www.vivo-book.com
11
Yoxuşu yanaşı qalxıb, qapısı həmişə açıq olan komaya
girdilər. Qoca yelkən sarınmış dorağacını divara söykədi.
Oğlan da əlindəki zənbili və
gətirdiyi şey-şüyləri onun
yanına qoydu. Dorağacı yetərincə uzun idi, bu yerlərdə
diapo deyilən şahağacı palmasının çubuqlarından hörülmüş
komanın hündürlüyü boydaydı. Komada bir çarpayı, bir stol,
bir dənə də stul vardı. Ocaq çoxdan sönmüşdü. Şahağacı
palmasının preslənmiş yarpaqlarından olan divarların
birindən
müqəddəs Məryəmin, digərindən Həzrət İsanın
yağlı boya ilə çəkilmiş şəkilləri asılmışdı; Həzrət İsanın
geniş, açıq köksündə ürəyi şəfəq saçırdı. Hər iki şəkil
qocaya mərhum arvadından yadigar idi. Əvvəllər elə
arvadının da rəngli fotoşəkli divardan asılmışdı.
Qoca hər
dəfə şəklə baxdıqda tənhalığını daha dərindən hiss edir, bu
vaxt ürəyi olmazın qüssə ilə dolurdu; buna görə də axırda
onu divardan çıxardıb küncdəki taxçada, təmiz paltarların
altında gizlətmişdi; şəkil indi də orada idi.
– Şam yeməyinə nəyin var? – oğlan soruşdu.
– Bir qab düyü daşması, üstündə də balıq. İstəyirsən,
bir az ye!