sistemində bütün əmək məhsulları ilə yanaşı istehsal amilləri də əmtəəyə çevrilir.
Kapitalist əmtəə təsərrüfatında bazar münasibətləri də ümumi xarakter daşıyır. Bu
təsərrüfatda bütün iqtisadi sistem əşyalaşır, iqtisadi
münasibətlər insanlar
arasında «şeylərin» münasibəti kimi çıxış edir.
Əmtəə istehsalının yüksək səviyyəyə çatması kapitalizmin bir istehsal üsulu
kimi qərarlaşması ilə əlaqədardır. Lakin kapitalist istehsal üsulunun yaranması
ilkin kapital yığımı ilə də bağlıdır.
İlkin kapital yığımının
birinci tərəfi ondan ibarətdir ki, bilavasitə
istehsalçıların istehsal vasitələrindən məhrum olması çox zəif getdiyindən sadə
əmtəə istehsalında keyfiyyət dəyişiklikləri baş vermir və bunu
hələ ilkin kapital
yığımı adlandırmaq olmaz. İlkin kapital yığımının bu mərhələsinin sürətləndirilmə-
sində dövlət mühüm rol oynayır. Belə ki, dövlət zorakılıq yolu ilə bilavasitə
istehsalçıları - kəndliləri torpaq mülkiyyətindən məhrum edir.
İlkin kapital yığımının
ikinci tərəfi ondan ibarətdir ki, pul vəsaiti azlığın
əlində yığılır və ilkin kapitalistlər meydana çıxır.
İlkin kapital yığımının əsas mənbəyi pul sərvətinin toplanmasıdır. Pul sərvəti
müstəmləkəçilik sistemi, dövlət istiqrazları sistemi,
vergi sistemi, proteksionizm
sistemi vasitəsilə əldə edilmişdir. İlkin kapital yığımının nəticəsində kapitalist-
fermerlər və sənaye kapitalistləri yaranır.
Yeni istehsal üsulunun yaranması üçün zorakılıq heç bir şərait yaratmır,
çünki istehsal üsulları obyektiv qanunauyğunluqlar əsasında meydana gəlir və
inkişaf edirlər.
§4. Əmtəə tədavülü və pulun meydana gəlməsi
Əmtəədə təcəssüm olunan və mübadilə zamanı təzahür
edən ictimai əmək
əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr bir-birinə mübadilə
edilir, bu əmtəələr ekvivalentdirlər. Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər
əmtəənin daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür
formasıdır.
Əmtəələrin dəyərlərinin bərabərləşdirilməsi və mübadiləsi əmtəə istehsalında
xarakterik cəhətdir. Natural təsərrüfat şəraitində istehsalçılar vaxt vahidi əsasında
(saat, gün) sərf etdikləri əməklərini nəzərə alır və onun nəticəsini ölçürdülər.
Lakin natural təsərrüfat şəraitində onların sərf olunmuş əməyi dəyər forması
almırdı. Əmtəə təsərrüfatında isə əmək dəyər münasibətləri kimi təzahür edir.
Deməli, əmtəə təsərrüfatında ictimai əmək birbaşa vaxt vahidi ilə ifadə olunur.
İctimai əmək əmtəə istehsalında dolayısı yolla - yə’ni mübadilə prosesində təzahür
edir. Məsələn, bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur. Dolayısı yolla bu o
deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən ictimai əmək 3 kq pambığa sərf edilən
ictimai əməyə bərabərdir.
Beləliklə, dəyər təkcə əmək məsrəfi deyil, o eyni
zamanda əmtəə istehsalına sərf edilən ictimai əməkdir ki, mübadilə prosesində
təzahür edir.
Deməli, əmtəənin dəyəri istehsal prosesində əmək vasitəsilə yaradılır.
Mübadilə prosesində dəyər bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir.
Buna
mübadilə dəyəri deyilir. Dəyərin ilkin inkişaf forması sadə dəyər
46
formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl. Burada baltanın dəyəri 20 kq. taxılda
ifadə olunmuşdur. Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri taxılın
istehlak dəyərində ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın
istehsalına əmək sərf edilmişdir. Bu iki əmtəənin bir-birinə bərabər tutulması o
deməkdir ki, onların hər ikisinin istehsalına sərf olunmuş əmək bərabərdir.
Əmtəələrin bir-birinə bərabər olmasının əsasını bu əmtəələrdə təcəssüm edən
bərabər əmək sərfi təşkil edir. Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə (balta)
nisbi dəyər forması, öz dəyərini (taxıl) baltanın istehlak dəyərində əks
etdirən
əmtəə
ekvivalent dəyər formasıdır.
İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ
məhsula dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına
sadə və ya təsadüfi
dəyər forması deyilir.
Birinci iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil
alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi
tayfaların və sənətkarların istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu
tayfalar arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf
nəticəsində dəyərin ikinci mübadilə forması -
tam və ya dolğun dəyər forması
yaranır.
Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü bir neçə
əmtəənin istehlak dəyərində tapır. Lakin bu prosesdə də əmtəələr əmtəələrə
dəyişdirilir. İctimai əmək bölgüsünün və əmtəə istehsalının inkişafı, onların
dərinləşməsi, bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi qənaətbəxş olmur.
Mübadilə prosesi çətinləşir. Məsələn, ayaqqabı sahibinin baltaya, balta sahibinin
taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə əmtəə
istehsalçıları arasında elə bir ümumi ekvivalent dəyər forması meydana çıxır ki,
bütün əmtəə istehsalçılarının bu ekvivalent dəyər formasına ehtiyacı artır.
Beləliklə, bir əmtəə bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər
forması kimi mübadilə olunur. Dəyər formalarının inkişafının
bu mərhələsinə
ümumi dəyər forması deyilir.
Ümumi dəyər forması onunla xarakterizə edilir ki, bütün əmtəələr bir
əmtəəyə, yə’ni ümumi ekvivalent rol oynayan əmtəəyə mübadilə olunur. Dəri, xəz,
duz və s. müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif
əmtəələrin ümumi ekvivalent rol oynaması genişlənməkdə və artmaqda olan bazar
tələbatını ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə,
müəyyən bir əmtəə uzun müddət ümumi ekvivalent
rol oynamaqda passivləşir və
dəyərin pul forması yaranır, yə’ni ümumi ekvivalent rol oynayan əmtəə öz yerini
dəyərin pul formasına verir. Pul rolunu müxtəlif metallar yerinə yetirib və nəhayət,
gümüş və qızıl öz xassələrinə görə tədavüldən bütün ekvivalentləri sıxışdırıb
çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və
həcmi əlverişlidir, bölünmə xassəsinə malikdir, istənilən yerə aparıla bilir.
Dəyərin pul formasında bütün əmtəələr ümumi ekvivalent rol oynayan
qızılın istehlak dəyəri vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında uzun
bir tarixi inkişaf nəticəsində ümumi ekvivalent rol oynayan
xüsusi bir əmtəə - pul
yaranır.
47