Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə67/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   63   64   65   66   67   68   69   70   ...   229

 

172


Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il 

sentyabrın 20-də imzalanmış  "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə 

qarşılıqlı  əlaqələrinin genişlənməsinə  və beynəlxalq mövqelərinin möhkəmlənməsinə 

güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı dövrdə imzalanmış çoxsaylı neft 

kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirir, qarşılıqlı faydalı 

əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin geniş  şəbəkəyə malik olduğunu 

nümayiş etdirir. 

1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın 

nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı 

beynəlxalq konfransı  və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik 

illərində qazandığı ən mühüm nailiyyətlərindən biridir. 

Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun 

bərpası üzrə  həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 

yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə 

edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli  şərait yaradır. 

Şərqlə  Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-

Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın 

dünya  ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki 

iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. 

Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli 

münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar 

çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. 

1992-ci ildən BMT, ATƏT və  İKT-nin  üzvü olan Azərbaycan Respublikası 

həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş,  

Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx  əlaqələr yaratmış, bu qurumlar 

çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət 

yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu 

mövqedən həm özünün, həm də  tərəfdaşlarının maksimum bəhrələnməsi üçün 

hərtərəfli  şərait yaradır, milli mənafelərinin və  təhlükəsizliyinin təmin olunması 

istiqamətində zəruri tədbirlər həyata keçirir. 

Azərbaycan Respublikasının 1994-cü ildən başlayaraq NATO-nun "Sülh 

naminə  tərəfdaşlıq" proqramı  çərçivəsində  fəaliyyəti dünyanın qabaqcıl ölkələri ilə 

onun əlaqələrinin inkişafına mühüm zəmin yaratmışdır. 1998-ci il sentyabrın sonunda 

NATO-nun baş katibi H.Solananın Azərbaycana səfəri ərəfəsində verdiyi müsahibədə 




 

173


"Qafqaz regionunu NATO-nun birbaşa maraqları olan regionlar" sırasında qeyd etməsi 

qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və regional təhlükəsizliyin qorunması 

sahəsində Şimali Atlantika təşkilatı  ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü 

bir daha təsdiq etdi. 

Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq 

münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və  təhlükəsizlik 

məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin şəkildə 

yüksələrək həlledici əhəmiyyət kəsb etmişdir. 

Qeyd etmək lazımdır ki, müstəqillik  əldə  etdikdən sonra Azərbaycan da daxil 

olmaqla postsovet məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf 

strategiyasını müəyyənləşdirərkən ciddi  seçim  qarşısında qaldılar: onlar ya əvvəlki 

kimi sosialist ideologiyası  və ictimai mülkiyyətə  əsaslanan planlı iqtisadiyyat yolu ilə 

fəaliyyətini davam  etdirərək beynəlxalq aləmdə ideoloji, hərbi-siyasi qarşıdurmaya  

yenidən  şərait  yaratmalı,  ya   da iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə 

nail olmuş ölkələrin təcrübəsini  əsas götürərək,    bu  təcrübəni yerli şəraitə 

uyğunlaşdırmaqla xüsusi mülkiyyətə  əsaslanan azad bazar iqtisadiyyatı yolunu 

seçməli idilər. "Soyuq müharibə"də sosializm cəbhəsi üzərində parlaq qələbə çalan 

kapitalizm dünyasının hərtərəfli  üstünlükləri yeni yaranmış dövlətləri məhz ikinci yolu 

seçməyə bir növ sövq etdi.  

İkinci yolu seçməklə həmin dövlətlər yeni bir seçim problemi ilə üzləşdilər. Onlar 

bu dəfə kapitalizm dünyası daxilindəki mövcud inkişaf modelləri üzrə,  daha doğrusu, 

tədqiqatçıların qeyd etdiyi  kimi, hazırda  dünya  siyasətinin müəyyənləşməsində əsas 

rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin   inkişafı  ilə  bağlı  Amerika, Avropa və 

Asiya modelləri üzrə seçim zərurəti qarşısında qaldılar.  Buna görə  də,  müstəqillik 

əldə edən dövlətlər özlərinin gələcək inkişaf  yolunu  müəyyənləşdirmək üçün dünyada 

mövcud olan mürəkkəb beynəlxalq və regional şəraiti  düzgün qiymətləndirməli,  

dünya siyasətinin  güc mərkəzləri olan ABŞ,  Rusiya, Avropa Birliyi, Cənub-Şərqi 

Asiya ölkələri arasındakı  mənafe və maraq çəkişmələrində özünün suverenliyini  

qoruyub  saxlamaq məqsədilə düşünülmüş xarici siyasət yeritməli idilər.  Bu dövlətlər 

qarşısında müasir dövrdə beynəlxalq aləmdə qəbul edilmiş və həyata keçirilən inkişaf 

modellərinin, ilk növbədə Amerika, Avropa və Asiya modellərinin zəif və üstün 

cəhətlərini diqqətlə araşdırmaq və bu zəmində ya onlardan birinə üstünlük vermək, ya 

da ayrı-ayrı modellərin müəyyən cəhətlərini sintez edərək ölkənin spesifik şəraitinə 

daha uyğun olan inkişaf yolunu seçmək vəzifəsi dururdu. 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə