37
Bu ritmlər orqanizmə vaxtı hiss etməyə kömək edir, orqanizmin bu qabiliyyəti «bioloji saat» adlandırılır.
Bu başqa yerlərə köçdükdə quşların günəşə görə hərəkətində köməklik göstərir və ümumiyyətlə, təbiətin daha
mürəkkəb ritmlərində orqanizmlərə istiqamət verir.
Fotodövrlük ünsiyyətcə möhkəmlənsə də, yalnız digər faktorlarla birlikdə (əlaqəli) təzahür edir (məs.
temperaturla). Əgər «X» günü soyuq keçirsə, bitkinin çiçəklənməsi gecikir və ya yetişməkdə olan dövr soyuq
keçdikdə kartofun məhsuldarlığı aşağı düşür. Subtropik və tropik zonalarda, mövsüm üzrə günün uzunluğu az
dəyişdiyindən fotodövrlük mühüm ekoloji faktor sayıla bilməz – onu quraqlıq və yağışlı mövsümlərin
növbələşməsi əvəz edir. Yüksək dağlıq zonada isə temperatur əsas siqnal faktoru hesab olunur.
Bitkilərdə olduğu kimi, hava şəraiti poykiloterm heyvanlarda da əks olunur, homoyoferm heyvanlar isə bu-
na öz davranışlarının dəyişməsi ilə cavab verir: yuvasalma, miqrasiya və s.-nin vaxtı dəyişdirilir.
İnsan yuxarıda göstərilən hadislərdən istifadə etməyi öyrənmişdir. İşıqlı günün uzunluğunu süni olaraq
dəyişərək bununla da bitkinin çiçəkləmə və meyvəvermə vaxtını dəyişmək (qış dövründə istixanalarda şitil,
hətta meyvə yetişdirmək), toyuqların yumurtalama qabiliyyətini artırmaq və s. olar.
Canlı təbiət ilin mövsümləri üzrə Xopkinskinin bioiqlim qanununa uyğun olaraq inkişaf edir: müxtəlif
mövsüm hadisələri (fenotarix) yerin en və uzunluq dairəsindən, onun dəniz səviyyəsindən yüksəkliyindən
asılıdır. Deməli, ərazi şimal, şərq və daha yuxarı ərazilərdə yaz gec, payız tez gəlir. Avropada en dairəsinin hər
dərəcəsində mövsümi hadisələrin vaxtı üç gündən bir, Şimali Amerikada isə orta hesabla hər bir en dairəsi, hər
bir uzunluq dairəsi və dəniz səviyyəsindən hər 120 m-də dörd gündən bir başlayır.
Fenotarix müxtəlif kənd təsərrüfatı və digər təsərrüfat işlərinin planlaşdırılmasında böyük əhəmiyyət
daşıyır.
2.3. Orqanizmlərin həyatında suyun rolu
Suyun miqdarı kəskin dəyişməyə məruz qalarsa (qabarma, çəkilmə), çox duzlu sularda osmotik yolla
orqanizmlər tərəfindən itirilirsə, ekoloji baxımdan, həm yerüstü, həm də su ərazilərində limitləşdirici faktor he-
sab olunur.
Su canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi reaksiyalar üçün əsas
mühit, protoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə əsasən su məhlulu şəklində dövr edir,
bu şəkildə də orqanizmdən dissimlyasiya məhsulu yüksək dərəcədə xaric edilir. Su bitki və heyvan
orqanizmlərinin əsas kütləsini təşkil edir; toxumalarda onun nisbi miqdarı 50-80%, bəzi növlərdə isə daha
yüksək olur. Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında isə 92%-ə qədər su
vardır. Hüceyrədaxili və hüceyrələrarası mübadilə, hidrobiontlarda isə xarici mühitlə osmotik qarşılıqlı əlaqə
suyun və onun tərkibində həll olan duzların miqdarından çox asılıdır. Heyvanlarda qaz mübadiləsi yalnız
rütubətli səthin mövcudluğu şəraitində mümkündür. Yerüstü orqanizmlərdən buxarlanma mühitlə istilik
balansının formalaşmasında iştirak edir.
Orqanizmin mühitlə su mübadiləsi bir-birinə əks olan iki prosesdən ibarətdir: orqanizmə suyun daxil olması
və onun ətraf mühitə verilməsi. Ali bitkilərdə bu proses kök sistemi vasitəsilə torpaqdan suyun sorulması, onun
həll olan maddələrlə birlikdə ayrı-ayrı orqanlara və hüceyrələrə aparılması və transpirasiya prosesi vasitəsilə
xaric edilməsindən ibarətdir. Su mübadiləsində suyun yalnız 5%-ə qədəri fotosintezə, qalanı isə buxarlanmanın
kompensasiyasına və turqorun saxlanmasına sərf olunur.
Heyvanlar suyu içməklə qəbul edir, bu yolla suyun qəbul edilməsi hətta su heyvanlarına da xasdır. Suyun
xaric edilməsi sidik, ifrazat (nəcis), həmçinin buxarlanma yolu ilə gedir. Bir çox orqanizmlər, xüsusən suda
yaşayanlar suyu örtüyü ilə və ya sukeçirən toxumasının xüsusi hissəsi ilə alıb-qaytarmaq qabiliyyətinə malidkir.
Bu yerüstü mühitin sakinlərinə də aiddir: rütubəti şeh, duman və yağış kimi mənbələrdən almaq bir çox bitkilər,
onurğasız heyvanlar və amfibiya üçün xarakterikdir.
Heyvanlar üçün mühüm su mənbəyi qida sayılır. Müxtəlif mühitlərdə, coğrafi regionlarda su ilə təmin
olunma şəraitinin geniş dəyişməsi nəticəsində orqanizmlərdə geniş xüsusi adaptasiya evolyusiyası baş
vermişdir. Suyun ekoloji əhəmiyyəti müxtəlif tipli su hövzələrində suyun toplanması ilə məhdudlaşmır. Yer
səthində yağıntılar böyük əhəmiyyət daşıyaraq su hövzəsinin su rejimini, torpağın rütubətliliyini və havanın
rütubətliliyini müəyyənləşdirir. Yağıntılar olduqca qeyri-bərabər paylanmışdır. Tropik meşələrdə yağıntıların
illik miqdarı 1000 mm-dən artıq (1mm yağıntı=1m
2
-da 1 litr suya uyğundur), tropik qurşağın səhralarında 200
mm-dən az (Saxara, Cənubi Koliforniya) yağıntı düşür. Respublikamızda da yağıntıların miqdar və rejimi
müxtəlifdir. Yağıntıların orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir.
Yağıntılar mövsümə görə də kəskin dəyişir.
38
Havanın rütubətliyi (nəmliyi) vahid həcmdə (1m
3
) havada olan su buxarının qramla miqdarı (mütləq
rütubət) və nisbi rütubət - verilmiş temperaturda havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş
buxarın elastikliyinə (təzyiqinə) nisbətinin faizlə ifadəsidir. Havanın nəmliyi orqanizmə örtük vasitəsilə suyun
daxil olması, həmçinin həmin yolla tənəffüs yolları ilə suyun xaric edilməsini müəyyənləşdirir.
Tropik yağışlı meşələrin alt yaruslarında – 100% nisbi rütubətlik şəraitində su itirməyə uyğunlaşan bitkilər
var, səhrada isə hətta uzunsürməyən quraqlıq dövründə belə bəzi bitkilərin su balansı pozulmur. Bitkinin
rütubətliyə adaptasiya üsullarından asılı olaraq bir neçə ekoloji qrup ayrılır: məsələn, hiqrofitlər – olduqca
rütubətli torpaqlarda yüksək rütubətlilik şəraitində bitən bitkilər. Bu bitkilərin əsas xüsusiyyəti onlarda su
sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır. Su hövzələrində sərbəst üzən və ya kökləri ilə hövzənin dibinə
bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). İti axan
çaylarda yaşayan bitkilər reofitlər adlanır (məs. liloderma, su mamırı). Hiqrofitlər üçün katikula buxarlanması
səciyyəvidir. Bura düyü (çəltik), papirusu misal çəkmək olar; mezofitlər – orta dərəcədə rütubətli torpaqlarda
bitən bitkilər. Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. Mezofitlərə əsasən ağac və kollar, xüsusilə
çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca, pişikquyruğu və s.), kənd təsərrüfatı bitkilərinin çoxu və alaqlar
daxildir; Mezofit qruplaşmaları müxtəlif bitmə şəraitlərində müxtəlif həyati formalara malik olur. A.İ.Şennikov
(1950) mezofitləri 5 qrupa ayırır.
1. Həmişəyaşıl mezofitlər – rütubətli tropiklərin ağac və kolları;
2. Qışı yaşıl ağac mezofitləri – tropik və subtropik növlər olub, quraqlıq dövründə yarpaqlarını tökür və
qeyri-aktiv vəziyyətə keçir;
3. Yayda yaşıl ağac mezofitləri – mülayim zonanın ağac və kolları. Qış vaxtları yarpaqlarını tökür və
donmuş hala keçir;
4. Yayda yaşıl ot bitkiləri. Qışa yaxın bərpa tumurcuqlarından başqa yerüstü hissələri quruyur;
5. Efemerlər və efemeroidlər – arid zonada məskunlaşır, qısa rütubətli dövr müddətində vegetasiya keçirir.
Mezofitlər məhdud su ilə təmin olunmağa və havanın temperaturunun dəyişkənliyinə uyğunlaşır. Onlarda
hüceyrə şirəsinin osmotik təzyiqi kifayət qədər yüksək olduğundan kök sisteminin sorucu gücünü təmin edir.
Bunun sayəsində turqor vəziyyətini saxlamaq və fotosintez prosesinin getməsi üçün kifayət qədər su olur. İlin
əlverişsiz mövsümlərində qeyri-aktiv vəziyyətə («sakitliyə») keçməsi mezofitlərin kompleks faktorlara adapta-
siya olunmasıdır, bu faktorlardan aparıcı yeri su balansının saxlanması tutur. Kserofitlər – bir sıra
uyğunlaşdırıcı əlamət və xassələrin köməyi ilə istiyə və susuzluğa dözüb, quraq yerdə yaşayan bitkilərdir, 20-
50% su itirildikdə solmağa dözür. Kserofitlər əsasən aşağıdakı ekoloji-fizioloji qrupları əhatə edir.
Sukkulentlər – ətli yarpaq (aqava, aloye), yaxud gövdəsi (kaktuslar), kökü üst qatdan yayılan, istiyə davamlı,
lakin susuzluğa dözumsuz bitkilər; hemikserofitlər – kök sistemi qrunt suyuna çatan, quraqlığa davamlı, lakin
uzun müddət susuzluğa dözməyən, transpirasiya və maddələr mübadiləsi intensiv gedən bitkilər. Bura çöldə
(bozqırda) bitən istiyə davamsız (məs. sürvə) və səhrada bitən istiyə davamlı (məs. dəvətikanı) bitkilər daxildir;
Evkserofitlər – kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və
istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər;
Noykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) anabioz hala düşən, lakin tənəffüs tam
mühafizə olduğu üçün hüceyrə təşkili pozulmayan bitkilər;
Sklerofitlər – morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə görə sukkulentlərə ziddir. Onlar
orqan və toxumalarında su ehtiyatı toplamaq qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən
quru, sərt, şirəsiz görünür. Sklerofitlər dehidratasiyaya qarşı möhkəm toxumalarının olması ilə seçilir, onlar
25% su itirdikdə belə heç bir patoloji nəticəyə məruz qalmır. Bu dərəcədə susuzlaşma şəraitində onların
sitoplazması öz xassələrini saxlayır, digər bitkilərdə belə hal məhvedici təsir göstərir. Sklerofitlərin mühüm
uyğunlaşması onların köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin osmotik təzyiqi 60 atmosferə
çatır. Bu rütubət az olduqda da torpaqdan suyu çəkməyə imkan yaradır. Sklerofitlər yüksək transpirasiya etmək
qabiliyyətinə malikdir, lakin su ilə yüksək təmin olunduqda bu xassəyə malik olur. Su defisiti artdıqda isə trans-
pirasiya aktiv surətdə tormozlanır. Bu isə quraq şəraitdə sudan istifadəni azaldır. Sklerofitlər sərt yarpaqlara,
bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura sklerohiqrofitlər (məs. mantar palıdı, daş palıd), bir çox
sklerokserofitlər (məs. saqqızağac), xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir.
Halofitlər – duzlu bitmə şəraitinə, xlorlu, kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə
uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir
sıra şorangələr) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər
hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə
bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. Bəzi