MəNTİq elmi, Georq Vilhelm Fredrix Hegel



Yüklə 1,36 Mb.
səhifə18/20
tarix01.12.2017
ölçüsü1,36 Mb.
#13262
1   ...   12   13   14   15   16   17   18   19   20
§ 202

Obyektivliyin reflektiv münasibəti kimi ximizmin obyektlərin maraq oyadan (differenten) təbiətlərilə yanaşı, həm də bilavasitə müstəqilliyindən ibarət ilkin şərti var. Kimyəvi proses hələ bir-birinə xarici münasibətdə olan formalardan birindən digərinə keçiddən ibarətdir. Bir-birinə xarici mövcudluqlar kimi münasibətdə olan bu formaların xassələri neytral məhsulda aradan qalxır. Neytral məhsul anlayışa uyğun olsa da orada canlandırıcı ayırıcı, fərqləndirici (der Differentiierunq) prinsip yoxdur, belə ki, neytral məhsul yenidən bilavasitəliyə keçə bilir; odur ki, neytral məhsul parçalana bilən bir mövcudluqdur. Amma neytral məhsulu onun bir-birinə biganə olmayan ünsürlərinə ayıran və ümumiyyətlə biganə obyektdə digərinə meyl oyadan və onu canlandıran fərqləndirici (urteilende) prinsip, eləcə də gərginlik verən ayrılma kimi proses birinci prosesdən, yəni neytral məhsulu yaradan prosesdən kənarda sönür.

Əlavə. Kimyəvi proses hələ son, şərtlənmiş prosesdir. Bu anlayış hələ prosesin iç varlığıdır və burada özü-üçün-varlığın özündə mövcudluğuna gəlib çatmamışdır. Neytral məhsulda proses sönmüş və təhrikedici başlanğıc ondan kənardadır.

§ 203


Ancaq bu iki prosesdən – başqa obyektə laqeyd olmayan, maraqlı olan (des Differenten) obyektin neytral obyekt şəklinə salınması və laqeyd (des İndifferenten) yaxud neytral obyektin differensiyasiyası proseslərindən hər birinin onlara bir-birinə münasibətdə müstəqillik görüntüsü verən dış xarakteri onların bərtərəfləşdiyi məhsula keçidində sonlu olduqlarını üzə çıxarır. Və əksinə, kimyəvi proses bir-birinə laqeyd olmayan, maraqlı olan (differenten) obyektlərin ehtimal edilən bilavasitəliyinin əhəmiyyətsiz olduğunu aşkar edir. Anlayışın obyekt kimi mövcud olduğu dişarılığının və bilavasitəliyinin bu inkarı vasitəsilə anlayış bu dişarılıq və bilavasitəlik qarşısında azad və özü üçün mövcud olan anlayış kimi müəyyənləşir,başqa sözlə indi o məqsəd kimi müəyyənləşmiş olur.

Əlavə. Ximizmdən teleoloji münasibətə keçid qeyd etdiyimiz iki kimyəvi prosesin qarşılıqlı olaraq bir-birini aradan qaldırması vasitəsilə baş verir. Bunun sayəsində ximizmdə və mexanisizmdə yalnız özündə olan anlayış azad olur və beləliklə, özü üçün mövcud olan anlayış məqsəddir.

c. Teleologiya

§ 204


Məqsəd bilavasitə obyektivliyinin inkarı vasitəsilə azad varlığa keçən anlayışdır, özü-üçun-mövcud anlayışdır. Bu anlayış subyektiv məqsəd kimi müəyyənləşmişdir, belə ki, bu inkar öncə abstrakt olduğundan hələlik obyektivlik ona qarşı durur. Lakin subyektivliyin bu müəyyənliyi anlayışın totallığına münasibətdə birtərəfli müəyyənlikdir yəni məqsədin özü üçün birtərəfli müəyyənlikdir, belə ki, məqsəddə hər bir müyyənlik aradan qaldırılmış haldadır. Beləliklə, məqsəd üçün də onun nəzərdə tutduğu obyekt yalnız ideal haldadır və özündə əhəmiyyətsiz reallıqdır. Məqsəd onun özü ilə eyniyyətinin özündəki inkar və əksliklə ziddiyyəti kimi bərtərəfləşmədir, fəaliyyətdir, inkar edən əkslikdir, belə ki, onu özü ilə eyniyyət müəyyənləşdirir. Bu, məqsədin reallaşmasıdır- onu öz subyektivliyinin başqası edən və ovyektivləşdirən, subyektivliklə obyektivlik arasındakı fərqi aradan qaldıran, onu yalnız özünə qovuşduran və onu saxlayan reallaşmadır.

Qeyd. Bir tərəfdən, məqsəd anlayışı artıqdır, ancaq digər tərəfdən, haqlı olaraq onu təfəkkürün anlayışı adlandırmış və xüsusini öz altına alan, ancaq özündə bu xüsusiyə malik olmayan abstrakt- ümumi idraka qarşı qoymuşlar. Sonra, deyilməlidir ki, son səbəb kimi məqsədlə adətən səbəb adlandırılan təsirli səbəb arasındakı fərq olduqca önəmlidir. Səbəb hələ aşkarlanmamış, kor zərurət sferasına məxsusdur; odur ki, özünün başqasına keçən və bununla da öncədən qərarlaşdırılmışda ilkinliyini itirən səbəb kimi çıxış edir; yalnız özündə və bizim üçün səbəb ilk olaraq təsirli səbəb kimi çıxış edir və özünə qayıdır. Məqsəd isə əksinə, özü özündə müəyyənlik və ya təsir kimi (səbəbdə hələ özgə varlıq kimi təsəvvür edilən) qərarlaşmadır, belə ki, məqsəd öz fəaliyyətində özünə keçmir, özünü saxlayır, yəni öz nəticəsi ancaq özündə olur və başlanğıcda, özünün qərarlaşmasında nə idisə, sonda da özü olaraq qalır; yalnız özünü bu cür saxlaması sayəsində məqsəd əsl birincidir. Anlayış kimi məqsəd özünün spekulyativ qavranılmasını tələb edir; bu qavrama öz təriflərinin vəhdətində və ideallığında mühakiməyə (Urteil) və ya inkara, subyektivliklə obyektivlik arasındakı əksliyə və eləcə də bu əksliyin aradan qaldırılmasına malik olan qavramadır.

Biz məqsəd haqqında düşünərkən onu yalnız şüurdakı təsəvvür tərifləri forması ilə eyniləşdirməməliyik. Özünün iç məqsədəuyğunluq anlayışı ilə Kant yenidən ümumiyyətlə və özəlliklə həyat ideyasını dirçəltdi. Aristotelin həyata verdiyi tərifdə artıq iç məqsədəuyğunluq anlayışı vardır və ancaq sonlu, dış məqsədəuyğunluğu nəzərdə tutan teleologiyanın ən yeni anlayışından son dərəcə yüksəkdədir.

Tələbat, istək məqsədə əsas misallardır. Tələbat, istək canlı subyektin öz iç varlığında olan və hələ boş subyektivlikdən özgə bir şey olmayan inkarın inkarı fəaliyyətinə keçən hiss edilən ziddiyyətdir. Tələbatın ödənilməsi, istəyin yerinə yetməsi subyektlə obyekt arasında barışı bərpa edir, belə ki, obyektiv olanın subyektiv olanla birləşməsi sayəsində onların arasındakı ziddiyyət (tələbat) aradan qalxır. Sonlunun – həm subyektiv, həm də obyektiv sonlunun möhkəmliyindən və aradanqaldırılmaz olmasından çox söz açanlar hər bir istəkdə söylədiklərinin əksilə qarşılaşırlar. İstək subyektiv olanın birtərəfli olduğuna, eləcə də obyektiv olan qədər az- həqiqət olduğuna necə deyərlər, yalnız əminlikdir. Sonra, istək bu əminliyin işdə gerçəkləşdirilməsidir; istək olduğu kimi qalan subyektiv və olduğu kimi qalan obyektiv arasındakı əksliyin və bununla da onların sonluluğunun aradan qaldırılmasını gerçəkləşdirir.

Məqsədin fəaliyyətinə gəlincə oxucunun diqqəti həm də ona yönəldilməlidir ki, bu fəaliyyətin özündən ibarət olan əqlinəticədə məqsəd gerçəkləşmə prosesi vasitəsilə, terminlərin önəmli dərəcədə inkarı vasitəsilə özünə qovuşur. Bu inkar indicə qeyd etdiyimiz məqsəddə olan özlüyündə bilavasitə subyektivliyin, eləcə də bilavasitə obyektivliyin (vasitələrin və can atılan obyektlərin) inkarıdır. Bu bizim dünyanın təsadüfi şeylərinə və olaylarına, eləcə də ruhumuzun allaha ucalması zamanı öz subyektivliyimizə nəzərən həyata keçirdiyimiz inkardır; bu – o momentdir ki, əsərin "girişində" və192-ci paraqrafında göstərdiyimiz kimi, dərrakənin allahın varlığının sübutu adlandırılan əqlinəticəsi formasında nəzərdən qaçırılır.

§ 205


Teleoloji münasibət əsasən bilavasitə dış məqsədəuyğunluqdur və anlayış ona ünvanlanan bir şey kimi obyektə qarşı durur. Məqsəd qismən öz məzmununa görə, qismən də özünün reallaşması üçün material kimi obyektdə dış şəraitə malik olmasına görə sonludur; deməli, məqsədin özünümüəyyən etməsi yalnız formaldır. Məqsədin bu bilavasitəliliyi, dəqiq deyilərsə, onu göstərir ki, onun özəlliyi özünə refleksiya kimi formanın məqsədin subyektivliyi kimi müəyyənləşdirilməsində, məzmunun formanın totallığından, özündə subyektivlikdən, anlayışdan fərqli çıxış etməsindədir. Məqsədin bu cür reallaşması onun öz daxilində sonluluğunun ifadəsidir. Bunun nəticəsində məqsədin məzmunu məhduddur, təsadüfidir və bu məzmun və məqsədin obyekti xüsusidir və öncədən tapılmadır.

Əlavə. Məqsəd haqqında danışarkən adətən biz dış məqsədəuyğunluğu nəzərdə tuturuq. Bu cür baxdıqda predmetlərdə onların öz təyinatlarını, onlardan kənarda olan məqsədlərin gerçəkləşməsi üçün yalnız istifadə edilən və sərf olunan vasitələri görürük. Bu baxış həm də elmdə bir vaxt böyük rol oynamış, sonradan haqlı olaraq gözdən düşmüş və şeylərin əsl təbiətini anlamaq üçün yetərsiz sayılan faydalılıq baxışıdır. Hər halda biz özlüyündə sonlu şeylərə əhəmyyətsiz şeylər kimi yox, öz hüdudundan kənarı göstərən şeylər kimi baxmalıyıq. Sonlu şeylərdəki bu inkarlıq onların öz dialektikasıdır və bu dialektikanı anlamaq üçün, biz, ilk öncə onların müsbət məzmununa girməliyik. Lakin teoloji baxış üsulunda allahın müdrikliyinin təbiətdə təzahürünü göstərməyə vicdanla can atıldığından qeyd etməliyik ki, vasitələri predmetlər olan məqsədlərin axtarışı bizi sonlunun hüdudundan kənara çıxarmır və asanlıqla qəribə mühakimələrə sürükləyir. Məsələn, üzüm tənəklərinə nəinki onların insanlara verdikləri bəlli xeyirdən yanaşırlar, bu ruhda çıxış edərək mantar ağacının təyinatını şərab butulkalarının ağzını bağlamaq üçün tıxac hazırlamaq üçün material olmasında görürlər. Keçmişdə bu ruhda bütöv bir traktatlar yazırdılar və anlamaq asandır ki, bu cür mühakimələr nə dinin maraqlarına, nə də elmin maraqlarına fayda gətirmir. Dış məqsədəuyğunluq ideyadan bilavasitə öncədir, lakin çox zaman həqiqətin kandarında duran baxış daha az yetərli olur.

§ 206

Teleoloji münasibət subyektiv məqsədin ona dışarı olan obyektivliklə onların hər ikisinin vəhdətindən ibarət bir aralıq termin vasitəsilə qovuşduğu əqlinəticədir; subyektiv məqsədin və obyektivliyin bu vəhdəti bir tərəfdən məqsədəuyğun fəaliyyətdir, digər tərəfdən bilavasitə məqsədə tabe edilmiş obyektivlikdir, vasitədir.



Əlavə. Məqsədin ideyaya inkişafı üç pilləni keçir: birincisi, subyektiv məqsəd pilləsi; ikincisi, gerçəkləşən məqsəd pilləsi; üçüncüsü, gerçəkləşmiş məqsəd. Öncə bizim subyektiv məqsədimiz olur və o özü üçün mövcud anlayış kimi anlayışın momentlərinin totallığıdır. Bu momentlərdən birincisi özü ilə eyniyyətdə olan ümumilikdir ki, bu başlanğıcda tərkibində hər şey olan, lakin hələ heç nəyin fərqləndirilmədiyi suyu xatırladır. İkinci moment bu ümuminin xüsusiləşməsidir ki, bunun sayəsində ümumi müəyyən məzmun alır. Bu müəyyən məzmun ümuminin fəaliyyəti olduğundan ümumi bu məzmunu vasitəsilə özünə qayıdır və özü özü ilə qovuşur (zusammenschlieben). Buna uyğun olaraq qarşımıza hansısa bir məqsəd qoyub deyirik ki, biz nə isə həll edirik (beschlieben) və beləliklə, özümüzə bu və ya digər tərif üçün sanki açıq varlıq kimi baxırıq. Amma sonra deyirik ki, biz nəyisə qərarlaşdırdıq (entschlieben), bununla ifadə etmiş oluruq ki, subyekt yalnız özü üçün mövcud iç həyatından çıxış edir və ona qarşı duran obyektivliklə ilişgiyə girir. Bu xalis subyektiv məqsəddən dışarıya, ətrafa yönələn məqsədyönlü fəaliyyətdir.

§ 207


1) Subyektiv məqsəd ümumi anlayışın xüsusi vasitəsilə təkcəyə qovuşduğu elə əqlinəticədir ki, burada təkcə özünütəyin mühakiməsi (urteilt) kimi ümumi ilə birləşir, yəni təkcə hələ müəyyənləşməmiş ümumiyə müəyyən bir məzmun verir, ancaq həm də subyektivliyin və obyektivliyin əksliyini nəzərdə tutur; və eyni zamanda təkcə özü özündə özünə qayıdışdır, çünki bu təkcə, anlayışın subyektivliyini onun özünə qapalı totallığı ilə müqayisə edərək obyektivliyə əks olan bu subyektivliyi qeyri-mükəmməl bir şey kimi müəyyən edir və bununla da özündən kənara yönəlmiş olur.

§ 208


2) Kənara yönəlmiş bu fəaliyyət subyektin məqsəddə məzmunla yanaşı dış obyektivliyi də özünə daxil edən xüsusinin eyni olan təkcədir. Təkcə, birincisi, obyektlə bilavasitə ilişgiyə girir və onu vasitə kimi mənimsəyir. Anlayış da bu bilavasitə hakimiyyətdən ibarətdir, çünki obyektin varlığının bütünlüklə yalnız ideal olaraq müəyyənləşdirildiyi anlayış özünün eyni olan inkarlıqdır. Bütün orta termin anlayışın fəaliyyət kimi bu iç qüdrətilə bağlıdır, belə ki, obyekt vasitə kimi bilavasitə bu fəaliyyətlə birləşmiş və ona tabedir.

Qeyd. Sonlu məqsədəuyğunluqda orta termin bir-birinə dışarı olan iki momentə – fəaliyyətə və vasitə rolunu oynayan obyektə ayrılır. Məqsədin hakimiyyət kimi bu obyektə ilişgisi və onu özünə tabe etməsi bilavasitədir (əqlinəticənin birinci müqəddiməsi), çünki özü üçün mövcud ideallıq kimi anlayışda obyekt özündə cüzi bir şeydir. Bu ilişgi yaxud birinci müqəddimənin özü həm də əqlinəticədən ibarət orta termin olur, belə ki, məqsəd bu ilişgi vasitəsilə, öz fəaliyyəti sayəsində obyektivliklə birləşir və bu fəaliyyətdə varlığını və hökmranlığını davam etdirir.

Əlavə. Məqsədin yerinə yetirilməsi onun reallaşdırılmasının vasitəli üsuludur, amma onun bilavasitə reallaşdırılması da zəruridir. Məqsəd obyekti bilavasitə mənimsəyir, çünki məqsəd obyekt üzərində hökmranlıqdır, çünki məqsəddə xüsusilik, xüsusilikdə isə obyektivlik vardır. Canlı varlıqların bədəni vardır, ruh isə bədənə malikdir və bədəndə bilavasitə obyektivləşir. İnsanın ruhu çox çalışmalıdır ki, öz cismini özünün vasitəsi etsin. İnsan öncə öz bədəninə sahib olmalıdır ki, bədəni ruhunun silahı olsun.

§ 209


3) Məqsədyönlü fəaliyyət və onun vasitələri hələ kənara yönəlmşdir, çünki məqsəd obyektin eyni deyildir; odur ki, məqsəd də öncə obyektlə vasitələnməlidir. Obyekt kimi vasitə bu ikinci müqəddimədə əqlinəticənin digər kənar termini – müqəddimə kimi obyektivliklə, materialla bilavasitə ilişgidə olur. Bu ilişgi məqsədə xidmət edən, həqiqəti və azad anlayışı məqsəddən ibarət olan mexanizm və ximizm sferasıdır. Obyektiv olanın silindiyi, aradan qalxdığı bu prosesləri idarə edən hakimiyyət kimi subyektiv məqsədin həm də bu proseslərdən kənarda qalması və eyni zamanda o proseslərdə saxlanması – ağlın, zəkanın hiyləgərliyidir.

Əlavə. Ağıl, zəka təfəkkür hiyləgər olduğu qədər də qüdrətlidir. Hiyləgərliyi ümumiyyətlə vasitəli fəaliyyətindən ibarətdir, bu fəaliyyətdə o obyektlərə onların təbiətinə uyğun olaraq bir-birinə təsir etməyə və bu qarşılıqlı təsirdə özlərini tükətməyə imkan yaradır, ancaq özü qarşılıqlı təsir prosesinə qarışmadan öz məqsədini gerçəkləşdirir. Bu anlamda demək olar ki, ilahi hikmət dünyaya və onda gedən prosesə münasibətdə özünü mütləq hiyləgərlik kimi aparır. Allah insanlara onların istədikləri kimi hərəkət etmək imkanı verir, onların ehtiraslarını və maraqlarını məhdudlaşdırmır, bunda isə onun idarə etdiyi və yararlandığı insanların məqsədlərindən fərqli məqsədi gerçəkləşmiş olur.

§ 210

Beləliklə, reallaşmış məqsəd subyektivliklə obyektivliyin münasib görülən vəhdətidir. Amma bu vəhdət onunla xarakterizə olunur ki, subyektivlikdə olan birtərəflilik neytrallaşdırılmış və aradan qaldırılmış, obyektivlik isə azad anlayış kimi məqsədə tabe edilmiş və uyğunlaşdırılmışdır, deməli, həm də məqsədin hökmranlığına tabe edilmişdir. Məqsəd özünü obyektivliklə mübarizədə və eyni zamanda obyektivlikdə qoruyub saxlayır, çünki məqsəd birtərəfli subyektiv olmaqla birlikdə, həm də konkret-ümumi, subyektivliklə obyektivin əsl özündə eyniyyətidir. Bu ümumi sadəcə özündə refleksiya kimi məzmundur və bu məzmun əqlinəticənin bütün üç terminində və onların hərəkəti müddətində eyni bir şey olaraq qalır.



§ 211

Lakin sonlu məqsədəuyğunluqda gerçəkləşmiş məqsəd də aralıq və ilkin məqsəd kimi eyni bir özündə – sarsıntıdan üzgündür. Ona görə də yalnız öncədən tapılmış materialda dış forma (məqsədin məzmunun məhdudluğu üzündən təsadüfi tərifdən ibarət olan forma) alınır. Odur ki, can atılmış və əldə olunmuş məqsəd yalnız öz sırasında başqa məqsədlər üçün vasitə və ya material olan bir obyektdən ibarətdir və bu sonsuz bir prosesdir.

§ 212

Məqsədin reallaşmasında birtərəfli subyektivlik və ona qarşı duran obyektiv müstəqillik görüntüsü aradan qalxır. Anlayış vasitəyə malik olur və özünü obyektin özündə həqiqi mahiyyəti sayır; obyektin özündə müstəqilliyi artıq mexaniki və kimyəvi proseslərdə aradan qaldırılmış olur, bu proseslərin məqsədin hökmranlığı altında baş verməsində isə obyektin müstəqilliyi görüntüsü, özünü anlayışa qarşı qoyan inkar aradan qalxır. Ancaq gerçəkləşmiş məqsədin yalnız vasitə və material kimi müəyyən edilməsində bu obyekt dərhal özündə cüzi bir şey, ideal bir şey olur. Bununla da məzmun və forma arasındakı əkslik yox olur. Belə ki, məqsəd formanın müəyyənliyini aradan qaldıraraq özü özü ilə qovuşduğundan forma özü ilə eyniyyət kimi, deməli, məzmun kimi olur, çünki formanın fəaliyyəti kimi anlayışın məzmunu yalnız özüdür. Beləliklə, bu prosesdə məqsədin anlayışı, yəni subyektivliyin və obyektivliyin özündə mövcud vəhdəti artıq özü üçün mövcud vəhdətə, ideyaya çevrilmişdir.



Əlavə. Məqsədin sonluluğu ondan ibarətdir ki, onun reallaşmasında vasitə kimi istifadə edilən material yalnız dış yöndən, zahiri olaraq məqsəd altına salınır və ona uyğunlaşdırılır. Amma əslində obyekt özündə anlayışdır və onun məqsəd kimi reallaşması yalnız onun iç mahiyyətinin reallaşmasının təzahürüdür. Beləliklə obyektivlik sanki bir örtükdür ki, onun altında anlayış gizlənir. Sonlu çərçivəsində biz məqsədə həqiqi nail olunduğunu hiss edə və görə bilmərik. Odur ki, sonsuz məqsədin gerçəkləşməsi yalnız onun hələ gerçəkləşmədiyi illüziyasının aradan qaldırılmasından ibarətdir. Xeyrin, mütləq xeyrin dünyada gerçəkləşməsi əbədi prosesdir və onun sonucu budur ki, mütləq xeyir, artıq özündə və özü üçün gerçəkləşmişdir və onu gözləmək lazım deyil. Bu illüziya ilə biz yaşayıırq, eyni zamanda onun özü bizi fəaliyyətə təhrik edir, dünya ilə maraqlanmağa məcbur edir. İdeyanın özü öz prosesində bu illüziyanı yaradır, başqa bir şeyi özünə qarşı qoyur və onun fəaliyyəti bu illüziyanı aradan qaldırmaqdan ibarətdir. Həqiqət yalnız bu illüziyadan, bu yanılmadan doğur və yanılma ilə, sonluluqla barışıq da bundan ibarətdir. Özgəvarlıq və ya aradan qaldırılmış yanılma yalnız özünü öz sonucu etdikdə mövcud olan həqiqətin zəruri momentidir.

C

İDEYA



§ 213

İdeya özündə və özü üçün həqiqətdir, anlayışın və obyektivliyin mütləq vəhdətidir. Onun ideal məzmunu təriflərdən ibarət anlayışdan özgə bir şey deyil. Onun real məzmunu yalnız özünün dış mövcud varlıq formasında açılmasıdır və bu formanı (Gestalt) öz ideallığına qapayaraq ideya onu öz hökmranlığı altında saxlayır və beləliklə də özünü o formada qoruyub saxlayır.

Qeyd. Mütləqin tərifinə görə onun ideya olmasının özü mütləqdir. Bütün öncəki təriflər ona gəlib çıxır. İdeya həqiqətdir, çünki həqiqət mənim təsəvvürümün dış predmetlərinə yox, anlayışın obyektivliyinə uyğunluğudur; mənim təsəvvürlərim yalnız mənim özümün tərtib etdiyim düzgün təsəvvürlərdir. İdeyada iş "bunun" haqqında, təsəvvürlər haqqında, dış predmetlər barəsində deyildir. Ancaq eyni zamanda hər şey gerçəkdir, çünki hər şey həqiqətdir, ideyadır və ideya vasitəsilə və ideya sayəsində öz həqiqiliyinə malik olur. Təkcə varlıq ideyanın hansısa bir tərəfidir; odur ki, təkcə varlığa xüsusi qismində müstəqil, davamlı mövcudluq görünüşünə malik olan digər gerçəkliklər də lazımdır. Yalnız onların hamısında birlikdə və onların bir-birilə ilişgilərində anlayış reallaşır. Özü üçün götürülən təkcə öz anlayışına uyğun gəlmir; onun mövcud varlığının bu məhdudluğu onun sonluluğunu ifadə edir və onun məhvinə aparır.

İdeyanı nəyinsə haqqında ideya kimi anlamaq olmaz, eləcə də bunun kimi anlayışı ancaq müəyyən anlayış kimi başa düşmək lazım deyil. Mütləq ən ümumidir və mühakimə aktında (als irteilend) özünü müəyyən ideyalar sisteminə ayıran tək ideyadır; bu müəyyən ideyalar da öz təbiətləri üzündən onların həqiqətini oluşduran tək ideyaya qayıtmaya bilməz. Bu mühakimə sayəsində ideya başlanğıcda (zunachst) yalnız təkdir, ən ümumi substansiyadır, amma özünün inkişaf etmiş, əsl gerçəkliyində o subyektdir və beləliklə də ruhdur.

İdeyanın ayrıca bir mövcudluqdan ibarət giriş və dayaq nöqtəsi olmadığından onu çox vaxt yalnız xalis formal-məntiqi ideya kimi qəbul edirlər. Bu anlama tərzi mövcud şeyin və hələ ideyaya gəlib çatmayan bütün təriflərin reallıq və əsl gerçəklik önəmi daşıdığını düşünənlərə aiddir. Eləcə də bunun kimi, ideyanın yalnız abstrakt olduğunu düşünmək yanlışdır. Doğrudur, ideya abstraktdır, amma ondakı bütün qeyri-həqiqinin yox olmasına görə abstraktdır; Lakin özlüyündə ideya önəmli dərəcədə konkretdir, çünki o, azaddır, özünü təyin edir, deməli özünü anlayışın reallığına uyğun təyin edir. İdeya yalnız o zaman formal-abstrakt olardı ki, biz onun prinsipi olan anlayışı əslində olduğu kimi – onun özünün özünə mənfi qayıdışı və subyektivlik deyil, abstrakt vəhdət kimi götürmüş olaydıq.

Əlavə. Həqiqət dedikdə ilk öncə mənim bildiyim, bir şeyin mövcudluğu başa düşülür. Lakin bu yalnız şüura münasibətdə həqiqətdir və ya formal həqiqətdir, bu – çılpaq düzgünlükdür. Daha dərin anlamda həqiqət isə, əksinə, obyektivliyin anlayışla eyniyyətidir. Həqiqətin bu daha dərin anlamı həqiqi dövlət və ya həqiqi incəsənət əsəri ilə bağlıdır. Bu predmetlər nə olmalıdırlarsa, o olduqda, yəni onların reallığı anlayışlarına uyğun gəldikdə həqiqi olurlar. Bu qayda ilə başa düşülən qeyri-həqiqi adətən pis adlandırılır. Pis insan həqiqi insan deyildir, yəni o, insan anlayışına və təyinatına uyğun hərəkət etmir. Amma tam eyniyyətsiz və reallıqsız heç nə ola bilməz. Hətta pis və həqiqi olmayan şeylər də nə cürsə və nə dərəcədəsə öz anlayışına uyğun olur. Tamamilə pis və ya anlayışı üçün münasib olmayan şey elə bu səbəbdən də öz-özünə dağılan bir şeydir. Şeylər dünyada möhkəmliyə təkcə anlayışları vasitəsilə malik olurlar, başqa sözlə, dini təsəvvür dililə deyilərsə, şeylər onlarda olan ilahi güc və bu səbəbdən yaradıcı fikir vasitəsilə özləri olurlar. İdeya adı altında uzaq və o dünyaya məxsus bir şey təsəvvür etmək lazım deyil. Əksinə, ideya bütünlükdə burada, hər bir şüurda, ancaq zəif və təhrif olunmuş halda mövcuddur. Biz dünyanı allah tərəfindən yaradılan və özünü bizə onda açan böyük bir tam kimi təsəvvür edirik. Biz həm də hesab edirik ki, dünyanı ilahi surət idarə edir; bu isə onu göstərir ki, dünyanın yaradıcıdan kənarda yaradılması və mövcudluğu yenidən onu yaradanla vəhdətə gətirilir və bu vəhdətə uyğun durumda saxlanılır. Əski fəlsəfənin məqsədi ideyanın və fəlsəfənin adına layiq olanın fikri dərkindən başqa bir şey olmamışdır və o, hissi idrakın ayrı-ayrılıqda götürdüyü şeylərin mütləq vəhdəti şüurunu öz təlimlərinin təməlinə qoymuşdur.

İdeyanın həqiqət olmasının sübutunu əsərin ancaq bu bölümündə axtarmaq lazım deyil; fikrin bütün sonrakı irəliləyişində bunun sübutu vardır. İdeya fikrin bu yürüşünün sonucudur; amma biz bu sonucu ideyanın yalnız onun özündən başqa nə iləsə vasitələnməsi kimi anlamamalıyıq. Əksinə, ideya özü özünün sonucudur və o özlüyündə bilavasitə olduğu qədər də vasitəlidir. Varlığın və mahiyyətin, eləcə də anlayışın və obyektivliyin öncə gözdən keçirdiyimiz pillələri onların hərəkətsiz, sükunət halında olan fərqindən ibarət deyildir. Bu pillələr özlərinin dialektik, hərəkətli halında bizə göründülər və onların həqiqiliyi isə ancaq ideyanın momentləri olmasındadır.

§ 214


İdeya təfəkkür kimi, (bu "təfəkkür" anlayışının əsl fəlsəfi anlamıdır), sonra, subyekt-obyekt kimi, ideal və realın, sonlunun və sonsuzun vəhdəti kimi, gerçəkliyi özündə olan imkan kimi, təbiətin ancaq mövcudluq kimi başa düşülə bilməməsi və i. a. kimi dərk edilə bilər; ideyada hissi idrakın bütün münasibətləri vardır, ancaq bu münasibətlər ideyada özlərinin özünə sonsuz qayıdışı və eyniyyəti halındadır.

Qeyd. Hissi idrak asanca göstərə bilər ki, ideya barəsində deyilənlərin hamısı ziddiyyətlidir. Lakin hissi idraka bütün ardıcıllığı, bəndlərilə ideyada yer verilir və haqqı tanınır. Və bu işi hissi idrakın fəaliyyətindən heç də asan olmayan təfəkkür görür. Hissi idrak ideyanın yalnız ziddiyyətli olduğunu, subyektivin ancaq subyektiv, obyektivin isə ona əks olduğunu, varlığın anlayışdan fərqli olduğunu və anlayışdan çıxarıla bilmədiyini, sonlunun yalnız sonlu və sonsuza bir başa əks olduğunu və onların eyniyyətdə olmadığını və bütün təriflərə yalnız bu cür münasibətdə olduğunu göstərdiyi halda məntiq, əksinə, göstərir ki, yalnız subyektiv, sonlu olan, yalnız sonsuz olan heç bir həqiqiliyə malik deyillər, özləri özləri ilə ziddiyyətdədirlər və öz əksliklərinə – subyektiv obyektivə, sonlu sonsuza, sonsuz sonluya keçirlər. Beləliklə, bu keçid və qütblüklərin bir moment kimi bərtərəfləşmiş halda saxlandığı vəhdət özünü bu qütblüklərin həqiqəti kimi aşkar edir.

Empirik-əqli idrak ideyanı tənqid edərkən onun tənqidi iki qat anlaşılmazlıq olur. Birincisi, ideyanın kənar üzvləri onların vəhdətdə ifadə olunduğu formanın necə olmasından asılı olmayaraq hissi idrak tərəfindən hələ onların konkret vəhdəti və təriflərində götürülməyib ideyadan kənarda olan abstraksiyalar kimi götürülür. Bu kənar üzvlərin (məsələn, subyektiv və obyektivin, sonlu və sonsuzun və i. a. – A. T.) arasında açıq-aşkar mövcud olan bağlantını anlamamaq heç də hissi idrakın kiçik günahı sayılmamalıdır; belə ki, məsələn, hissi idrak təkcənin ancaq təkcə, subyekt olduğu qədər də ümumi və obyekt olduğunu ifadə edən mühakimədə hətta bağlantının xarakterinə diqqət yetirmir. İkincisi, hissi idrak özü ilə eyniyyətdə olan ideyanın özündə öz inkarına, ziddiyyətə malik olduğu barəsində öz refleksiyasını ideyanın özünə daxil olmayan dış refleksiya sayır. Əslində isə bu, hissi idrakın özəl müdrikliyi deyildir, çünki ideyanın özü özü ilə eyniyyətdə olanı ondan fərqlənənə, subyektivi obyektivdən, sonlunu sonsuzdan, ruhu bədəndən ayıran və bir-birindən fərqləndirən dialektikadır və elə buna görə də ideya əbədi yaradıcılıq, əbədi yaşarılıq və əbədi ruhdur. Beləliklə, abstrakt (hissi) idraka keçiddən, daha doğrusu, onunla yerini dəyişmədən ibarət olan ideyanın özü həm də təfəkkürdür. İdeya bu abstrakt idrakı öz təbiətinin sonluluğunu və öz məhsullarının müstəqilliyinin aldadıcı görüntüsünü anlamağa məcbur edən və onu geriyə, vəhdətə gətirən dialektikadır. Belə ki, bu ikili hərəkət nə zamanca, nə də hər hansı bir başqa yöndən bir-birindən ayrı və fərqli olmadığından (əks halda bu hərəkət ancaq abstrakt idrakın hərəkəti olardı) daim özünü o birində seyr edən hərəkətdir; bu hərəkət öz obyektivliyində özünü gerçəkləşdirən anlayışdır; iç məqsədəuyğunluqdan, mühüm subyektivlikdən ibarət oan obyektdir.

İdeyanı anlamağın dəyişik üsulları – onun ideal və real olanın, sonlunun və sonsuzun, eyniyyət və fərqin (der Differens) və i. a. vəhdəti kimi anlaşılması az və çox dərəcədə formaldır, belə ki, onlar müəyyən anlayışın hansısa bir pilləsini göstərirlər. Yalnız anlayışın özü azaddır və həqiqi ümumidir; odur ki, ideyanın müəyyənliyi də anlayışın özüdür, anlayışın özünü ümumi kimi davam etdirdiyi və ancaq öz total müəyyənliyinə malik olduğu obyektivlikdir. İdeya tərəfindən hər biri müstəqil totallıq olan və bu totallıqdan hər biri bitmiş olduğu üçün digərinə keçən sonsuz hökmdür. Başqa cür müəyyənləşmiş heç bir anlayış anlayışın və obyektivliyin özü qədər iki tərəfli bitmiş totallıq deyildir.

§ 215

İdeya zəruri prosesdir, çünki onun eyniyyəti anlayışın mütləq və azad eyniyyəti olduğu qədər də mütləq inkarlıqdır və ona görə də dialektikdir. İdeya təkcəliyi olan ümumlik kimi anlayışın özünü obyektivlik yönündə və bu obyektivliyə əks yöndə müəyyənləşdirdiyi prosesdir (der Verlauf) və substansiyası anlayışdan ibarət olan bu dışarılıq özünün immanent dialektikası sayəsində özünü geriyə, subyektivliyə qaytarır.



Qeyd. İdeya a) proses olduğundan "Mütləq sonlunun və sonsuzun, təfəkkürün və varlığın və i. a. vəhdətidir" deyimi tez-tez göstərdiyimiz kimi yanlışdır, çünki "vəhdət" sözü abstraktı, sükunətdə olan eyniyyəti bildirir. İdeya b) subyektivlik olduğundan qeyd etdiyimiz bu deyim iki qat yanlışlıqdır, çünki deyimdə göstərilən vəhdət ancaq özündə həqiqi vəhdəti, onun yanlış substansialını ifadə edir. Beləliklə, sonsuz sonlu vasitəsilə, subyektiv obyektiv vasitəsilə, təfəkkür varlıq vasitəsilə neytrallaşmadan ibarət olur. Amma ideyanın inkarı vəhdətdə sonsuz sonlunun hüdudunu, təfəkkür varlığın hüdudunu, subyektivlik isə obyektivliyin hüdudunu yarıb keçir. İdeyanın vəhdəti subyektivlikdir, təfəkkürdür, sonsuzluqdur və buna görə də bu vəhdətlə substansiya kimi ideyanı bir-birindən fərqləndirmək lazımdır, eləcə də ideyanın hüdudları keçən bu subyektivliyini, təfəkkürünü, sonsuzluğunu onun mühakimə yürütmək və tərif vermək kimi aşağı səviyyəsindəki birtərəfli subyektivliyindən, təfəkkürdən, sonsuzluğundan fərqləndirmək lazımdır.

Əlavə. İdeya proses kimi öz inkişafında üç mərhələ keçir. İdeyanın birinci forması həyatdır, yəni bilavasitəlik formasında ideya. Onun ikinci forması vasitələnmə və ya fərqləndirilmədir (Different) və bu iki surətdə – nəzəri ideya və praktik ideya sifətlərində – çıxış edən idrak kimi ideyadır. İdrak prosesinin sonucu fərqlə zənginləşən vəhdətin bərpasıdır və bu üçüncü – mütləq ideya formasıdır; məntiq prosesinin bu üçüncü pilləsi həm də onun həqiqi birinci pilləsindən və yalnız özünün vasitəsilə yüksəldiyi əsl pillədən ibarətdir.

a. Həyat

§ 216


Bilavasitə ideya həyatdır. Anlayış ruh kimi bədəndə reallaşmışdır; bədənin dışarılığına (Auberlichkeit) münasibətdə ruh özü ilə bilavasitə ilişgidə olan ümumilikdir. Ruh həm də bədənin xüsusiliyidir, belə ki, bədən onun anlayışının təriflərindən irəli gələn fərqlərdən başqa heç bir fərqi ifadə etmir. Nəhayət, ruh sonsuz inkarlıq kimi təkcədir, o özünün müstəqil mövcudluq görüntüsündən geriyə, subyektivliyə qayıdan özündənkənar obyektivliyinin dialektikasıdır, belə ki, bütün üzvləri bir-biri üçün ötərgi vasitə və ötərgi məqsəddir. Eləcə də həyat öncə xüsusiləşmə olub özü-üçün-mövcud inkarı vəhdətlə qurtarır və öz bədəninin dialektikasında yalnız özü özü ilə birləşir. Beləliklə, həyat zəruri olaraq canlı bir şeydir, özünün bilavasitəliyi yönündən isə həyat "bu" təkcə canlı varlıqdan ibarətdir. Bu sferada sonluluğun tərifi budur ki, ideyanın bilavasitəliyi sayəsində ruh və bədən bir-birindən ayrılandırlar; bu canlı varlıqların ölümlü olması deməkdir. Ancaq canlı varlıq yalnız ona görə ölür ki, ideyanın bu iki tərəfi fərqli tərkib ünsürlərdir.

Əlavə. Bədənin ayrı-ayrı üzvləri yalnız onların vəhdəti və qarşılıqlı bağlılığında mövcuddur. Belə ki, məsələn, bədəndən kəsilmiş əl Aristotelin qeyd etdiyi kimi əsl əl deyil, yalnız adına görə əldir.

Hissi və ya empirik-əqli idraka görə həyat dərk olunmaz bir sirrdir. Lakin idrakın bu səviyyəsi həyata bu cür baxışında yalnız özünün sonluluğunu və cüziliyini üzə çıxarmış olur. Həyat əslində o dərəcədə dərk ediləndir ki, onun simasında biz anlayışın özünü, daha dəqiq desək, anlayış kimi mövcud olan bilavasitə ideyanı görürük. Bununla biz həm də həyatın yetərsizliyini göstərmiş oluruq; həyatın yetərsizliyi ondan ibarətdir ki, burada anayışın və reallığın bir-birinə uyğunluğu hələ həqiqi deyil. Ruh həyatın anlayışıdır və bədən bu anlayışın reallığıdır. Ruh sanki özünün cismaniliyinə axıb tökülmüşdür və ona görə də bədən yalnız hiss edir, ancaq hələ özü-üçün-azad-varlıq deyildir. Sonra, həyat prosesi ondan ibarətdir ki, o hələ özünün qapandığı bilavasitəliyi aradan qaldırır və özü də öz sırasında üçlü prosesdən ibarət olan həyat prosesinin sonucu mühakimə formasında olan ideya, başqa sözlə, idrak kimi ideyadır.

§ 217


Canlı varlıq əqlinəticədir ki, bunun da momentləri sistemlər və əqlinəticələrdir (

§ 198, 201, 207). Lakin onlar fəal (tatiqe) əqlinəticələrdir, proseslərdir və canlı varlığın subyektiv vəhdətində ümumi bir prosesdir. Beləliklə, canlı varlıq özünün üç prosesdən keçən özü ilə birləşməsidir.

§ 218

1) birincisi canlı varlıq onun öz içində baş verən prosesdir. Bu prosesdə canlı varlıq ikiləşir və öz bədənini, maddilyini özünün obyekti, cansız təbiəti edir. Bu sonuncu nisbətən dış, zahiri tərəf kimi özü özündə fərqli və özünün bir-birini məhv edən, assimlyasiya edən və özünü bərpa etməklə sxlayan momentlərinin əksliyi kimi çıxış edir. Amma üzvlərin bu fəaliyyəti ancaq eyni bir subyektin fəaliyyətidir və bu fəaliyyətdə üzvlərin yaradılmasına qayıdılır, belə ki, bu fəaliyyətdə yalnız subyekt bərpa olunur, başqa sözlə, o özünü yalnız yenidən bərpa edir.



Əlavə. Canlı varlığın öz içində baş verən prosesin təbiətdə üç forması vardır: hissetmə, qıcıqlanma və özünü törətmə. Hissetmə kimi canlı varlıq özü ilə bilavasitə sadə münasibətdir, özündən kənar varlığı hələ özü üçün həqiqi olmayan bədəndə hər zaman mövcud olan ruhdur. Qıcıqlanma kimi canlı varlıq özündə parçalanmış kimi çıxış edir, özünü bərpa kimi isə canlı varlıq öz üzvlərinin və orqanlarının iç fərqliliyindən özünü bərpa edir. Canlı varlıq öz içində ancaq daim yeniləşən proses kimi mövcud olur.

§ 219


2) Ancaq anlayışın mühakiməsi (das Urteil) azad mühakimə kimi, müstəqil bir totallıq kimi özündən obyektivliyi buraxır və canlı varlığın bilavasitə təkcə kimi özünün özü ilə mənfi münasibəti ona qarşı duran cansız təbiət üçün zəmin yaradır. Canlı varlığın bu mənfi münasibəti yenə də canlı varlıq anlayışının bir momenti olduğundan canlı varlıq öz anlayışında, eyni zamanda bu konkret ümumidə bir çatışmazlıq kimi mövcud olur. Özündə obyekti əhəmiyyətsiz bir şey kimi aradan qaldıran dialektika özünə əmin olan canlı varlığın fəaliyyətidir və deməli, canlı varlıq cansız təbiətlə bu fəaliyyət, mübarizə prosesində özü özünü saxlayır, inkişaf edir və obyektivləşir.

Əlavə. Canlı varlıq özünün hökmranlığı altında olan və assmilyasiya etdiyi cansız təbiətlə üz-üzədir. Bu prosesin sonucu kimyəvi prosesdə olduğu kimi bir-birinə qarşı duran hər iki tərəfin müstəqilliyinin aradan qalxdığı neytral məhsuldan ibarət deyildir; canlı varlıq öz hakimiyyətinə qarşı dura bilməyən öz başqasından daha güclü görsənir. Canlı varlıqla ram edilən cansız təbiət ona görə ram edilir ki, həyat özü üçün nədirsə, cansız təbiət də özündə odur. Beləliklə, canlı varlıq başqasında (cansız təbiətdə – A. T.) yalnız özü özü ilə birləşir. Ruh bədəndən çıxdıqda obyektivliyin kortəbii güclərinin oyunu başlayır. Bu güclər, necə deyərlər, canlı bədəndə öz prosesini başlamağa həmişə hazırdır və həyat bu güclərə qarşı daimi mübarizədir.

§ 220

3) Özünün birinci prosesində özünü subyekt kimi və özü özündə anlayış kimi aparan canlı fərd özünün ikinci prosesində öz obyektivliyini assimlyasiya edib və beləliklə, özü özündə real müəyyənlik olduqda artıq özündə cins, substansial ümumilik olur. Substansial ümumiliyin xüsusiləşməsi subyektin onun cinsinə aid olan başqa subyektə münasibətindən ibarət olur və mühakimə bu qarşılıqlı müəyyənləşən fərqlərin münasibətidir. Bu – cinslərin fərqidir.




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə