Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   131   132   133   134   135   136   137   138   ...   145

 
331
– Oturun, cənab Karapetyan. Xahiş edirəm, bir başa mətləbə keçəsiniz. Mənim 
vaxtım çox azdır. 
– Mənim də vaxtım azdır, zat-aliləri.– Karapetyan əlini syurtukunun yaxasından 
içəri saldı və bir dəstə kağız çıxardı.– Mən bunları şəxsən sizə təqdim etmək üçün üç 
gündür gözləyirəm. 
Knyaz Sisianov açıq sezilən bir rişxəndlə o bir dəstə kağıza baxdı: 
– Bunlar nədir? Yenə erməni qardaşlarınızın cürbəcür xahişnamələridir? 
Aşot Karapetyan başını dik tutub: 
– Xeyir, knyaz!– dedi. 
– Bəs nədir? 
Aşot Karapetyan sözləri bir-bir dəqiq tələffüz edərək:  
– Bunlar Gəncə qalasının bütün lağımlarının, oradakı yeraltı yolların, gizli 
kəhrizlərin, gizli ərzaq və silah anbarlarının xəritəsidir, – dedi.– Bunu Gəncədə 
yaşayan erməni qardaşlarımız bizə çatdırıb. 
Knyaz Sisianov bir anın içində bütün vücudunu bürümüş  həyəcanı gizlətməyə 
çalışaraq, kağızları alıb mizin üstünə qoydu və soruşdu: 
– Bəs nə üçün onlar bunu mənim özümə çatdırmayıblar? 
– Onlar Cavad xanla müttəfiqliyə söz veriblər. Cavad xandan ehtiyat edirlər, 
Tiflisə gələ bilmirlər. 
Onlar Cavad xandan qorxur, ancaq siz Fətəli şahdan qorxmursunuz? 
– Söhbət millətin taleyindən gedəndə, onlar da qorxmur, biz də qorxmuruq, zat-
aliləri. Biz bilirik ki, arxamızda Rusiyanın ikibaşlı qartalı dayanıb! 
– Siz şiri-xurşid haqqında da bu sözləri deyirsiz? 
– Lazım olanda, bəlkə də deyirik. Lazım olduğu üçün deyirik. 
Mən nə bilim ki, siz indi də ikibaşlı qartal haqqında bu sözləri lazım olduğu 
üçün demirsiz? 
– Bunu tarix sizə göstərəcək, zat-aliləri. 
Knyaz Sisianov güldü: 
– Mənim tarixi gözləməyə vaxtım yoxdu, cənab Karapetyan!.. 
– Ona görə də, sübut sizin mizinizin üstündədir, knyaz! 
 
24. 
 
1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası. 
 
Gəncə uğrunda vuruş gedirdi. 
… Gəncə qalasını mühasirəyə almış rus qoşunları toplardan qala divarlarını atəşə  
tutmuşdu. 
… Gəncəlilər qalanın bürclərindən tüfənglə əsgərləri nişan alıb atırdı, yapıncıları 
əyinlərindən çıxarıb neftə bulayırdı və od vurub qaladan əsgərlərin başına yağdırırdı. 
… Bir-neçə zabitin əhatəsində atın belində oturmuş general Sisianov durbinlə 
Gəncə qalasına baxırdı. 
… Rus topçu zabitinin bağırtısı o ah-nalənin, o gurultunun, haray-həşirin içində 
güclə eşidilirdi: 
– Oqon!.. Oqon!.. 


 
332
… Cavad xan tez-tez barıdan dişarı baxırdı, sürətlə addımlayaraq bürcdən-bürcə 
keçirdi, adamlarından tüfəngi dartıb alıb sinəsinə  sıxırdı, barıdan boylanıb nişan 
alırdı, atırdı: 
– Düşmən ayağı Gəncəyə dəyməyəcək!– deyirdi. – Haydı, igidlərim!..– deyirdi.– 
Qeyrət vaxtıdı!.. 
… Bu vaxt Kərbəlayı Sadıq təngnəfəs qalanın yuxarısına qalxdı: 
– Xan!.. Xan!..– qışqırdı.– Ruslar yeraltı yollarla, lağımlarla şəhərə girir! 
Cavad xan: 
– Bizi satıblar!..– bağırdı.– Içimizdən satıblar bizi!.. 
… Əsgərlər qala divarlarının ətrafında yeraltı yolların, lağımların üstünü açırdı və 
zabitlərin: 
– Vperyod!..– qışqırıqları altında şəhərə girirdi. 
… Hüseynqulu ağa bürclərdən birinin aşağısında qılıncını sağa-sola işlədib, 
qalanın üstünə çıxmaq istəyən soldatları irəli buraxmırdı.  
… Şəhərin qalaətrafı küçələrində qılıncların, süngülərin, güllələrin savaşı gedirdi. 
… Cavad xan əlinə qılınc alıb qalanın üstündə soldatlarla vuruşurdu. 
… General Sisianov durbinlə Gəncə qalasına baxırdı. 
… Bu vaxt Saday bəy başda olmaqla bir dəstə atlı çapıb özünü yetirdi və ruslara 
hücum çəkdi. 
… Rus topçu zabiti: 
– Oqon!..– qışqırdı. 
Toplar qala divarlarını uçururdu. 
… Vuruşa-vuruşa qalaya doğru irəliləmək istəyən Saday bəyin dəstəsi güllənin
mərmilərin qarşısında get–gedə seyrəlirdi. 
… Cavad xan: 
– Hüseynqulu hardadır?– qışqırdı. 
– Sol bürcdə vuruşur!– dedilər.– Hüseynqulu ağa möhkəm dayanıb!– dedilər. 
… Kərbəlayı Sadıq haray qopardı: 
– Rus bütün lağımların, keçidlərin ağzını açır!.. Hamısının yerini bilirlər!.. 
… General Sisianov qışqırdı: 
– Gəncədən bir adam da çıxa bilməsin! 
… Rus zabitinin tüfəngin titəyini basması ilə sinəsindən vurulmuş  ağ atın 
kişnəyib şahə qalxması və yerə sərilməsi bir oldu. 
Saday bəy gözləri bərəli yerə sərilmiş ağ atın altından çıxıb ayağa sıçradı və yerə 
düşmüş qılıncını götürüb indicə tüfəng atan zabitin üstünə cumdu. 
Zabitin ikinci gülləsi Saday bəyin sinəsini deşdi və Saday bəy bir an dayandı, 
sonra səndələyib üzüqoylu zabitin ayaqlarının altında yerə sərildi. 
Zabit ayağı ilə Saday bəyin başını kənara itələdi: 
– Axmaq müsəlman,– dedi.– Qılıncla tüfəngin üstünə gəlir. 
… Qan-tər içində vuruşan Cavad xan Kərbəlayi Sadığı gördü. Kərbəlayi Sadığın 
da əlində qılınc var idi. 
Cavad xan acı bir heyrətlə: 
– Kərbəlayı Sadıq, sən də vuruşursan?– soruşdu. 
Kərbəlayı Sadıq: 
– Bu bürcün memarı mənəm,– dedi.– Rus mənim meyidimin üstündən keçib bu 
bürcü ala bilər! 


 
333
… Hüseynqulu ağa qılıncı növbəti dəfə başının üstünə qaldıranda qarşıdakı 
soldatın süngüsü onun sinəsini  deşdi. Hüseynqulu ağa bir an yerində dondu. Soldat 
süngünü daha da dərinə soxub, geri dartdı. Hüseynqulu ağa arxası üstə  yıxıldı, 
gözləri göyə zilləndi, dodaqlarının kənarından qan süzüldü və oğlan pıçıldadı: 
– Atam sizdən mənim intiqamımı alacaq…  
… General Sisianov: 
– Toplar ara verməsin!..– qışqırdı. 
… Soldat Kərbəlayı Sadığın qılınc həmləsini tüfənginin süngüsü ilə  dəf etdi və 
bir göz qırpımında süngünü altdan yuxarı kişinin boğazına soxdu. 
Kərbəlayı Sadıq yıxıldı və soldat onun üstündən addımlayıb: 
– Starıy çort!..– dedi və Kərbəlayı Sadığın boğazından qan axan donmuş sifətinə 
tüpürdü. 
… Və əlində qılınc irəli atılmaq istəyən Cavad xan güllə ilə sinəsindən vuruldu, 
qılınc əlindən düşdü və xan son nəfəsində: 
– Bayrağı ver!.. Bayrağı ver!..– qışqırdı. – Bayraqdarın uzatdığı bayrağın 
dəstəyindən tutub kürəyi bürcün divarını  sıyıra-sıyıra yerə çökdü.– Hüseynqulu 
sizdən mənim intiqamımı alacaq…– pıçıldadı və Cavad xanın da gözləri dondu. 
… Ruslar artıq Gəncə qalasına doluşmuşdu. 
Gəncə qalası alındı. 
 
25. 
 
3 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı. 
 
Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ 
yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı. 
Atlılar iqamətgahın həyətinə girdi və Sisianov atın belindən yerə sıçrayıb: 
– Şampan!..– qışqırdı.– Şampan!.. 
… Xidmətçilər qədəhlərə şampan süzdü. 
Knyaz Sisianov qədəhini yuxarı qaldırıb: 
– Cənablar!– dedi.– Bunu qaldıraq yeni və  əbədi rus şəhəri Yelizavettapolun 
şərəfinə!– Və  qədəhi sonuncu damlasınacan başına çəkdi.– Nəhayət ki, Gəncəni,– 
bir an ara verib güldü,– keçmiş Gəncəni aldıq! Cavad xan da, oğlu Hüseynqulu ağa 
da it kimi gəbərdi! 
General Portnyakin indicə içib boşaltdığı  qədəhi xidmətçinin uzatdığı sininin 
üstünə qoyub: 
– Zat-aliləri, onlar qəhrəman kimi həlak oldu!– dedi.– Düşmən olsalar da, biz 
igidliyin qiymətini verməyi bacarmalıyıq!..  
Knyaz Sisianov sərt bir ötkəmliklə: 
– Onlar it kimi gəbərdi, general!– dedi. – Gəncə bizim olmalıydı, bizim də oldu! 
Qarabağ da bizim olacaq! Irəvan xanlığı da, Bakı xanlığı da, o biriləri də bizim 
olacaq! Bütün Gürcüstan da artıq bizimdir! 
Knyazın ötkəmliyi general Portnyakinin açıq-aşkar xoşuna gəlmədi və o: 
– Bizim?– soruşdu. 
Knyaz: 
– Bəli, bizim!– dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə