ki, əsas yalnız bu qabiliyyətinə görə əsasdır. Əgər əsgər döyüş meydanından öz həyatını qurtarmaq üçün qaçırsa, bu qanuna ziddir, ancaq demək olmaz ki, onu bu hərəkətə təhrik edən əsas kafi olmamışdır, belə ki, digər halda o öz postunu tərk etməzdi. Amma o da qeyd edilməlidir ki, əgər bir tərəfdən bütün əsaslar kafidirlərsə, digər tərəfdən də əsaslardan heç biri kafi deyil, ona görə ki, artıq yuxarıda qeyd etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən məzmunu yoxdur və deməli, fəaliyyətli deyil, heç bir şey icra edə bilməz. Sonradan görəcəyik ki, ancaq anlayış özündə və özü üçün müəyyəndir və deməli, yaradıcı məzmun daşıyır və Leybnis kafi əsas haqqında danışarkən və şeylərin kafi əsas mövqeyindən gözdən keçirilməsini israr edərkən məhz anlayışı nəzərdə tutur. Leybnis hər şeydən öncə indi də bir çoxlarının sevdiyi xalis mexaniki anlamanı nəzərdə tuturdu və haqlı olaraq onu qeyri-kafi sayırdı. Belə ki, məsələn, üzvi qan dövranı prosesinin yalnız ürəyin yığılıb açılmasına müncər edilməsi xalis mexaniki anlamadır, eləcə də cinayətkarın cəzalandırılması və zərərsizləşdirilməsində məqsədin qorxutmaqdan və ya buna bənzər digər xarici əsaslardan ibarət olduğunu hesab edən cinayət hüququ nəzəriyyəsi xalis mexaniki nəzəriyyədir. Əslində Leybnisin əsas haqqında formal qanun kimi yoxsul bir qanunla kifayətləndiyini düşünənlər haqlı deyillər. Onun irəli sürdüyü baxış üsulu anlayışlarda dərk edən idrak tələb olunduğu yerdə təkcə əsas üzərində dayanan formalizmə birbaşa əksdir. Bu baxımdan Leybnis causas finales-i74 bir-birinə qarşı qoymuş və tələb etmişdir ki, onlardan birincinin üzərində dayanmayıb irəliyə gedilsin və sonuncunun (causas finales) mahiyyəti dərk edilsin. Buna uyğun olaraq işığın, istiliyin, rütubətin fərqi bitkinin böyüməsinə causas finales kimi deyil, causae efficientes kimi gözdən keçirilməlidir, bu isə bitkinin anlayışından başqa bir şey deyil.

Burada onu da qeyd etmək olar ki, təkcə əsaslar üzərində (başlıca olaraq hüquq və mənəviyyat sahəsində) dayanmaq, ümumiyyətlə sofistlərin yanaşma prinsipinə məxsusdur. Sofistika deyəndə adətən onu hüququ və həqiqəti yalnız təhrif etmək məqsədi güdən və ümumiyyətlə şeyləri yalnız təsəvvür edən baxış üsulu kimi anlayırlar. Lakin bu meyl, baxış nöqtəsi mühakimə yürütmək bacarığından özgə bir şey olmayan sofistikaya bilavasitə aid deyil. Sofistlər Yunanıstanda elə bir epoxada irəli çıxmışdılar ki, din və mənəviyyat sahəsində yunanlar təkcə avtoritet və ənənələri yetərli saymırdılar və özləri üçün önəmli olanı vasitəli təfəkkürlə dərk etmək tələbatı hiss edirdilər. Sofistlər şeyləri gözdən keçirmək imkanı verən bir-birindən fərqli baxışlar axtarışlarını təlim etməklə bu tələbatı qarşıladılar; fərqli baxışlar isə hər şeydən öncə əsaslardan başqa bir şey deyil. Amma az öncə qeyd etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən məzmunu olmadığından və bir halda ki, mənəviyyatsız, hüquqa və mənəviyyata zidd olan hərəkətlər üçün asanlıqla əsaslar tapmaq mümkündür, deməli, hansı əsasların əhəmiyyətli olduğunu qəbul etmək qərarı subyektə verilmiş olur. Hansı əsasa üstünlük verəcəyi subyektin fərdi ovqatından və niyyətindən asılı hala salınmış olur. Bununla da özlüyündə əhəmiyyətli olanın, hamının qəbul etdiyi baxışın obyektiv zəmini itirilmiş olur və sofistikanın bu mənfi tərəfi hesabına sofistlər az öncə qeyd etdiyimiz pis rəyə haqlı olaraq layiq görüldülər. Bəlli olduğu kimi, Sokrat sofistlərlə mübarizə aparırdı, ancaq bu mübarizəni avtoritet və ənənəni sadəcə onların mühakimələrinə qarşı qoymaqla aparmırdı, yalnız əsasların əsassızlığını dialektikcəsinə üzə çıxarır və onlara qarşı ədalət və xeyri, ümumiyyətlə ən ümumini və ya iradə anlayışını irəli sürürdü. Əgər indi, bizim zamanda da dünya işlərini gözdən keçirərkən, habelə tələbatda əsasın yalnız rəy yaradır və məsələn, allaha zikr etmək üçün də hər cür əsaslar gətirilirsə, onda Sokrat və eləcə də Platon tərəddüd etmədən bu cür mühakimə tərzini sofistika elan edərdilər, çünki dediyimiz kimi, sofistika üçün məzmun (bu məzmun doğru da ola bilər) deyil, hər şeyi müdafiə etməyə və hər şeyə hücum etməyə imkan verən əsasın forması xarakterikdir. Bizim düşüncə ilə zəngin və rezonans yaradan zamanımızda hər bir şey üçün, hətta ən pis və pozğun şeylər üçün yaxşı əsas gətirməyi bacarmayan insan heç də çox uzaq deyil. Dünyada korlanmış hər bir yeni yaxşı əsaslar üzərində korlanır. Əsaslara, dəlillərə olan şikayət öncə bizi üzərində durduğumuz mövqedən imtina etməyə məcbur edir; ancaq biz əsaslarla işin nədən ibarət olduğu ilə təcrübədə tanış olduqda onlara qarşı kar oluruq və onlar daha bizi özünə çəkə bilmir.

§ 122

Mahiyyət öncə özlüyündə görüntü və vasitəlilikdir. Vasitələnmənin totallığı kimi mahiyyətin özünün özü ilə vəhdəti indi artıq fərqlərin aradan qaldırılması kimi və buna görə də vasitələnmənin aradan qaldırılması kimi müəyyənləşmişdir. Deməli, bu, bilavasitəliyin və ya varlığın bərpasıdır, ancaq ona görə varlığın bərpasıdır ki, o, vasitəliliyin aradan qaldırılması ilə vasitələnmişdir. Bu – mövcudluqdur (die Existenz).



Qeyd. Burada əsasın hələ özündə və özü üçün müəyyənləşmiş məzmunu yoxdur, o hələ məqsəd də deyil, odur ki, fəaliyyətsizdir, bəhərsizdir; mövcud olan bir şey yalnız əsasdan yaranır. Odur ki, müəyyən əsas yalnız formal bir şeydir; müəyyən əsas hansısa bir müəyyənlikdir, çünki bu müəyyənlik özü özü ilə müəyyənləşmiş, ondan asılı olan bilavasitə mövcudluqla münasibətdə təsdiq (als Affirmation) kimi nəzərdə tutulan müəyyənlikdir. Elə ona görə də müəyyən əsas əsasdır, o həm də yaxşı əsasdır, çünki "yaxşı" tamamilə abstrakt deyilərsə – yalnız nə isə bir təsdiqdir və hansısa bir üsulla baş vermiş təsdiq kimi söylənilə bilən hər cür müəyyənlik yaxşıdır. Odur ki, hər şey üçün əsas tapmaq və göstərmək olar və yaxşı əsas (məsələn, hərəkətin yaxşı motivi) nə isə bir fəaliyyətə sövq edə və etməyə bilər, nəticəsi ola da bilər, olmaya da bilər. Sövq edən motiv, məsələn, yalnız ona iradə birləşdikdə hərəkətə keçir və yalnız iradə onu hərəkətə çevirir və səbəb olur.

b. Mövcudluq

§ 123

Mövcudluq özü özündə refleksiya (özündə əks) və başqasında refleksiyanın (əksin) bilavasitə vəhdətidir. Bu səbəbdən mövcudluq özü özündə əksetmə və eyni zamanda başqasında görünmədir (in-Anderes-scheinen) kimi mövcud olan qarşılıqlı asılılıq dünyasını, əsasların və əsaslandırılanların sonsuz silsiləsini yaradan mövcudluqlara dair qeyri-müəyyən çoxluqdan ibarətdir. Əsasların özü mövcudluqlar olduğu kimi mövcudluqlar da bir çox yöndən əsasdırlar və əsaslandırılmışlardır.



Əlavə. Existez (mövcudluq, existere sözündən götürülüb) deyimi nədənsə başlanğıc anlamanı bildirir və mövcudluq əsasdan yaranan, vasitəliliyin aradan qaldırılması vasitəsilə bərpa olunan varlıqdır. Mahiyyət aradan qaldırılan varlıq kimi öncə bizim üçün özü özündə görüntü kimi aşkar oldu və bu görüntünün tərifləri eyniyyət, fərq və əsasdan ibarət oldu. Əsas eyniyyət və fərqin vəhdətidir və bu vəhdət eyni zamanda özünü özündən fərqləndirmədir. Lakin əsas nə qədər az abstrakt eyniyyətdirsə, əsasdan fərqləndirmənin fərqi də bir o qədər azdır. Əsas özü özünü aradan qaldırmadır və bu onun inkarının nəticəsidir, mövcudluqdur. Əsasdan yaranan mövcudluqda əsas vardır və əsas da mövcudluqdan arxada qalmayıb özünü aradan qaldırmaqdan və özünü mövcudluğa çevirməkdən ibarətdir. Bu anlamanı biz bir dərəcəyə qədər adi şüurda da tapırıq, belə ki, biz bir şeyin əsasını gözdən keçirərkən bu əsasda abstrakt daxili bir şeydən çox mövcud bir şeyi görürük. Məsələn, binanı yandıran yanğının əsası kimi ildırım çaxmasını götürürük, bu cür də biz xalqın adətlərinə və həyat şəraitinə onun dövlət quruculuğunun əsası kimi baxırıq. Bu ümumiyyətlə elə bir formadır ki, bu formada mövcud dünya ilk öncə refleksiya kimi qarşıda canlanır; mövcud dünya onun qarşısında özü özündə və başqasında eyni zamanda əks edən, bir-birinə əsas və əsaslandırılan kimi münasibətdə olan mövcudluqların qeyri-müəyyən çoxluğu kimi durur. Mövcudluqların məcmusu kimi dünyanın bu qarışıq oyununda öncə heç bir yerdə möhkəm bir dayaq görünmür; burada hər şey nisbidir, başqası ilə şərtlənir, başqasını şərtləndirir. Reflektiv abstrakt təcrübi idrak (рассудок – A.T.) bu çoxyönlü münasibətləri axtarmaq və izləməklə məşğuldur, ancaq bu axtarışda son məqsəd haqqında sual cavabsız qalır və odur ki, təfəkkürün anlayışlarında dərk edənin tələbatı məntiqi ideyanın sonrakı inkişafı ilə boş nisbilik nöqteyi-nəzəri çərçivəsindən kənara çıxır.

§ 124


Lakin mövcud olanın başqasına refleksiyası özü-özünə-refleksiyadan ayrı deyildir; əsas bu iki refleksiyanın vəhdətidir və mövcudluq bu vəhdətdən yaranır. Ona görə də mövcud olan özlüyündə nisbiliyə malik olur, başqa mövcudluqlarla müxtəlif bağlantıda olur və əsas kimi özü özünə refleksiya edir. Beləliklə mövcud olan şeydir.

Qeyd. Kant fəlsəfəsində məşhur olan belə özündə şey bizə burada özünü özünün yaranması prosesində, yəni başqasına-refleksiya və ümumiyyətlə fərqli təriflərə – refleksiyaya əks olan və bu təriflərin boş əsası kimi yapışılan abstrakt özü-özünə-refleksiya kimi göstərir.

Əlavə. Əgər özündə şeyin dərk olunmazlığı təsdiq edilərsə, onda bununla – idrak prosesini predmetin konkret müəyyənliklərinin dərki kimi başa düşdükləri üçün – müəyyən qədər razılaşmaq olar, özündə şey isə tamamilə abstrakt və ümumiyyətlə qeyri-müəyyən şeydən başqa bir şey deyil. Lakin özündə şey haqqında hansı haqla danışırlarsa, o haqla habelə özündə keyfiyyət, özündə kəmiyyət və bütün başqa kateqoryalar haqqında da danışmaq və bunu həmin kateqoriyaların abstrakt qeyri-müəyyənliyi kimi, yəni onların inkişafından və daxili müəyyənliklərindən sərf nəzər edilmiş halda başa düşmək olar. Məhz şeyin özü "özündə" qeyd olunmasına biz düşüncənin özbaşınalığı kimi baxmalıyıq. Lakin "özündə" deyimi həm təbiət aləminin, həm də ruhi aləmin məzmununa da tətbiq edilir və buna uyğun olaraq, məsələn, elektrik haqqında, bitki haqqında, dövlət haqqında özündə şey kimi danışılır və bu predmetlərin "özündə" olmasını onların gerçəkdən nədirsə o olmaları kimi başa düşülür. Burada da məsələ ümumiyyətlə özündə şeylə olduğu kimidir, yəni belədir ki, biz predmetlərin yalnız "özündə" olması üzərində dayandıqda onları həqiqətən nədirsə o cür yox, məzmunsuz birtərəfli abstraksiya formasında başa düşürük. Belə ki, məsələn, özündə insan vəzifəsi bu abstrakt və hərəkətsiz "özündə" olmaqdan ibarət deyil, habelə özü üçün olmalı, yəni azad və ağıllı varlıq olmaqdan ibarət olan uşaqdır. Eləcə də "özündə" dövlət hələ inkişaf etməmiş, dövlət anlayışında olan müxtəlif politik funksiyaların öz anlayışlarına uyğun qeyd olunmadığı patriarxal dövlətdir. Bu anlamda, habelə zoğa da özündə bitki kimi baxmaq olar. Bu misallar bizə göstərməlidir ki, şeyləri "özündə" və ya özündə şeyləri idrakımızın dərk edə bilmədiyi şeylər kimi düşünənlər olduqca yanılırlar. Bütün şeylər öncə özündədir, ancaq iş burada bitmir, özündə bitkidən ibarət olan zoğun təbiəti yalnız inkişafdan ibarət olduğu kimi, ümumiyyətlə şey abstrakt özü-özünə-refleksiya kimi boş özündənin hüdudunu aşaraq özünü həmçinin başqasına-refleksiya kimi aşkar edir, ona görə də o, xassələrə malik olur.

c. Şey


§ 125

Şey əsasın və mövcudluğun təriflərinin təkdəki inkişafı kimi totallıqdır. O özünün momentlərindən biri (başqasına-refleksiya) tərəfindən özündə fərqlərə malikdir və bu fərqlərin sayəsində o müəyyəndir və konkret şeydir. a) bu təriflər bir-birindən fərqlənirlər; bu təriflər özlüyündə deyil, özünün özü-özünə-refleksiyasına malikdir. Bu təriflər şeylərin xassələridir və onların şeylərlə bağlantısı "malik olmaq" (haben) sözündə ifadə olunur.

Qeyd. Malik olma bağlantı kimi varlığın yerini tutur. Nə isənin də keyfiyyətə malik olmasına baxmayaraq malik olmanın varlığa keçirilməsi dəqiq deyil, belə ki, keyfiyyət kimi bir müəyyənlik nə isə ilə birdir və nə isə öz keyfiyyətini itirdikdə daha mövcud olmur. Şey isə eyniyyət kimi habelə fərqdən, öz təriflərindən də fərqlənən özü-özünə-refleksiyadır. Malik olmaq (haben) feli bir çox dillərdə keçmiş zamanı göstərmək üçün işlənir və düzgün olaraq işlənir, belə ki, keçmiş aradan qalxmış varlıqdır və ruh bu keçmişin özünün-özünə-refleksiyasıdır; bu keçmiş yalnız ruhda mövcuddur, ancaq ruh özündə aradan qalxmış varlığı habelə özündən də fərqləndirir.

Əlavə. Bütün reflektiv təriflər şeyə mövcudluq kimi qayıdırlar. Belə ki, şey öncə özündə şey kimi özü ilə eyniyyətdədir. Lakin gördüyümüz kimi, fərqsiz eyniyət yoxdur və şeyin malik olduğu xassələr müxtəliflik (Verschiedenheit) formasında mövcud olan fərqlərdir (Unterscheid). Əgər əvvəl ayrı-ayrı şeylər bir-birinə biganə idilərsə və onların bir-biri ilə bağlantısı onları yalnız dışarı yöndən müqayisə yolu ilə müəyyən edirdisə, indi biz şeyin simasında ayrı-ayrı xassələri bir-biri ilə birləşdirən əlaqə ilə qarşılaşırıq. Lakin xassələri keyfiyyətlə qarışdırmaq olmaz. Doğrudur, həm də deyirlər ki, nə isə keyfiyyətə malikdir. Lakin bu deyim yersizdir, çünki "malik olmaq" sözü öz keyfiyyətləri ilə bilavasitə eyni olan şeylərə hələ xas olmayan fəaliyyət haqqında fikir oyadır. Nə isə yalnız öz keyfiyyəti sayəsində nədirsə odur, şey isə əksinə, yalnız xassələrə malik olduğu üçün mövcüd olsa da, hər halda bu və ya digər müəyyən xassə ilə qırılmaz bağlı deyil və deməli, onu itirə bilər, ancaq bununla o öz varlığını olduğu kimi saxlayır.

§ 126

) Lakin başqasına-refleksiya əsas anlayışı sayəsində özü-özündə vasitə, həm də özü-özünə-refleksiyadır. Odur ki, xassələr də özü ilə eyniyyətdədir, şeylə bağlılıqdan müstəqil və azaddırlar. Ancaq xassələr şeyin bir-birindən fərqli müəyyənlikləri olduğu üçün şeylərin özü deyillər, çünki şeylər konkretdir, ayrıca götürülən hər bir xassə abstraktdır, abstrakt müəyyənliklər, materiya kimi özündə fikri mövcudluqlardır.



Qeyd. Məsələn, maqnetik, elektrik materiyalara heç şey də deyilmir. Onlar sözün özəl anlamında öz varlığı ilə eyni olan keyfiyyətlərdir, bilavasitəlik əldə etmiş müəyyənliklər kimi varlıqlardır və onlar fikri varlıqlar, mövcudluqlardır.

Əlavə. Şeyin malik olduğu xassələrin bu xassələrdən ibarət olan müstəqil materiyalar və ya şeylər səviyyəsinə qaldırılması, şübhəsiz, şey anlayışında əsaslandırılmış və buna görə də təcrübədə də qarşıya çıxır. Amma əgər şeyin, məsələn, rəng, iyi və i. a. kimi bəlli xassələrindən rəng, iyi və i. a. xüsusi maddələrin obrazlarını yaratmaq olarsa, biz nəticə çıxara bilərik ki, bununla hər şey bitir və şeylərdə məhz nə baş verdiyini bilmək üçün onları təşkil olunduğu maddələrə ayırmaqdan başqa heç nə etməməliyik, onda bu nəticə həm düşüncəyə, həm də təcrübəyə ziddir. Müstəqil maddələrə belə parçalanma yalnız cansız təbiətdə lazımi yerini tapır və kimyaçı, məsələn, xörək duzunu və ya əhəngi onları oluşduran (təşkil edən) maddələrə parçalamaqda və mətbəx duzunun duz turşusundan (xlorid turşusundan) və natriumdan, əhəngin isə sulfat turşusundan və əhəngdən ibarət olduğunu söyləməkdə tamamilə haqlıdır. Yer haqqında elm (Geologiya – A. T.) də bərk süxuru kvarsdan (silisium oksidi – A. T.), çöl şpatından və başqa maddədən ibarət mürəkkəb cism kimi öyrənməkdə tam haqlıdır. Bu şeyin təşkil olunduğu bu maddələr də öz sırasında yenə də daha abstrakt maddələrə (məsələn, sulfat turşusu kükürdə və oksigenə parçalandığı kimi) parçalanan şeylərdir. Bu qəbildən olan maddələr və ya materiyalar özü üçün mövcudluqlar kimi fakt olaraq təsəvvür edilə bildiyi halda, şeylərin digər xassələrinə də çox vaxt özəl materiyalar kimi baxılır, halbuki, onlar müstəqilliyə malik deyillər. Belə ki, məsələn, istilik, elektrik və maqnetik materiyalardan danışırlar, halbuki bu maddələrə və materiyalara idrakın fiksiyası75 kimi baxılmalıdır. Ümumiyyətlə abstrakt fikri refleksiyanın metodu bundan ibarətdir: o ixtiyari olaraq yalnız ideyanın inkişafının müəyyən mərhələsi üçün önəmi olan ayrı-ayrı kateqoriyaları götürür və onları elə tətbiq edir ki, araşdırmaya cəlb edilmiş bütün predmetlər ona müncər edilmiş olur; təsdiq etdikləri kimi, bu həmin predmetləri izah etmək üçün edilir, ancaq əslində yanlış fikirlərə inanmayan seyr və təcrübəyə ziddir. Şeylərin sərbəst maddələrdən təşkil olunduğu anlayışı çox vaxt artıq heç bir gücü olmayan sahələrdə tətbiq edilir. Belə kateqoriyaların üzvi həyata (canlılar aləminə – A. T.) tətbiqi artıq yetərli deyil. Doğrudur, deyirlər ki, heyvan sümüklərdən, əzələlərdən, sinirlərdən və i. a. ibarətdir, amma bilavasitə aydındır ki, burada iş yuxarıda göstərilən maddələrdən ibarət olan bərk süxurda olduğundan tam başqadır. Süxurda onu təşkil edən maddələr öz birləşmələrinə tamamilə biganədirlər və onsuz da mövcud ola bilərlər; canlı bədənin hissələri və əzaları isə yalnız bir-birilə üzvi bağlantıda saxlanırlar və bu bağlantıdan kənarda onların mövcudluğu sona çatır.

§ 127

Beləliklə, materiya abstrakt və ya qeyri-müəyyən başqasına-refleksiyadır yaxud özü-özünə-refleksiyadır, ancaq müəyyən refleksiyadır; odur ki, materiya əsl mövcud maddilikdir, şeylərin davamlılığıdır. Beləliklə şey materiyada özünün özü-özünə-refleksiyasına malikdir (bu,



§ 125-də gördüyümüzün əksidir), özü özündən ibarət deyil, materiyalardan ibarətdir və onların ancaq dayaz bağlantıları, xarici birləşmələridir.
§ 128

) Özü ilə mövcudluğun bilavasitə vəhdəti kimi materiya da müəyyənliyə biganədir; ona görə də bir çox müxtəlif materiyalar bir materiyada, eyniyyətin reflektiv tərifinə malik mövcudluqda birləşirlər; bu ümumi tək materiyaya münasibətdə bu fərqli müəyyənliklər və onların bir-birlə şeydə olan dış bağlantıları formadır, yəni fərqin reflektiv, ancaq mövcud və total tərifidir.

Qeyd. Bu vahid, təriflərdən məhrum materiya da özündə şey kimidir, ancaq özündə şey tamamilə abstraktdır, materiya isə özlüyündə həmçinin başqası üçün, ilk sırada isə forma üçün varlıqdır.

Əlavə. Şeyin ibarət olduğu fərqli matriyalardan hər biri özündə həm özüdür, həm özgəsi. Deməli, biz ümumiyyətlə bir materiya alırıq və bu materiyada fərq ona münasibətdə dışarılıq kimi, yəni boş, məzmunsuz forma kimi müəyyənləşmişdir. İstisnasız olaraq bütün şeyləri əsası eyni bir materiyadan ibarət olan və bir-birindən yalnız dışarı cəhətdən (formaca) fərqlənən şeylər kimi anlamaq reflektiv şüur üçün bir vərdişdir. Bu zaman materiya özlüyündə tamamilə qeyri-müəyyən, ancaq hər hansı bir tərifi almağa qabil və bununla yanaşı, şübhəsiz, permanent və bütün keçidlərdə və dəyişilmələrdə özünə bərabər sayılır. Sonlu şeylərdə biz materiyanın müəyyən formaya bu biganəliyini, şübhəsiz, tapırıq; belə ki, məsələn, mərmər daşı ona heykəl və ya sütun forması veriləcəyinə biganədir. Lakin bu zaman unutmamalıyıq ki, belə (mərmər daşı kimi) materiyanın formaya biganəliyi yalnız nisbidir, ümumiyyətlə formasız deyildir. Buna uyğun olaraq da mineroloq yalnız nisbi formasız mərmər daşına daşın müəyyən bir formasiyası kimi baxır və həm də onu başqa müəyyən formasiyalardan, məsələn, qumdaşıdan76, porfirdən77 və b. fərqləndirir. Deməli, yalnız abstraktlaşdırıcı düşüncə materiyanı təcrid olunmuş halda və özündə formasız kimi qeyd edir; əslində isə materiya haqqında fikirdə, şübhəsiz, forma prinsipi vardır və odur ki, biz təcrübədə heç bir zaman formasız materiyanın varlığı ilə qarşılaşmırıq. Materiyanın əzəli və özündə formasız mövcudluq kimi anlamanın tarixi çox qədimdir və biz buna artıq əski yunanlarda öncə mifik xaos obrazında rast gəlirik; onlar materiyanı mövcud dünyanın formasız əsası kimi təsəvvür edirdilər; bu təsəvvürün nəticəsi allaha Kainatın yaradıcısı kimi baxmaqdan ibarət olmayıb onu yalnız demiurq kimi qəbul etməkdən ibarətdir. Daha dərin dünyagörüşü isə əksinə, hesab edir ki, allah dünyanı heç nədən, yoxluqdan yaratdı; bununla, ümumiyyətlə, bir tərəfdən materiyanın müstəqil olmadığı, digər tərəfdən isə formanın materiyaya kənardan gətirilmədiyi və materiya prinsipinin özündə totallıq kimi forma daşıdığı deyilmişdir; bu azad və sonsuz forma, tezliklə görəcəyimiz kimi anlayışdır.

§ 129

Beləliklə, şey materiyaya və formaya ayrılır və onlardan hər biri maddiliyin totallığıdır və özü üçün müstəqil mövcuddur.Amma müsbət və qeyri-müəyyən olan materiya mövcudluq kimi başqasına-refleksiyaya malik olduğu qədər də özündə-varlığa malikdir; bu təriflərin vəhdəti kimi materiya formanın totallığıdır. Forma isə totallıq kimi artıq özündə özü-özünə-refleksiyaya malikdir yaxud, başqa sözlə, özü ilə münasibətdə olan forma kimi materiya öz tərifinə malikdir. Onların hər ikisi – forma və materiya – özündə eynidir. Onların bu vəhdəti öncədən müəyyənləşmiş olub həm də bir-birindən fərqlənən forma və materiya arasındakı münasibətdən ibarətdir.




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə