Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   128   129   130   131   132   133   134   135   ...   145

 
322
Cavad xan heç cürə gizlədə bilmədiyi bir acıqla: 
– Nəyə görə?– soruşdu. 
Ibrahim xan: 
Ona görə ki, – dedi,– bütün Azərbaycan torpağına sahib olmaq Iran şahlığının 
çoxdankı arzusudur, son dövrlərin tarixi boyu bu istək gah yerinə yetir, gah da əldən 
çıxır… Azərbaycan xanlıqları rus padşahına iltiza etsə, düşünürəm ki, bir dövlət 
kimi daha tez istiqlaliyyət ala bilərik… 
Cavad xan özünü saxlaya bilmədi və: 
– Ağsaqqal,– dedi,– Iran padşahlığının dediyin o arzusu ki, var ha, yəni o arzu, o 
istək Rusiya padşahlığı üçün bu qədər uzaqdır?! 
Kəlbəli xan: 
– Iran şahının özü də türkdü, – dedi. – Bizim adət-ənənələrimiz, dinimiz birdi. 
Elə güman edirəm ki, biz Iranla, xüsusən Baba xanla daha tez dil tapa bilərik. 
Məhəmməd xan başının hərəkəti ilə Kəlbəli xanın sözlərini təsdiq etdi: 
– Biz, demək olar ki, bir torpaqda yaşayırıq. Gediş-gəlişimiz var, söz deməyə 
imkan tapacağıq. Rus padşahlığının paytaxtı ilə bizim aramızda üç min verstə qədər 
məsafə var. Dinimiz ayrı, dilimiz ayrı… 
Cavad xan qızğın halda: 
– Ağalar,– dedi,– mənə qulaq asın!  Əgər siz öz xanlıqlarınızın müstəqilliyi, 
gələcək birləşmiş milli istiqlaliyyət haqqında düşünürsünüzsə, bu, xam xəyaldır! 
Gəlib torpağımıza kök salan, qalalarımıza hakim olan heç bir dövlət bizi saya 
salmaz, təzədən bizə istiqlaliyyət verməz! Ona görə də mənim fikrim qətidir: nə rus 
padşahı, nə  də Iran şahı! Ibrahim xan, bağışla, ancaq deyəcəyəm. Hərgah sənin 
Rusiyaya meylinin arxasında o fikir gizlənirsə ki, Rusiya sənə toxunmayacaq, Fətəli 
şahla da qohum olduğun üçün, Iran şahlığı  sənə toxunmayacaq, səhv edirsən, 
qardaşım! Çox böyük səhv edirsən! 
Ibrahim xan sərt hərəkətlə ayağa qalxdı: 
– Siz uzaq yoldan gəlib yorulmusunuz, qardaşlarım. Buyurun, bir az istirahət 
eləyin, sonra söhbətimizi davam etdirərik. 
 
15. 
 
Axşam düşürdü.  
Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin 
sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn 
səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi. 
Xanəndə oxuyurdu: 
         
Gördüm onu mən, söylədim, ey yar, sənə qurban
                    Bəlkə yuxudur mən görürəm, sən mənə mehman? 
                    Öpdüm yanağından, qızarıb oldu al-əlvan, 
                    Mən yarıma, yarım da mənim dərdimə dərman.         
                    Dərdim çoxalıb, dərd dedi, yarım bizə getdi, 
                    Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 
                    Heç bilmədim, ömrüm necə gəldi, necə getdi… 
Otağının pəncərəsindən xanəndənin səsinə qulaq asan Tuba xanım: 
–  Ağabəyimin sözləridi…– dedi. 
 
16. 


 
323
 
Ibrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa 
onun ardınca addımlayırdı. 
Ibrahim xan gedə-gedə deyirdi: 
– Eşitdin də, Mirmöhsün ağa, eşitdin, Cavad xanın tənələrini? Eşitdin, məni necə 
aşkar məzəmmət edirdi? Biz iki divin pusqusunda dayanıb içinə düşdüyümüz bu 
tilsimi qan tökməklə  sındıra bilmərik. Bizim nicat yolumuz qılıncda deyil, 
tədbirdədir! Mən nə üçün ürəyimin bir parçasını kəsib Tehrana göndərdim? Mən nə 
üçün o vaxt rus generalı Zubova qiymətli hədiyyələr göndərib rus padşahına öz 
ixlasımı bəyan etdim? Nə edəcək Cavad xan? Hə?! Qoşun verin, deyir. Özünü divə 
yem eləyəcək, vəssalam! Cavan-cavan oğullarını itirmiş analar da yerə, göyə lənət 
oxuyacq! 
Axund Mirmöhsün ağa: 
– Təki gələcək nəsillər bizə lənət oxumasın!..– dedi. 
Ibrahim xan başını çevirib yanpörtü Axund Mirmöhsün ağaya baxdı, nəsə demək 
istədi, amma demədi, sonra qapını açıb otağa girdi. 
Xanlar  əyləşib onları gözləyirdi və Ibrahim xan içəri girən kimi, yenə ayağa 
qalxdılar. 
Ibrahim xan: 
–  Əziyyət çəkməyin, buyurun, əyləşin,– dedi, özü də döşəkcədə oturdu.– Mən 
qardaşım Cavad xanın bayaq söylədiyi  ittihamlara cavab vermək istəmirəm, ona 
görə yox ki, onları  qəbul edirəm, ona görə ki, artıq burada deyildiyi kimi, 
mübahisəyə girişmək zamanı deyil, vaxt dayanıb bizi gözləmir və bir də, onsuz da 
ki, tarix hər şeyi yerbəyer edəcək. Siz düz deyirsiniz, ağalar, vəziyyət mürəkkəbdir 
və getdikcə daha da ağırlaşır. Biz Ağa  Məhəmməd  şahın yaratdığı  dəhşətli 
günlərdən sonra, yenə  fəlakətlərə düçar ola bilərik. Indicə aldığım məlumata görə, 
qızılbaş qoşunu da Naxçıvan, Irəvan və Qarabağ  sərhədlərinə doğru 
irəliləməkdədir.– Hiss olunurdu ki, Ibrahim xan əsəblərini güclə sakitləşdirir.–  
Qardaşım Cavad xan, söz sizin idi. Buyurun, hazırkı vəziyyətdən çıxmaq üçün siz nə 
təklif edirsiniz? 
Cavad xan dedi: 
– Əgər siz və eləcə də, heç olmasa, Şəki, Şirvan, Bakı xanları – hər bir xanlıqdan 
mənə iki min-üç min nəfər atlı versəniz, ha eləyib, Sisianova əlavə kömək gəlib 
çatınca, mən onu aşağı Qafqazdan qovub çıxarardım.  
Ibrahim xan: 
– Bəs sonra?– soruşdu.– Sonra nə olacaq? Aleksandr padşah o saat öz qoşununun 
aqibəti ilə barışacaq və susub oturacaq? 
Cavad xan aşkar bir qəzəblə: 
– Bilmirəm, – dedi.– Rus padşahı susacaq, ya nə edəcək?! Lakin bütün dünya 
görəcək ki, biz də varıq, biz də bir qüvvəyik, bizimlə də hesablaşmaq lazımdır!  
Ibrahim xan: 
– Qardaşım, bunlar hamısı sözdür!– dedi. 
Kəlbəli xan: 
– Bəs, sərhəddimizə gəlib çatan qızılbaş qoşunu ilə neyləyəcəyik?– soruşdu. 
Məhəmməd xan Ibrahim xana baxdı: 


 
324
–  Mən belə məlum edirəm ki, Ibrahim xan tamamilə rusa meyillidi. Ancaq mən, 
məsələ gəlib bu nöqtəyə çatsa, ağalar, bəyan edirəm, Iranı tutacağam. 
Ibrahim xan: 
– Qardaşlar,– dedi,– mən rus padşahlığının himayəsi haqqında danışanda, 
Azərbaycanın öz istiqlaliyyətindən  əl çəkib, sözsüz rusa tabe olması fikrindən çox 
uzağam. Mən Aleksandrla səmimi dost olmaq fikrindəyəm. 
Cavad xan əvvəlki ötkəmliyi ilə: 
– Cənab Ibrahim xan!– dedi.– Rus generalları Azərbaycanı işğal edəndən sonra, 
rus padşahı səninlə dostluq mükaliməsinə girməz! Siz özünüz özünüzü aldadırsız! 
Ibrahim xan da get-gedə gözgörəti sərtləşirdi: 
– Mən uşaq deyiləm, Cavad xan! O vaxt general Zubovla da rus taxt-tacı ilə belə 
bir dostluq barədə danışdım. O, mənim fikirlərimi nəinki bəyənmişdi, hətta 
alqışlamışdı! 
Axund Mirmöhsün ağa yavaşdan öskürdü və Ibrahim xan ona baxıb bir az 
narazılıqla: 
– Sözün var?– soruşdu. 
Axund həmişəki kimi aramla: 
– Üzr istəyirəm ki, siz xan əlahəzrətlərinin məşvərətinə müdaxilə edirəm, amma 
bu gün bu məşvərətdən millətin taleyi asılıdır. Mən uzaq şimalda yaşayan rus xalqı 
haqqında fəna bir söz deyə bilmərəm. Çünki bütün millətləri bir olan Allah yaradıb. 
Amma rus padşahının Qafqaza və eləcə də Azərbaycana ağır toplarla, yeni əsləhə ilə 
silahlanmış qoşunla gəlməsi məgər dostluqdan xəbər verir? Zubov da, Sisianov da 
ilk növbədə bizim ata-babalarımızın tikdirdikləri qalaların açarlarını  tələb edirlər, 
orada qoşunlarını yerləşdirmək istəyirlər. Belə bir dostluğa inanmaq olar? Üzr 
istəyirəm, əlahəzrətlər… Bəlkə də başımdan böyük danışdım… 
Ibrahim xan tərs-tərs Axund Mirmöhsün ağaya baxdı, amma yenə bir söz demədi.   
Kəlbəli xan: 
– Axund ağa düz buyurur…– dedi. 
Məhəmməd xan da: 
– Mən də Axund ağanın sözlərini doğru hesab edirəm…– dedi. 
Cavad xan: 
– Yox, ağalar!– dedi.– Mən Ibrahim xan, sənə  də, xan cənabları, sizlərə  də 
axırıncı  dəfə  təklif edirəm: təcili surətdə hazır atlılarımızı birləşdirib Sisianovu 
qovmağa razılıq verirsinizmi? Artıq dərəcədə  təveqqe edirəm, son sözünüzü 
deyəsiniz! 
Ibrahim xan: 
– Mən general Sisianovla görüşüb danışmamış heç bir qərara gələ bilmərəm,– 
dedi. 
Cavad xan Kəlbəli xana və Məhəmməd xana baxdı. 
Onlar bir söz demədi. 
Cavad xan cəld hərəkətlə ayağa qalxdı: 
– Ibrahim xan! Mən görürəm ki, məsələnin nə qədər ciddi olduğu nə sizi, nə də 
bu qardaşlarımızı  mənim qədər narahat etmir. Ona görə  də  mən məclisinizi tərk 
edirəm və sizi xəbərdar edirəm ki, mən son nəfəsimə qədər rus padşahının qoşunu 
ilə vuruşacağam. Mən namusumuzu, torpağımızı axırıncı gülləmə  qədər müdafiə 
edəcəyəm! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə