MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə3/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   2   3   4   5   6   7   8   9   ...   20

Gənclərə inandırmağa çalışırlar ki, onlar guya həqiqətə (din və mənəviyyat sahəsində) təbiətən malikdirlər. Özəlliklə onları əmin edirlər ki, bütün yaşlı nəsil yalanla kirlənmiş və sümükləşmişdir. Gənclik üçün guya dan yeri ağarmaqdadır, yaşlı nəsil isə yoxsulluq bataqlığında həyat sürür. Xüsusi elmlərlə bağlı gəncliyə deyirlər ki, əlbəttə onları yalnız dış, praktiki məqsədlə öyrənmək lazımdır.

Beləliklə, burada həqiqətin öyrənilməsi və dərkindən təvazökarlıq yox, həqiqətə şübhəsiz malik olmaq əminliyi uzaqlaşdırır. Yaşlı nəsil, əlbəttə, gəncliyə ümid bəsləyir, çünki gənclik dünyanı qurmalı, elmi irəli aparmalıdır. Lakin gəncliyə ona görə bu ümid bəslənir ki, o olduğu kimi qalmayıb ruhun ağır yükünü öz üzərinə götürəcək.

Həqiqətə münasibətdə təvazökarlığın başqa bir forması da var. Bu təvazökarlıq həqiqətə münasibətdə Pilatın allaha münasibətində gördüyümüzə oxşar iddialılıqdan ibarətdir. Hər şeyi həll edib artıq hər şeyə marağını itirən bir insan kimi Pilat soruşur: "Həqiqət nədir?" Bu sual çar Solomonun "hər şey fanidir" sözünün anlamını daşıyır. Onda subyektiv fanilikdən başqa heç nə qalmamışdır. Çarəsizlik də həqiqətin dərkinə ziddir. Tənbəl adamın başına bu fikir asan gəlir: artıq fəlsəfəçiliyə elə də ciddi yanaşmaq lazım deyil. Məntiq üzrə mülahizələri dinləmək olar, ancaq onlar bizi necə var idisə, o cür də saxlamalıdır. Bu insanlar düşünürlər ki, əgər təfəkkür adi çərçivəsindən çıxarsa, bu, xeyir gətirməz; fikir dalğaları səni hər tərəfə atacaq və sonda əbəs yerə ayrıldığın keçici maraqların dayazlığına gətirib çıxaracaq. Bu cür baxışların sonucunun nə olduğunu biz həyatda görürük. Əlbəttə, cürbəcür biliklər və məlumatlar əldə etmək, ətalət məmuru olmaq, ümumiyyətlə, özəl məqsədlər əldə etmək üçün lazımi hazırlıq əldə etmək olar. Ümid etmək olar ki, bizim zamanımızda gənc nəslin düşüncəsində nə isə yaxşı bir şeyə meyl yaranmışdır və o artıq dış idrak ilə yetinməyəcəkdir.

2-ci əlavə. Məntiqin predmetinin təfəkkür olması ilə hamı razıdır. Ancaq təfəkkür haqqında çox yüksək və çox aşağı rəyə malik olmaq olar. Belə ki, məsələn, bir tərəfdən tərəflər deyirlər: təfəkür – yalnız fikirdir; bunu fikrin subyektivliyi kimi, ixtiyariliyi və təsadüflüyü kimi düşünüb işin özü kimi, həqiqətin özü və gerçəklik kimi anlamırlar. Digər tərəfdən də fikir haqqında çox yüksək rəydə olub anlamaq olar ki, təkcə fikir ən yüksək olanın, allahın təbiətini dərk edir, dış hisslər vasitəsilə allah haqqında heç nə bilmək olmaz. Deyirlər: allah ruhdur və istəyir ki, ona ruhda və həqiqətdə sitayiş etsinlər. Duyulan, hiss edilən isə ruhi deyildir; bununla biz razıyıq; bunların ən dərin mahiyyəti fikirdir; ruhu yalnız ruh dərk edə bilər. Doğrudur, ruh (məsələn, dində olduğu kimi) həmçinin duyan ruh kimi çıxış edə bilər, amma hiss, onun forması bir şeydir, onun məzmunu isə başqadır. Hiss ümumiyyətlə, bizim üçün və heyvanlar üçün ümumi olan hissiliyin formasıdır. Bu forma konkret məzmun əldə edə bilər, ancaq o, bu forma ilə təmin edilə bilməz; hissi forma ruhi, mənəvi məzmunun aşağı formasıdır. Bu məzmun – allahın özü – yalnız təfəkkürdə və təfəkkür kimi həqiqi varlığa malik ola bilər. Bu anlamda fikir təkcə fikirdən ibarət olmayıb ən uca, daha dəqiq deyilərsə, əbədi və özündə-və özü-üçün-varlığın dərkinin tək üsuludur.

Fikir haqqında olduğu kimi fikir haqqında elm (məntiq – A. T.) barəsində də yüksək və aşağı rəydə olmaq olar. Düşünürlər ki, biz fiziologiyanı öyrənmədən qidanı həzm edə bildiyimiz kimi məntiqin köməyi olmadan da düşünə bilərik. Hətta əgər məntiqi öyrənsən belə, yenə də onu mənimsəmədən öncə düşündüyümüz kimi elə bir dəyişiklik olmadan düşünürük, ancaq ola bilər ki, məntiq düşüncəmizi daha metodik etsin. Əgər məntiqin bizi xalis formal təfəkkürün fəaliyyətilə tanış etməkdən özgə bir vəzifəsi olmasaydı, onda onsuz da yaxşı görülə bilən iş üçün heç nə verməzdi. Əvvəlki məntiq doğrudan da xalis formal təfəkkürün fəaliyyətilə tanışlığı yerinə yetirirdi. Lakin demək lazımdır ki, təfəkkürün xalis subyektiv fəaliyyət kimi dərki insana sayğı gətirir və onda maraq doğurur; insan heyvandan özünün nə olduğunu və nə etdiyini bilməsi ilə fərqlənir. Ancaq digər tərəfdən, məntiqi təfəkkür haqqında elm kimi yüksək tutmaq da olar, çünki ali həqiqəti yalnız təkcə fikir bilə bilər. Deməli, əgər məntiq elmi təfəkkürü fəaliyyətdə və onun məhsullarında gözdən keçirirsə (təfəkkür isə məzmunsuz fəaliyyətdən ibarət deyildir, çünki o, fikir olmaqla fikirlər hasil edir), onda onun məzmunu fövqəlhissi aləmdir və biz məntiqlə məşğul olarkən o aləmdə oluruq. Riyaziyyatın işi ədəd və məkan abstraksiyaları ilə olur, ancaq bunlar yenə də nə isə bir hissi predmetlərdir, hərçənd ki, onlar abstraksiyadırlar və mövcud varlıqları yoxdur. Fikir hissiliyin bu sonuncu qalıqları ilə də vidalaşır və özü özündə azadlıq əldə edir, dış və iç hissiliyindən ayrılır, bütün özəl maraqları və meylləri özündən kənarlaşdırır. Məntiq bu zəmin üzərində durduğundan biz onu yüksək qiymətləndirməliyik.

3-cü əlavə. Məntiqi xalis formal təfəkkür haqqında elm anlamında olduğundan daha dərin anlamda başa düşmək tələbatı dinin, dövlətin, hüququn və əxlaqın maraqlarından irəli gəlir. Əvvəllər azad və zorakılığa məruz qalmadan düşünürdülər və heç nədən şübhələnmirdilər. Allah, təbiət və dövlət haqqında düşünürdülər və əmin idilər ki, həqiqətin dərkinə hisslər və ya təsadüfi təsəvvürlər və rəylər vasitəsilə deyil, yalnız düşüncə vasitəsilə nail olmaq olar. Bu cür düşünmək davam edirdi, bəlli oldu ki, bu cür düşüncə həyatın yüksək özüllərini şübhə altına salır, bütün müsbət olanın önəmini azaldır. Dövlət quruluşları düşüncənin qurbanı oldular, din düşüncənin, fikrin hücumuna məruz qaldı, indiyədək şübhəsiz kəşflər sayılan dini təsəvvürlər sarsıldı və əski inanc bir çox könüllərdə məhv oldu. Belə ki, məsələn, yunan filosofları əski dinə düşmən kəsildilər və onun təsəvvürlərini məhv etdilər. Bir-birilə önəmli ölçüdə bağlı olan dinin və dövlətin bu cür aşağılanmasına görə filosoflar ölkədən qovulur və öldürülürdülər. Təfəkkür özünü belə göstərdi və böyük təsir göstərdi. Bu, təfəkkürün hakimiyyətinə diqqət göstərilməsinə məcbür etdi; onun tələblərini daha diqqətlə gözdən keçirməyə başladılar və bu məsələni araşdıranların rəyincə aydın oldu ki, təfəkkür zorla öz üzərinə heç bir vəzifə qəbul etmir və özünün başlamadığı işləri yerinə yetirə bilməz. O, allahın, təbiətin və ruhun mahiyyətini dərk etmək, ümumiyyətlə, həqiqəti dərk etmək yerinə dövləti və dini devirdi. Odur ki, təfəkkürdən tələb etməyə başladılar ki, o özünün gəldiyi nəticələrə bəraət qazandırsın və beləliklə, təfəkkürün təbiətinin və onun düzgünlüyünün tədqiqi ən yeni dövrdə fəlsəfi marağın önəmli sahəsi olmuşdur.

§ 20


İlk baxışda təsəvvür edildiyi kimi götürüldükdə təfəkkür a) özünün adi subyektiv anlamında digər – hissi qavrayışla, seyrlə, fantaziya və i. a., istəklə, arzu ilə və i. a. yanaşı, ruhi, mənəvi fəaliyyətlərdən və ya qabiliyyətlərdən biridir. Təfəkkürün məhsulu, müəyyənlik və ya fikrin forması ümumiyyətlə, ümumidir, abstraktdır. Deməli, fəaliyyət kimi təfəkkür fəal ümumidir – məhz özünü yaradan fəaliyyətdir, belə ki, törədilən əməl ümumidir. Subyekt kimi təsəvvür edilən təfəkkür düşünən varlıqdır; düşünən mövcud subyekti göstərmək üçün sadə ifadə, söz "mən"dir.

Qeyd. Burada və sonrakı paraqraflarda göstərilən təriflər təfəkkür haqqında mənim təsdiqim və rəyim kimi başa düşülməlidir. Belə ki, şərhin bu ilkin üsulunda bizim verdiyimiz təriflərin hasil edilməsi və sübutu öz əksini tapmadığından onları faktlar saymaq olar, belə ki, hər kəs əgər düşünür və o faktları araşdırırsa, onları özünün empirik şüurunda tapa bilər; bu fikirlər ümumi xarakterə malikdirlər, eyni zamanda sonradan göstəriləcək tərifləri aşkar edə bilər. Öz şüurunun və təsəvvürünün faktlarını müşahidə etmək üçün hər halda inkişaf etdirilmiş diqqət və abstraktrlaşdırma qabiliyyəti tələb olunur.

Artıq bu ilkin şərhdə biz hissi olan, təsəvvürlə fikir, düşüncə arasındakı fərqdən söz açmalıyıq; bu fərq idrakın təbiəti və növlərini anlamaq üçün həlledici önəm daşıyır və bu fərq haqqında burada edilən bir sıra qeydlər predmetin aydınlaşmasına xidmət edir. Hissi olana gəlincə onun izahı üçün ilk öncə onun dış qanadlı olduğunu, hiss üzvləri ilə bağlı olduğunu göstərirlər. Ancaq hissiliyin alətini göstərmək onun bu alət vasitəsilə hasil edildiyini müəyyənləşdirmir. Hiss ilə fikir arasındakı fərqi biz onda görməliyik ki, birincinin xarakter özəlliyi təkcədir və təkcə (tamamilə abstrakt götürüldükdə bu, atomdur) digər təkcələrlə bağlı olduğundan hissi olan bu təkcələrin bir-birindən kənarda olmasının ifadəsidir ki, bunun da abstrakt formaları onların bir yerdə və ardıcıl olmasıdır.

Təsəvvürün də məzmunu hissi materialdır, ancaq təsəvvürdə olan bu material məndə olan və mənim materialım kimi və ümumi kimi, özü ilə münasibət, sadəlik kimi xarakterizə olunur. Lakin təsəvvürün hissilikdən başqa elə bir materialı da var ki, məsələn, hüquqi, mənəvi və dini təsəvvürlər kimi, həmçinin, təfəkkür haqqında təsəvvürlər kimi özünü bilən təfəkkürdən yaranır və belə təsəvvürlərin bu məzmunla fikirdən nə ilə fərqləndiyini göstərmək asandır. Burada məzmun fikirdir və həmçinin ümumilik formasına malikdir və bu forma ondan ötrüdür ki, hansısa məzmun məndə olsun və o, təsəvvürdən ibarət olsun. Lakin təsəvvürün fərqləndirici əlamətini burada onda görmək lazımdır ki, təsəvvürdəki məzmun sanki təcrid olunmuş kimi durur. Doğrudan da hüquqi və buna bənzər digər təriflər hiss-məkani kənarlıqda deyillər. Zamana münasibətdə isə onlar bir-birindən sonra gəlirlər; lakin onların məzmunu isə zamana məhkum, zamanca yaranan və dəyişilən deyil. Amma özlüyündə belə ruhi təriflər yenə də, ümumiyyətlə, təsəvvürün iç abstrakt ümumiliyinin geniş zəminində ayrı-ayrıdırlar. Bu ayrılıqda onlar: hüquq, borc, allah bəsitdirlər. Təsəvvür ya onun üzərində dayanır ki, hüquq elə hüquqdur, allah allahdır, ya da əgər o daha inkişaf etmiş təsəvvürdürsə, onda, məsələn, belə tərifləri göstərir: allah aləmin yaradıcısıdır, o hər şeyə sahib və qadirdir və i. a.; burada yenə də bir sıra ayrı-ayrı sadə təriflər bir-birinə qovuşur, halbuki onların arasında subyektin (təfəkkürün, "Mən"in – A. T.) onlara verdiyi bir bağlılıq var. Təsəvvür burada ondan yalnız ümumilə xüsusi arasındakı, və ya səbəblə fəaliyyət və s. arasındakı bağlantını, yəni təsəvvürün ayrı-ayrı tərifləri arasındakı zərurət bağlantısını müəyyən etməsilə fərqlənən empirik-əqli dərrakə ilə üst-üstə düşür, halbuki təsəvvürün qeyri-müəyyən məkanında bu təriflər sıra təşkil edir və bir-biri ilə yalnız sadə həmçinin vasitəsilə bağlanır. Təsəvvürlə fikrin fərqli olması çox önəmlidir, ona görə ki, ümumiyyətlə demək olar ki, fəlsəfə təkcə təsəvvürü fikrə çevirir, amma, əlbəttə, bu da əlavə edilməlidir ki, o sonradan çılpaq fikri anlayışa çevirir.

Lakin əgər biz hissiliyin təkcəlik və özündənkənarlıq kimi təriflərini göstərmişiksə, onda əlavə etməliyik ki, bu təriflər də fikirdir və ümumidir; məntiqdə aşkar olacaq ki, fikir və ümumi fikrin özü və özünün özgəsidir, o özünün özgəsini də əhatə edir və ondan kənarda heç nə qalmır. Belə ki, dil fikrin əsəri olduğundan ümumi olmayan heç bir şeyi ifadə edə bilməz. O şey ki, mənə elə gəlir o mənimdir, mənə ayrıca fərd kimi məxsusdur; ancaq əgər dil yalnız ümumini ifadə edirsə, onda mən yalnız mənə elə gəlir deyə bilmərəm. Və ifadə oluna bilməyən, hiss, duyğu ən yaxşı ən həqiqi deyil, ən önəmsizdir, daha qeyri-həqiqidir; əgər mən təkcə deyirəmsə, bu təkcə burada indiki təkcədirsə, onda bütün bunlar ümumi ifadələrdir; "hamı" və "hər kəs" təkcələrdir, ümumiyyətlə, "budur", "burada" və "indi"dir, ümumiyyətlə, hissi olandan söz getdikdə burada və indi olan nəzərdə tutulur. Eləcə də mən "mən" deyərkən özümü bu bütün başqa "mənləri" istisna edən mövcud "mən"i nəzərdə tuturam; ancaq "mən" deyimi bütün başqa "mən"ləri də ifadə edir, bu "mən" bütün başqa mənləri istisna edən "mən"dir. Kantın "mən" mənim bütün təsəvvürlərimin, eləcə də duyğularımın, hərəkətlərimin və i. a. müşayətçisidir deyimi uğurlu seçilməyib. "Mən" özlüyündə ümumidir və ümumilik də ən ümuminin formalarından biridir, ancaq onun yalnız dış formasıdır. Bütün insanlar "mən"dən ibarət olan ümumiliyə malikdirlər, eləcə də mənim bütün duyğularım, təsəvvürlərim və i. a. arasındakı ümumilik mənim olmalarından ibarətdir. Ancaq abstrakt götürülən "mən" özümün özümə xalis münasibətimdir ki, bu, təsəvvürdən, duyğudan hər cür halımdan, eləcə də hər cür təbii özəlliyimdən, istedadımdan, təcrübəmdən və i. a. abstraksiya edilmişdir. Bu yöndən "mən" tamamilə abstrakt ən ümumiliyin varlığıdır, abstrakt azadlıqdır. Odur ki, "mən" subyekt kimi təfəkkürdür; və belə ki, mən "mən" kimi bütün özümün duyğularımda, təsəvvürlərimdə, hallarımda iştirak etdiyimdən, fikir hər yerdə mövcuddur və bütün bu təriflərdən kateqoriya kimi irəli çıxır.

Əlavə. Təfəkkürdən söz açdıqda öncə onu subyektiv fəaliyyət, çoxlu qabiliyyətlərimizdən biri, məsələn yaddaş, təsəvvür, iradə və i. a. kimi təsəvvür edirik. Əgər təfəkkür yalnız bir subyektiv fəaliyyət olsaydı və bu cür də məntiqin predmeti olsaydı, onda o da başqa elmlər kimi müəyyənləşmiş bir predmetə malik olardı. Onda təfəkkürün ayrıca bir elmin predmeti edilməsi, iradənin, fantaziyanın və i. a. ayrıca bir elmin predmeti edilməməsi zorakılıq olardı. Təfəkkürə sayğının əsası onun bir avtoritet kimi qəbul olunmasıdır və bu, insanda onu heyvandan fərqləndirən daha həqiqi bir özəllikdir. Təfəkkürün hətta subyektiv fəaliyyət kimi öyrənilməsi də maraqlıdır. O zaman təcrübə vasitəsilə dərk olunan qaydalar və qanunlar onun ən yaxın tərifləri olardı. Təfəkkürün bu yöndən gözdən keçirilən qanunları, adətən, məntiqin məzmununu oluşdurur. Bu elmin banisi Aristoteldir. O elə bir güclü ağıl sahibi idi ki, təfəkkürə layiq olduğu dəyəri verə bilmişdir. Bizim təfəkkürümüz çox konkretdir, ancaq onun məzmun rəngarəngliyində, çoxcürlüyündə biz təfəkkürə məxsus olanı və ya fəaliyyətinin abstrakt formasını ayırmalıyıq. Gizli ruhi bağlar, təfəkkür fəaliyyəti bütün bu məzmunu və bu bağları, bu formanı birləşdirir və bunu olduğu kimi Aristotel irəli sürmüş və müəyyənləşdirmişdir. Aristotelin məntiqi günümüzədək məntiqin özülü olaraq qalmaqdadır və Aristoteldən sonra, əsasən, orta əsrlər sxolastikləri tərəfindən onun üzərində işlənilmişdir; ancaq onlar məntiqin məzmununa heç nə əlavə etməmiş, yalnız bəzi detalları inkişaf etdirmişlər. Yeni dövrün məntiq sahəsində başlıca xidməti, əsasən, bir tərəfdən Aristotelin və sxolastiklərin yaratdıqları bir çox tərifləri atması ilə, digər tərəfdən çoxlu kənar psixoloji materialı əlavə etməklə məhdudlaşır. Bu elm onunla maraqlıdır ki, orada biz sonlu təfəkkürün üsulları ilə tanış oluruq və bu elm özünün nəzərdə tutduğu predmetinə uyğundursa, düzgün elmdir. Formal məntiqi öyrənmək, şübhəsiz, fayda verir; onun öyrənilməsi qəbul olunduğu kimi, ağlı cilalayır. Biz fikrimizi toparlamağı öyrənirik, abstraktlaşdırmaya vərdiş edirik, bununla yanaşı adi şüurda olduğu kimi, bir-biri ilə çarpazlaşan və qovuşan təsəvvürlərimizlə işləyirik. Amma abstraktlaşdırmada ruhun bir nöqtədə toparlanması məqamı var və buna vərdiş etməklə biz özümüzün iç həyatımızı əldə edirik. Sonlu təfəkkürün formaları ilə tanışlıq bu formalara söykənən empirik elmlərə hazırlıq üçün vasitə ola bilər və bu anlamda məntiqi instrumental elm adlandırırlar.

Doğrudur, həmin bu baxışı genişləndirib demək olar ki, məntiqi faydalılığı naminə deyil, onun özü naminə öyrənmək lazımdır, çünki gözəl olanı təkcə faydalılığı xatirinə axtarmaq lazım deyil. Bu bir tərəfdən tamamilə doğrudur, digər tərəfdən də gözəl olan həm də daha faydalıdır, çünki o mühümdür, özlüyündə sabit olandır və odur ki, özəl məqsədlərin daşıyıcısıdır və o, bu məqsədlərə kömək edir və onların həllinə çatdırır. Özəl məqsədlərə ən mühüm olan kimi baxmaq lazım deyil, amma gözəl olan hər halda onların həllinə kömək edir. Belə ki, məsələn, dinin mütləq dəyəri onun özündədir, ancaq bununla yanaşı, din başqa məqsədlərin də dayağıdır. Allah deyir: öncə ilahi səltənəti axtarın və qalan şeyləri əldə edərsiniz. Özəl məqsədlər yalnız o halda əldə edilə bilər ki, özündə-və-özü-üçün-varlığa nail olunsun.

§ 21


b) Bir halda ki, təfəkkür (fəal təfəkkür kimi) predmetlərə münasibətdə – nəyinsə haqqında düşüncə kimi götürülür – deməli, onun məhsulu kimi ən ümumi mühüm, iç, həqiqilik önəmi daşıyır.

Qeyd. Biz 5-ci paraqrafda əski bir inamı xatırlatdıq ki, predmetlərdə, xassələrdə, olaylarda həqiqi olan, onlarda olan gizli, mühüm, bizim bilmək istədiyimiz mahiyyət şüurda bilavasitə yoxdur, bizə ilk baxışdan və qəflətən verilmir; predmetin həqiqi quruluşuna çatmaq üçün düşünmək zəruridir.

Əlavə. Artıq uşağa düşünməyi məsləhət verirlər, ona təklif edirlər ki, məsələn, xəbəri mübtəda ilə uzlaşdırsın. O, anlamalı və fərqləndirməlidir, qaydanı yadda saxlamalı və ayrıca halda bu qayda üzrə hərəkət etməlidir. Qayda ümumidən başqa bir şey deyil və uşaq xüsusini ümumiyə uyğunlaşdırmalıdır. Sonra biz həyatda qarşımıza məqsədlər qoyuruq. Bu zaman məqsədlərimizə hansı vasitələrlə çatacağımızı düşünürük. Burada məqsəd ümumidir, aparıcıdır və biz vasitə və alətlərə malik oluruq və onların işini bu məqsədlərə uyğun görərək müəyyənləşdiririk. Buna oxşar düşüncə əxlaqi məsələlərdə də vardır. Burada düşünmək hüququ və borcu, yəni ayrıca bir halda özümüzü aparmalı olduğumuz möhkəm müəyyənləşdirilmiş qayda kimi ümumini xatırlamaqdır. Bizim özəl davranışımızda ümumi tərif olmalı və dərk edilməlidir. Bunu bizim təbiətə münasibətimizdə də görürük. Biz, məsələn, göy gurultusunu və şimşək çaxmasını görürük. Bu olay bizə tanışdır və biz onu tez-tez müşahidə edirik. Lakin insan hissi olayla yalnız tanış olmaqla yetinmir; bunun arxasında nəyin durduğunu, nədən ibarət olduğunu bilmək, anlamaq istəyir. Odur ki, biz düşünürük, olaydan fərqli bir şey olan səbəbi, iç tərəfin dış olandan fərqini bilməyə can atırıq. Biz, beləliklə, olayı (hadisəni) ikiləşdiririk, onu ikiyə: iç olana və dış olana, gücə və onun görüntüsünə, səbəbə və təsirə ayırırıq. İç, güc burada yenə də ən ümumi, sabit olub, bu və ya digər şimşək, bu və ya digər bitki olmayıb hər şeydə eyni olan, dəyişməyəndir. Hissi olan təkcədir və keçicidir, ondakı dəyişməyən sabit qalanı isə biz düşünməklə bilirik. Təbiət bizə sonsuz sayda təkcə obrazlar və olaylar göstərir; biz bu sonsuz çoxluğu vəhdətə gətirmək istəyirik; odur ki, olayları bir-biri ilə müqayisə edirik və onlardan hər birinin ümumisini dərk etməyə can atırıq. Fərdlər doğulur və ölür, cins, nəsil isə onlarda olan və sonradan bütün fərdlərə yenidən qayıdandır və onu yalnız düşüncə ilə anlamaq olar. Buraya həmçinin qanunlar (məsələn, işığın hərəkət qanunları) da aiddir. Ulduzları biz bu gün burada, sabah orada görürük; bu nizamsızlıq ruha uyğunsuz, onun inanmadığı bir şeydir, çünki ruh nizamın varlığına, sadə, daimi və ümumi təriflərə inanır. Bu inamdan çıxış edərək ruh özünün düşüncəsini olaylara yönəltmiş və onların qanunlarını dərk edərək göy cisimlərinin hərəkətinin ən ümumi formasını müəyyənləşdirmişdir, belə ki, bu qanundan çıxış edərək hər bir yerdəyişməni dərk etmək olar. İnsan fəaliyyətinin sonsuz təzahürlərini idarə edən güclə də iş bu cürdür. Burada da insan ən ümuminin hökmranlığına inanır. Bütün bu misallardan biz əminliklə görürük ki, düşüncə hər zaman davamlı, yaşarı olanı, özündə müəyyən və xüsusi üzərində hökmran olanı axtarır. Bu ümumini dış hisslərlə dərk etmək olmaz və o mühüm və həqiqi kimi qəbul olunur; belə ki, məsələn, hüquq və borc hərəkətlərdə mühüm olandır və hərəkətlərin həqiqiliyi hüquq və borc kimi ən ümumi təriflərə uyğunluğundan ibarətdir.

Beləliklə, ən ümumini müəyyənləşdirərək biz tapırıq ki, o nə isə bir başqasına əksdir, o başqası isə açıq bilavasitəlik, dış və təkcə, vasitələnmişə, iç və ən ümumi olana əks olandır. Bu ən ümumi dış halda mövcud deyil; cins olduğu kimi qavranıla bilməz, göy cismlərinin hərəkət qanunları göydə həkk olunmamışdır. Deməli, ən ümumi yaxıd ümumi eşidilməz, görünməzdir, o yalnız ruh üçün mövcuddur. Din bizi bütün başqa şeyləri əhatə edən ən ümumiyə, hər şeyi yaradan mütləqə gətirib çıxarır və bu mütləq dış hisslər üçün deyil, yalnız ruh, fikir üçündür.

§ 22

v) Düşüncə sayəsində hər hansı bir şey öz məzmununun ilkin duyğudakı, seyrdəki və təsəvvüründəki xarakterində dəyişikliyə məruz qalır; predmetin həqiqi təbiəti yalnız müəyyən bir dəyişikliklə dərk edilir.



Əlavə.Düşüncədə alınan hər bir şey təfəkkürümüzün məhsullarıdır. Belə ki, məsələn, Solon afinalılara öz təfəkkürünün yaratdığı qanunları verdi. Lakin digər tərəfdən, biz ən ümumiyə, qanunlara hansısa subyektiv olana əks olan kimi baxırıq və subyektiv olanda mühüm, həqiqi və obyektiv olanı dərk edirik. Şeylərdəki həqiqətin nə olduğunu bilmək üçün təkcə diqqət yetərli deyil – bunun üçün bizim bilavasitə mövcud olanı dəyişdirici, subyektiv fəaliyətimiz zəruridir. Bu, ilk baxışda idrakda qarşımıza qoyduğumuz məqsədə tamam zidd görünür. Lakin demək olar ki, bütün epoxalarda insanlar əmin olublar ki, bilavasitə verilənin (hissi olanın – A. T.) yalnız düşüncə vasitəsilə dəyişdirilməsi vasitəsilə substansiyanın dərkinə nail olmaq olar. Yalnız ən yeni dövrdə buna şübhə etməyə başladılar və təfəkkürümüzün məhsulu ilə şeylərin özlüyündə nə olduğunu kəskin fərqləndirməyə başladılar. İndi təsdiq etməyə başlayıblar ki, şeylər öz varlıqlarında bizim onlardan hasil etdiyimizdən tamamilə başqa bir şeydir. Bu ikiləşmə baxışını fikirlə şey, predmet arasında uyğunluq olduğuna şübhə etməyən bütün keçmiş nəsillərin fikrinə qarşı özəlliklə tənqidi fəlsəfə irəli sürmüşdür. Yeni fəlsəfənin marağı bu qarşıqoyma ətrafındadır. Ancaq insanın təbii inamı deyir ki, bu qarşıqoyma düzgün deyil. Adi həyatda biz xüsusi refleksiyaya ehtiyac duymadan, həqiqətin alınması üçün xüsusi qayğı göstərmədən düşünürük. Adi həyatda biz qəti əminliklə düşünürük ki, fikir predmetlə uzlaşır, bu zaman biz özümüzə bu barədə hesabat vermirik və bu əminliyin çox böyük önəmi vardır. İdrakımızın yalnız subyektiv idrak olduğunu təsdiq edən və bizim heç bir başqa idraka nail ola bilməməyimiz kimi ümidsizlik bizim zamanın xəstəliyidir. Ancaq həqiqət obyektivdir və o bütün insanların əqidəsi üçün rəhbər, aparıcı qayda olmalıdır, belə ki, ayrıca bir insanın bu qaydaya uyğun gəlməyən inamı pisdir. Ən yeni baxışa görə isə, əksinə, əqidə əqidəliliyin yalnız bir formasıdır, inamın məzmunundan asılı olmayaraq artıq yaxşıdır, çünki onun həqiqilik ölçüsü yoxdur. Əgər biz öncə dedik ki, əzəldən ruhun təyinatının həqiqətin dərkindən ibarət olduğuna əzəldən inanıblar, bu o deməkdir ki, predmetlər, dış və iç təbiət, ümumiyyətlə, obyekt düşünüldüyü kimidir, deməli, təfəkkür predmetin həqiqətidir. Fəlsəfənin vəzifəsidir ki, əzəldən insanların təfəkkürə aid olanları düzgün qəbul etdiklərini aydın dərk etsin.

Beləliklə, fəlsəfə yeni heç nə müəyyənləşdirmir; burada refleksiyamızın yardımı ilə əldə etdiyimiz sonuc hər bir insanın bilavasitə inandığı şeydir.

§ 23

q) Belə ki, düşüncədə şeylərin həqiqi təbiəti bu düşüncənin mənim subyektiv fəaliyyətimdən ibarət olduğuna uyğun dərəcədə aşkar edildiyindən şeyin həqiqi təbiəti eyni zamanda mənim ruhumun yaratdığı və məhz düşünən subyekt kimi bu ruhun yaratdığı təbiətdir; o mənim yaratdığımdır, sadəcə özündə-mövcud "mən" kimi mənim sadə ümumiliyimdir və ya başqa sözlə mənim azadlığımın yaratdığı təbiətdir.



Qeyd. Tez-tez belə ifadə eşidilir: müstəqil təfəkkür; guya bununla əhəmiyyətli bir şey ifadə edilir. Əslində isə heç kəs başqasının yerinə yeyə və içə bilmədiyi kimi, başqasının yerinə düşünə də bilməz; odur ki, müstəqil təfəkkür ifadəsi pleonazmdır.24 Təfəkkürdə azadlıq bilavasitə mövcuddur, odur ki, təfəkkür ümuminin və ya ən ümuminin fəaliyyətidir, deməli, özünə abstrakt bir münasibət, subyektivlik tərəfdən təriflərdən məhrum özü-özündə varlıq, məzmun tərəfdən isə yalnız predmetə və onun təriflərinə yüklənmiş varlıqdır. Odur ki, əgər fəlsəfə barədə onun barışdırıcı (və ya cüzi) və təkəbbürlü olmasından danışırıqsa, təkəbbürlüyü isə öz subyektivliyinə xüsusi heç bir şey, xassə, iş aid etməməsindən ibarətdirsə, onda ən azı fəlsəfəni təkəbbürlülükdə günahlandırmaq olmaz, belə ki, təkəbbür yalnız ona görə həqiqidir ki, məzmunca o predmetə dərinləşir, formasına görə isə subyektin xüsusi varlığı və fəaliyyəti olmayıb, yalnız ondan ibarətdir ki, şüur özünü abstrakt kimi, ayrı-ayrı xassələrin, hallaran və s. hər partikulyarlığından25 azad varlıq kimi aparır və yalnız ümumi hasil edir və bu ümumi isə bütün fərqlərlə eynidir. Əgər Aristotel tələb edirsə ki, biz belə davranışa26 layiq olaq, onda şüurun özünə verdiyi layiqlik məhz onun öz xüsusi rəyindən və inamından imtina etməsindən və özünü predmetin hökmranlığı altına verməsindən ibarətdir.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə