MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə5/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   2   3   4   5   6   7   8   9   ...   20
§ 37

Bir tərəfdən öz gücü ilə özünün ən ümumiliyindən xüsusiliyinə və tərifinə keçə bilməyən fikrin abstrakt nəzəriyyələrinin əksinə olaraq konkret məzmuna olan tələbat, o biri tərəfdən isə son təriflər sahəsində və bu təriflər üzrə hər şeyi sübut etmək imkanını istisna edə bilən möhkəm dayağa olan ehtiyac həqiqi olanı fikrin özündə axtarmaq əvəzinə onu təcrübədən hasil etmək istəyən empirizmə dış və iç mövcudluq gətirdi.

Əlavə. Empirizm özünün yaranmasına görə öncəki paraqrafda göstərilən konkret məzmuna yaranmış tələbata və möhkəm dayağa – abstrakt fikri metafizika ilə ödənilə bilməyən tələbata borcludur. Məzmun konkretliyinə gəlincə burada zəruri olan odur ki, şüur predmetləri, əsasən, özündə müəyyən olunmuş predmetlər kimi və müxtəlif təriflərin vəhdəti kimi dərk edilsin. Lakin gördüyümüz kimi bu, abstrakt metafizikanın, abstrakt prinsipin işi deyil. Xalis abstrakt təfəkkür abstrakt ümumilik forması ilə məhdudlaşır və bu ümuminin xüsusiləşməsinə keçmək durumunda deyil. Belə ki, məsələn, keçmiş metafizika təfəkkür vasitəsilə ruhun mahiyyətini və ya əsas tərifini öyrənmək istəyirdi və onun çıxardığı əsas sonuc bu idi ki, ruh bəsitdir. Ruhun adına yazılan bu bəsitlik cismin və ümumiyyətlə, materiyanın əsas tərifi kimi müəyyənləşdirilən mürəkkəblikdə olan fərqi istisna edən abstrakt bəsitlik anlamında başa düşülürdü. Ancaq abstrakt bəsitlik ruhu (könül anlamında – A. T.) və özəlliklə ruhu (ən ümumiliyində – A. T.) əhatə etmək üçün çox yoxsul tərifdir. Belə abstrakt metafizik təfəkkür yetərli olmadığından çıxış yolunu empirik psixologiyada axtarmağa başladılar. Rasional fizikada da iş bu cürdür. Rasional fizika, məsəln, deyəndə ki, məkan sonsuzdur, təbiət sıçrayışlar etmir və i. a. bunların heç biri təbiətin müxtəlifliyi və həyatı ilə müqayisədə yetərli deyildir.

§ 38


Empirizmin bir tərəfdən metafizika ilə ümumi qaynağı vardır və həmçinin təcrübədən qaynaqlanan təsəvvürlər, yəni məzmun bu metafizikanın təriflərinin (həm müqəddimə, həm də müəyyən məzmun kimi) təsdiqinə xidmət edir. Digər tərəfdən isə, təkcə qavrayış təcrübədən fərqlidir və empirizm qavrayışın, hissin və seyrin məzmununu ən ümumi təsəvvürlər, müddəalar, qanunlar və i. a. formasına yüksəldir. Lakin bu o anlamda baş verir ki, bu ümumi təriflər (məsələn, güc) qavrayışdan aldığı anlamdan başqa heç bir müstəqil anlam daşımasın və hadisədə sübut edilməsi mümkün olan ilişkidən başqa heç bir ilişgisi bəraət qazana bilməsin. Subyektiv tərəfdən empirik idrakın möhkəm dayağı budur ki, şüur qavrayışda özünün bilavasitə varlığını və doğru-düzgünlüyünü əldə edir.

Qeyd. Empirizmdə belə bir böyük prinsip vardır: həqiqi olan gerçək və qavrayış üçün olmalıdır. Bu prinsip refleksiyanın guya yalnız subyektiv fikirdə mövcud olan nə isə bir gerçəkliyə, varlığa qarşı həqarətlə qoyaraq qururlandığı zərurətə, labüdlüyə əksdir. Empirizm kimi fəlsəfə də yalnız olanı dərk edir (

§ 7); fəlsəfə mövcud olmayan bir şeyi qəbul etmir. Empirizmdə insanın öz biliyində düzgün saydığında özünün iştirakını, onu özünün görməsini nəzərdə tutan azadlıq prinsipinin qəbul edilməsi də subyektiv yöndən önəmlidir. Empirizmin ardıcıl yürüdülməsi (sonlu məzmunla məhdudlaşdığı üçün) fövqəlhissinin və ya onun dərkedilənliyinin və müəyyənliyinin, ümumiyyətlə, inkarına gətirib çıxarır və təfəkkürdə yalnız abstraksiyaya, formal ümumiyə və eyniyyətə yer saxlayır. Elmi empirizmin başlıca yanlışlığı odur ki, metafizik kateqoriyalardan – materiya, güc, bir çox ən ümumi, sonsuzluq və i. a., istifadə edərək və belə kateqoriyalara söykənərək, əqli nəticə formalarından istifadə edərək və müqəddimə kimi onlardan çıxış edərək özündə metafizikanın olduğunu, mtafizika ilə məşğul olduğunu bilmir, beləliklə, empirizm bu kateqoriyalardan və onların birləşməsindən tamamilə qeyri-tənqidi və qeyri-şüuri istifadə edir.

Əlavə. Empirizmdən bir çağırış səslənir: quru abstraksiyalar ətrafında dolaşmayın, açıq gözlə baxın, qarşınızda insanın və təbiətin necə durduğunu dərk edin, əsl momentdən istifadə edin! Bu çağırışda önəmli dərəcədə haqlı momentin olduğunu inkar etmək olmaz. "Burada" əsl, bu dünyalıq olan quru o dünyalığı, hörümcək torunu, abstrakt düşüncənin dumanlı obrazlarını əvəz etməlidir. Bununla həmçinin əsgi metafizikada yoxluğu hiss edilən möhkəm dayaq, yəni sonsuz tərif əldə edilmiş olur. Empirik-əqli təfəkkür yalnız sonlu təriflər hasil edir; bunlar davamlı deyillər, laxlayandır və onarın üzərində ucaldılan bina uçur. Ağıl hər zaman sonsuz tərifi tapmağa can atır, lakin o zaman təfəkkürdə bu sonsuz tərifi tapmaq mümkün deyildi. Odur ki, bu can atım indiki momentə, zamanın indiki anından, "burada"dan, "bu"ndan yapışdı və indiki moment həqiqi olmasa da, sonsuz formaya malikdir. Dış olan özündə həqiqi olandır, çünki həqiqi olan gerçəkdir və var olmalıdır. Ağlın axtardığı sonsuz müəyyənlik, beləliklə, öz həqiqətində olmasa da hissi təkcə obrazda, dünyada mövcuddur.

Sonra, empiriklərin baxışına görə, dünyanın dərk edilməsi forması təkcə qavrayışdır empirizmin qüsuru da bundadır. Qavrayış hər zaman təkcədir və ötərgidir; lakin idrak onun üzərində ilişib qalmır, qavranılan təkcədə idrak ümumini və mövcud olanı axtarır ki, bu da bəsit qavrayışdan təcrübəyə keçiddən ibarətdir. Təcrübədə empirizm daha çox analiz formasından istifadə edir. Qavrayışda çeşidli, dəyişkən konkret vardır və biz bunları soğanın qatlarını bir-birindən ayırdığımız kimi ayırırıq. Deməli, bu ayırmanın anlamı odur ki, bir-birinə qovuşmuş tərifləri onlara bu subyektiv ayırma fəaliyyətindən başqa heç nə əlavə etmədən ayırıb təkləyirik. Lakin analiz qavrayışın bilavasitəliyindən fikrə keçiddir, çünki analiz edilən predmetdə birləşmiş təriflərin bir-birindən ayrılması sayəsində onlar ümumilik forması əldə edir. Empirizm predmetləri analiz edərkən onları dəyişmədən, necə varsa o cür saxladığını düşünərkən yanılır, çünki analizdə o, əslində konkreti abstrakt bir şeyə çevirir. Bunun sayəsində canlı öldürülür, çünki yalnız konkret, bütöv canlıdır. Lakin bütövü parçalama, təriflərinə ayırma yalnız ona görə edilməlidir ki, biz dərkə nail olaq ruh özündə bölünükdür. Lakin bu yalnız bir tərəfdir, başlıca olan bölünmüşün bütövləşdirilməsidir. Analiz bölmək mərhələsindən irəli getmədiyindən ona şairin sözünü işlətmək olar:

Kimyada günah kimi səslənən,

Encheiresin naturae – sadəcə gülüşdür.

Hissələri tanışdır, tanışdırmı predmet?

Ruhi bağlar yox, ondakı oyun-oyuncaqdır.33

Analiz konkretdən başlanır və bu materiala malik olmaq analizə keçmiş metafizikanın abstrakt təfəkkürü qarşısında böyük üstünlük verir. Analiz fərqi aşkara çıxarır və bu çox önəmlidir; ancaq bu fərqlər də öz sırasında yalnız abstrakt təriflərdən, yəni fikirlərdən ibarətdir. Belə ki, bu fikirlər predmetin özündə olan təriflər kimi qəbul edildiyindən yenə də əski metafizikanın müqəddiməsilə, yəni şeylərin həqiqiliyi təfəkkürdədir mühakiməsilə qarşılaşır.

Sonra, indi əgər biz məzmuna münasibətdə empirizmin baxışını keçmiş metafizikanın baxışı ilə müqayisə etsək, deməliyik ki, artıq gördüyümüz kimi, keçmiş metafizikanın məzmunu ağlın ümumi predmetləri – allah, ruh (könül anlamında – A. T.) və ümumiyyətlə dünya idi. Bu məzmun təsəvvürdən götürülmüşdü və fəlsəfənin vəzifəsi bu məzmuna fikir forması verməkdən ibarət idi. Sxolastik fəlsəfə də belə etmişdir; Sxolastik fəlsəfədə öncədən qəbul edilən məzmun, müqəddimə xristian kilsəsinin ehkamlarından ibarət idi və onun vəzifəsi bu məzmunun təfəkkür vasitəsilə daha dəqiq müəyyənləşdirilməsi və sistemləşdirilməsindən ibarət idi. Ancaq empirizm üçün müqəddimə olan məzmun tam başqa xarakter daşıyır. Empirizmin məzmunu təbiətin hissi məzmunu və sonlu ruhdur. Burada, deməli, biz sonlu materialla qarşılaşırıq, keçmiş metafizikada isə sonsuz predmetdən söz gedirdi. Bu sonsuz material idrakın, mühakimənin sonlu forması vasitəsilə sonlu edilmişdi. Empirizmdə biz formanın həmən sonluluğu ilə qarşılaşırıq və bundan başqa məzmun da sonludur. Lakin filosofluğun hər iki üsulunda metod eynidir, çünki onların hər ikisi davamlı, möhkəm müqəddimədən çıxış edir. Empirizm üçün, ümumiyyətlə, yalnız dış olan həqiqidir və əgər o, fövqəlhissiliyin varlığını qəbul edirsə onda onun dərk edilənliyini mümkünsüz sayır və hesab edir ki, istisnasız olaraq qavrayış sahəsində durulmalıdır. Ancaq empirizmin bu əsas müddəası onun sonrakı inkişafında sonradan materializm adlandırılan düşüncə tərzinə aparıb çıxardı. Bu materializm materiyanı obyektiv həqiqi sayır. Ancaq materiya qavranıla bilməyən bir abstraksiyadır. Odur ki, demək olar ki, ümumiyyətlə materiya mövcud deyil, çünki o hər zaman nə isə bir müəyyənlik, konkret kimi mövcud olur. Lakin materiya abstraksiyası bütün hissiliyin əsası olmalıdır, ümumiyyətlə hissidir, özündə mütləq parçalanmadır və ona görə də bir-birindən kənarda olan varlıqlardır. Empirizm üçün bu hissi olan nə isə bir varlıqdır və o cür də qalır, empirizm qeyri-azadlıq haqqında təlimdir, çünki azadlıq məhz ondan ibarətdir ki, heç bir mütləq başqası mənə qarşı durmur, ancaq mən mənim özümdən ibarət olan məzmundan asılıyam. Sonra, empirizmə görə ağıl və ağılsızlıq yalnız subyektivdir, yəni biz varlığı olduğu kimi qəbul etməliyik və heç bir hüququmuz yoxdur soruşaq ki, o özündə ağlabatandır ya yox və nə dərəcədə ağla batandır.

§ 39


Empirizmin prinsipilə ilgili bizim qeyddə, yəni təcrübədə biz sadə təkcə qavrayışdan təkcə faktları frqləndirməliyik haqlı qeyddə iki element vardır: biri budur ki, təkcə faktlar ayrı-ayrılıqda sonsuz sayda materialdır, ikincisi isə – forma, ən ümuminin və zərurətin tərifidir. Empirik müşahidə bizə çoxsaylı və hətta saysız-hesabsız yeni qavrayışlar verir. Lakin ən ümumi çoxdan tamam fərqlidir. Empirik müşahidə eynilə bu cür bir-birinin ardınca gələn dəyişikliklərin və ya predmetlərin qavrayışını verir, ancaq o, bağlantının zəruriliyini bizə göstərmir. Qavrayış həqiqət kimi qəbul olunanın əsası olaraq qalmalı olduğundan ən ümumi və zəruri həqiqətə uyğun olmayan bir şey, subyektiv təsadüf, sadə vərdiş kimi görünür ki, bunun da məzmunu bu və ya başqa xarakter daşıya bilər.

Qeyd. Bu müddəadan çıxan mühüm sonuc odur ki, hüquqi və əxlaqi təriflər və qanunlar, eləcə də dinin məzmunu nə isə bir təsadüfdür və onların obyektivliyindən və iç həqiqiliyindən imtina edilməlidir.

Bu mühakimənin doğduğu yum skeptisizmi yunan skeptisizmindən tamamilə fərqlənir. Yumun skeptisizmi həqiqiliyin özülündə empirik olanı, hissi seyri qoyur, ümumi tərifləri və qanunları qəbul etmir, onu əsas götürür ki, onları hissi qavrayış təsdiq etmir. Antik skeptisizm hissi seyri həqiqətin prinsipi etməkdən o qədər uzaqdır ki, hətta birinci olaraq hissi olana34 qarşı çıxış etmişdir.

II. Tənqidi fəlsəfə

§ 40

Tənqidi fəlsəfənin empirizm ilə ümumiliyi ondadır ki, onların ikisi də təcrübəni idrakın tək zəmini sayır, lakin tənqidi fəlsəfə təcrübənin həqiqət olmaq iddiasını qəbul etmir, onun yalnız olayları35 dərk etmək hüququnu tanıyır.



Tənqidi fəlsəfə üçün çıxış nöqtəsi ilk öncə analiz zamanı təcrübədə tapdığımız elementlərin, hissi materialla ümumi münasibətin fərqləndirilməsidir. Burada bizim öncəki paraqrafda göstərdiyimiz nəticə, yəni qavrayışda yalnız təkcə, yalnız baş vermiş olaylar vardır nəticəsi də əlavə olunmalıdır; lakin bununla yanaşı tənqidi fəlsəfə bu faktın üzərində dayanır ki, təcrübədə biz ümumini və zərurini mühüm təriflər kimi tapırıq. Ümumi və zərurinin qaynağı empirikdə olmadığından onlar təfəkkürün spontanlığına məxsusdur və ya başqa sözlə apriori36 verilmişdir. Təfəkkürün tərifləri və ya ağlın anlayışları təcrübi idrakın obyektivliyini təşkil edir. Təfəkkürün təriflərində. ümumiyyətlə münasibətlər vardır və odur ki, onların vasitəsilə ümumiyyətlə sintetik mühakimələr apriori (yəni əksliklərin əzəli münasibətləri) yaranır.

Qeyd. Ümuminin və zərurətin təriflərinin idraka girdiyi faktını Yumun skeptisizmi inkar etmir. Kant fəlsəfəsi üçün də bu fakt müqəddimədir; adi elmi dildə desək, Kantın fəlsəfəsi bu faktın yalnız başqa izahını vermişdir.

§ 41

Tənqidi fəlsəfə hər şeydən öncə metafizikada – həm də digər elmlərdə və gündəlik təsəvvürdə – işlədilən empirik-əqli anlayışların dəyərini araşdırır. Lakin bu tənqid məzmunun və təfəkkürün bu təriflərnin bir-birinə müəyyən münasibətlərinin gözdən keçirilməsinə aid olmayıb, onları subyektivliklə obyektivlik arasındakı əkslik baxımından gözdən keçirir. Orada götürülən bu əkslik təcrübənin iç elementlərinin fərqləndirilməsinə aiddir (öncəki paraqrafa bax). Tənqidi fəlsəfədə ümumilik və zərurilik elementi, yəni təfəkkürün özünün aprior tərifləri obyektivlik adlandırılır. Amma tənqidi fəlsəfə bu əksliyi o qədər genişləndirir ki, bütün təcrübə, yəni bu elementlərin hər ikisi subyektivlik sahəsinə girmiş olur və bu subyektivliyə qarşı özündə şeydən başqa heç nə dura bilmir.



Apriorun əsas formaları, yəni təfəkkür və məhz özünün obyektivliyinə baxmayaraq, yalnız subyektiv fəaliyyətdən ibarət olan təfəkkür formaları yalnız psixoloji-tarixi əsaslara dayanan sistemləşdirmə yolu ilə alınır.

1-ci əlavə. Keçmiş metafizikanın təriflərinin tədqiq olunması, şübhəsiz, irəliyə doğrü bir addımdır. Sadəlövh təfəkkür heç bir şübhə etmədən göstərilən tərifləri bir anda və öz-özünə yaranan təriflər kimi götürürdü. O özündən soruşmurdu ki, bu təriflərin nə kimi dəyəri və əhəmiyyəti var. Artıq biz söyləmişdik ki, azad təfəkkür – heç bir ilkin şərti olmayan təfəkkürdür. Əski metafizik təfəkkür ona görə azad deyildi ki, öz təriflərini refleksiyanın öz süzgəcindən keçirilməyən, öncədən verilən apriori təriflər kimi qəbul edirdi. Tənqidi fəlsəfə isə əksinə, təfəkkür formalarının həqiqətin dərkində nə dərəcədə qabil olduğunu araşdırmağı qarşısına məqsəd qoymuşdu. Burada şübhəsiz belə bir düzgün fikir vardır ki, biz təfəkkür formalarının özünü idrakın predmeti etməliyik. Ancaq burada yanlış fikir budur ki, biz dərk etməyə başlamazdan öncə dərk etməliyik, biz üzməyi öyrənməmiş suya girməməliyik. Şübhə yoxdur ki, təfəkkür formalarını araşdırmadan onlardan istifadə edilməməlidir, amma bu araşdırmanın özü artıq idrakdır. Deməli, idrakda təfəkkür formalarının fəaliyyəti onların tənqidi ilə eyni zamanda baş verməlidir. Təfəkkür formaları özündə və özü üçün gözdən keçirilməlidir, onlar həm predmet, həm də bu predmetin özünün fəaliyyətidir. Təfəkkürün formaları özü-özünü araşdırır, öz hüdudlarını özü müəyyən etməli və özünün yetərsizliyini aşkar etməlidir. O zaman bu, artıq təfəkkürün sonra gözdən keçirəcəyimiz dialektik fəaliyyəti olacaq və burada biz hələ onun barəsində yalnız onu qeyd etməliyik ki, dialektikaya təfəkkürün fəaliyyətinə kənardan gətirilmiş bir şey kimi deyil, onun özünə xas olan bir özəllik kimi baxılmalıdır.

Deməli, Kantın fəlsəfəsinin fərqləndirici özəlliyi o tələbdən ibarətdir ki, təfəkkür özü-özünü tədqiq etsin və özünün dərketmə qabiliyyətinin dərəcəsini müəyyənləşdirsin. Bizim zamanda biz Kant fəlsəfəsindən kənara çıxmışıq və hər kəs ondan uzağa gedəcəyini iddia edir. Ancaq uzağa iki cür getmək olar: irəli uzaq getmək və geriyə doğru uzaq getmək olar. Bizim fəlsəfi canatımlarımızın çoxu, yaxından baxılsa, keçmiş metafizik metoddan, qeyri-tənqidi və məsuliyyətsiz təfəkkürdən başqa bir şey deyil.

2-ci əlavə. Təfəkkürün təriflərinin Kant tərəfindən araşdırılmasındakı ciddi yetərsizlik ondan ibarətdir ki, bu təriflər özündə və özü üçün araşdırılmayaraq yalnız onların subyektiv yaxud obyektiv olması baxımından tədqiq edilir. Obyektivlik dedikdə bizdən kənarda olan və bizə kənardan qavrayış vasitəsilə daxil olan varlıq başa düşülür. Kant təfəkkürün təriflərinin (məsələn, səbəb və təsir) göstərilən, yəni onların qavrayışla verildiyi anlamında obyektivliyini inkar edir və onların təfəkkürümüzə məxsus olduğunu və ya təfəkkürün spontanlığına məxsus olduğunu və bu anlamda subyektiv olduğunu gözdən keçirmişdir. Lakin Kant bununla yanaşı düşünüləni, daha dəqiq desək, ümumini və zərurini obyektiv, yalnız duyğunu subyektiv adlandırır. Beləliklə, yuxarıda göstərilən ifadə sanki başı üstə qoyulmuş olur və odur ki, Kanta dilə dolaşıqlıq gətirdiyini irad tuturlar. Ancaq bu çox ədalətsiz iraddır. Burada iş aşağıdakı kimidir. Adi şüur hiss ilə qavranılanı, yəni qarşısındakını (məsələn, bu heyvandır, ulduzdur və i. a.) özlüyündə varlıq, müstəqil mövcudluq kimi qəbul edir; fikri isə, əksinə, qeyri-müstəqil, başqasından asılı sayırlar. Ancaq əksinə, hiss ilə qavranılan əsl qeyri-müstəqil və ikinci, fikir isə əsl müstəqil və birincidir. Bu anlamda Kant fikri olanı (ümumi və zərurini) obyektiv adlandırmış və bunda o, tam haqlı idi. Digər tərəfdən, hiss ilə qavranılan hər halda subyektiv olduğundan onun dayağı özündə deyil və fikir xaraktercə möhkəm və içdən davamlı olduğu qədər hissi qavranılan da o qədər ani və keçicidir. Obyektiv və subyektiv arasında fərqin burada qeyd edilən və Kantın irəli sürdüyü təriflə biz indiki zamanda savadlı adamların ifadələrində də qarşılaşırıq; belə ki, məsələn, biz incəsənət əsərini dəyərləndirərkən ondan tələb edirik ki, təsadüfdən, şəxsi duyğudan və mövcud andakı ovqatdan çıxış edərək subfektiv olmasın və incəsənətin özünün mahiyyətinin təməlində duran ümumidən çıxış edərək obyektiv olsun. Biz bu anlamda elmi fəaliyyətə münasibətdə də obyektiv və subyektiv maraqlar arasında fərqi ayırd edə bilərik.

Ancaq təfəkkürün Kant tərəfindən irəli sürülən obyektivliyi öz sırasında subyektivdir, çünki Kanta görə, fikirlər ümumi və zəruri təriflər olsa da yenə də bizim fikirlərimizdir və özündə şeydən keçilməz sərhədlə ayrılmışdır. Təfəkkürün həqiqi obyektivliyi, əksinə, ondan ibarətdir ki, fikirlər təkcə bizim fikirlər olmayıb, həm də eyni zamanda şeylərin və ümumiyyətlə predmetlərin özündədir. Obyektiv və subyektiv münasib ifadələrdir ki, onlar düşünmədən işlədilir və bundan çox asanlıqla dolaşıqlıq yaranır. Bizim anlatmamıza görə "obyektivlik" sözünün üç anlamı var. Birincisi, o, yalnız subyektiv – rəydən, istəkdən və i. a. fərqli olaraq dış aləmdə mövcud olan anlamda işlədilir; ikincisi, onun Kant tərəfindən müəyyənləşdirilən və bizim təsadüfi, qeyri-rəsmi və subyektiv duyğumuza məxsus olandan fərqlənən ümumi və zəruri olan anlamı daşıyır; üçüncüsü, o, sonda göstərdiyimiz anlamda, yəni yalnız bizim düşündüyümüzdən fərqlənən və bununla da şeyin özündən, başqa sözlə özün-də şeydən fərqlənən "özün-də" düşünən anlamında işlənir.

§ 42


a) İdrakın nəzəri qabiliyyəti.

Bu fəlsəfə düşüncənin anlayışlarının əsası kimi təfəkkürdə "mən"in əzəli eyniyyətini (mənlik şüurunun transendental vəhdətini) göstərir. Hiss və seyr ilə verilənlər öz məzmununa görə bir müxtəliflikdir və onlar hissiliyin (ümumi) seyrin apriori formaları kimi fərqlənən və bununla da şeyin məkan və zaman formalarının bir-birindən kənarda olması sayəsində həm də formaca müxtəlifdir. Duyğuların və seyrlərin müxtəlifliyini özünə daxil etdiyindən və onları özündə bir şüurda birləşdirdiyindən (xalis appersepsiya)37 bu müxtəliflik eyniyyətə, ilkin ilişgiyə gətirilir. Bu münasibətin bəlli növləri düşüncənin xalis anlayışları, kateqoriyalarıdır.

Qeyd. Bəlli olduğu kimi, Kant fəlsəfəsi kateqoriyaların axtarılıb tapılması məsələsini özü üçün olduqca yüngülləşdirmişdi. "Mən", mənlik şüuru tamamilə abstrakt və bütünlüklə qeyri-müəyyəndir; "mən"in tərifinə, kateqoriyaya biz necə gedib çata bilərik? Xoşbəxtlikdən biz adi məntiqdə artıq mühakimələrin dəyişik növlərinin empirik mövcudluğunu tapırıq. Ancaq mühakimə yürütmək müəyyən predmeti düşünmək deməkdir. Artıq bizə hazır halda verilən dəyişik mühakimə növlərinin sadalanması bizə təfəkkürün dəyişik təriflərini verir. Fixte fəlsəfəsinin böyük xidməti ondadır ki, o, təfəkkürün təriflərinin zəruriliyinin göstərilməsinin, onların deduksiya yolu ilə sübut edilməsinin lazım olduğunu göstərmişdir. Bu fəlsəfə ən azı bir münasibətdə məntiqin metoduna təsir etməli idi: təfəkkürün tərifləri və ya məntiqin adi materialı,anlayışın növləri, mühakimələr, əqli nəticələr artıq yalnız müşahidələrdən götürülməməli idi, xalis empirik olaraq gözdən keçirilməməli idi və təfəkkürün özündən hasil edilməli idi. Əgər təfəkkür, ümumiyyətlə, nəyi isə sübut etməyə qabildirsə, əgər məntiq sübut tələb etməlidirsə və o bizə sübut etməyi öyrətmək istəyirsə, onda ilk öncə özünün özəl, yalnız ona məxsus olan məzmunu sübut etməyi bacarmalıdır, bu məzmunun zəruriliyini görməyi bacarmalıdır.

1-ci əlavə. Deməli, Kantın təsdiq etdiyi ondan ibarətdir ki, təfəkkürün təriflərinin qaynağı "mən"dədir və odur ki, "mən" ümumi və zəruri təriflər verir. Öncə qarşımızda ümumən bir müxtəliflik durur, kateqoriyalar isə bu müxtəlifliyin bağlantıda olduğu sadə təriflərdən ibarətdir. Hissi olan isə, əksinə, özündən kənarlıq, özündən-kənar-mövcudluqdur; hissi olanın əsl həqiqi tərifi belədir. Belə ki, məsələn, "indi" yalnız hansısa bir "keçmişə" və müəyyən bir "gələcəyə" münasibətdə varlığa malikdir. Bu qırmızının varlığının sarı və mavi rəngin ona əks olmasından asılı olmasına bənzəyir. Lakin bu başqası hissilikdən kənarda və yalnız ona görə mövcuddur ki, o, başqası deyildir.

Təfəkkürlə və ya "mən"lə isə iş əksinədir. Hissiliyin əksinə olaraq təfəkkür və ya "mən" özü ilə əzəli eyniyyətdir, bütövlükdə özündə varlıqdır. Əgər mən "mən" deyirəmsə, bu özümün özümlə abstrakt münasibətimdir və bu vəhdətə girən onunla yüklənir və ona çevrilir. Beləliklə, "mən" bir-birilə bağlantısız müxtəlifliyi həzm edən, alovlanan soba, od kimi onları vəhdətə gətirir. Bu müxtəlifliyi özünə alan adi appersepsiyadan38 fərqli olaraq Kantın xalis appersepsiya adlandırdığı olaydır; xalis appersepsiyaya isə əksinə, materialın "mən"ə çevrilməsindən ibarət olan fəaliyyət kimi baxılmalıdır. Bununla, hər halda, hər cür şüurun təbiəti düzgün ifadə edilmiş olur. İnsan, ümumiyyətlə, dünyanı dərk etməyə, onu mənimsəməyə və özünə tabe etməyə can atır və bu məqsəd üçün o, dünyanı sanki uçurtmalı, yəni dünyanın reallığını ideallaşdırmalıdır. Lakin biz onu da qeyd etməliyik ki, müxtəlifliyə mütləq vəhdəti mənlik şüurunun subyektiv fəaliyyəti gətirmir. Əksinə, bu eyniyyətin özü mütləqdir, həqiqidir. Mütləq sanki özünün xeyirxahlığı ilə təkcələri özündən kənarlaşdırır ki, onlar öz varlıqları ilə həzz alsınlar və bu həzz sonradan onları mütləq vəhdətə qovur.

2-ci əlavə. Mənlik şüurunun transendental vəhdəti kimi deyimlər çox çətin həzm olunan görünür, guya, onların arxasında dəhşətli bir şey gizlənir, əslində isə iş sadədir. Kantın transendental deyimində nəyi anladığı onunla transendental arasındakı fərqdən bəllidir. Transendental, ümumiyyətlə, odur ki, düşüncənin müəyyənliyindən kənara çıxır və bu anlamda o ilk olaraq riyaziyyatda qarşıya çıxır. Belə ki, məsələn, həndəsədə deyirik ki, çevrə sonsuz kiçik xətlərin sonsuz çoxluğu kimi təsəvvür edilməlidir. Burada, beləliklə, düşüncənin tamamilə fərqli saydığı (düz və əyri xətlər) təriflər açıq-aydın eyniyyətdədir. Özü ilə eyniyyətdə və özündə sonsuz olan mənlik şüuru həmçinin sonlu materialla müəyyən olunan adi şüurdan fərqli olan transendentdən ibarətdir. Lakin Kant mənlik şüurunun bu vəhdətini yalnız ona görə transendental adlandırmışdır ki, bu vəhdəti o, yalnız subyektiv saymış və onu özlüyündə mövcud olan predmetlərə məxsus olan bir şey saymamışdır.

3-cü əlavə. Təbii şüura kateqoriyaların yalnız bizə məxsus olduğunun (subyektivlik kimi) gözdən keçirilməsi çox qəribə görünə bilər və burada, şübhəsiz, münasib olmayan bir cəhət də vardır. Bu doğrudur ki, kateqoriyalar bilavasitə duyğuda yoxdur. Məsələn, şəkər parçasını gözdən keçirək: o, bərkdir, ağdır, şirindir və i. a. Biz deyirik ki, bütün bu xassələr bir predmetdə birləşmişdir, ancaq bu vəhdət duyğuda verilməmişdir. Biz bunu səbəb və təsir münasibətində olan iki olay barəsində də deyirik. Burada zamanca bir-birindən sonra gələn iki ayrı-ayrı olayı qavrayırıq. Lakin bir olayın səbəb, o birinin isə təsir (bu iki olay arasında səbəbiyyət bağlantısında) olması qavranılmayıb, yalnız bizim təfəkkürümüz üçün mövcuddur. Kateqoriyalar (məsələn, vəhdət, səbəb, təsir və s.) təfəkkürə məxsus olsa da, bundan heç də o nəticə çıxmır ki, onlar yalnız bizim təriflərimiz olub predmetlərin özlərinə məxsus deyillər. Kantın fəlsəfəsi məhz bunda təkid edir və onun fəlsəfəsi subyektiv idealizmdir, çünki "mən" (dərk edən subyekt) şüura həm forma, həm də material verir: düşünən forma, hiss edən material. Bu subyektiv idealizmin məzmunu işdə heç bir rahatsızlıq doğurmamalıdır. Predmetlərin vəhdətinin subyektə keçirilməsi sayəsində onların reallıqdan məhrum edildiyini düşünmək olardı. Ancaq predmetlərin varlığından nə onların özü, nə də biz heç nə qazanmırıq. Önəmli olan məzmundur və bu məzmunun həqiqi olub olmamasıdır. Predmetlərin varlığı hələ onları xilas etmir: zamanı gələndə var olan da yox olacaq. Onu da söyləmək olar ki, subyektiv idealizm təliminə görə insan özü ilə fəxr edə bilər. Ancaq əgər onun dünyası hissi seyr kütləsindən ibarətdirsə, onda onun belə dünya ilə qürurlanmaq üçün əsası yoxdur. Deməli, subyektivliklə obyektivlik arasında olan bu fərqin, ümumiyyətlə, heç bir önəmi yoxdur: önəmli olan yalnız məzmundur və o eyni dərəcədə həm subyektiv, həm də obyektivdir. Özünün aşkar varlığında, həmçinin cinayəti də obyektivdir, ancaq o özlüyündə gerçək varlıq deyildir və bu da cəzada aşkarlanır.

§ 43


Bir tərəfdən yalnız kateqoriyalar vasitəsilə sadə qavrayış obyektivlik, təcrübə səviyyəsinə qaldırılır, ancaq digər tərəfdən bu anlayışlar yalnız subyektiv şüurun vəhdəti kimi verilmiş materialla şərtlənir, özlüyündə onlar boşdurlar və yalnız təcrübədə tətbiq olunur, bu təcrübənin digər komponenti – hissin, seyrin tərifi də həmçinin, yalnız subyektivdir.

Əlavə. Kateqoriyaların içi boş olduğunu sübut etmək əsassız olardı, çünki tərif verildiyi üçün artıq onların məzmunu vardır. Kateqoriyaların məzmunu, doğrudur, hisslərlə qavranılan, məkan-zaman məzmun deyildir, lakin bu, kateqoriyaların qüsurundan çox onların ləyaqətidir. Bu hal artıq adi şüurda etiraf edilmiş olur: məsələn, biz kitabda, nitqdə fikir, ümumi nəticələr tapdıqda deyirik ki, onlar məzmunludur. Və əksinə, biz demirik ki, kitab, roman ona görə məzmunludur ki, o bir-birindən ayrı olaylar, hallarla və i. a. zəngindir. Bununla adi şüur da qəbul etmiş olur ki, məzmun olmaq üçün təkcə hissi material olmaqdan daha artıq bir şey tələb olunur bu isə fikirdən başqa, bu halda hər şeydən öncə kateqoriyadan başqa bir şey deyil. Burada o da qeyd olunmalıdır ki, özlüyündə kateqoriyaların boş olmasını təsdiq etmək, şübhəsiz, o anlamda doğrudur ki, biz onların üzərində, onların totallığı (məntiqi ideya) üzərində dayanmamalı, irəli, təbiətin və ruhun reallığı sahəsinə hərəkət etməliyik. Lakin irəliyə doğru bu hərəkəti biz belə başa düşməməliyik ki, guya bu hərəkət sayəsində məntiqi ideyaya kənardan ona yad olan məzmun əlavə olunur, irəliyə bu hərəkəti belə başa düşməliyik ki, məntiqi ideyanın özünün fəaliyyəti özünü sonrakı hərəkət üçün müəyyənləşdirir və təbiətə və ruha inkişaf edir.

§ 44

Kateqoriyalar mütləqin tərifləri ola bilməzlər, belə ki, mütləq qavrayışda verilməmişdir, odur ki, düşüncə və ya kateqoriyalar vasitəsilə idrak özündə şeyi dərk edə bilməz.



Qeyd. Özündə şey (şey dedikdə isə Kant həm də ruh, allah başa düşür) onun şüur üçün təşkil etdiyi hər şeydən, hissin bütün təriflərindən, eləcə də onun haqqında bütün bəlli fikirlərdən abstraksiyalaşdırılmış predmeti göstərir. Aydındır ki, bütün bu təriflərdən, fikirlərdən sonra qalan şey boş abstraksiyadır, tamamilə boş bir şeydir (o dünyaya məxsus bir şeydir) – təsəvvürün, hissin, müəyyən təfəkkürün və i. a. inkarlığıdır. Həmçinin onu da görmək asandır ki, bu caput mortuum39 yalnız təfəkkürün, yəni xalis abstraksiyaya doğru hərəkət edən təfəkkürün məhsuludur, özünün özü ilə bu boş eyniyyətini özünün predmeti edən boş "mən"in məhsuludur. Bu abstrakt eyniyyətin predmet kimi aldığı mənfi tərif də Kantın kateqoriyaları arasındadır və o da bizə qeyd edilən boş eyniyyət kimi yaxşı məlumdur. Bütün bunlardan sonra biz özündə şeyin nə olduğunu dərk edə bilmərik sözlərini oxuyarkən yalnız təəccüblənmək qalır, əslində onu bilmək çox asandır.

§ 45


Ağıl, şərtsiz qabiliyyət bu təcrübi idrakın şərtləndiyini görür. Burada ağılın predmeti adlandırılan, şərtsiz və ya sonsuz özü-özünə bərabər olan yaxud, başqa sözlə, yuxarıda (

§ 42) qeyd edildiyi kimi təfəkkürdə "mən"in əzəli eyniyyətindən başqa bir şey deyil. Abstrakt "mən" və ya bu xalis eyniyyəti özünün predmeti və ya məqsədi edən təfəkkür ağıl adlanır. Öncəki paraqrafın qeydi ilə müqayisə edin. Müəyyənlikdən bütünlüklə məhrum olmuş bu eyniyyətə təcrübi idrak uyğun gəlmir, çünki təcrübi idrak, ümumiyyətlə, müəyyən məzmundan ibarətdir. Belə şərtsiz mütləq və həqiqi ağıl (ideya) kimi qəbul olunduğundan bu təcrübi idrak qeyri-həqiqi, hadisələr elan edilir.



Əlavə. Yalnız Kant aşkar şəkildə abstrakt-əqli (təcrübi) idrakla zəka arasındakı fərqi irəli sürmüş və bu fərqi aşağıdakı kimi müəyyən etmişdir: təcrübi idrakın predmeti sonlu və şərti şeylər, zəkanın predmeti isə sonsuz və şərtsiz şeylərdir. Kant fəlsəfəsinin yalnız təcrübəyə əsaslanan əqli idrakın sonluluğunu iddia etməsini və bu idrakın məzmununun hadisədən ibarət olmasını söyləməsini onun önəmli nəticəsi kimi qəbul etsək də, biz yenə də bu idraki nəticədə dayanmamalı, şərtsiz ağlı yalnız abstrakta, fərqi istisna edən özünün özü ilə eyniyyətə müncər etməməliyik. Belə ki, ağıla Kant yanaşmasında yalnız sonlu və şərtlənən idrak hüdudundan kənara çıxma kimi baxıldığından əslində sonlu və şərtlənən səviyyəyə endirilir, çünki həqiqi sonsuzluq yalnız sonludan o yanda olandan ibarət olmayıb sonlunu özündə bərtərəfləşmiş halda saxlayır. Bu fikir Kantın sonradan şərəfli yer ayırdığı ideyaya münasibətdə də doğrudur, çünki Kant ideyanı ağlın abstrakt təriflərindən və ya sadəcə hissi təsəvvürlərdən (gündəlik həyatda bunları da ideya adlandırırlar) fərqli olaraq zəkanın malikanəsi adlandırır; ancaq demək lazımdır ki, ideyaya münasibətdə də Kant onun inkarı və yalnız labüd olması üzərində dayanır. Kant fəlsəfəsinin çox önəmli nəticəsi ondan ibarətdir ki, bizim təcrübi şüurumuzun məzmununu oluşduran bilavasitə şüurumuzun predmetlərinin yalnız hadisələr kimi dərk edildiyini göstərməsindədir. Adi (yəni hissi-idraki), dağınıq halda bildiyi predmetləri müstəqil sayır; bu predmetlərin bir-biri ilə bağlantılarda olduğu və bir-biri üçün şərt olduğu aşkar edildikdə isə onların qarşılıqlı asılılığı predmetlərin mahiyyətlərinə məxsus olmayan dışarı bir şey adlandırılır. Bunun əksinə olaraq təsdiq edilməlidir ki, bizim bilavasitə bildiyimiz predmetlər yalnız hadisələrdir. Başqa sözlə, onların varlığının əsası onların özündə deyil, nə isə başqasındadır. Lakin bu zaman bu başqasının necə müəyyənləşdirilməsi çox önəmlidir. Kant fəlsəfəsinə görə, haqqında bildiyimiz şeylər yalnız bizim üçün hadisələrdir, özündə isə onlar bizim üçün əlçatmaz və o dünyaya məxsus olaraq qalırlar. Şüurumuzun məzmununun yalnız bizim məzmundan, bizim müəyyənləşdirdiyimiz məzmundan ibarət olduğunu təsdiq edən bu subyektiv idealizm öncədən söylənilənlərə əsaslanmayan şüuru haqlı olaraq rədd edir. Şeylərin həqiqi halı belədir ki, bizim bilavasitə bildiyimiz şeylər təkcə bizim üçün sadə hadisələrdən ibarət olmayıb, həm də özündə şeylərdir və sonlu şeylərin həqiqi tərifi ondan ibarətdir ki, onların varlığının əsası onların özlərində deyil, ən ümumi ilahi ideyadadır. Şeylərin bu cür başa düşülməsi də idealizm adlandırılmalıdır, ancaq tənqidi fəlsəfənin subyektiv idealizmindən fərqli olaraq biz onu mütləq idealizm adlandırırıq. Bu mütləq idealizm bəsit realist şüur çərçivəsindən kənara çıxsa da, yalnız fəlsəfənin mülkiyyəti kimi baxıla bilməz, əksinə, o hər bir dini şüurun özülüdür, çünki dini şüur bütün varlığın toplamına, ümumiyyətlə, bütün dünyaya allah tərəfindən yaradılan və idarə olunan kimi baxır.

§ 46


Lakin bu eyniyyəti, bu boş özündə şeyi dərk etmək tələbatı yaranır. Dərk etmək isə predmeti onun müəyyən məzmununa uyğun anlamaqdan başqa bir şey deyildir. Amma müəyyən məzmuna müxtəlif bağlantılar daxildir və bir çox başqa predmetlərlə ilişgilərin özülü rolunu oynayır. Yuxarıda göstərilmiş sonsuzu və ya özündə şeyi müəyyənləşdirmək üçün ağlın kateqoriyalardan başqa heç nəyi yoxdur; ağıl (zəka) onları bu məqsədlə tətbiq etmək istədikdə öz hüdudundan kənara çıxır (transendent olur).

Qeyd. Burada ağlın, zəkanın tənqidinin ikinci üzü aşkar olur və tənqidin bu ikinci üzü onun birinci üzündən daha önəmlidir. Tənqidin birinci tərəfi kateqoriyaların mənlik şüurunun vəhdətindən qaynaqlanması barədə yuxarıda göstərilən baxışla bağlıdır; bu baxışa görə, kateqoriyaların vasitəsilə gerçəkləşən idrakda obyektiv heç nə yoxdur və onda obyektiv sayılan (

§ 40,41) cəhət yalnız bir subyektivdir. Əgər bu cəhətə diqqət yetirsək, onda Kantın tənqidinin yalnız subyektiv (dayaz) idealizm olduğunu görərik və bəllidir ki, bu idealizm məzmunu gözdən keçirməyə girişməyib yalnız subyektivliyin abstrakt formaları ilə məşğul olur və birtərəfli olaraq yalnız subyektivlikdən tamamilə təsdiqi müəyyənlik kimi söz açır. Lakin ağlın kateqoriyalardan istifadə etməsini gözdən keçirərkən ağlın öz predmetlərini dərk etmək üçün kateqoriyaların məzmunu müzakirə edilir və bu müzakirə məzmuna aid müəyyən təriflərə istinadən aparılır, yaxud hər halda bu məzmunu müzakirə etməyə tələbat yaranır. Burası daha maraqlıdır ki, Kant kateqoriyaların şərtsizə tətbiqi barədə, yəni metafizika barədə necə mühakimə yürüdür. Onun metafizikaya münasibətinin biz burada qısaca şərhini və tənqidini veririk.

§ 47


1) Kantın gözdən keçirdiyi birinci şərtsizlik təbii-fərdi ruhdur (bax

§34). Mənim şüurumda mən hər zaman: a) müəyyənedici subyekt qismində, b) təkcə və ya abstrakt-sadə kimi, c) mənim dərk etdiyim bütün müxtəliflikdə olan eyni bir şey – eyniyyət kimi, ç) düşünən və məndən kənarda olan bütün şeylərdən özünü fərqləndirən mən kimi özümdə oluram.

Əvvəlki metafizikanın mühakimə metodunu Kant düzgün göstərmişdir. Bu metod ondan ibarət idi ki, əvvəlki metafizika bu empirik təriflərin yerinə təfəkkürün təriflərini, müvafiq kateqoriyaları qoymuşdu. Buradan dörd müddəa irəli gəlir: a) ruh (təbii təkcə) substansiyadır, b) o, sadə substansiyadır, c) o, öz mövcudluğunun dəyişik dövrlərində sayca eynidir, ç) o, məkani predmetlərlə münasibətdədir.

Kant burada iki cür təriflərin (paraloqizm), yəni empirik təriflərlə kateqoryaların qarışdırılmasından ibarət olan keçidin yetərsizliyini göstərmişdir, o sonra göstərmişdir ki, empirik təriflərdən kateqoriyaları əqli nəticə olaraq çıxarmağa və ümumiyyətlə empirik təriflərin yerinə qoymağa haqqımız yoxdur.

Gördüyümüz kimi, bu tərif Yumun

§39-da qeyd etdiyimiz iradından başqa heç bir şey demir və ümumiyyətlə təfəkkürün tərifləri – ümumilik və zərurilik – qavrayışda yoxdur və empirik olan həm məzmunca, həm də formaca fikrin təriflərindən fərqlidir.

Qeyd. Əgər empirik bilik fikrin əsaslandırılmasına xidmət etsəydi, onda, şübhəsiz, tələb olunardı ki, biz fikrin qavrayışda olduğunu dəqiq sübut edək. Ruha (təbii və ya təkcə ruha – A.T.) aid olmayan bir özəlliyin, onun substansiallığının, sadə, özünə bərabər olmasının və maddi dünya ilə ünsiyyətdə öz müstəqilliyini saxlamasının təsdiq edilməsinin mümkün olmaması metafizik psixologiyanın Kant tərəfindən tənqidində yalnız onunla əsaslandırılır ki, ruhun (təbii, təkcə – A.T.) şüurumuzun təcrübə yolu ilə bizə verdiyi tərifləri bu zaman təfəkkürün hasil etdiyi təriflərilə heç də tam üst-üstə düşmür. Amma yuxarıdakı şərhə görə, ümumiyyətlə, idrak (və hətta təcrübə) Kanta görə, qavrayışı düşünməyimizdən, yəni öncə qavrayışa məxsus olan tərifləri təfəkkür təriflərinə çevirməyimizdən ibarətdir. Hər halda Kant tənqidinin uğuru budur ki, ruh haqqında fəlsəfəçilik ruhun (təbii, təkcə – A.T.) ruh-şeydən (Seelendinge), kateqoriyalardan, və deməli, sadə və ya qəliz, maddi və i. a. ibarət olması barəsindəki suallardan azad oldu. Ancaq bu formaların yolverilməzliyi barədə həqiqi baxış adi insan düşüncəsi üçün onların hətta fikir olmadığı deyil, budur ki, o formalarda həqiqət yoxdur. Əgər fikir və hadisə bir-birinə tam uyğun gəlmirsə, onda bizə seçim imkanı verilir ki, onlardan birini yetərsiz sayaq. Kantın idealizmində ağlasığanın gözdən keçirilməsi səviyyəsində fikirlər yetərsiz sayılır, bu onunla əsaslandırılır ki, firkirlər qavranılana və qavrayışla məhdudlaşan şüura adekvat deyil, çünki bu şüurda qarşıya çıxmırlar. Göründüyü kimi fikrin məzmunu burada müzakirə edilmir.

Əlavə. Paralogizmlər, ümumiyyətlə, yalnız əqli nəticələrdir: onların yanlışlığı ondadır ki, eyni bir söz hər iki müqəddimədə ayrı-ayrı anlamlarda işlədilir. Kanta görə, keçmiş metafizikanın rasional psixologiyadakı metodu belə paralogizmlərə əsaslanır, çünki burada ruhun (təbii, təkcə ruhun – A.T.) xalis empirik tərifləri ona uyğun təriflər kimi gözdən keçirilir. Lakin tamamilə doğrudur ki, sadəlik, dəyişməzlik və i. a. kimi predikatları Kantın göstərdiyi əsasa görə deyil, düşüncənin bu predikatlarını ruha aid etməklə onun hüdudlarını aşmasına görə deyil, ona görə aid etmək olmaz ki, düşüncənin, abstrakt ağlın bu cür abstrakt tərifləri ruh üçün olduqca pis təriflərdir və ruh sadə, dəyişməz və i. a. həm də onlardan tamamilə fərqli bir şeydir. Belə ki, məsələn, ruh (təbii, təkcə – A.T.), şübhəsiz, özü ilə sadə eyniyyətdir, ancaq o, eyni zamanda fəaldır və özünü özündə fərqləndirir; yalnız sadə, yəni abstrakt sadə isə əksinə, həm də ölüdür. Kantın keçmiş metafizika ilə polemikasında ruh (təbii, təkcə – A. T.) və ruh ideyası həqqında anlayışdan bu predikatları kənarlaşdırması böyük uğur sayılmalıdır, ancaq bunun üçün onun gətirdiyi əsas tamamilə yanlışdır.

§ 48

2) Ağıl şərtsiz ikinci predmeti (




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə