-28-
yönəlməsi deməkdir. Bu zərurət KİV-lərin cəmiyyət həyatında xüsusi rolunu, informa-
siyanın kütləvilik, tiraj, dövrilik kimi mühüm xassələrini, daim artan informasiya
resurslarından istifadə edilməsini, ilkin informasiya mənbələri funksiyalarının yerinə
yetirilməsini və s. şərtləndirir. Digər tərəfdən, müasir kütləvi informasiya vasitələri
dünyada baş verən hadisələri operativ əks etdirməklə yanaşı, həm də daha geniş mənada
informasiyanın təhlili, onun ilkin süzgəcdən keçirilməsi və məqsədyönlü şəkildə seçilməsi
ilə məşğul olur.
Bir qayda olaraq, hər bir yeni informasiya müəyyən metodlardan istifadə etməklə
yaranır. Publisistik materialların hazırlanması da onun kimə və nə formada təqdim
edilməsindən, layihənin məqsəd və vəzifələrindən, habelə materialın konkret olaraq, hansı
auditoriyaya ünvanlanmasından əhəmiyyətli dərəcədə aslıdır. Məsələn, eyni mövzuda
qəzet məqaləsi, videomaterial və sair hazırlamaq olar. Bu material mühüm problemin
mövcud olması və onun səbəbləri barədə yığcam, ifadəli və qavranılması asan olan
formada məlumat verməlidir. Belə materialda praktiki tövsiyələr, fəaliyyətə çağırışlar mü-
hüm yer tutmalıdır. Təbii ki, burada elmi ciddilikdən danışmağa dəyməz. Sadəcə olaraq, bu
materialın məzmununu başqa sənədlərin köməyi ilə əsaslandırmaq və belə sənədlərin
olduğunu xatırlatmaq lazımdır. İnformasiyanın mənşəyi haqqında məlumatlar onun düzgün
başa düşülməsi və qiymətləndirilməsi, material ilə səmərəli işləmək üçün zəruridir.
İnformasiya mənbəyində bu cür məlumatların olması onun həqiqiliyini və müəyyən
dərəcədə tamlığını qiymətləndirməyə imkan verir. Elmi nəşrlər üçün istifadə edilmiş
mənbələrə, tətbiq edilmiş metodlara istinadların olması zəruridir. Ancaq digər
informasiyalarda istinadların ciddi qaydalar üzrə tərtib edilməsi çox zaman bilinmir. Buna
baxmayaraq, məlumatların haradan götürüldüyünün göstərilməsi, hər bir halda, informa-
siya mənbəyinin hər hansı bir üstünlüyüdür. Məsələn, yoluxucu xəstəliyin yayılma
coğrafiyası barədə kiçik imformasiyada həmin məlumatın əldə edildiyi mənbə göstərilə
bilər: “Rayon sanitar-epidemioloji stansiyasının məlumatına görə” və ya “müəllif tərəfin-
dən aparılmış araşdırmaların nəticələrinə əsasən”. Bu cür istinad həmin faktla bağlı əlavə
məlumatı haradan əldə etməyin mümkün olduğunu göstərir.
Əgər materialın müəllifi şərhin gedişində ilkin müddəalar əsasında müəyyən nəticələr
çıxarırsa, məntiqi mühakimənin bütövlüyü təmin olunmalı, əsaslandırmada nəzərdən
qaçmış elementlərin olmasına imkan verilməməlidir. Məsələn, müəyyən texnologiyanın
qısa təsvirindən sonra onun ekoloji təhlükəsizliyi barədə fikir yalnız o halda əsaslandırıl-
mış hesab edilə bilər ki, bu texnologiyanın ətraf mühitə və insanın sağlamlığına təsiri də
-29-
nəzərdən keçirilmiş olsun. Beləliklə, mənbəyi istinad və əsaslandırmaların olması
informasiya ilə işin əsas amilidir.
Müasir jurnalistika elmində “İnternet hüdudsuz informasiya xəzinəsidir” ifadəsinə tez-
tez rast gəlirik. Bu, inkarolunmaz həqiqətdir. Artıq jurnalistikada internet kimi yeni bir
fenomen yaranmışdır. Məsələyə geniş mövqedən yanaşsaq, internet sənəddən, insandan,
eləcə də ətraf mühitdən alınan informasiyanın toplandığı zəngin xəzinədir. Ümümdünya
internet şəbəkəsində olan informasiyanı jurnalist üçün əhəmiyyəti əvəzsizdi.
İnformasiya mənbələri içərisində informasiya agentliklərinin böyük rolu vardır. KİV-
lərə inormasiya məhz həmin agentliklərdən daxil olur.Şərhlər və jurnalist “tapıntıları”ı ilə
sığallanmış bu materiallar istehlakçıya internet saytları, qəzetlər və s. informasiya vasitələri
ilə təqdim edilir.
İnformasiya mənbələri içərisində statistika idarələri və statistik informasiyalar da
xüsusi yer tutur və onların məlumatları müəyyən vaxt ərzində dəyişdirilməli və ona xüsusi
nəzarət edilməlidir.
Mühüm informasiya mənbəyi kimi kitabxanaların da böyük rolu vardır və informasiya
mənbələri içərisində onun nüfuzu həmişə yüksəkdir.
Bu sahədə arxiv idarələrinin də rolu böyükdür. Arxivlər dedikdə, dövlət və bələdiyyə
arxivləri, dövlət muzeylərinin və kitabxanalarının, Elmlər Akademiyası sisteminə aid
müəssisələrin arxivləri və s. kimi geniş bir şəbəkə nəzərdə tutulur.
Bunlardan başqa, birja və maliyyə, habelə iqtisadi və kommersiya informasiyalarını
əhatə edən kompleks məlumat bazaları da vardır. Onlar əsasən, sərmayəçilər və müəssisə
rəhbərləri üçün nəzərdə tutulmuşdur. Əsasən, xarici ölkələrdə işgüzar fəaliyyətlə bağlı
yeniliklər xarici informasiya agentliklərinin məlumat bazalarında (LEXİS-NEXİS, Dialog,
Reuters) saxlanılır.
İnformasiya üçün əsas mənbələr müxtəlif mövzular üzrə məlumat bazalarını
birləşdirən dünya şöhrətli informasiya agentlikləridir. Onların hazırladıqları “məhsullar” –
kütləvi istehlak üçün nəzərdə tutulan informasiyalar insanların geniş dairəsində maraq
doğurur.
Kütləvi və istehlak informasiyası sektoruna xəbər xidmətlərinin və agentliklərin infor-
masiyası, mətbuat, elektron jurnallar, məlumat kitabları, ensiklopediyalar, əyləncə xarak-
terli informasiyalar, hava haqqında məlumatlar, nəqliyyatın hərəkəti barədə xəbərlər
daxildir. Bu sektor elektron kompyuter oyunları, istehlakçılar üçün reklam, mübadilə, alqı-
satqı barədə təkliflər, mehmanxana və restoranların sorğu kitablarını, turist səfərləri barədə
məlumatları və s. təklif edir.