Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
61
 
23)  Yemişan  (Crataegus)- Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır. 
Hündürlüyü 4-5 m-ə çatan bitki tikanlı olduğundan kənd yerlərində, “çəpər” kimi əkirlər. 
Meyvələri al qırmızı  və toxumludur. Tərkibində alma turşusu,  şəkər, C vitamini, karotin və digər 
maddələr vardır. Yemişan bitkisi toxumla, qələmlə və calaq üsulu ilə çoxaldılır. 
Muxtar Respublikanın Ordubad, Şahbuz, Babək, Culfa və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda 
yayılmışdır. 
Xalq təbabətində yemişan dərman bitkisi kimi çiçəyindən ürək xəstəliklərində, yarpaqlarından isə 
mərkəzi sinir sisteminin müalicəsində istifadə edirlər. 
 
24) Dağdağan (Celtis)- El arasında bəzən bu kol-ağaca “müqəddəs daş ağacı” da deyərlər. 
Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3 
metrdən artıq olur. Yarpaqları asimmetrik quruluşda düzülərək, kənarları diş-dişdir. Çiçəkləri poliqam 
formalı olaraq meyvələri çəyirdəklidir. 
Dünyanın tropik və mülayim iqlim qurşaqlarında qayalıq ərazilərində yayılmışdır. Kol-ağac bitkisi 
Orta Asiyada, Qara dəniz və Aralıq dənizi sahilləri ölkələrində, o cümlədən də Qafqazda yayılmışdır. 
Naxçıvan MR-da yalnız Şərur, Ordubad və Culfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir. 
Babək rayonundakı  Əshabi-Kəhf (Culus) dağındakı “cənnət bağı” deyilən sahədə yalnız bir növünə 
(Celtis caucasica) rast gəlmək mümkündür. 
Dağdağanın meyvələri “müqəddəs” sayıldığından inanclarla bağlı olduğu üçün insanlar tərəfindən 
“göz muncuğu” adı ilə kütləvi surətdə  qırılıb məhv edilməkdədir. Bitkinin meyvəsi ilə cavan zoğları 
ərazidəki vəhşi dağ keçiləri tərəfindən yeyilir. 
Dağdağan ağacının qabığından dəri aşılanmasında istifadə olunduğundan  əhali tərəfindən kütləvi 
surətdə  tələf olunur. Oduncağından dülgərlər müxtəlif məişət  əşyaları (qaşıq, oxlov, toxmaq, həvəng, 
qəlyan və.s) hazırlayırlar. 
Xalq təbabətində bitkinin yarpaq və meyvələrini yığıb yandırmaqla acı  təhər tüstüsündən vərəmli 
xəstəliklərin sağalmasında istifadə olunur. Quru yarpaqları tütün kimi qəlyana doldurulub çəkilməklə baş 
ağrılarının “sağalmasında” istifadə edirlər. Haliyyədə nəsli kəsməkdə olan nadir bitki yalnız pir yerlərində 
rast gəlinir. 
Çoxaldılması toxumları ilə mümkün olduğundan dekorativ bitki kimi əkmək mümkündür. Ağac-kol 
Dağdağan bitkisi susuzluğa və quraqlığa, o cümlədən də şaxtaya davamlıdır. 
 
25)  İnnab  (Ziziphus)- Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. Vətəni Mərkəzi Asiya ilə 
Çində olsa da, Afrika və Avstraliyanın subtropik ərazilərinədək yayılmışdır.  İnnabın dünyada 400-dən 
artıq növü vardır ki, Qafqazda (Naxçıvanda) yayılan Ziphus jujuba növüdür. 
İnnab uzun ömürlü kol-ağac bitkisidir. 200-300 ildən artıq yabanı halda Kiçik Qafqazın Laçın 
rayonundakı Qarıqışlaq kəndi ərazisində yayılmışdır. 
İnnab quru subtropik zonalarda mədəni halda da əkilib becərilir ki, onun hündürlüyü 4 metrə çatır. 
Yarpaqları yumruvari oval olaraq, budaqları iri tikanlıdır. Çarpaz tozlanan çiçəkləri ikicinsiyyətli olaraq 
qırmızı-qəhvəyi rəngli iydəyə  bənzər meyvələri vardır. Meyvələrinin tərkibində 30-72 % şəkərlə C 
vitamini olur. İnnabın meyvələrini qurudub uzun müddət saxlamaq mümkündür. Bitki toxumları  və 
çubuqları ilə çoxaldılır. 
İnnab təsərrüfatlarda meyvə, parklarda isə bəzək bitkisi kimi becərilir. 
Xalq təbabətində qan təzyiqi xəstəliyinə qarşı təzə və quru halda meyvələri yeyilir. Quru meyvələrini 
süddə bişirilmiş halda yeməklə kəskin öskürəyi azaldır. 
 
26)  Sumaq  (Rhus coriaria)- Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və 
Abşeron yarımadasındakı Qobustanda yayılmışdır. 
Sumaq bitkisinin hündürlüyü 80-220 sm-ə çatır.  Ədviyyat bitkisinin yalnız yarpaq, çiçəkləri və 
meyvələri toplanılır. Oduncağından yanacaq kimi istifadə olunur. 
Sumaq dağ yamaclarında bitən nəsli kəsilmək üzrə olan nadir bitkilərdəndir. Yerli adamlar 
tərəfindən sumağın yumru meyvələri yığılaraq qurudulur və  həvəngdə döyüldükdən sonra müxtəlif  ət 
xörəklərində istifadə olunur. 
Sumaq tozu qırmızımtıl-bozumtul rəngdə olaraq, turşməzədir. Onun tərkibində efir maddələri 
olduğundan ağzı bağlı şüşə qablarda saxlanılmalıdır. Bitkinin meyvəsində C vitamini, 33 % aşı maddəsi 
və 15 % taninlə üzvü turşular da vardır. 


 
62
Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ  ətəyi kolluqlarda sumaq bitkisi təbii halda 
yayılmışdır. 
Xalq təbabətində bitkinin yarpaqlarından oynaq ağrılarının müalicəsində istifadə edirlər. Gülabla 
qarışdırılmış sumaq tozu gözdəki iltihabı götürür. Sumağın  şirəsini gün altında saxlayıb qatılaşdıqdan 
sonra gözə çəkməklə mirvari suyunu aradan götürmək olar. Kütləvi surətdə qırılıb yandırıldığından nadir 
bitkinin nəsli kəsilmək üzrədir. 
 
27) Nərbənd (Ulmus densa)- Qaraağackimilər fəsiləsindən enliyarpaq çoxillik bəzək ağacının vətəni 
Kiçik Qafqaz-Naxçıvandır. 
Əvvəllər Naxçıvandakı kolxoz təsərrüfatı  ərazilərindəki  əkinlərin içərisində  tək-tək nərbənd 
ağaclarına rast gəlinirdi. Nərbəndin sıx yarpaqları günəş şüalarını buraxmadığından, yağan yağmurları da 
aşağı keçirməyərək budaqlarından gövdəsinə süzülüb tökülür. Ağacın hündürlüyü 10-15 m, çətirinin 
diametri 20-40 m, gövdəsinin diametri isə 1-1,25 m-ə çatır. 
Qabığı boz rəngli oduncağı möhkəm olduğundan  əvvəllər dülgərlər müxtəlif kənd təsərrüfatı  və 
məişət alətləri (xış, vəl, carcar, toxmaq, həvəng, təknə və s.) yonub düzəldirdilər... 
Yarpaqlarının yanları dişlivari, çiçək qrupu xırda dəstə  şəkillidir. Nərbənd ağacı qaraağac kimi 
əvvəlcə çiçəkləyər sonradan yarpaqları açılar. 
Nərbənd ağacı cavan qaraağac zoğlarına calaq edilməklə çoxaldılır. Ağacın ömrü 500 ildən artıq 
olur. Şaxtaya davamlı ağacın sıx çətiri quşların sığınacaq yeridir. Park və meydançalarda dekorativ bəzək 
bitkisi kimi əkirlər. 
Naxçıvan MR-ın Kəngərli rayonundakı Xok kəndində, Şərur rayonundakı Mahmudkənd ərazilərində 
və Babək rayonundakı Qahab kəndi ərazilərində yayılmışdır. Xalq təbabətində nərbəndin meyvələrindən 
təpitmə kimi müxtəlif xroniki yaraların sağalmasında istifadə edilir. 
 
28)  Pişpişə  (Salicaceae)- Söyüdkimilər fəsiləsindən olan kol-ağac bitkisinin Azərbaycanda 14 
növündən ikisi Muxtar Respublika ərazilərində yayılmışdır. 
Bir cinsiyyətli pişik quyruğuna oxşar çiçəkləri olur. Bitki mart ayının əvvəllərində çiçəkləyir, aprel 
ayında isə yarpaqları  əmələ  gəlir. Yarpaqları  qısa saplaqlı növbə ilə düzülmüş formalıdır. Oduncağı 
yumuşaq və yüngül olur. Əvvəllər çubuqlarından xalq məişətində səbət toxunardı. 
Pişpişə  ağacının cavan budaqlarındakı qabığından salisin qlikozidi olduğundan tibb sənayesində 
dərmanlar hazırlanılır. 
Parklarda və çay kənarlarında dekorativ ağac kimi əkilir, budaqları  sıx olur, hündürlüyü 2 metr, 
çətirinin diametri isə 4 metrə çatır. Xalq təbabətində pişpişə çiçəyinin cövhərindən dəri xəstəliklərinin 
(dəmirov) müalicəsində istifadə edirlər. 
Muxtar Respublikanın ərazilərindəki çay kənarlarında yayılsada mal-qara tərəfindən yeyilərək nəsli 
kəsilmək üzrədir. Pişpişənin salxım söyüd və civir növləri Şahbuz rayonundakı Kükü kəndində daha çox 
yayılmışdır. Rəngkarlıqda pişpişə oduncağının kömüründən “cizgi qələmi” kimi istifadə edirlər. Nadir 
ağac-kol bitkisinin kölgəsində yatmaqla revmatik xəstəliklər üçün təhlükəlidir. 
 
29)  Yulğun  (Tamarix)- Yulğunkimilər fəsiləsindən (tamaricacea) olan kol ağac bitkisinin vətəni 
Aralıq dənizi ölkələri olaraq sonradan Cənubi Avropa ilə Afrikaya da yayılmışdır. 
Azərbaycanda yulğun bitkisinin 7 növündən ikisi Naxçıvan MR-da yayılmışdır. 
Nazik xırda pulcuqvari göyümtül-yaşılımtıl yarpaq düzülüşü olan bitkinin uzun salxımvari çəhrayı- 
bənövşəyi rəngli xırda iki cinsiyyətli çiçəkləri vardır. Meyvələri kiçik qutucuqlardan ibarətdir. Bitkinin 
hündürlüyü 3-6 metr olaraq qumluq ərazilərdə  və çaybasar sahələrdə bitir. Yulğun bitkisi quraqlığa 
davamlı olmaqla qış aylarında öz gözəlliyini itirərək yarpaqlarını tökür. Bitkini adətən yan köklərindən 
göyərmiş zoğları və çubuqları vasitəsilə çoxaldılır. 
Yulğun bitkisindən çay sahili sahələri sel sularına qarşı bərkitmək üçün əkib istifadə edirlər. 
Şəhər parklarında yulğundan bəzək bitkisi kimi əkilməsi əlverişlidir. Bitkinin gövdəsindən qatı maye 
“bal” axaraq kilitkələr əmələ gəlir ki, heyvanların yemlənməsində istifadə edirlər. 
Haliyyədə Muxtar Respublika ərazilərində yulğun bitkisinin nəsli kəsilmək üzrədir. Kənd  əhalisi 
yulğun bitkisini kökündən çıxarıb yanacaq kimi istifadə edirlər. 
Xalq təbabətində yulğunun cavan zoğları yandırılaraq qara-bənövşəyi közünü dəridə  əmələ  gəlmiş 
şişlərin (ziyilin) müalicəsində dağbasma kimi istifadə olunur. Bitkinin qabığından təbii boyaq işlərində də 
istifadə edirlər. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə