Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   23   24   25   26   27   28   29   30   ...   161

 
57
çəkib göndərəsən qəzetə ki, bunun mənası nədi? Əbdül Qafarzadə gülümsədi, çünki 
özü bunun mənasını yaxşı bilirdi.  
– Salam, yoldaş Kazımlı! 
Sədr qəzetin arxasından: 
– Bayaq salamlaşmadıq?– soruşdu.  
– Salam Allah kəlamıdı...  
Fərid Kazımlı daha dözə bilmədi, qəzeti aşağı saldı və böyük, yaraşıqlı 
çeşməyinin arxasından zəndlə Əbdül Qafarzadəyə baxdı: 
– Allaha çox inanırsan? 
– Mənim inanıb-inanmamağımdan nə asılıdı, yoldaş Kazımlı? Varsa, var, 
yoxsa da, yoxdu də...  
– Bayaq katib dedi də... Dəmir məntiqə nə deyəsən? Buldozer istəyirsən, hə?  
Əbdül Qafarzadə xüsusi dəvət gözləmədi və mizə yaxın kürsüdə sədrlə üzbəüz 
oturdu.  
– Texnika istəyirsən? Buldozer, hə?  
Əbdül Qafarzadə gülümsədi və yenə də cavab vermədi.  
– Mən də indi bir buldozer verdirsəm sənə, necə olar?  
– Verdirməssən!  
– Niyə?  
– Çünki dünyagörmüş adamsan...  
– Bəs, onda nə demaqoqluq edirsən? Yəni ki, yoldaşlar, bax, deməyin ki, 
Qafarzadə belədi, elədi, heç bir şəxsi maddi marağım yoxdu mənim, qəbirqazanları 
texnika ilə əvəz etmək istəyirəm, hə?.. Sabah da biri soruşanda, deyəcəksən ki, 
gedin, Rayon Icraiyyə Komitəsinin iclas protokollarına baxın, mən həmişə texnika 
istəmişəm, bürokratlar, laqeydlər verməyiblər... Hə? Indi necədi, əmr eləyim, bir 
buldozer versinlər sənə, qəbirqazanların da ştatını minimuma qədər ixtisar elətdirim? 
Hə?  
Əlbəttə, Fərid Kazımlı bu kabinetdə bayaq birinci katibin baxışları altında 
kiçilmiş, əriyib yox olmuş adam deyildi, amma, hər halda, Əbdül Qafarzadənin 
yanında da bu kabinetə layiq şəkildə, tam əzəməti ilə görünmürdü və ən başlıcası 
isə, bunu Fərid Kazımlı özü də çox yaxşı başa düşürdü. Fərid Kazımlı belə işlərdə 
uşaq deyildi, tükü tükdən seçirdi və bilirdi ki, Əbdül Qafarzadə istəsə onun özünü bu 
sədrlik kreslosundan aşırar, işdən qovdurar, çünki Əbdül Qafarzadənin Mərkəzi 
Komitədə də, Moskvada da mükəmməl adamları və dostları var idi. Deyirdilər ki 
(doğru deyirdilər, yalan deyirdilər – bilmirdi, amma, hər halda, deyirdilər), bu Əbdül 
Qafarzadənin kimlərəsə bağışladığı üzük indi Leonid İliç Breynevin qızı Qalinanın 
barmağındadır. O üzük hardan gedib o barmağa girib – Fərid Kazımlı bunu 
bilimirdi, çünki o üzüyün elə bir yüksək uçuşu müqabilində Fərid Kazımlı çox kiçik 
adam idi. 
Əbdül Qafarzadə yenə də gülümsəyib:  
– Elətdirməzsən... – dedi. 
– Mən elətdirmərəm, katib elətdirər! Tapşırar, buldozer yollayarlar sizə, 
kompressor da! Katibin bir sözünü kim iki eləyəcək? 
– Katib tapşırandı bu on ildə tapşıraydı də! Burda deyirsən, orda yadından 
çıxır. Görmürdün, qarnı elə guruldayırdı, elə bil, zavod işləyir. 


 
58
– Sən onu hələ yaxşı tanımırsan. Bayaq gördün mənə necə baxdı? Köhnə 
qurddu!  
– Qurddu, qurd olsun da... Bəs biz nəyik, dovşan-zadıq? 
Əbdül Qafarzadə bu sözləri yalnız katibin qarasına demirdi, bu sözlərdə Fərid 
Kazımlının özünə də növbəti bir xəbərdarlıq var idi; sonra Əbdül Qafarzadə birdən-
birə o keçmiş hadisəni xatırladı, diş həkimi Nəcəf Ağayeviçin çil-çil kürən sifəti, 
xoruz pipiyi kimi qıpqırmızı saçı, qaşı, kirpiyi gəlib gözlərinin qabağında dayandı və 
kişi gülümsəyə-gülümsəyə: 
– Bəs dost idiniz katiblə, nə oldu? – dedi. – Pişik keçdi aranızdan? 
Fərid Kazımlı iki qoluyla da mizin üstünə dirsəklənib nazik çənəsini əllərinin 
arasına aldı və Əbdül Qafarzadənin boz gözlərinə baxdı; bu boz gözlərə diqqətlə 
baxanda Fərid Kazımlı həmişə nəsə narahat olurdu və bu dəfə də gözlərini 
qarşısında oturmuş bu adamın boz (və soyuq! Hətta gülümsəməyinə baxmayaraq da 
soyuq!) gözlərindən çəkdi:  
– Bununla dost olmaq olar? – dedi. – Beləsiyçün nə dost? 
– O boyda hörmət elədin ona!..  
Fərid Kazımlı bu sözdən, elə bil ki, bir balaca səksənən kimi oldu, çənəsini 
əllərinin üstündən qaldırdı, sonra kürəyini qalın və yumşaq kreslosunun 
söykənəcəyinə söykəyib əlini yellədi: 
– Əşşi, sən də elə danışırsan, elə bil, uşaqsan!.. Bu hörmət qanandı? Ağlın, 
deyəsən, mənə gedib... Buna bir dəniz hörmət elə, məqsədəuyğun ki, hesab elədi, bir 
dəqiqənin içində başını kəsib tullayar, heç uf da deməz! Belə baxırsan, qoca kişidi 
də, səhərdən axşama kimi qarnı quruldayır, ancaq, əslində, qurddu, qurd, özü də 
qazdan ayıqdı!..  
Əbdül Qafarzadə yenə də gülümsədi, diş həkimi Nəcəf Ağayeviçin o çil-çil 
kürən sifəti, o qıpqırmızı saçı, qaşı, kirpikləri yenə də gəldi durdu kişinin gözlərinin 
qabağında. Bu hadisə bir neçə il bundan əvvəl olmuşdu və aradan keçən müddət 
ərzində heç kim, o cümlədən, Fərid Kazımlı da bilməmişdi ki, (hələlik bilməmişdi, 
çünki haçansa yəqin ki, biləcəkdi, bəlkə də heç bilməyəcəkdi...), Əbdül Qafarzadə 
həmin qazdan ayıq adamın – Rayon Partiya Komitəsinin birinci katibi hörmətli 
M.P.Qəriblinin başına nə oyun açıb...  
... O zaman Fərid Kazımlının özü telefonla Əbdül Qafarzadənin evinə zəng 
çaldı, səhər tezdən yanına çağırdı və nəsə təcili bir iş olduğunu başa düşən Əbdül 
Qafarzadə səhər tezdən Rayon Icraiyyə Komitəsinə getdi, birbaşa sədrin kabinetinə 
keçdi.  
Fərid Kazımlı açıq-aşkar həyacanlı idi, Əbdül Qafarzadəni görən kimi: «– Gəl 
əyləş!..» – dedi. – Sonra zəngi basıb Ayna xanımı çağırdı: «– Heç kimi içəri 
buraxma!» – Ayna xanım bu tapşırığa təəccüb etdi, çünki, onsuz da, Əbdül 
Qafarzadə yanında olanda içəri heç kimi buraxmırdı. 
Fərid Kazımlı yəqin ki, giriş üçün bir söz tapmayıb (bir də ki, Əbdül 
Qafarzadə ilə söhbətdə girişə nə ehtiyac var idi?) birbaşa mətləbə keçdi: «– Kişiyə 
qızıl lazımdır!» – Əbdül Qafarzadə iri çeşməyini gözünün üstündə düzəltdi və 
diqqətlə Fərid Kazımlıya baxdı: «– Hansl kişiyə?» «– Katibə də, başa düşmürsən, 
Qəribliyə!»  
Araya kiçik bir sükut çökdü və Fərid Kazımlı yaxşı başa düşürdü ki, bu kiçik 
sükut ərzində Əbdül Qafarzadə hər şeyi beynində götür-qoy edir, çünki Fərid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə