Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   28   29   30   31   32   33   34   35   ...   161

 
67
qəzəb birdən-birə də soyuyurdu, bu dəfə də tələbə Murad İldırımlı sıxılırdı ki, öz 
acizliyinin şahidi yalnız özü deyildi, Xosrov müəllim də bunun şahidi idi.  
Qəbiristanlıq Idarəsinin bu balaca gözləmə otağından kənardakı həyatı qarışqa 
yuvasında qaynayan bir həyata bənzəyirdi, hamı ora-bura tələsirdi, heç kim bir-birilə 
heç nə danışmırdı. Hamı nəyləsə məşğul idi, «–Bilmirəm... Bilmirəm...» – deyə-
deyə hamı tələbəylə Xosrov müəllimi başdan eləyirdi, heç kim qulaq asmaq 
istəmirdi ki, tələbə də, qara qiyafəli, yaşıl şlyapalı bu arıq və uzun kişi də bura nə 
üçün gəliblər və nə istəyirlər. Nəhayət, hər iki əlində ağzınacan palçıqla dolu iki 
vedrə aparan bir fəhlə Qəbiristanlıq Idarəsinin yuxarı tərəfində dayanıb daşyonan 
fəhlələrə nəsə göstərişlər verən bir rus oğlanı göstərib: «– Ode, gedün, danuşun 
oniynən... Vasilidi də... Oniynən danuşun...» – dedi.  
O rus oğlan təmiz azərbaycanca danışırdı, iri göy gözlərini daşyonan 
fəhlələrdən çəkməyərək tələbənin tələm-tələsik dediklərinə qulaq asdı, sonra: «– 
Bizdə yer yoxdur, – dedi və yalnız bu sözlərdən sonra iri göy gözlərini fəhlələrdən 
çəkib tələbəyə baxdı, Xosrov müəllimə sınayıcı bir nəzər saldı. – Bəlkə bir yer 
tapdım sizə... – dedi. Aşağı başda zeytunnarın yanında bir yer elədim bəlkə... Gedib 
baxarsuz... Qiyməti dörd yüz manat olacek». 
Tələbənin cibində heç dörd yüz qəpik də yox idi və o iri göy gözlü rus oğlan 
bunu o saat başa düşdü: « – Yer yoxdu... – dedi. – Zeytunluqda da yer yoxdu... 
Gedün təzə qəbiristanlıqda basdurun...» 
Tələbə yenə nəsə mızıldadı, amma o rus oğlan daha ona qulaq asmadı və 
daşyonan fəhlələrə göstərişlərini verməyə başladı.  
Indi neçə saat idi ki, müdiri gözləyirdilər.  
Həddən artıq kök, yanaqları alma kimi qıpqırmızı və hamar bir milis mayoru 
yenə də içəri girib katibə qızdan: 
– Əbdül Orduxanoviç gəlmədi? – soruşdu.  
Qız yenə də ayağa qalxdı və:  
– Xeyr, hələ gəlməyib... – dedi. 
Makinaçı qadın bayaqkı təbəssümüylə gülümsədi. 
Bu kök milis mayoru üçüncü dəfə idi ki, gəlib müdiri soruşurdu və bu cavan qız 
da hər dəfə onu görəndə ayağa qalxırdı, görünür, o milis mayorunun paqonları bu 
cavan qızı eləcə yerindən qaldıran maqnit kimi bir şey idi, bu da dünyagörmüş o 
makinaçı qadının gözlərindən yayınmırdı, dodaqlarına eləcə bir təbəssüm gətirirdi.  
Milis mayoru yenə də geri dönüb bu balaca gözləmə otağından çıxmaq 
istəyəndə müdir həyət qapısından içəri girdi və yerində oturmağa macal tapmamış 
katibə qız bədənini mil kimi tarım çəkib dayandı. Ən maraqlısı isə bu oldu ki, o kök 
mayorun da lırt bədəni, elə bil, birdən-birə bərkidi, çiyinləri qalxdı, qarnı nisbətən 
balacalaşdı.  
Mayor: 
– Salam Əbdül Orduxanoviç... – dedi. 
Müdir çeşməyinin altından diqqətlə mayora baxdı: 
– Sən də burdasan? – dedi. – Gəl görüm...  
Müdir nə katibə qıza, nə makinaçı qadına, nə ayağa qalxmış tələbə Murad 
İldırımlıya, nə də eləcə küncdəki yerində oturmuş Xosrov müəllimə baxdı, gözləmə 
otağının ortasından keçib kabinetinə girdi, mayor da onun ardınca içəri girdi və 
qapını bağladı.  


 
68
Tələbə içi pambıqla doldurulmuş o qəhvəyi rəngli meşin qapıya baxdı, sonra da 
Xosrov müəllimə baxdı.  
Xosrov müəllim daha artıq bir cəhdlə barmaqlarını sındırırdı.  
Tələbə bilmirdi ki, təzədən yerində otursun, ya nə eləsin...  
Bu vaxt makinaçı qadın başını çap elədiyi vərəqin üstündən qaldırıb: 
– Siz də gedin sözünüzü deyin, – dedi. – O birisi bizim sahə müvəkkilidir. Bir 
də gördün, iki saat oturdu içəridə... Gedin... – Sonra yerində qurcalanan katibə qıza 
baxdı: – Işin olmasın, qoy girsinlər içəri... 
– Acıqlanar axı...  
– Heç nə olmaz. Dörd saatdı gözləyirlər burda...  
Gözəl və cavan katibə qız gözlərini döyə-döyə makinaçı qadına baxdı.  
Xosrov müəllim ayağa qalxdı, tələbə irəlidə, Xosrov müəllim də onun ardınca 
qapını açıb müdirin kabinetinə girdilər və qarşısında oturmuş milis mayoruna nəsə 
deyən müdir təəccüblə onlara baxdı. 
Tələbə: 
– Salam... – dedi.  
Müdir:  
– Əleykümə... – deyə cavab verdi və bu cavab salam almaqdan daha artıq, elə 
bil ki, sual idi, yəni nə istəyirsiniz və özbaşına nə üçün bu otağa soxulmusunuz? 
Tələbə tələsə-tələsə: 
– Bizim... – dedi. – Bizim... Sizdən xahiş edirik... Qoca arvad vəfat edib... Onu 
burda basdırmaq... istəyirik... Lazımdı ki, onu burada basdıraq...  
Müdir daha təəcüblə yox, maraqla bu balacaboylu, pırpızaq saçlı, qarabəniz 
sifətinin cizgiləri kobud oğlana baxa-baxa: 
– Onu basdırmaq lazımdı? – soruşdu.  
– Bəli...  
– Basdır də... Bəs məndən nə istəyirsən?.. 
– Yer istəyirik də... Yer... 
– Balam, mən yer bölənəm?.. Bəs bu kimdi belə? – Müdir Xosrov müəllimə 
tərəf işarə etdi. 
– Bu da... Bu da mənimlə kirayənişindi...  
– Ölən anondu? 
– Yox... Ev sahibəsidi...  
– Bala, lap yaxşı də... Ölüb, Allah rəhmət eləsin... Kim yapışıb qalacaq bu 
dünyada?.. Hamımız öləcəyik də... Bəs məndən nə istəyirsən? 
– Yer istəyirik də... Arvadı basdırmaq üçün yer...  
– Mən yer bölən döyüləm, başuva dönüm sənin... burda yer yoxdur... Hökumət 
gül kimi təzə qəbiristanlıq açıb, aparın o rəhmətliyi orda basdırın də...  
Tələbə milis mayoruna baxdı və fikirləşdi ki, bu yerdə axıra qədər mübarizə 
aparmaq lazımdı. Hökumət idarəsindəki biabırçılıqları açıb tökmək lazımdı, lap elə 
bu müdirin özünü mayorun yanında ifşa etmək lazımdı. 
– Yer var!.. Yer üçün bizdən pul istəyirlər!..  
– Bəs, pulsuz yer olar?– Müdir bu dəfə Xosrov müəllimi təpədən dırnağacan 
süzdü və ya tələbənin beləcə ehtirasla, beləcə birbaşa dediyi sözlərə, ya da ki, 
Xosrov müəllimin qiyafəsinə gülümsədi.  
Tələbə hirslə və ürəyi döyünə-döyünə müdirə yox, milis mayoruna baxdı və: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə