Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə70/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   66   67   68   69   70   71   72   73   ...   185

227

  Evdə  sıxılacağını  duyub  Ceyhun  bəyi  gəzməyə  dəvət 

eləmişdi. Yazın özünü qoxusu, tumurcuğu, yarpağıyla bildir-

diyi məqamda onları bürüyən qüssə açıqca duyulurdu.

  “Mir  Abdullayla  mən  maraqlanaram,  –  Ceyhun  bəy, 

nəhayət,  razılıq  əlaməti  duyulan  tərzdə  dilləndi.  –  İmkan 

olanda gələrsən, Klişi o qədər də uzaq yer deyil”.

 Sonra uzun-uzadı susdular...

***

  ...Klişi  doğrudan  da  uzaq  deyildi,  O-dö-Sən  departa-



mentində, Luvrun təxminən yeddi kilometrliyində yerləşən 

fəhlə qəsəbəsiydi. Vaxtilə, Merovinqlər dövründə Kral Doqo-

bertin  iqamətgahı  olmuşdu,  indisə  get-gedə  sənaye  şəhər-

ciyinə çevrilirdi. Bunu iki gün əvvəl Hansdan eşitmişdi. Onun 

dediyinə görə, Klişidə avtomobil zavodu da tikilir, Andre Sit-

roen Avropanın Henri Forduna çevrilməyə can atır, artıq La-

vanda, Sən-Şarledə zavodlar açıb. Belə çıxırdı ki, orda iş im-

kanları var, həm də kifayət qədərdi. Əlbəttə, lokomotiv, avto-

mobil, mühərrik-filan onluq deyildi, otuz altı illik ömründə 

oxuyub-yazmaqdan  ayrı  iş  tanımamışdı,  amma,  şübhəsiz, 

başqalarına möhtac olmaqdansa, əlinin zəhmətilə çörək pulu 

qazanar.


  Klişi  ona  ümidlərinin  son  sığınacağı  kimi  təsir  göstərdi. 

Hər tərəfdə tikinti gedirdi, birmərtəbəli evlər, fəhlə barakları 

bir-birinə  söykənmişdi.  Az-çox  səliqəyə  salınmış  küçələri, 

palçıqlı  yolları  vardı.  Rastlaşdığı  adamlar  sadə  geyimli, 

kədərli, qayğılıydılar, görkəmindən, ən azı, lissey müəlliminə 

oxşayan əliçamadanlı yad adama maraqla baxırdılar. Hansın 

verdiyi  ünvanı  axtara-axtara  xeyli  getməli,  küçələrdə, 

döngələrdən burulmalı oldu. Axır ki, deponu tapdı.

 Hans Günter onu yaxşı ovqatla qarşıladı: lokomotiv depo-

sunda mexanik vəzifəsi almış, ikiotaqlı mənzildə yerləşmişdi; 

üstəlik,  yeni  tanışının  gəlmək  ehtimalını  nəzərə  alıb  ondan 

ötrü iş imkanlarını araşdırmışdı.




228

  “Mənə  bir  köməkçi  verməlidilər.  Əlbəttə,  köməkçidən 

müəyyən texniki bilik tələb olunur, amma çalışaram, sizi işə 

götürsünlər,  öyrənərsiniz,  mən  kömək  eləyərəm.  Əvvəlcə 

dincəlmək  lazımdı.  Bir  saata  işimi  qurtarıram,  sonra  baş 

mexanikin yanına gedərik. Ümidvaram, imtina eləməz”.

  Dar  budkada  keçirdiyi  intizarlı  bir  saatdan  sonra  baş 

mexanikin şübhəli-tərəddüdlü baxışları altında məsələni aç-

dılar.  Qaraqabaq  adam  dediklərinə  könülsüz  qulaq  asırdı, 

amma bacarıqlı alman mexanik ona hava-su kimi lazım idi, 

nə  vaxt  idi  ki,  depoda  iş  irəli  getmirdi.  Nəhayət,  irəlicədən 

bütün məsuliyyəti Hans Günterin boynuna qoyub razılaşdı, 

həm də təzə tikilmiş baraklarda otaqla təmin olunması barədə 

təliqə də yazdı. 

 Cəmi bir saatdan sonra çamadanını biradamlıq, içində çar-

payıdan və masa-stuldan başqa bir şey olmayan otaqcığa qo-

yub  Günterin  təkidilə  Süzanın  hazırladığı  axşam  yeməyinə 

getdilər.

  ...İşi  lazımi  alətləri  hazırlamaqdan,  Hansın  tapşırıqlarını 

yerinə  yetirməkdən,  ağır  hissələri  qaldırmağa  kömək 

eləməkdən, lazım gələndə baş mexanikin yanına getməkdən 

ibarət idi. İlk günlər çox çətinlik çəkirdi, üstəlik, bu cür fiziki 

və çirkli işlərə alışmadığından, əllərində qıcıqlanma olur, onu 

narahat eləyirdi. Amma Hansın səbri, təmkini köməyinə ça-

tırdı.  Səhər  nə  tapırdısa,  onu  yeyir,  günorta  ucuz  fəhlə 

yeməkxanasında qarnını doydurur, axşamlar Hansla Süzanın 

qonağı olur, xəcalət çəkib getməyəndəsə, Hans yeməyi onun 

otağına gətirirdi. Qəhvəxanaya, kafeyə, gəzintiyə həftədə bir 

dəfə çıxırdılar – hələ büdcələri imkan vermirdi.

 O günlərin birində Hans Günter işdən sonrakı, ya istirahət 

günlərindəki sıxıntıların öhdəsindən gəlmək üçün öz arala-

rında  “dil  kursu”  təşkil  eləmək  təklifi  irəli  sürdü:  o,  Yusif 

Vəzirin alman, Yusif Vəzir onun türk dili biliyini təkmilləş-

dirməliydi.  Həvəslə  başladılar:  realnı  məktəbdə  alman  dili 

keçdiyindən çətinlik çəkmirdi, Hans da türkcəni əsirlikdəki 



229

təcrübəsinə görə onun gözlədiyindən asan qavrayırdı, anla-

şılmazlıq  yarananda  fransız  dilinə  keçir,  arabir  də  Süzanı 

köməyə çağırırdılar. 

 İlk maaşının – altı yüz frankın yarısını dərhal Mirabdulla-

ya  çatdırmağa  tələsdi:  kirayə  pulundan  borcu  qalmışdı, 

üstəlik, ayaqqabısı köhnəlmişdi; ürəyi durmadı, yüz frank da 

cibxərci verdi. Arada Ceyhun bəy də baş çəkib qonorarından 

altmış  frank  veribmiş.  Görünür,  Yusif  Vəzirlə  görüşmək 

istəmir ki, sıxılmasın, hər şeyin yoluna düşəcəyini gözləyir. 

Özü də Ceyhun bəyi hələ narahat eləmək istəmədi – indi başı 

Əlimərdan  bəylə  birgə  konfransa  qarışmışdı,  növbəti  dəfə 

mütləq, az da olsa, onun xəcalətindən çıxacaqdı. Başlıcası bu 

idi ki, Mirinin xəstəliyi şiddətlənməsin, təhsilini başa vursun.

  Hansdan  başqa  ünsiyyət  saxladığı  təkcə  Mənsur  ibn 

Muhamməd idi. Hamının “manevra” – yəni əl buyruqçusu 

adlandırdığı,  üzü-gözü  daim  his-pas  içində  olan,  yalnız 

gözləri  və  dişləri  ağaran  “sidi”  –  mühacir  kimi  tanınan 

əlcəzairli  Mənsura  heç  kəs  əl  vermirdi.  Amma  üzünə 

gülümsəyib pozuq fransız dilində salam verəndə Yusif Vəzir 

əlini uzatdı. “Sidi” heyrətlənib kirli əllərini paltarına sildi:

 “Salam, müsyö, – dedi, – çox şadam”.

 O gündən Mənsurla dost kimi salamlaşır, hətta ayaq saxla-

yıb söhbətləşirdilər. “Sidi” arvadı və oğluyla gəlmişdi, dörd 

yüz əlli franka ən çirkli işləri görür, buna görə Allahına şükür 

eləyirdi.

 ...Günlər elə sürətlə ötürdü ki, səhərin nə vaxt açıldığını, 

axşamın nə vaxt düşdüyünü hiss eləmirdi. Axşamlar Hansın 

mənzilində, yaxud subay otağında dil məşğələlərindən sonra 

bir  neçə  saat  masa  arxasında  oturur,  sızıldayan  əzalarının 

yorğunluğunu yazmaqla unudurdu. Asiya haqqında yazdığı 

əsər  taleyinin  dönüklüyündən  duyduğu  əzabı  az  da  olsa, 

sakitləşdirirdi.  Pisi  o  idi  ki,  tütünə  əməlli-başlı  öyrənmişdi, 

ucuz  papirosların  tüstüsünü  ciyərlərinə  çəkə-çəkə,  elə  bil, 

taledən  intiqam  alırdı.  Arabir  Hansla  bir  şüşə  şərab  da 

içirdilər. 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə