Roman, povestlər



Yüklə 3 Mb.
səhifə27/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   23   24   25   26   27   28   29   30   ...   158

 92 

yazıçı olsaydım, bütün bu hissləri, bu psixoloji incəlikləri daha 

dəqiq təsvir edə bilərdim. Ancaq məndə bu məharət yoxdur, 

odur ki, fikirlərimi, hisslərimi də belə dolaşıq ifadə edirəm. Nə 

isə  mənə elə  gəlir ki, mən indiyə  qədər hamını  və birinci 

növbədə  də özümü aldatmışam. Həqiqətdən qorxmamaq, 

həqiqət nə qədər acı olsa da, onun düz gözünün içinə baxmaq 

lazımdır. Bunu mənə  sən öyrətdin. Doğrudan da dünyada ən 

murdar şey riyakarlıqdır, ruslar buna xanjestvo deyirlər. Mən 

də başa düşdüm ki, bundan sonra mən heç bir vaxt nə heç kimi

nə  də özümü aldatmamalıyam. Bilirsən, Təhminə, səndən 

ayrılandan sonra maşınla boş küçələri dolaşırdım və başıma 

min cür fikir gəlirdi. Bir istəyirdim gedib bu saatca Manafa 

teleqram vuram ki, bəsdir bu yalan, Təhminə səni sevmir, məni 

sevir, biz onunla bir-birimizi sevirik. Biz evlənəcəyik. Gəl 

Bakıya, məhkəməylə  Təhminəylə boşanın... Sonra istədim 

təzədən Pirşağıya dəniz qırağına, həmin o yerə gedəm. Sonra 

istədim maşınımı divara vurub əzəm. Sonra qarara gəldim evə 

gedib ata-anamı oyadam. Hər  şeyi onlara danışım, deyim ki

çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki 

dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir.  İkinci 

dəfə o özü özünü dünyaya gətirir, özü özünə dünyada bir yer 

qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. 

Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız 

kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun 

əziz ata-anam, məni böyüdüb boya-başa çatdırmısınız, 

oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın 

almısınız. Amma mən daha özüm yaşamalıyam. Götürün bu 

"Moskviç"i. O sizindir. Mənim onu öz maşınım hesab eləməyə 

haqqım yoxdur. Nə maşınımı, nə geyimimi, nə otağımı. Bundan 

sonra belə olmayacaq. Mən öz əlimin zəhmətiylə dolanmaq 

istəyirəm, öz iradəmlə, öz ağlımla yaşamaq istəyirəm. Yoxsa 

mən başdan-ayağa özümü kiminsə borcu hesab edirəm. 

Kiminsə qaytarılmamış borcu. Adımı siz qoymusunuz, 

məktəbimi, ixtisasımı, iş yerimi siz təyin etmisiniz. Bütün 


 93 

həvəslərim, işlərim də sizin razılığınızla olub. Bəs mən özüm 

nəyəm, kiməm, hardayam? İndi ilk dəfə mənim həyatıma elə bir 

adam daxil olub ki, o yalnız mənimdir, yəqin siz onu qəbul 

etməyəcəksiniz. Yəni bu keçəri bir həvəs olsaydı, siz 

qarışmazdınız. Siz heç vaxt mənim belə işlərimə qarışmırsınız. 

Ancaq biləndə ki, məsələ ciddidir, siz hay-haray 

qaldıracaqsınız. Ancaq mən də ondan keçməyəcəyəm. Çünki o 

mənim özlüyümdür, özlüyümün təsdiqidir, o mənim etirazımdır. 

Təhminə, gör mən nə səfeh-səfeh sözlər yazıram sənə. Oxuyub 

güləcəksən. Bilirsən, mən bütün bunları tamam başqa cür hiss 

eləyirəm, ancaq kağızda yazanda hər şey nə cürsə bayağılaşır, 

adiləşir, gülməli görünür. Gülmə, Təhminə, bəlkə  mən bu 

məktubu heç sənə göndərmədim, cırıb atdım. Ancaq göndərsəm 

də, göndərməsəm də, mən artıq sənsiz yaşaya bilmərəm. Sən 

elə bilirsən mən kütəm, keyəm, heç nə başa düşmürəm. Mən 

sənin bütün dediklərini, duyduqlarını hiss eləyirəm. İnan mənə 

ki, hiss elayirəm. Mən bilmirəm bizim uşağımız olacaq, ya yox, 

ançaq mən səninçün həm  ər, həm də övlad olmaq istəyirəm. 

Sənin davamın olmaq istəyirəm, həyatının mənası olmaq 

istəyirəm. Mən səninçün həm  İkinci, həm də Üçünçü

Dördüncü, Beşinci, Altınçı, Yeddinci, Səkkizinci, nə bilim 

neçənci, neçənci olmaq istəyirəm.  Məktubumu qurtarıram. Son 

sözü yazıb kibrit çəkib bu məktubu yandırıram. Son söz... 

Təhminə... 

 

 



TƏKLİK TİLSİMİ 

 

Saat düz üç tamamda Səfdər dayı pilləkəni düşməyə başladı. 



Fərqinə varmadığı mexaniki bir vərdiş halını almış adəti üzrə, 

ürəyində pillələri saya-saya düşdü. Üçüncüdən ikinci 

mərtəbəyəcən on yeddi pillə idi. İkincidən birinciyəcən on 

səkkiz pillə... 

—17, o da 18, 35 — deyə ürəyində  təkrar edib idarənin 



 94 

qapısından küçəyə çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-

a dəxli yoxdur. 3719 təxmini hesablamanın balansıdır. 4012 

olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən harda səhv 

ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 

147? Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. 

Ev nömrəsi 45-dir. Mirzə Fətəli, 45. 

Skleroz məni birtəhər eləyib. Pensiya vaxtın çatıb, Səfdər. 

Yox, hələ iki ilin var. Daha doğrusu, bir il 9 ay. Yaxud 21 ay, 

21 ay neçə gündür? Neçə belə gün? Deməli, Yanvar otuz bir, 

fevral gələn il 29-dandır, mart... 

Bəsdir, Səfdər, sənin lap başın xarab olub. Neynirsən bu 

mənasız hesablamalarla beynini yorursan. Bəsdir. Yaxşı, 

deməli, balans 3719 manat, əysiyi...  Əşi, çəhənnəm olsun 

balans da, əysiyi də. Saat 3-dür. Dördə beş  dəqiqə  işləyib.  İş 

günü qurtardı. Bu gün şənbədir. Sabah bazar. Bazar ertəsinə 

qədər bütün balansı, planı, prixodu, rasxodu, bütün rəqəmləri 

unut. Unut ki, mühasibsən. 

Bazar ertəsi səhər saat 9-da yenə başlayarsan mühasibliyinə. 

İndi bəsdir. Bir dənə rəqəm yadına salma. Yaxşı, oldu. Elə bil 

beynimə qalaq-qalaq rəqəm yığıblar, rəqəmlər başımda elə bil 

tillə vurub. At hamısını. Adamlara, küçəyə bax. 

Küçəni keçib gündə nahara gəldiyi balaca, darısqal 

yeməkxanaya girdi. Hər   gün oturduğu küncdəki stolun 

arxasına keçdi. 

Görünür, masanın dalından indicə durmuşdular, üstü 

kiminsə artıqlarıyla dolu idi. Bulaşıq boşqabdakı kotletin 

qalıqlarına papiros kötükləri basılmışdı. Süfrəyə pivə 

dağılmışdı. 

Səfdər dayı ani hərəkətlə  çığara kağızında çap olunmuş 

yeməklərin siyahısını götürdü. Dərhal da kənara qoydu, nə 

yeyəcəyini də bilirdi, yeməklərin qiymətlərini də. Borş, kotlet, 

kompot, bir şüşə "İstisu", borş 35 qəpik, kotlet vermişeliylə 42 

qəpik, on beş  qəpik kompot, iyirmi qəpik "İstisu", on qəpik 

çörək. Cəmisi bir manat otuz qəpik, beş-on qəpik az, ya beş-on 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə