MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə2/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   2   3   4   5   6   7   8   9   ...   20
§ 8

Birincisi, bu idrak öz sahəsində yetərli olmasa da, hər halda bəlli olur ki, ona daxil olmayan digər predmetlər dairəsi – azadlıq, ruh, allah da vardır. Bunları o idrak zəminində tapmaq ona görə mümkün deyil ki, onlar təcrübə sahəsinə məxsus deyillər (doğrudur, onlar – azadlıq, ruh, allah – hissi təcrübə ilə qavranılmırlar, ancaq tavtoloji deyim olsa da, ümumiyyətlə, şüurda olan hər şey təcrübədə qavranılır), ona görə ki, bu predmetlər öz məzmununa görə sonsuz predmetlər kimi çıxış edir.

Qeyd. Aristotelə aid edilən belə bir əski müddəa var və yanlış olaraq hesab edilir ki, guya o, Aristotelin fəlsəfi baxışını ifadə edir. Bu müddəa belə səslənir: "Nihil est in intellektu, quod non fuerit in sensu" – "Hisslərdə, təcrübədə olmayan heç bir şey təfəkkürdə yoxdur". Əgər spekulyativ fəlsəfə bununla razılaşmaq istəməsə, bu, anlaşılmazlıq kimi qəbul edilməlidir. Ancaq o bu müddəaya əks müddəa da əlavə etmişdir: "İntellektdə olmayan heç bir şey duyğuda yoxdur" – belə bir dərin anlamda ki, vobs (ağıl), daha dərin tərifdə ruh dünyanın səbəbidir və sonra (bax

§ 2) hüquqi, mənəvi, dini hissdir və deməli, kökü və varlığı yalnız təfəkkürdə olan məzmunun təcrübi yaşantısıdır.


§ 9

İkincisi, subyektiv ağıl biliyin formasına münasibətdə də razı salınmasını tələb edir; bu forma, ümumiyyətlə, zərurətdir (bax

§1). Lakin bir tərəfdən təcrübi idrakda olan ümumi, cins və s. özlüyündə qeyri-müəyyən, xüsusidən asılı olmayan xarakter daşıyır, ümumi və xüsusi bir-birinə münasibətdə dışarı və təsadüfidirlər; eləcə də bir-birilə bağlı olan xüsusi predmetlər, özlüyündə götürüldükdə bir-birinə münasibətdə dış və təsadüfi predmetlər kimi çıxış edirlər. Digər tərəfdən, bu idrak bilavasitədən, öncədən tapılmışdan, müqəddimədən başlanır. Burada hər iki münasibətdə zərurətin forması təmin olunmur. Düşüncə bu tələbatı təmin etməyə yönəldiyindən, sözün əsl mənasında fəlsəfi təfəkkür, spekulyativ təfəkkürdür.18 Spekulyativ təfəkkür birinci qəbildən (hissi – A. T.) olan idrakla ümumiliyə malik olub, həm də ondan ayrılsa da, onların hamısına aid ümumi forma ilə yanaşı yalnız özünə xas olan formalara da malikdir və onların hamısı anlayış formasına aiddir.

Qeyd. Spekulyativ elmin digər elmlərə münasibəti buradan görünür. Spekulyativ elm (fəlsəfə – A. T.) digər elmlərin empirik məzmununu kənara atmayıb, qəbul və istifadə edib özünün xüsusi məzmununa çevirir:19 o bu elmlərdəki həmçinin ümumini, qanunları, cinsləri və i. a. qəbul edir, ancaq o bu kateqoriyalara başqa kateqoriyalar daxil edir və onları özündə saxlayır. Beləliklə, fərq yalnız kateqoriyaların bu dəyişikliyindən ibarət olur. Spekulyativ (fəlsəfi – A. T.) məntiq əvvəlki məntiqi və metafizikanı özündə saxlayır, fikrin həmin formalarını, qanunları və predmetləri qoruyub saxlayır, ancaq eyni zamanda onları inkişaf etdirir və onları yeni kateqoriyalar vasitəsilə dəyişdirir.

Spekulyativ anlamlı və adi anlayış adlanan anlayışlar arasında fərq qoyulmalıdır. Min dəfələrlə təkrar olunan və zehniyyata, mövhumata çevrilən "sonsuz anlayışlar vasitəsilə dərkedilməz" müddəası onu nəzərdə tutur ki, sonsuz predmetlər (azadlıq, ruh, allah və s. – A. T.) adi, birtərəfli anlayışlarla dərk edilə bilməz.
§ 10

Bu fəlsəfi təfəkkür özünün zəruriliyinin başa düşülməsinə və mütləq predmetləri dərk edə bilməsinə haqq qazandırılmasına ehtiyac fəlsəfi idrakdır və buna görə də yalnız fəlsəfənin daxilində yer ala bilər. Deməli, ilkin izah fəlsəfi izahdan və bir sıra müqəddimələrdən, inandırmadan və mühakimələrdən, başqa sözlə, özlərinə əks olan müddəalarla qarşı-qarşıya qoyula bilən təsadüfi təsdiqlərdən ayrı bir şey ola bilməz.

Qeyd. Tənqidi fəlsəfənin əsas müddəalarından biri budur ki, allahın, şeylərin mahiyyətinin və i. a. dərkinə başlamazdan öncə idrak qabiliyyətinin özü araşdırılmalıdır ki, bu predmetlərin dərkinə təminat verilib verilməyəcəyinə yəqinlik hasil olsun, işə başlamazdan öncə bu işin görülməsi üçün gərəkən alətlə tanış olmaq lazımdır; əgər bu alət təminatlı deyilsə, çəkilən zəhmət hədərdir. Bu fikir o qədər inandırıcı oldu, sayğı və razılıqla qarşılandı ki, idrak öz predmetinə maraqdan və onunla məşğul olmaqdan yan keçərək özünün formal tərəfinə müraciət etməyə başladı. Lakin əgər özümüzü sözlə aldatmasaq, asanca görə bilərik ki, nəzərdə tutulan işi görmək üçün lazımi alətlər tamam başqa üsullar ilə araşdırıla və dəyərləndirilə bilər, idrakın araşdırılması, tədqiqi yalnız idrak prosesində mümkündür və biliyin əldə edilməsi alətinin gözdən keçirilməsi onun dərkindən başqa bir şey deyil. Ancaq idraka başlamazdan öncə dərk etmək istəyi suya girmədən üzməyi öyrənmək kimi müdrik sxolastik istək kimi mənasızdır.

Reynqold20 belə fəlsəfi başlanğıca ziyan vuran bu yanlışlığı başa düşərək hipotetik və problematik fəlsəfəçilikdən başlamağı və necə gediləcəyi bəlli olmayan bu yolla ilkin həqiqəti (Urwahren) tapanadək getməyi təklif etmişdir. Yaxından baxdıqda bu yol adi bir metod, yəni empirik təməlin analizindən, yaxıd definisiya (tərif) forması verilmiş ilkin ehtimaldır. Müqəddimələrə və ilkin ehtimallara söykənən adi tədqiqatın hipotetik və problemli olduğunun düzgünlüyünü qəbul etməmək olmaz, amma düzgün başa düşülməsi bu metodun təbiətini dəyişdirmir, onun yetərli olmadığını dərhal üzə çıxarır.

§ 11

Fəlsəfəyə olan tələbatı daha yaxından aşağıdakı kimi müəyyənləşdirmək olar: ruhun hiss edən və seyr edən ruh kimi hissi predmetə, təxəyyülə malik olan ruh kimi obrazlara, iradə kimi məqsədə və i. a. malikdir; özünün mövcud varlığının bu formalarının və predmetlərinin əksinə olaraq, yaxud onlardan fərqli olaraq, həmçinin özünün ali iç mahiyyətini, təfəkkürü təmin edir və onu özünün predmeti edir. Beləliklə, o, sözün ən dərin anlamında, özünə qayıdır, çünki onun prinsipi, xalis, qatışıqlardan təmizlənmiş özlüyü təfəkkürdür. Lakin təfəkkür özünün bu işini görməklə ziddiyyətə qapılır, yəni fikrin özünə daimi eyniyyətsizliyində özünü itirir və beləliklə, özü-özünə çata bilmir və əksinə, öz əksiliyinin əsirliyində qalır. Ruhun uca tələbatı yalnız idrak səviyyəsində qalan təfəkkürün bu sonucuna qarşı çevrilmiş olur və bu uca tələbat isə ona əsaslanır ki, təfəkkür özündən üz çevirmir, özünün özündəki – varlığında baş verən bu şüurlu itkidə belə, özünə sadiq qalır, öz ziddiyyətlərini özündə həll edir.



Qeyd. Təfəkkürün təbiətinin dialektika olduğunun, onun idrak qismində özündə inkarlı olduğunun başa düşülməsi məntiqin başlıca tərəflərindən birini oluşdurur. Təfəkkür düşdüyü ziddiyyəti öz gücü ilə həll etmək ümidini itirərək ruhun digər formalarındakı həllə və rahatlığa qayıdır. Lakin özünün bu qayıdışında təfəkkürün Platonun qarşısına çıxan mizologiyaya21 qapılması vacib deyil; bilavasitə deyilən və özünü həqiqətin dərkinin tək forması kimi təsdiq edən düşüncə mübahisəli tərzdə özünə qarşı çıxmamalı idi.

§ 12


Yuxarıda göstərilən tələbatdan doğan fəlsəfənin çıxış nöqtəsi təcrübə, bilavasitə olan və mühakiməli şüurdur. Bir qıcıqlandırıcı kimi təcrübə ilə oyanan təfəkkür sonradan təbiidən, hissi olandan və mühakiməli şüurdan yüksəyə, özünün xalis, qatışıqlardan məhrum stixiyasına ucalır, özünü əvvəlcə kənarlaşdırmış bu başlanğıc, çıxış nöqtəsinə inkar münasibətinə gətirir. O, özünün təminatını öncə özündə, bu olayların ən ümumi mahiyyəti ideyasında tapır; bu ideya (mütləq, allah) az və ya çox ölçüdə abstrakt ola bilər. Təcrübi elmlər də öz tərəfindən öz məzmununun zənginliyini yalnız bilavasitəlik və öncə tapılan, bir-biri ilə bağlı və deməli, ümumiyyətlə, təsadüfi müxtəlifliyin təqdim olunduğu formaların aradan qaldırılmasına və bu məzmunun zərurətə yüksəldilməsinə stimul verir. Bu stimul göstərilən ümumilikdən və yalnız özündə sınaqdan çıxmış təminatdan təfəkkürü ayıraraq onu özü-özündən inkişaf etməyə məcbur edir. Bu sonuncu, bir tərəfdən məzmunun və onun təklif etdiyi təriflərin qavranılmasından ibarətdir, digər tərəfdən isə, o eyni zamanda bu məzmuna yalnız predmetin özünün zəruriliyi ilə müəyyənləşdirilən ilkin (ursprünqlchen) təfəkkürün azad inkişaf formasını verir.

Qeyd. Şüurda bilavasitəliliklə vasitəliliyin münasibəti haqqında aşağıda ayrıca və ətraflı söz açacağıq. Burada biz, öncədən yalnız ona diqqət yetirməliyik ki, bu iki moment fərqli momentlər kimi çıxış etsələr də, hər ikisi mütləq olmalıdır və bir-biri ilə qırılmaz bağlılıqdadır. Belə ki, məsələn, allah haqqında və ümumiyyətlə, fövqəlhissi varlıqlar haqqında bilik əslində hissi duyğu və seyr üzərində ucalmadır; ona görə də o bilik özünün bu çıxış nöqtəsinə inkar münasibətindədir və eyni zamanda da vasitələnmiş bilikdir. Çünki vasitəlilik hansısa bir başlanğıcdır, nə isə bir ikinciyə keçiddir, belə ki, bu ikinci ona görə vardır ki, ona onun özünün "özgəsindən" gəlinmişdir. Amma allah haqqında bilik bununla empirik tərəfə münasibətdə az müstəqil olmayacaq və hətta məhz bu inkarın və yüksəlmənin vasitəsilə o, özünə öz müstəqilliyini verir. Əgər vasitələnməni şərtlənməyə çevirsək və onu birtərəfli qaydada qeyd etsək, onda demək olar ki, fəlsəfə özünün ilkin yaranışında təcrübəyə (aposteriora) borcludur, ancaq bununla çox şey demiş olmarıq, çünki doğrudan da təfəkkür önəmli ölçüdə bilavasitə varlığın inkarından ibarətdir. Həmçinin demək olar ki, qidalanma prosesinin yaranması qida məhsullarına borcludur, onlarsız yemək baş verməz. Yemək prosesi, əlbəttə, bu yöndən baxıldıqda münasib deyil, çünki yemək özünün baş verməsi üçün borclu olduğu şeyin udulmasıdır. Bu anlamda təfəkkür də yeməkdən geri qalmır.

Lakin əsl, özü-özündə refleksləşmiş təfəkkürün bilavsitəliliyi (apriorluğu) ən ümumilikdir, onun ümumiyyətlə özü-özündə varlığıdır; təfəkkür burada özü-özünə ödənilir, təminatlanır və buna görə də onda xüsusiləşməyə biganəlik, eləcə də öz inkişafına laqeydlik vardır. Buna oxşar olaraq din də az və ya çox inkişaf etməsindən, elmi şüur yüksəkliyinə qalxmasından, yaxud sadəlövh inam və könül səviyyəsində qalmasından asılı olmayaraq eyni intensivliyə malik olub, eyni dərəcədə razı salır və sayğıya səbəb olur. Əgər fəlsəfə ilk fəlsəfi təlimlərdə labüd olaraq baş verdiyi kimi (məsələn, eleat məktəbinin varlıq təlimində göründüyü kimi) ideyaların ən ümumiliyində dayanırsa, onda haqlı olaraq formalizmdə günahlandırılır. Ola bilər ki, daha inkişaf etmiş fəlsəfi təlimdə də xüsusi gözdən keçirilərkən yalnız təkrarlanan abstrakt müddəalar və təriflər formullaşdırılır (məsələn, belə: mütləqdə hər şey birdir, subyektiv və obyektiv olan eyniyyətdədir).Təfəkkürün ilkin abstrakt eyniliyinə münasibətdə o müddəa düzgün və əsaslandırılmış sayılmalıdır ki, fəlsəfə öz inkişafında təcrübəyə borcludur. Empirik elmlər, bir tərəfdən təkcə olayların müşahidəsində dayanmayıb fəlsəfə ilə görüşə hərəkət edir, fikir vasitəsilə material üzərində işləyir: ümumi tərifləri, cinsləri və qanunları taparaq onlar xüsusinin məzmununun fəlsəfəyə daxil olmasına zəmin hazırlayırlar. O biri tərəfdən isə onlar təfəkkürün özünü bu konkret təriflərə keçməyə məcbur edirlər. Empirik elmlərin məzmununu qəbul edərək və bu məzmuna xas olan bilavasitəlik və varlıq formasını aradan qaldıraraq təfəkkür eyni zamanda özü-özündən inkişaf edən təfəkkür olur. Beləliklə, öz inkişafı ilə empirik elmlərə borclu olan fəlsəfə onların məzmununa təfəkkür azadlığının önəmli formasını (aprior formasını) verir, onlara öncədən tapılanın və təcrübi faktların inandırıcılığı yerinə faktları təfəkkürün ilkin və tamamilə müstəqil fəaliyyətinin təsvirinə və nümayişinə çevirən zərurət bilgisinə əsaslanan həqiqilik verir.

§ 13


Fəlsəfənin dış tarixinin özünəməxsus formasında şərh olunan yaranışı və inkişafı bu elmin tarixi kimi təsvir edilir. Bu forma ideyanın inkişaf mərhələlərinə fəlsəfi təlimlərin təsadüfi ardıcıllığı xarakteri verir və görüntü yaradır ki, onların prinsipləri və bu prinsiplərin işlənib hazırlanması arasında yalnız fərqlər vardır. Ancaq bu işi düşünən təbiəti öz varlığını dərk etməkdən ibarət olan və bu yolla öz varlığını özünün predmeti etməsi sayəsində öz inkişafının yüksək pilləsinə qalxan tək canlı ruhun minillərlik işi görür. Fəlsəfənin tarixi göstərir ki, birincisi, fərqli görünən fəlsəfi təlimlər eyni bir fəlsəfənin inkişafının ardıcıl tarixi pillələridir; ikincisi, hər biri hansısa bir sistemin təməlində duran ayrı-ayrı prinsiplər eyni bir bütövün yalnız şaxələridir. Zaman baxımından sonuncu fəlsəfi təlim bütün əvvəlki fəlsəfi təlimlərin sonucudur, yekunudur və buna görə də onların bütün prinsiplərini özünə daxil edir; odur ki, o ən inkişaf etmiş, ən zəngin və ən konkret fəlsəfi təlimdir.

Qeyd. Çoxsaylı fərqli fəlsəfi təlimlərin varlığı görüntüsündə ümuminin xüsusidən (onların öz təriflərində) fərqləndirilməsi zərüridir. Formal və xüsusi ilə yanaşı götürülən ümuminin özü də nə isə bir xüsusiyə çevrilir; həyatın ötəri predmetlərinə tətbiq edildikdə belə münasibətin mənasızlığı və yersizliyi tez gözə dəyir, belə ki, məsələn, kimsə özünə meyvə istəsə və eyni zamanda albalıdan, armuddan, üzümdən meyvə deyil, albalı, armud, üzüm olduqları üçün imtina etməsini göstərmək yetərlidir. Lakin fəlsəfədən söz açıldıqda ona göstərilən həqarətli münasibətə onunla haqq qazandırırlar ki, fərqli fəlsəfi təlimlər vardır və onlardan hər biri ümumiyyətlə, eyni bir fəlsəfə deyil, hər biri ayrıca bir fəlsəfədir, guya albalı meyvə deyilmiş. Elə də olur ki, prinsipi ən ümumilik olan fəlsəfi təlimi prinsipi xüsusidən ibarət olan və hətta fəlsəfənin varlığını inkar edən təlimlə bir sıraya qoyurlar. Və bu müqayisə belə bir əsasda aparılır ki, bütün bunlar yalnız dəyişik fəlsəfi baxış nöqtələridir. Bu da işığın və qaranlığın yalnız iki işıq növü olduğunu söyləməyə bənzəyir.

§ 14

Fəlsəfə tarixində təsvir edilən təfəkkürün inkişafı da fəlsəfənin özündə bu cür təsvir edilir. Lakin burada təfəkkürün inkişafı dış tarixi şəraitdən azad edilir və xalis təfəkkürün stixiyasına verilir. Azad və həqiqi fikir özündə konkretdir və özündə o, bir ideyadır; özünün ən ümumi tamamlanmasında isə o, mütləq ideyadır. Onun haqqında olan elm önəmli ölçüdə sistemdir, çünki həqiqi olan konkret kimi özü özündə genişlənən və özünü saxlayan vəhdət yaxud totallıqdır və yalnız fərqlər və onların tərifləri sayəsində onlaın zəruriliyi və bütövün azadlığı mövcud ola bilər.



Qeyd. Sistemsiz fəlsəfəçilikdə elmlik ola bilməz; bundan başqa sistemsiz fəlsəfəçilik özlüyündə subyektiv rəyi ifadə etdiyindən məzmunca da təsadüfidir. Hər bir məzmun bütövün yalnız bir momenti kimi haqq qazanır və bütövdən kənarda o, əsaslandırılmamış müddəadır, yaxud subfektiv inamdır. Bir çox fəlsəfi əsərlər də məhz rəy və subyektiv mülahizə biçimində ifadə etməklə məhdudlaşırlar. Sistem dedikdə yanlış olaraq məhdud, başqalarından prinsipcə fərqlənən fəlsəfi təlimi başa düşürlər; əslində isə həqiqi fəlsəfənin prinsipi bütün ayrıca prinsipləri özündə saxlamasından ibarətdir.

§ 15


Fəlsəfənin hər bir kəsimi fəlsəfi bütövlükdür, özündə qapalı dairədir, ancaq bu kəsimlərdən hər biri özünün xüsusi müəyyənliyindəki fəlsəfi ideya və ya bütövün xüsusi momentidir. Ayrıca dairə ona görə özü özündə totallıqdır ki, o öz müəyyənliyindəki sərhəddi yarır və özündən daha geniş sfera üçün əsas olur; odur ki, bütöv hər biri zəruri moment olan dairələrdən ibarət bir dairədir, bu dairələrin sistemi eyni zamanda onların hər birində ayrıca təzahür edən bütöv ideyadır, yaxud ideyanın bütövlüyüdür.22

§ 16


"Ensiklopediyada" elm öz kəsimlərinin, hissələrinin geniş inkişafı halında şərh olunmur; "Ensiklopediya" yalnız ayrı-ayrı elmlərin başlanğıc və təməl anlayışlarının şərhilə məhdudlaşır.

Qeyd. Xüsusi elmin yaradılması üçün tələb olunan kəsimlərin sayı məsələsi qeyri-müəyyəndir, çünki həqiqini təmsil etmək üçün kəsim öz sırasında təcrid olunmuş bir moment yox, bütöv olmalıdır. Odur ki, fəlsəfə bir bütöv kimi əsl tək elmi təşkil edir, ancaq ona da bir sıra xüsusi elmlərdən ibarət olan bütöv kimi baxıla bilər. Fəlsəfi ensiklopediya başqa ensiklopediyalardan onunla fərqlənir ki, bu sonuncular özündə təsadüfi və empirik qaydada birləşən elmlərin aqreqatidir, aralarında isə elələri var ki, yalnız adı elmdir, əslində məlumatlar yığımıdır. Belə ki, elmlər bu aqreqata yalnız dış yöndən qatıldığından onların vəhdəti də dış vəhdətdir, müəyyən qayda ilə yerləşmədir. Odur ki, həm də bundan başqa, elmlərin materialı təsadüfi xarakter daşıdığından aqreqatda onların yerləşməsi həmişə yalnız cəhddən ibarət olaraq qalır və daim özünün yetərliyini üzə çıxarır. Beləliklə, fəlsəfi ensiklopediyada aşağıdakılar yer tapa bilməzlər: 1) məlumatların sadə aqreqatları, məsələn, filologiya; 2) əsasında yalnız özbaşınalıq, ixtiyarilik duran elmlər, məsələn, qeraldika; bu qəbildən olan elmlər iliyinə qədər pozitiv elmlərdir; 3) pozitiv adlanan, lakin rasional təməli və başlanğıcı olan həmçinin digər elmlər. Elmlərin yalnız bu rasional tərəfi fəlsəfəyə məxsusdur, onların digər, pozitiv tərəfi isə onların öz nailiyyətidir. Elmlərdəki pozitiv, müsbət tərəf dəyişik xarakterlidir: 1) elmin özlüyündə rasional tərəfi ümumi empirik təkcəlik və gerçəklik səviyyəsinə endirildikdə təsadüfi hala keçir. Bu dəyişkənliklər və təsadüflər səltənətində anlayışın gücü yoxdur, yalnız təməllər gücə malik ola bilər. Məsələn, yurispredensiya və ya birbaşa və dolayısı vergilər sistemi qəti və dəqiq qərarlar tələb edir və bu qərarlar özündə-və-özü-üçün müəyyən anlayışdan kənardadır və buna görə də onlar seçilmiş əsasdan bu və ya digər asılılıqda olan və beləliklə də qəti həqiqiliyə malik olmayan tərəflər üçün geniş meydan saxlayır. Eynilə özünün təkcəliyində götürülən təbiət ideyası da təsadüflər səltənətində dolaşır; təbii tarix, coğrafiya, tibb və i. a. mövcudluq tərəflərinə, növlərə və təfəkkürdən deyil, xarici təsadüfdən və zorakılıqdan asılı olan fərqlərə gəlib çıxırlar. Tarix də bu qəbildən olan elmlərə aiddir, çünki ideya onun mahiyyəti olsa da, tarix olayları təsadüflərdir və zorakılıqlar səltənətinə aiddir. 2) Elmlər pozitivdirlər həm də ona görə ki, onlar bilmirlər ki, tərifləri sonludurlar və bu təriflərdən daha yuxarı sferalara keçidi göstərə bilmirlər, onları sadəcə mövcudluq kimi götürürlər. Bu elmlərdə qarşımıza formanın sonluluğu çıxır. 3) Formanın bu sonluluğu idrakın təməlinin sonluluğu ilə bağlıdır, bu təməl qismən rezonansdan, qismən hissdən, inamdan, başqalarının avtoritetindən, ümumiyyətlə, dış və iç seyrin avtoritetindən ibarətdir. Buraya həmçinin antropologiyanı, şüur faktlarını, iç seyri və ya dış təcrübəni öz təməli kimi qəbul edən fəlsəfə də aiddir. 4) Lakin elə də ola bilər ki, yalnız elmi şərhin forması empirik olsun, düşüncəli seyr isə yalnız olayları təşkil edir, belə ki, bu anlayışın iç hərəkətinə uyğundur. Belə empirik elmlər onunla xarakterizə olunur ki, müqayisə olunan olayların bir-birinə əks olması sayəsində dış, təsadüfi şəraitlər kənara qoyulur ki, bunun sonucunda ağlın qarşısında ümumi durmuş olur. Mənalandırılmış eksperimental fizika, tarix və i. a. beləliklə, təbiətin, insan olaylarının və işlərinin rasional elmini anlayışın dış təsvirlərindən ibarət olan obrazlar halında cızmış olurlar.

§ 17


Fəlsəfənin başlanğıcına gəlincə, göründüyü kimi, o da başqa elmlər kimi subyektiv müqəddimədən, nə isə bir xüsusi predmetdən başlamalıdır; əgər başqa elmlərdə predmet məkan, say və ilaxırdırsa, fəlsəfə təfəkkürün özünü təfəkkürün predmeti etməlidir. Ancaq bu, azad təfəkkür aktıdır; təfəkkür o baxımdan azaddır ki, o özü özü üçün mövcuddur və deməli, öz predmetini özü yaradır. Sonra, beləliklə, bilavasitə olan haqqında baxış fəlsəfə elmi çərçivəsində özünü nəticəyə, yəni fəlsəfənin son nəticəsinə çevirməlidir, belə ki, məhz bu nəticədə fəlsəfə öz başlanğıcını yenidən əldə edir və özünə qayıdır. Beləliklə, fəlsəfə başqa elmlərin malik olduğu başlanğıcı olmayan özünəqayıdan dairədir, belə ki, onun başlanğıcı elmə deyil, yalnız fəlsəfəçilik etmək qərarına gələn subyektə aiddir. Bunu başqa sözlərlə desək, elmin anlayışı yəqin ki, ilk anlayışı (bu birinci anlayış olduğu üçün ikiləşmiş olmalıdır, bu ikiləşmə ondan ibarətdir ki, təfəkkür sanki fəlsəfəçilik edən subyekt üçün dış predmetdir) elmin özü tərəfindən dərk edilməlidir. Bundan başqa elmin tək məqsədi və işi öz anlayışının anlayışını əldə etmək və beləliklə də özünün giriş nöqtəsinə, özünütəminə gəlib çıxmalıdır.

§ 18


Fəlsəfə haqqında ilkin ümumi təsəvvür vermək mümkün olmadığı kimi (çünki yalnız elmin bütövlüyü ideyanın təsviridir), elmin ayrı-ayrı bölümlərə ayrılması da yalnız ideyanın bu təsvirindən çıxış edilməklə başa düşülə bilər. Elmin bölümlərə ayrılması da bu bölgünün hasil edildiyi fəlsəfə haqqında ümumi təsəvvür də öncədənbir seçmədir. Lakin ideya özünün özü ilə eyni olan təfəkkürün sadəliyi kimi, həm də təfəkkürün özü üçün olmaq və özünün bu öhdəsində yenə də yalnız özündə olmaq üçün özünü özünə qarşı qoyması fəaliyyətidir. Beləliklə, elm aşağıdakı üç kəsimə ayrılır:

I. Məntiq – özündə və özü üçün ideya haqqında elm.

II. Təbiət fəlsəfəsi – özünün özgə varlığındakı ideya haqqında elm.

III. Ruh fəlsəfəsi – özünün özgə varlığından özünə qayıdan ideya.

Yuxarıda,

§ 15-də, biz qeyd etdik ki, ayrı-ayrı fəlsəfi elmlər arasındakı fərqlər yalnız ideyanın öz tərifləridir və bu fərqli momentlərdə yalnız onun özü təzahür edir. Təbiətdə biz ideyadan başqa heç nə dərk etmirik, ancaq ruhda özü üçün mövcud və özündə və özü üçün olana həmin bu ideya burada dışarılaşmış (Entäuberunq)23 formasında, dışarılığında mövcuddur. İdeyanın çıxış etdiyi tərif həm də ötəri momentdir; Odur ki, ayrıca elm eyni zamanda həm öz məzmununun mövcud predmeti kimi, dərki, həm də bilavasitə bu məzmunda özünün daha yüksək dairəyə keçməsinin dərkidir. Elmlərin bir-birindən ayrılması barədə təsəvvür ona görə düzgün deyil ki, bu təsəvvür ayrıca kəsimləri yaxud elmləri sanki növlərdə olduğu kimi, yalnız hərəkətsiz və öz fərqliliyində substansial kimi götürür.


BİRİNCİ BÖLÜM

MƏNTİQ ELMİ

İLKİN ANLAYIŞ

§ 19

Məntiq xüsusi ideya, yəni təfəkkürün abstrakt stixiyasında olan ideya haqqında elmdir.



Qeyd. Məntiq elminin bu tərifi onun haqqında ilkin qeydlərdə olan digər təriflər kimi bütövün icmalından və bu icmaldan sonra hasil edilmişdir. Başqa sözlə, ümumiyyətlə, fəlsəfənin ilkin anlayışlarına aid olan təriflər bütün bu təriflərin hamısı üçün doğrudur.

Demək olar ki, məntiq təfəkkür, onun tərifləri və qanunları haqqında elmdir, ancaq təfəkkür öz varlığında ideyanın məntiqi ideya kimi özünü göstərdiyi yalnız ən ümumi müəyyənlik və ya stixiyadır. İdeya təfəkkürdür – formal iəfəkkür kimi yox, özünün öncədən malik olmadığı və özündə öncədən tapmadığı, ancaq özü özünə verdiyi təriflərində və qanunlarında inkişaf edən totallıqdır.

Məntiq daha çətin elmdir, çünki onun işi seyrlərlə deyil, hətta abstrakt hissi təsəvvürlərlə də deyil (həndəsə kimi), xalis abstraksiyalarladır, odur ki, o, xalis fikrə dərinləşmək, onu tutmaq və onda sərbəst hərəkət etmək bacarığı və vərdişi tələb edir. Digər tərəfdən isə məntiqə daha asan elm kimi baxmaq olar, çünki onun məzmunu təfəkkürün özündən və onun vərdiş olunmuş təriflərindən başqa bir şey deyil, bu təriflər isə həm də ən bəsit və elementardırlar. Bunlar həm də daha tanış təriflərdir: varlıq, yoxluq və i. a.; müəyyənlik, böyüklük və i. a.; özündə-varlıq, özü-üçün-varlıq, çox və i. a. Lakin bu tanışlıq məntiqin öyrənilməsini daha da çətinləşdirir, çünki bir tərəfdən belə təsəvvür yaradır ki, belə bəlli şeylərlə məşğul olmağa dəyməz; digər tərəfdən burada bu təriflərlə tamamilə başqa və hətta bizim indiyədək tanış olduğumuza əks tərzdə tanış olmaq önəmlidir.

Məntiqin subyekt üçün faydası ağlı başqa məqsədlərin əldə olunmasına yönəltməklə onu inkişaf etdirməsilə müəyyən edilir. Məntiqlə məşğul olmaq vasitəsilə subyektin inkişafı ondan ibarətdir ki, subyekt təfəkkür vərdişi əldə edir, belə ki, məntiq elmi təfəkkür haqqında təfəkkürdür, eyni zamanda ondan ibarətdir ki, məntiq qafanı fikirlə, məhz fikirlə doldurur. Ancaq məntiq həqiqətin mütləq forması olduğundan, özü xalis həqiqət olduğundan təkcə faydalılıqdan ibarət deyildir. Ancaq məntiqə daha yaxşı, daha azad və müstəqil, eyni zamanda daha faydalı fəaliyyət kimi baxmaq olar. Ona görə də məntiqin faydalılığı sadəcə təfəkkürün formal məntiqdən tamamilə fərqli bir şey olduğu baxımdan dəyərləndirilməlidir.

1-ci əlavə. Hər şeydən öncə sual belə qoyulmalıdır: bizim elmin predmeti nədir? Ən sadə və aydın cavab budur: onun predmeti həqiqətdir. Həqiqət böyük sözdür, sözdən də böyük işdir. Əgər ruh və insanın könlü hələ sağlamdırsa, onun köksü bu sözdən daha da qabarmalıdır. Lakin burada bir anda "amma" yaranır: biz həqiqəti dərk edə bilərikmi? Deyəsən məhdud insanla özündə və özü üçün mövcud həqiqət arasında bir uyğunsuzluq var. Sual yaranır: sonlu ilə sonsuz arasında körpü haradadır? Allah həqiqətdir; biz onu necə dərk edək? Təvazökarlıq və sadəlik fəziləti guya belə bir ziddiyyətdədir. Ancaq tez-tez sual verilir: həqiqət dərk oluna bilərmi? Bu sual yalnız ona görə verilir ki, son məqsədin bayalılığına bəraət tapılsın. Bu cür təvazökarlığın heç bir dəyəri yoxdur. Lakin mən, bədbəxt soxulcan həqiqəti necə dərk edə bilərəm sualı arxa plana keçmişdir; onun yerini xudpəsəndlik və lovğalıq tutmuşdur, indi insanlar hesab edirlər ki, bilavasitə həqiqətlədirlər.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə