QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə39/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   184

 

87

(qocalmış) ağaclar yıxıldıqdan sonra cavan ağaclar birinci yarusa çıxır və yenidən praktiki olaraq birmərtəbəli 



(yaruslu) fıstıqlıq bərpa olunur. Bütün tsikl iki-üç əsr davam edir.             

    


5.5.4. Ekoloji suksessiyalar  

Suksessiya probleminin işlənməsi botanikadan başlanıb və bu günə kimi də bu konsepsiyanın  əsas 

müddəaları fitosenozların öyrənilməsinə əsaslanır. Qruplaşmaların dinamikasını ilk dəfə Yarminq (Y.Warming, 

1896) təsvir etmiş, lakin suksessiya konsepsiyasının işlənməsində  əhəmiyyətli fikirlər Amerika botanikləri 

Koules (H.Coules, 1899) və xüsusilə Klementesə (F.Clements, 1904, 1916) məxsusdur. F.Klementsin əsas 

mövqeyində vaxta görə  dəyişmə ekoloji qruplaşmaların təbii xassəsi kimi irəli sürülür. O, fitosenozların 

dəyişməsinin ilkin səbəbini ayrı-ayrı və ya kompleks iqlim faktorlarının dəyişməsi hesab edirdi, qruplaşmaların 

ardıcıl sıra dəyişməsi şəklində ekosistemin reaksiyası isə ekosistem səviyyəsində adaptasiya cavabı kimi təsvir 

olunur. F.Klementsə görə suksessiya kompleks iqlim şəraitinə daha çox adaptasiya olunan qruplaşmaların 

formalaşması ilə başa çatır (tamamlanır). Belə qruplaşmanı o, «klimaks-formasiya»  və ya sadəcə  klimaks 

adlandırdı. Beləliklə, klimaks konsepsiyası dedikdə müəyyən dərəcədə eyni iqlim şəraiti ilə xarakterizə olunan 

region daxilində fitosenozlar suksessiya prosesini başa vuraraq klimaks qruplaşma  əmələ  gətirir. Müxtəlif 

qruplaşmalardan başlayaraq klimaksla başa çatan bitki örtüyünün dəyişməsi suksessiya seriyası (silsiləsi və ya 

sırası) adlanır. Rütubətlənmə  şəraitindən asılı olaraq suksessiya sıraları  hidroseriya (ilkin qruplaşmalardan 

başlayır) və kseroseriyada (quru qruplaşmalardan başlayır) bölünür. Suksessiya prosesi onları bitmə şəraitinin 

rütubətliyinə görə aralıq assosiasiyalara dəyişir (mezoseriya), onlar regional iqlimlə dinamik tarazlıqda olur. 

F.Klements bütün suksessiya dəyişmələri sıraları qruplaşmalarının yalnız proqressiv (tədricən artan) olduğunu 

qeyd edirdi.  

Ekoloji suksessiyaların müasir konsepsiyası F.Klementsin konsepsiyasından yalnız bəzi ikinci dərəcəli 

maddələri ilə  fərqlənir. Onlardan ən prinsipialı – klimaks başa çatmış formasiya kimi yalnız müvəqqəti 

vəziyyətdədir; iqlimin və mühitin digər xassələrinin  əsrlik dəyişməsi prosesində ekosistemdə irimiqyaslı 

dəyişkənlik gedə bilər. Bununla yanaşı, sərt «monoklimaks» traktovkası (şərhi) inkar edilir. F.Klementsə görə 

bir (eyni) bioiqlim zonasında klimaks qruplaşmasının yalnız bir variantı mümkündür; müasir tədqiqatlar isə 

göstərir ki, suksessiya gedişinə müxtəlif təsirlər müəyyən coğrafi  şəraitdə biosenozun bir neçə sabit tipini 

(poliklimaks), hətta belə qruplaşmaların mozaikasını törədə bilər. Nəhayət, müəyyən  şəraitdə suksessiyanın 

reqressiv olub qruplaşmanın kasıblaşmasına və sadələşməsinə istiqamətlənməsi təsdiq edilmişdir. Çox vaxt bu 

cür suksessiyalar (diqressiv) biosenoza antropogen təsirlərlə  əlaqədar bu və ya digər növün optimal yaşama 

(bitmə) şəraitinin pozulması nəticəsində əmələ gəlir.  

Qruplaşmaların dəyişməsi (əvəz olunması), həm də başqa faktorların təsirilə – relyefin, torpağın, hidroloji 

rejimin və s. dəyişməsi ilə baş verə bilər. Müasir ekologiyada suksessiyanın biosenotik faktorlarına mühüm 

əhəmiyyət verilir: suksessiya qruplaşmalarında iştirak edən bitki növləri (həmçinin heyvan növləri) digər növ 

üçün bitmə (yaşama) şəraitini dəiyşdirir, beləliklə də sonrakı suksessiya mərhələsi üçün «zəmin yaradır».  

Buna uyğun olaraq müasir ekologiyada ekzoekogenetik (və ya allogen) və endoekogenetik (avtogen) 

suksessiyalar ayırırlar. Birinci halda xarici, abiotik səbəblərlə  əlaqədar yaranan suksessiyalar başa düşülür. 

Ekzoekogenetik suksessiyalara misalları insanın biosenozlara müxtəlif təsirlərində tapmaq olar: bataqlıqların 

meliorativ qurudulması, su hövzələrinin çirklənməsi, hədsiz mal-qara otarma və b. Endoekogenetik 

suksessiyalar isə ilk növbədə mövcud qruplaşmalarda strukturun və əlaqə sistemlərinin dəyişməsi ilə baş verir. 

Bununla belə bu iki suksessiya kateqoriyası qarşılıqlı bağlanır və biri digərinə keçə bilər: bu məsələ haqqında 

biogeosenologiya nəzəriyyəsinin yaradıcısı V.N.Sukaçov (1938, 1942) da qeyd etmişdir.  

Suksessiyanın ilk mərhələsini V.N.Sukaçov singenez  mərhələsi adlandırmışdır.  O,  bu  anlayışı «bitkilərin 

müəyyən əraziyə köçməsi (miqrasiyası) ilə əlaqədar bitki örtüyünün ilkin formalaşması prosesi, onların həmin 

ərazidə uyğunlaşması prosesində seçilməsi, sonra isə  həyat vasitəsi üçün bir-birilə  rəqabəti» kimi təyin edir 

(Sukaçov, 1939).  

F.Klementsə görə suksessiya ümumi şəkildə  aşağıdakı fazaları keçirir: 1) «çılpaq» faza – canlılarla zəbt 

olunmayan  ərazinin peyda olması; 2) ilk dəfə  əraziyə müxtəlif orqanizmlərin köçməsi (miqrasiyası); 3) 

orqanizmlərin həmin yerdə uyğunlaşıb qalması; 4) onların bir-birilə rəqabəti və bəzi növlərin sıxışdırılıb sıradan 

çıxarılması; 5) canlı orqanizmlərin (qruplaşmaların) biotopa və bitmə  şəraitinə  təsiri və  nəhayət 6) tədricən 

şəraitin və əlaqələrin sabitləşməsi, klimaks biosenozun formalaşması. Beləliklə, suksessiya seriyaları bir qayda 

olaraq ekzoekogenezdən başlayır və yaranan fitosenozun daxili əlaqələrinin formalaşması ilə endoekogenezə 

keçir.  



 

88

V.N.Sukaçov rəqabət  əlaqələrini stabilləşmənin mühüm mexanizmi hesab edirdi, bu prosesdə fitosenoz 



tarazlıq vəziyyətinə çataraq tamamlanmış (başa çatmış) qruplaşma kimi səciyyələnir. Suksessiya mexanizminin 

daha geniş  təsnifatında suksessiya seriyalarında orqanizmlər arasında üç qrup əlaqə  nəzərdə tutulur. 



Yüngülləşmə  və ya stimullaşma modeli endoekogenetik suksessiya fazasına uyğun gəlir, bu fazada ilk 

köçərilər öz fəaliyyətilə mühiti dəyişdirərək sonrakı orqanizmlər üçün əlverişli edir. Tolerantlıq modeli – 

rəqabət  əlaqələri  şəklində  təzahür olunur, bunun nəticəsində daha tolerant və  rəqabətə davamlı növlər seçilir. 

Növlərin dəyişməsi onların resurslardan istifadə mövqeyinin müxtəlifliyinə  əsaslanır: sonrakı  mərhələlərdəki 

növlər daha davamlı olur.  

 

- İlkin (birinci) və ikinci (törəmə) suksessiyalar    

Ümumi xarakterinə görə suksessiyalar ilkin (birinci) və ikinci suksessiyalara bölünür. İlkin suksessiyalar 

canlı orqanizmlərin fəaliyyətilə dəyişməmiş substratda başlayır. Belə ki, aralıq qruplaşmaları seriyasından sonra 

qayalıqda, qumluqda, uçqunda, sürüşmədə, çay gətirmələrində davamlı biosenozlar formalaşır. Bu cür sukses-

siyalar kseroseriya kateqoriyasına aid edilir və kserik suksessiyalar adlanır. Belə suksessiyanın əsas funksiyası 

ilkin kalonistlər (orqanizmlər, bitkilər) tərəfindən torpaq yaratmaqdır.  

Ekosistem yaradan suksessiyalar canlı orqanizmsiz substratda formalaşırsa  ekogenetik suksessiyalar 

adlanır. Qayalıqda formalaşan biosenoz buna klassik misal ola bilər. Bu proses qayalıqda  şibyələrin məskən 

salması ilə başlayır. Bu mərhələdə artıq mikroskopik yosunların, ibtidailərin, nematodların, bəzi həşərat və 

gənələrin kompleksi formalaşaraq ilkin torpağın yaranmasına səbəb olur. Sonralar şibyələrin başqa növləri, 

mamır növləri, daha sonra isə əmələ gələn torpağın bazasında borulu bitkilər peyda olur. Paralel olaraq heyva-

nat aləminin zənginləşməsi gedir.  



Başqa bir misal: Murovdağın bir qanadı sayılan Kəpəzdə  şam meşələrinin yaranmasını tarixi bir hadisə 

kimi göstərmək olar. Burada şam meşələrinin  əmələ  gəlməsi,  şübhəsiz, XII əsrdə baş vermiş, qədim Gəncə 

şəhərini alt-üst edən dəhşətli zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması hadisəsi ilə bağlıdır. Elə 

həmin dövrdə uçmuş  Kəpəz dağı  Ağsu çayının qabağını  kəsərək Göygölün, Maralgölün və  Zəligölün 

yaranmasına səbəb olmuşdur.  

Hazırda Göygöl və Maralgöl ətrafı yamaclarda şam meşələrinin yayılması prosesi davam edir, bu olduqca 

maraqlı hadisədir. Burada zəlzələ nəticəsində yaranmış daş yığınları üzərində ilk dəfə şibyələr inkişaf etməyə 

başlayır. Onlar dağ süxurlarında öz təsirini göstərərək orada mamırların inkişafına yol açır. Belə ibtidai bitkilər 

arasında ilk dəfə tək-tək əyri gövdəli tozağacı, quşarmudu, keçi söyüdü və şam ağacları bitir. Bu ağaclar çılpaq 

yamacları ilk dəfə tutduğu üçün «pioner» cinslər adlanır.  

Şam ağacları burada əvvəlcə tək-tək və qrup şəklində bitir, sonra isə sıx meşəlik yaradır. Belə şəraitdə şam 

ağaclarının boyu bitdiyi yerdən asılı olur. Məsələn, daşlar arasında, az-çox xırda torpaq hissəcikləri toplanan və 

nəmlik olan yerdə 10-15 yaşı olan şamların boyu 1,0-1,5 metrə çatır, onların böyüməsi ilbəil sürətlənir, qaya 

üzərində isə  həmin yaşda ağacın boyu 0,5-0,7 metr olub, böyüməsi də çox ləng gedir və  çətri kütləşir. 

Qayalıqlar arasında bitən  şamlar arasında moruğa, daş böyürtkənə, kəkotuna, cilə  və yağı otuna rast gəlinir. 

Tədqiqat zamanı Kəpəz dağında axırıncı şam ağacını dəniz səthindən 2280 metr yüksəklikdə müşahidə etdik. 

Qrup şəklində və tək-tək yeni əmələ gələn şam ağaclarının əsasən 10-30 yaşı vardır. Burada bir neçə ədəd də 

80-100 yaşı olan şama təsadüf etdik. Bu ağaclar düz gövdəli olub boyları 14-15 metr, diametri isə 30-40 santi-

metr təşkil edir. Cavan şam ağacları və yeniyetmələri ən çox «ana» ağacların ətrafında özünə məskən salır və 

Kəpəz dağının zirvəsinə doğru öz arealını genişləndirir. Lakin Azərbaycanın müasir iqliminin təsiri nəticəsində 

(rütubətli mülayim iqlim) şam meşələri buranın daimi, köklü «sakini» olaraq qalmır və tədricən öz yerini en-

liyarpaq ağac cinslərinə verir. Bu proses necə gedir? Apardığımız tədqiqatlar göstərir ki, Göygöl ətrafında az 

meyilli yamaclarda şam meşələri altında qalın mamır örtüyü və meşə döşənəyi yaranır. Sonralar onlar çürüyərək 

münbit torpaq qatı  əmələ  gətirir. Torpaq örtüyü yarandıqca və qalınlaşdıqca  şam ağaclarının altında torpağa 

tələbkar enliyarpaq ağac cinsləri müşahidə olunur. Beləliklə  də,  şam meşələri öz çətri altında torpağı 

münbitləşdirməklə özünə ciddi rəqib qazanmış olur. Torpağın münbitliyi artdıqca  şam ağacları altında fıstıq, 

vələs və palıdın inkişafı üçün əlverişli şərait yaranır. Müəyyən dövrdən sonra ikimərtəbəli meşəlik əmələ gəlir. 

Birinci mərtəbəni boyları 20-26 metrə çatan şam ağacları tutur, ikinci mərtəbədə isə fıstıq üstünlük təşkil edir. 

Ona çoxlu miqdarda vələs, az miqdarda palıd, cökə, göyrüş və ağcaqayın qarışır. İkinci mərtəbəni tutan ağaclar 

alçaq boylu (4-5 metr), əyri gövdəli olur. Meşə altında quşarmudu, doqquzdon, böyürtkən, moruq və  tək-tək 

ardıca rast gəlinir.  

Ayrı-ayrı sahələrdə bitmə şəraitindən, meşəliyin tipindən asılı olaraq şam ağaclarının hündürlüyü 18-26 m, or-

ta diametri 26-36 sm, bir hektarda oduncaq ehtiyatı 200-500 kubmetr təşkil edir.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə