Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə46/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   87

 
 
114 
 
 
 
 
ZƏHƏR 
(ixtisarla) 
 
 
 
Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi 
Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu 
dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər 
qəmli  idi.  Kədərli  demək  olmaz.  Çünki  bu  altmış  yaşlı,  pəhləvan  cüssəli  adam  məhz 
kədərə  qalib  gəlmək  niyyətilə  papağının  dalını  qaldırıb:  “Çərşənbə  günündə,  çeşmə 
başında gözüm bir alagöz xanıma düşdü”, – deyirdi. “Qaşını oynatdı, gözündən güldü”, 
– deyirdi, özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bu gün meşəbəyi meşə ilə 
vidalaşmağa çıxmışdı.  
Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o, ayrılıqdan, ölüm-
dən danışan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən-axşamacan, bəzən hətta gecə 
yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası 
indi çiynini üzüb salırdı. Yayın otuz-otuz beş dərəcə istisində belə geyməyə adət etdiyi 
çəkmələri indi, bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı. 
Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı.  
Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi, şeh və xəzəl qoxusu ilə 
dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy 
ürgənin dərisi işıldayan, dolu, qüvvətli çiyninə və dalğalı yalına baxdı. 
–  Belə-belə  işlər,  ay  göy  ürgə!  Belə-belə  işlər!  –  deyə  altmış  yaşında  birinci  dəfə 
burada öz-özünə danışmağa başladı: 
– Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir iki gün. Üç deyən gün lent kəsilir, 
şlüz açılır, su gəlir, meşəmiz qalır suyun altında... 
• Özünü ədəbiyyat üfüqlərində doğan 
bir günəş adlandıran yazıçı İsa 
Hüseynov böyük mütəfəkkir,  görkəmli 
dil və fikir ustası kimi yazdığı əsərləri 
ilə daim ədəbiyyatımızda yaşayacaqdır. 
Elçin 
İSA HÜSEYNOV  
(1928 – 2014)  
Yada salın 
 
 
 
 
 
 Təbiəti sevən, onu dəyərləndirən  xeyirxah insan obrazlarının 
yaradıldığı hansı əsərləri xatırlayırsınız?  
– Həmin əsərlərin yazılmasına səbəb, sizcə, nədir?  
Düşünün 
– “Təbiət onu sevən xeyirxah insanların birgə səyi ilə qoruna 
bilər” fikrini doğru saymaq olarmı?  
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini  müəyyənləşdirin.
 
••• 
I 
••• 


 
 
 
115 
 
•  II  mərhələ  •  
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
  •

Göy  ürgənin  yerişi  meşəbəyinin  xoşuna  gəlmədi.  Ürgə  daşsız,  kəsəksiz,  dümdüz 
talanın ortasında birdəncə büdrədi. 
Meşəbəyinin oğlunun biri raykom katibi idi. Bir oğlu Bakıda oxumaqda idi. Onilliyi 
bu il qurtarmış sonbeşiyi isə indi artıq başa çatmaqda olan bənd tikintisində işləyirdi. 
Bütün atalar kimi, o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik 
də, bir-iki kərə öskürməsi meşəbəyini narahat etdi. Lakin qarşıdakı böyük itki bu nar-
ahatlığı da tezcə unutdurdu. 
Meşəbəyi cilovu
 
tərpədib iri, qabarlı əli ilə ürgənin çiynini şappıldatdı.  
–  Büdrəmə,  büdrəmə!  Fikir  eləmə,  qadan  alım!  –  dedi.  –  Bəndi  çəkənlər,  meşəni 
suyun altında qoyanlar mənim öz balalarımdır. Deyirlər, su daha əfzəldi. Suyumuz olsa, 
deyirlər, ilan mələyən düzlərdə yüz belə meşələr salacağıq. Elə bilirsən, salmayacaqlar? 
Salacaqlar, ay göy ürgə, salacaqlar... O günü, o dövranı biz də görəcəyik. Yüz yaşında 
at belinə qalxıb meşəbəyilik eləməyənin atasına lənət! 
Meşəbəyi yenə papağının dalını qaldırdı. Yenə oxumağa başladı: 
Ay duman, gəl keç bu yerlərdən, 
Bu yerlər təzə bar eyləsin. 
Həm gözlərim görsün səni, 
Həm könlüm nübar eyləsin... 
Çox düşünmədən, bədahətən aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra 
yenə də ömründə birinci dəfə burada, kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi: 
– Aşıq Abbas dağ adamıydı, dağlardan danışırdı, mən aran adamıyam, arandan da-
nışıram.  Abbas  deyirdi:  “Könlüm  qubar  eyləsin”,  mən  deyirəm:  “Könlüm  nübar  ey-
ləsin!” Hansımız yaxşı deyirik, ay göy ürgə? 
Ürgə bir də büdrədi. Meşəbəyi bir də təəccübləndi: 
– Əşi, sənə nə oldu, ay zalım balası! – deyə birdən hirslənib qışqırdı, – nə olub, sən 
də bir yandan kefimizə soğan doğrayırsan! Allahın, bəndənin hayıfını səndən alaram, 
atamın goru haqqı! 
Ürgəyə hətta bir şallaq çəkdi. Lakin əvvəllər meşəbəyi əlini tərpətməmiş yerindən 
oynayan ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı, bir də çiyninin 
dərisi titrədi. 
Meşəbəyi köksünü ötürdü. 
– Dərdimə şərik çıxırsan, nədi, ay Allahın heyvanı! 
Ürgə başını endirib yavaş-yavaş addımlayırdı. 
Meşəbəyi də başını sinəsinə əydi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudanmı, 
göy ürgə onun dərdinə şərik çıxırdı? 
– Belə-belə işlər... Belə-belə işlər, ay göy ürgə, – deyə o, asta, yorğun səslə təkrar 
etdi. Və daha səsini çıxarmadı. 
Meşədə qəribə sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi heç 
ürgənin ayaqlarının tappıltılarını da eşitmirdi. İndi o, ürəyində oxuyurdu: “Nələr gəldi, 
nələr getdi bu dünyadan, bu dünyadan”, – deyirdi. 
Birdən ürgə dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı.  
Uzaq mənzilli yola çıxanda göy ürgə, adətən, tanış adama-filana rast gəlməsə, dayan-
mazdı.
 
Lakin meşəbəyi ətrafda lal-dinməz ağaclardan başqa, heç nə görmədi. 
Göy ürgənin bir xasiyyəti də vardı: belində yəhərin tapqırı açılanda və ya qırılanda 
dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi. 
Meşəbəyi əlini tapqırlara atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu? 
O, yəhərdən yerə atıldı.  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə