Seçilmiş əsərləri


    29 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə134/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   130   131   132   133   134   135   136   137   ...   145

 
328
 
20. 
 
29 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı. 
 
Knyaz Sisianov hərbi məclis çağırmışdı  və hisslərini cilovlaya bilməyib 
həyəcanla danışırdı: 
– Cavad xan imperiyanın düşmənidir! O sağ qaldıqca, biz nüfuzdan düşürük! Öz 
şəxsində bütün ətraf xanlara nümunə göstərir ki, təkbaşına rus ordusu ilə müharibə 
aparır. Bunun axırı yaxşı olmayacaq, general Portnyakin! Mən sizə on bir  topu olan 
batalyon vermişəm! Üç eskadron vermişəm! Iki kazak yüzlüyü vermişəm! Indi o iki 
yüzlükdən neçə nəfər qalıb? Cəmi on yeddi nəfər, general, on yeddi nəfər! 
General Portnyakin: 
– Zat-aliləri,– dedi,– Cavad xan özü üçün əlverişli taktika seçib. Gəncə qalası 
yeraltı bir labirintdir. Cavad xan gözlənilməz səmtlərdə qaladan çıxır, bir müddət 
vuruşur, vaxt yetişəndə tamam başqa bir səmtdən təzədən Gəncə qalasına qayıdır. 
Sisianov: 
– Buna dözmək daha mümkün deyil!– dedi.– Mən Gəncə qalasına təcili… və 
amansız hücuma başlayıram! Bütün qüvvələri səfərbər edirəm! Gəncə erməniləri 
bizə sifariş göndərməkdən, bizi hücuma çağırmaqdan beziblər! Biz Qafqazda 
məskunlaşmış erməniləri özümüzdən narazı sala bilmərik! Onlar bu vəhşi diyarda, 
bu cavad xanlar arasında bizim yeganə müttəfiqlərimizdir! Hücum! Amansız 
hücum! 
General Portnyakin: 
– Gəncə qalası çox möhkəmdir, zat-aliləri,– dedi.– Mən artıq sizə məruzə etdim. 
Gəncə başdan-başa lağımlardır, yeraltı yollardır. Oranı almaq asan olmayacaq! 
Knyaz Sisianov: 
– Kim asan yol axtarır, kənara çəkilsin, general!– dedi.– Sabah sübh tezdən 
Gəncəyə hücuma başlayırıq! 
Polkovnik Eristavi: 
– Zat-aliləri, mən təklif edirəm… hətta… hətta xahiş edirəm ki, Cavad xana 
sonuncu dəfə məktub göndərəsiniz. 
Sisianov: 
– Mən bu Asiya yekəxanasına nə qədər məktub göndərə bilərəm?– soruşdu. 
– O məktubların tonu çox sərt olur… 
– Mən Cavad xana məhəbbət məktubu yazmalıyam? Hə, polkovnik Eristavi? 
– Cavad xan, hər halda, hökmdardır… Qacar kimi bir nəsildən çıxıb… 
General Portnyakin: 
– Mən də polkovnikin təklifinə tərəfdaram, zat-aliləri…– dedi.  
Sisianov: 
– Yaxşı!– dedi.– Mən sonuncu dəfə ona məktub göndərirəm ki, Gəncə qalasını 
təslim etsin. Sonuncu dəfə! Təslim  şərtlərini qəbul etmək üçün ona iki gün vaxt 
verirəm! – Knyaz get-gedə daha artıq  əsəbiləşirdi.– Gəncə böyük Rusiya 
imperiyasının tərkib hissəsidir, bir əyalətidir, başqa yer deyil! 
 
21. 


 
329
 
Cıdır düzündə gözəl bir gün çıxmışdı və gözəl də bir sakitlik var idi. 
Ibrahim xan at belində aramla addımlayırdı, bir az arxadan isə iyirmi-iyirmi beş 
atlı gəlirdi. 
Uzaqdan onlara tərəf çapan bir atlı göründü. 
Xanın atlıları əvvəlcə narahat oldu, sonra yəqin ki, atlını atından tanıdılar.  
Kimsə: 
– Saday bəydi…– dedi. 
Və Saday bəy ağ atı çapıb atlılara çatdı.  
Atlılardan biri – bizim tanıdığımız xidmətçi irəli çıxıb Ibrahim xana yaxınlaşdı: 
– Əlahəzrət, qoşunbaşı Saday bəy hüzurunuza buyurmaq istəyir. 
Ibrahim xan: 
– Gəlsin,– dedi. 
Xidmətçi geri qayıtdı, sonra Saday bəy ağ atı irəli sürüb baş  əydi və Ibrahim 
xanla qoşa addımladı. 
Ibrahim xan: 
– Nə olub, qoşunbaşı?– soruşdu.– Çox amansız çapırdın… 
–Xan sağ olsun, rusların böyük generalı Sisianov Gəncə qapısının açarını, Cavad 
xanın da rus padşahına tabe olmasını tələb edib. Iki gün möhlət verib. 
Ibrahim xan bir müddət heç nə demədi, sonra soruşdu: 
– Bəs sən nə deyirsən? 
– Biz nə isə etməliyik, xan… 
– Nə? 
– Biz Cavad xanı rus divinin qabağında tək qoya bilmərik! 
– Onunla birlikdə o divə yem olmalıyıq biz? Hə?! – Ibrahim xan qəzəblə 
qoşunbaşının üstünə  çımxırdı.– Sən iki min atlı ilə rus toplarının qabağında nə 
edəcəksən? Yaxşı, beş gün qarşılarını kəsdin, bir ay qarşılarını kəsdin, sonra? Sonra 
nə olacaq?– Ibrahim xan susdu, sonra nisbətən sakit halda:– Saday,– dedi.– mən 
qoşunu mənasız qırğına göndərə bilmərəm, başa düş… 
Saday bəy sərt hərəkətlə cilovu çəkdi və  ağ at fınxırıb kişnəyərək  şahə qalxdı. 
Saday bəy: 
– Xan!– qışqırdı.– Qoşunbaşı Saday bəyi yaddan çıxarın! 
Arxadakı atlılar narahatlıqla dərhal irəli çapdılar və Ibrahim xanla Saday bəyi 
əhatəyə aldılar. 
Ibrahim xan: 
– Sən fərarilik edirsən?– qışqırdı. 
Saday bəy: 
– Qoy bunun adı fərarilik olsun! Mən könüllülərlə Cavad bəyə köməyə gedirəm,– 
dedi. 
Ibrahim xan eyni qızğınlıqla: 
– Sən ölümə gedirsən!– qışqırdı. 
– Olsun, xan! Əlvida!.. 
Və Saday bəy ağ atı çapanda Ibrahim xan onun ardınca yana-yana, sidq-ürəkdən 
pıçıldadı: 
– Axmaq… Axmaq uşaq… 


 
330
Saday bəy  çapıb dağlara tərəf uzaqlaşdı və Cıdır düzündən çıxanda bir də ağ atı 
şahə qaldırıb var gücü ilə bağırdı: 
– Əlvida, xan qızı!.. 
Dağlardan başqa bu sözləri eşidən olmadı… 
 
 
22. 
 
30 dekabr 1803-cü il. Gəncə.  
 
Ay işığında Cavad xan başda olmaqla bir dəstə adam Gəncə qalasının bürclərini 
gəzirdi.  
Cavad xan soruşdu: 
– Kərbəlayı Sadıq, nə deyirsən? Qala rus toplarına dözəcəkmi? 
Yaşlı bir adam olan Kərbəlayı Sadıq: 
– Xan sağ olsun,– dedi.– Bütün təmir işləri sona yetib. Bütün lazımi tədbirləri 
görmüşük. Lağımlar da, yeraltı keçidlər də hazırdır. 
Cavad xan: 
– Söhbət iyirmi dörd rus topundan gedir, Kərbəlayı Sadıq!– dedi.– Rusun iyirmi 
dörd topu müqabilində mənim ümidim o lağımlara, o yeraltı yollaradır ki, qəflətən 
onların üstünə həmlə edək, tez də geri qayıda bilək. 
– Buyruğunuza rəğmən, hər şeyi etmişik, xan sağ olsun. Inşallah, hər şey uğurlu 
olar! 
Ətrafdakı adamlar da cani-dildən xeyir dilədi: 
– Inşallah!.. 
– Inşallah-amin!.. 
– Inşallah!.. 
 
23. 
 
31 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı. 
 
Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi. 
Yavər içəri girdi: 
– Zat-aliləri, Aşot Karapetyan adlı bu adam yenə sizin qəbulunuza gəlməyi təkid 
edir. 
– Dünən dedim ki, göndərin, polkovnik Koryagin onu qəbul etsin. Mənim vaxtım 
yoxdur, kapitan! Bir də ki, Pavel Mixayloviç ermənilərin dilini yaxşı bilir… 
Yavər: 
– Üzr istəyirəm, zat-aliləri,– dedi.– Getmir. Üç gündür ki, şəxsən sizinlə 
görüşməyə çalışır. Deyir ki, xüsusi olaraq bu görüş üçün Tehrandan qeyri-leqal 
Tiflisə gəlmişəm. Deyir ki, son dərəcə əhəmiyyətli məsələdir. 
Knyaz Sisianov qarşısındakı kağızları könülsüz halda kənara itələyib: 
– Yaxşı, buraxın, gəlsin,– dedi. 
Yavər çıxdı və bir neçə andan sonra Aşot Karapetyan otağa daxil oldu. 
– Zat-aliləri, nəhayət ki, məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə