Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 

25 


Evə  söz  ola  bilməzdi.  Döşəməsi,  tavanı,  ağ  boyanmış  suvağı…  İkicə  gecə 

yatmamışdıq ki, dədəm həyətin yaxınlığından keçən qaz borusunu deşib evə ayrıca xət 

çəkdi.  Axşamlar  həyətdəki  tut  ağacının  altında  oturanda  Laçını  unudurduq.  Bircə 

ağcaqanadlar əsəblərə mizrab çəkən dızıltısı ilə taleyimizi təkrar yada salır, bizə dinclik 

vermirdi. 

«Bay sənin saqqalına tula bağlayım. Sən də kişisən, a gözüynən  görmüş?!»  - Düz 

tapdınız.  Teylurun  arvadı  gəlmişdi.  Həyətdə  çaxnaşma  düşdü.  İlyaz,  kənddə  ona  Dəli 

İlyaz  deyirdilər,  əlinə  lapatkə  alıb  Teylurun  arvadının  üstünə  dartındı:  «Qancığın 

qarnından  çıxan,  qardaşımın  başını  yedin,  indi  də  mənim  üstümə  şeşələnirsən?!».  İri 

bədənli, qıvraq, qarayanız, olduqca hikkəli, buna baxmayaraq kifayət qədər yaraşıqlı bir 

qadın  barmaqlarının  ucunda  həyəti  beş  dolanır,  sözü  mərmi  kimi  İlyazın  üstünə 

yağdırırdı:  «Ə,  cındır,  qardaşının  qisasını  ala  bilmədin,  qaçıb  tuman  altda  gizdəndin, 

hələ  utanmıyıf  danışırsan!!!  Hələ  bir  dərənin  qəhbələrini  gətirib  evimə  yığırsan!» 

Teylurun arvadının son cümləsi mədəmin üstündə isti bir partlayış doğurdu. İsti başıma, 

sinəmə,  boğazıma,  boynumun  arxasına,  qafamın  içinə,  ən  axırda  gözlərimə  və  ağzıma 

yayıldı.  Dönüb  anama  baxdım,  başını  aşağı  salmışdı.  Balaca  bacım  anamın  ətəyindən 

tutub ağlamağa başladı. 

Teylurun  arvadı  saman  topasının  üstünə  sancılmış  yabanı  götürüb  İlyaza  tərəf 

cumdu.  Arvadlar  özlərini  çatdırıb  onu  tutdular.  Ağzı  köpüklənə-köpüklənə  İlyaza  tərəf 

qışqırdı:  «Ay  oğraşşş!!!».  Bu,  onun  son  sözü  oldu,  huşunu  itirib  yerə  yıxıldı.  İlyaz 

Teylurun arvadının üzünə həyəcanla su çiləyən arvadlara baxıb acı-acı güldü: «Lotuşka 

özünü bijdiyə vurub, ona heç nə olan döy!» 

Teylurun arvadını sürüyə-sürüyə evimizə, üzr istəyirəm, öz evinə apardılar. Döşək, 

mütəkkə… alnına soyuq suda islanmış əski qoydular. 

Arvad  ayılan  kimi  hamımızı  heyrətləndirdi:  «Siz  Allah  incimiyin,  bir  az 

hövsələsizəm.  Teylurun  ölümü  bir  yana,  bu  biqeyrətlər  bir  yana…  Başım  xarab  oluf 

tamam, nə danışdığımı bilmirəm, evim sizə qurbandı, nə qədər istəyirsiz qalın». 

Bəs  indi  İlyaz  kişidən  aldığımız  «nota»  nə  idi.  Axı  evin  əsil  yiyəsi  Teylurun 

arvadıdı. O da bizə «nə qədər istəyirsiniz qalın» demişdi. 

Hamı sual dolu nəzərlərlə dədəmə baxırdı. 

Dədəm  yenə  qaşlarını  ata-ata  fikrə  getdi.  Onun  bu  adətini  sonralar  kompyuterin 

axtarış  əməliyyatına  bənzədəcəkdim.  O,  eynən  kompüter  kimi,  beynində  virtual 

kargüzarlıq  işi  aparır,  «kağız-kuğuzu»  yerbəyer  eləyib  qafasının  ayrı-ayrı  «disklərinə» 

atır,  lazım  olanı  öz  bəlağətli  danışığında  bəyana  gətirir,  məhz  bu  danışıqdan  əvvəl 

kişinin  qaşları  qalxıb  alnının  ortasında  çardaq  dirəkləri  kimi  çatılırdı.  Yenə  belə  oldu. 

Qaşlar  oynaya-oynaya  vəziyyəti  təfərrüatı  ilə  vərəvürd  eləyib  kşinin  balaca  alnının 

ortasına milləndi: «Çayırlıqda yer götürmüşəm, özümüzə daxal tikəcəyik». 

*** 


İlyaz  kişinin  xəbərdarlığının  səbəbini  Sənəm  arvad  söylədi  bizə:  «İlyaz  Teylurun 

arvadının  bacısını  oğluna  alıb.  Bir-iki  həftəyə  toylarıdı.  Toydan  sonra  bu  evə 

yığışacaqlar». 

Bu ərəfədə gün-güzəranımıza ciddi təsir edən bir hadisə baş verdi; ali məktəblərin 

test  siyahısında  mənim  də  adım  çıxdı.  Nəsrəddin  Tusi  adına  Pedoqoji  Universitetin 

filologiya  fakültəsinə  qəbul  olunmuşdum.  Topladğım  bal  da  yadımdadı:  310.  Soruşan 




 

26 


olanda bir az çox deyirdim. Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş. 

Məndən  artıq  evdəkilər  sevinir,  kasıb  süfrəmizin  üstündə  Allaha  şükür  yerinə  mərhum 

Elçibəyə  dualar  oxunurdu.  Ən  çox  ali  təhsil  diplomum  üçün  Gəncədə  üzünə  40  min 

manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin…» 

Tələbə adını almağım  münasibəti  ilə dədəm bazardan  gündəlik azuqəmizlə  yanaşı 

bir  paçka  İran  xınası  alıb  gətirdi.  Anam  saçlarını  xınaladı.  Balaca  bacım  da  fürsəti 

itirməyib  əllərini  qırmızı  boyadı.  Məni  mal-heyvana  göndərmirdilər  artıq.  Zarafat 

deyildi  ha,  öz  gücümə  ali  məktəbə  qəbul  olunmuşdum.  Di  gəl,  dərslərin  gec  başlması 

əleyhimə işləyir, tələbə üstünlüyümə tədricən kölgə salmağa başlayırdı. 

*** 


«Ay oğul qalx, qalx bir çay iç, Səməd Vurğuna gedirik» - dədəm idi. Tikəcəyimiz 

daxalın  orta  tiri  üçün  qonşuluqdakı  Səməd  Vurğun  kalxozuna  gedəcəyimizi  axşamdan 

bilirdim.  Biz  olan  kənddə  ərər  (qovaq)  ağcları  yaxşı  böyümürdü.  Deyirdilər  torpağın 

bir-iki metrliyində şor su var, ona görə… 

Gün  hələ  çıxmamışdı,  bu  kişi  ertədən  gedib  kimin  qapısını  kəsdirəcək  deyə 

düşündüm.  Sonra  bəlli  oldu  ki,  Səməd  Vurğuna  piyada  gedəcəyik.  Dədəm  axşamdan 

itiləyib  hazırladığı  baltanı  qoltuğuna  vurdu, “girzovoy  sapoklar”ını  ayağına  çəkib  yola 

düzəldi. Mən də  onunla dabanbasdı…  Kəndin təzə  götürdüyümüz  məhəllə  yerinə tərəf 

çıxacağında  ağ-mavi  rənglərlə  boyanmış  dəmir  darvazanın  altından  balaca  bir  çubuş 

sıyrılıb  çıxdı,  dədəmin  üstünə  atılıb  beyini  mişarlayan  nazik  və  qarışıq  səslə  hürdü. 

Dədəm  arxaya  necə  sıçradısa,  balta  qoltuğundan  yerə  düşdü.  Çubuş  dal-dala  çəkilən 

kişinin  qorxduğunu  görüb  bir  az  da  qızışdı.  Dədəm  kepqasını  çıxarıb  «ay  it!  ay  it!» 

deyə-deyə  özünü  qorumağa  başladı.  Mən  də  çaşmışdım,  ancaq  özümü  tez  ələ  aldım, 

yerdən  bir  kəsək  götürüb  itə  tərəf  tolazladım.  İt  zingildədi,  quyruğunu  qısaraq  çəpərin 

dibinə tərəf qaçdı. Dədəm dərindən ah çəkdi: «Köpəyoğlunun iti necə sərt imiş. Bunun 

boyuna bax, həşirinə bax!» Papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verdi, əyilib 

baltanı götürdü, şırhaşır axan balaca kanalın tini ilə addımladı. 

Darvaza  Sonayagilin  idi.  Aramızda  qalsın,  Sonyaya  vurulmuşdum.  Gözəl  qız  idi. 

Uzun  saçları,  göy  gözləri,  yaşının  az  olmasına  baxmayaraq  gəlişmiş  boy-buxunu, 

belindəki səhəngə belə  naz satan ədalı yerişi, şaqraq qəhqəhələri vardı. Bütün tövrü ilə 

başını  nümayişkaranə  qaldıran  məmələrini  ətrafdakılara  göstərir,  hamını  bu  gözəl 

tənasüblüyün fərqinə varmağa məcbur edirdi. 

Təzə  götürdüyümüz  məhəllə  yeri  Sonyagilin  qonşuluğundaydı.  Sizdən  heç  nə 

gizlətməyəcəm, qız məni saymırdı. Nəinki saymırdı, üstəlik gülürdü mənə, imkan düşən 

kimi  ələ  salırdı.  Qulağıma  bir  ismarıcını  da  çatdırmışdılar:  «Camaata  it  hürər,  bizə 

çaqqal!». Hər dəfə qarşılaşanda yanındakıların qulağına nəsə pıçıldayır, şaqqanaq çəkib 

gülürdü.  Çox  vaxt  Sonya  ilə  üz-üzə  gələndə  yolumu  dəyişirdim.  Bel  üstə  düşmürdüm 

amma!  Özümü  təsdiq  etmək,  eşqimi  sübuta  yetirmək,  əslində  ciddi  adam  olduğumu 

anlatmaq  üçün  çaba  göstərirdim.  Ali  məktəbə  qəbul  olunmağım  məntiqlə  sevgimə  öz 

töhfəsini  verməli  idi.  Bu  töhfəni  səbirsizliklə  gözləyirdim.  Özümüzə  ev  tikməyimiz  də 

işin  xeyrinə  olacaqdı.  Səməd  Vurğun  kalxozuna  ağac  dalınca  getmək  lap  ürəyimcə 

oldu. 


*** 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə