249
ənənələrə ustad-şagird münasibətləri, dastançılıq ənənələri,
aşıqların el ağsaqqalı kimi xalq arasında tərbiyələndirici və
maarifləndirici rolu, haqq-ədalətin tərənnümçüsü olmaları və s.
aiddir. Təəssüf ki, bu ənənələr sistemi bu günədək demək olar
ki, ayrıca araşdırılmamış, tədqiqatlarda ona yalnız ötəri
toxunulmuşdur. Həmin ənənələrdən bu gün yalnız söhbətlər və
çıxışlar səviyyəsində danışılır (bu barədə həmçinin bax, səh.
263). Bu günədək aşıq sənətinin əsasən ədəbiyyat, qismən də
musiqi tərəfi tədqiq olunmuşdur.
Muğam sənəti oturaq və əsasən saray sənəti olduğundan
oturaq mədəniyyətin və siyasi birliklərin (xanlıqların) mövcud
olduğu bölgələrdə (Bakı, Şəki, Şirvan, Qarabağ və s.) daha çox
inkişaf etmişdir. Aşıq sənəti isə səyyar, birbaşa xalq arasında
olan sənət olduğundan bütün ərazilərdə yayılmış, bir tarixi
dövrdə isə şəhər mədəniyyəti tərəfindən ucqarlara sıxış-
dırılmışdır. Bu prosesin acısını bu gün çəkməkdəyik ki,
müəyyən bölgələrdə aşıq sənəti sıradan çıxmışdır.
Xalq musiqimizin tədqiqi və mədəni səviyyəyə yük-
səldilməsi məsələsinə gəldikdə, Azərbaycan xalq musiqisi
əsasən XX əsrin 20-30-cu illərindən toplanmağa və müasir
elmi yanaşma ilə tədqiq olunmağa başlamışdır. Bu dövrdə xalq
musiqisi nümunələrimiz toplanmağa, texniki vasitələrə
yazılmağa, tədqiq olunmağa, orta və ali məktəblərdə tədris
olunmağa başlamışdır. Bu prosesdə böyük ziyalımız, Azər-
baycan professional musiqisinin banisi Ü.Hacıbəylinin (1885-
1948) müstəsna xidmətləri olmuşdur. Həmçinin bu işdə Bülbül
(1897-1961), S.Rüstəmov (1907-83), F.Əmirov (1922-84) və b.
musiqişünaslarımızın böyük xidmətləri var. Xalq musiqisi
nümunələrinin toplanmasında isə ustad sənətkarlarımız –
C.Qaryağdıoğlu (1861-1944), S.Şuşinski (1889-1965), Aşıq
Şəmşir (1893-1980), Aşıq Hüseyn Saraclı (1916-87), Aşıq
Əkbər (1933-90) və b. bir körpü rolunu oynamışdır.
Lakin təəssüf ki, xalq musiqimizin tədqiqi, tədrisi və
mədəni səviyyəyə yüksəldilməsi bütün ünsürlər üzrə eyni
sürətlə getməmişdir. Belə ki, muğamın elmi tədqiqi və ali
250
səviyyədə tədrisi hələ XX əsrin 20-30-cu illərindən başlasa da,
aşıq musiqisinin elmi tədqiqatı və ali məktəblərdə tədrisi xeyli
gecikmişdir. Həmin dövrdən 1980-90-cı illərə qədər aşıq
musiqisi sahəsində əsasən toplama-səsyazma işləri aparıl-
mışdır. Bu sahədə elmi tədqiqat əsərlərinin (3.14, 3.25, 3.81 və
s.) yalnız 1980-90-cı illərdən meydana çıxdığını görürük. Aşıq
musiqisi sahəsində ilk əsaslı tədqiqat əsərlərinin yazılması
görkəmli alimimiz Ə.Eldarovanın adı ilə bağlıdır. Sonrakı
dövrdə T.Məmmədov, İ.İmamverdiyev və b. bu sahədə mühüm
tədqiqatlar (3.81, 3.47, 3.48 və s.) aparmışlar. T.Məmmədov
tərəfindən 80 klassik aşıq havası ustad aşıqların ifasından nota
salınmışdır (4.19). Aşıq havalarının notlaşdırılmasında İ.İmam-
verdiyev və b. tədqiqatçıların da mühüm xidmətləri var. Acı-
nacaqlı haldır ki, aşıq musiqisinin ali məktəblərdə ayrıca tədrisi
həddən artıq gec – yalnız son onillikdə baş tutmuşdur. İlk orta
ixtisas aşıq məktəbi isə son illər Gədəbəydə açılmışdır. Ümid
edirik ki, aşıq musiqisinin tədqiqi və tədrisi bundan sonra daha
da genişlənəcək, bu musiqi ifaçılığı tezliklə “bölgə” səviy-
yəsindən çıxacaq və əvvəlki ümummilli statusunu bərpa
edəcəkdir.
Xalq adət-ənənələri
Hüquq normaları cəmiyyətdə hər şeyi tənzimləmək
iqtidarında deyil, tarixən formalaşmış adət-ənənələrə, əxlaq
normalarına həmişə ehtiyac var və onlar ictimai münasibətləri
tənzimləmə funksiyasını daşımaqla məhz inkişafı stimul-
laşdırır.
Xalq adət-nənələrimiz çox zəngindir. Bu günə qədər adət-
ənənələrimizin toplanması və tədqiqi işləri müəyyən qədər
aparılmış və bu gün də aparılmaqdadır. Lakin adət-ənənə-
lərimizin tədqiqində onların məhz ictimai əhəmiyyəti, yaranma
zərurəti məsələləri, başqa sözlə, onların fəlsəfəsininin açılması
məsələsi az araşdırılmışdır. Tədqiqatların böyük bir hissəsi
251
məhz sovet dövründə aparıldığından həmin dövrün ide-
ologiyasına uyğun olaraq tədqiqatlar əsasən adət-ənənələrdə
sosialist ideyalarının axtarışı üzrə getmiş və məhdud xarakter
daşımışdır. Digər mühüm məqamlar isə arxa planda qalmışdır.
Bu bölümdə adət-ənənələrimizə məhz bu baxımdan yanaşmağa
çalışacağıq.
Bəzən adət-ənənələrin cəmiyyətdəki müsbət rolu qeyd
olunmur və onlar yalnız insan azadlıqlarını məhdudlaşdıran bir
neqativ amil kimi nəzərdən keçirilir. Əslində isə demək olar ki,
bütün adət-ənənələr cəmiyyətin obyektiv, təbii inkişafı
nəticəsində, ictimai ziddiyyətlərin həlli, ictimai münasibətlərin
tənzimlənməsi modeli kimi meydana çıxmışdır. Hətta, ənənələr
kənardan ədalətsiz görünsə belə, daha ədalətlisi mümkün
olmadığından onlar yaşamışdır. Düzdür, müəyyən sosial
qrupların mənafeyini qoruyan subyektiv xarakterli ənənələr də
var və bu gün də yaranmaqdadır. Lakın, bu kimi ənənələr daha
dinamik dəyişilir və əvəz olunur. Bunlar istisnadır.
Adət-ənənələr çoxsaylı və biri-biri ilə əlaqəli olduğundan
onları təsnif etmək, qruplara ayırmaq da çətinlik gətirir.
Aparılmış tədqiqatları və ümumi-ənənəvi təsnifatı nəzərə
alaraq adət-ənənələrimizi ümumi olaraq aşağıdakı qruplara
ayırmaq olar: ailə-nikah və toy adət-ənənələri, mistik-dini
ənənələr və inanclar, yas adət-ənənələri, bayram adət-
ənənələri, el köməyi adətləri, qonaqpərvərlik, döyüş
ənənələri, köçəri həyat ənənələri, milli mentalitet və əxlaq,
aşıq sənəti ənənələri və s. Bu adət-ənənələrin həyatımızda və
milli ideologiyamızda daha çox əhəmiyyət kəsb edən bir neçəsi
haqqında danışacağıq.
Türk cəmiyyəti tarixən ailə quruluşuna əsaslanmış və bu
gün də ailə quruluşu Qərb xalqları ilə müqayisədə türk
xalqlarında daha çox saxlanılmışdır. Türk cəmiyyəti ailə
təməlləri üzərində qurulduğundan bir çox adət-ənənələrimiz
məhz ailə sistemindən qaynaqlanır, ailədən gəlir. Ona görə də
milli adət-ənənələrimizin qorunmasında ailə institutunun
qorunub saxlanılması çox mühüm məsələdir. Türk cəmiyyəti
Dostları ilə paylaş: |