Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə47/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   43   44   45   46   47   48   49   50   ...   89

1953-cü il martın 5-də İ.V.Stalin vəfat etdi. Stalinin şəxsiyyətinə pərəstişin zərərli, ağır nəticələri
aşkarlandı. Hakimiyyət uğrunda rəhbərlikdə mübarizə başlandı və həmin ilin sentyabr ayında ölkənin
siyasi hakimiyyətində köklü dəyişiklik baş verdi. Hakimiyyətə gələn N.S.Xruşşov, Sov.İKP Mərkəzi
Komitəsinin katibi kimi, nəzarət etdiyi partiya aparatının, ali hərbi rəhbərlərin yaxından köməyi ilə
hakimiyyəti əlinə keçirməyə cəhd edən siyasi avantürist L.P.Beriyanı və onun əlal​tılarını aradan
götürdü, stalinizm tərəfdarları hakimiyyətdən uzaqlaşdırıldı.
N.S.Xruşşov 1953-cü ilin sentyabrında Sov.İKP MK-nın birinci katibi seçildi.
M.Bağırov Azərbaycan KP MK və Bakı Komitəsinin birgə plenumunda (1953, 12-13 iyul)
ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli fəaliyyət üçün şərait yaratmamaqda
və başqa əməllərdə təqsirkar bilinib vəzifəsindən kənar edildi. M.Bağırov bir müddət Kuybışev Neft
Birliyinin rəis müavini vəzifəsində işlədi. Lakin tezliklə həbsə alındı. Bakıda SSRİ Ali
Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə edilib (1956, 12-26 aprel), xalq düşməni kimi
ölüm cəzasına – güllələnməyə məhkum olundu. Məhkəmədə M.Bağırov ittihamnamənin qərəzli
olduğunu bildirsə də, öz günahlarını etiraf edərək demişdi:
 
“Mənim əsas səhvim odur ki, Sumbatov, Borşov, Qriqoryan, Markaryan və başqalarına göz
yummuşam, onların iç üzünü tanımamışam. Mən onlara inanaraq XDİN orqanlarını onlara etibar
etmişəm. Bu işdə xalqım qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq
azdır, məni şaqqalamaq, parça-parça etmək lazımdır”.
 
Azərbaycanda güc orqanlarına rəhbərlik etmiş Y.D.Sumbatov-Topuridze, X.Qri​qoryan, T.Borşov,
S.Yemelyanov, A.Atakişiyev, K.Markaryan da öz qanlı əməllərinə görə 1956-cı ilin aprelində
güllələnməyə məhkum olundular.
1954-cü il fevralın 14-16-da Azərbaycan KP-nin XX qurultayı keçirildi və akademik İ.D.Mustafayev
MK-nın birinci katibi seçildi. İmam Daşdəmir oğlu Mustafayev (25.02.1910-10.03.1997) Zaqatala
qəzasının Qax kəndində anadan olub. Görkəmli bioloq-alim, Azərbaycan SSR Elmlər
Akademiyasının akademiki (1950), 1934-1940-cı illərdə AKTİ-də işləmiş, 1940-cı ildən Sov.İKP
üzvü idi. 1940-1954-cü illərdə Azərbaycan SSR Dövlət nəzarəti komissarının birinci müavini, xalq
torpaq komissarının birinci müavini, Azərbaycan SSR Kənd Təsərrüfatı naziri, AKP Gəncə Vilayət
Komitəsinin birinci katibi və AKP-nin birinci katibi (1954-1959-cu illərdə) işləmişdi. Sadıx
Rəhimov Azərbaycan SSR Nazirlər Sovetinin sədri, yazıçı Mirzə İbrahimov Ali Sovetin Rəyasət
Heyətinin sədri təyin olundular. İ.D.Mustafayev, M.İbrahimov, S.Rəhimov və həmkarları yeni şəraitdə
respublikanın, xalqın vəziyyətini yaxşılaşdırmağa, milli-mənəvi dəyərlərin, mədəniyyətin, elmin,
təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının tərəqqisinə nail olmağa cəhdlər göstərdilər.
Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin açılması, kəndli gənclərin Bakıya axını nəticəsində
paytaxtın iqtisadi-ictimai həyatında azərbaycanlı kadrların rolu artdı, sosial-siyasi sahədə vəziyyət
yeniliyə doğru dəyişməyə başladı.
İctimai-siyasi ab-havanın mülayim​ləş​məsi şəraitində respublikada Azərbaycan dilinin rəsmi dövlət
dili statusunun təmin olunmasına təşəbbüs edildi. Bu məsələnin mətbuatda açıq müzakirəsi keçirildi.
1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada
dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etdi. Rəsmi sənədlərin, kargüzarlıq
işlərinin Azərbaycan dilində aparılması üçün konkret tədbirlər görüldü. Elmi işçilərin, aspirantların
sayı xeyli çoxaldı. 1957-1959-cu illərdə “İncəsənət” almanaxı, 1958-ci ildən Azərbaycan və rus


dillərində “Bakı” axşam qəzeti, uşaqlar üçün “Göyərçin” jurnalı çap olunmağa başlandı. 1956-cı ildə
Bakı telestudiyası işə düşdü. 1958-1959-cu dərs ilindən orta məktəblərdə “Azərbaycan tarixi” (40
saat) “SSRİ tarixi” içərisində tədris olunmağa başlandı.
Bu illərdə Şəki şəhərində təhsilin keyfiyyətinin artırılması, savadsızlığın aradan qaldırılması yönündə
xeyli tədbirlər görüldü. 1949-cu ildən ümumi yeddiillik təhsilə keçid başlandı. 50-ci illərdə
Azərbaycan xalq təhsili öz inkişafının yeni mərhələsinə daxil oldu. 1959-cu ilin sentyabrından Şəkidə
yeddiillik məktəblər səkkizillik məktəblərə, onilliklər isə istehsalat təlimli onbirillik orta məktəblərə
çevrildilər, orta məktəblərin şəbəkəsi genişləndi, şagirdlərin sayı artıb 1954-cü ildə müharibədən
əvvəlki səviyyəni ötüb keçdi. Kənd məktəblərinin və bəzi şəhər məktəblərinin nəzdində tədris-
təcrübə sahələri yaradıldı. Kənd məktəblərində kolxoz və sovxozların yanında şagird istehsalat
briqadaları təşkil olundu. Ümumtəhsil məktəblərində politexnik təlimin inkişafı məqsədilə tədbirlər
həyata keçirildi. 1956-1958-ci illərdə Azərbaycanın 70 şəhər məktəbində istehsalat təlimi tətbiq
olundu. Bunun sayəsində həmin illərdə 5 min şagird çilingər, tornaçı və digər kütləvi fəhlə
ixtisaslarına yiyələndi.
Azərbaycan xalqının milli şüurunun, özünü dərindən dərketmə ruhunun oyanması, ədəbiyyatda da,
incəsənət aləmində də yaradıcılıq, əsl insan azadlığı iqliminin təşəkkülü görünürdü. İctimai
hadisələri tənqidi təhlilə çağıran cəsarətli mövzular meydana çıxırdı. Məhz bu dövrdə “Nuxa fəhləsi”
qəzetində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması işıq üzü gördü.
Həmin dövrdə qəzetin redaktoru işləyən Məhyəddin Abbasovun cəsarətini də qeyd etmək yerinə
düşərdi. Belə ki, Bakıdakı bir çox qəzet və jurnalların redaktorları bu poemanı çap etməkdən ehtiyat
etsələr də, məhz əyalət qəzetinin redaktoru özündə bu cəsarəti tapmış, sonralar başı ağrıyacağını
bilərək, rəhbərlik etdiyi qəzetdə poemanın çap edilməsinə icazə vermişdi.
Milli oyanış əlamətləri hiss edilən respublikaların, o cümlədən Azərbaycanın rəhbərliyinə qarşı
təqiblər başlandı. Azər​baycan SSR rəhbərliyi millətçilik siyasəti həyata keçirməkdə təqsirləndirildi.
Sov.İKP MK Azərbaycanda partiya təşkilatının işini yoxlamaq üçün Bakıya 26 nəfərdən ibarət
komissiya göndərdi. Həmin gün​lərdə Moskvada keçirilən Azərbaycan ədə​biyyatı və incəsənəti
ongünlüyünə respublikanın “millətçi” rəhbərləri dəvət edilmədi.
Sov.İKP MK-nın 1959-cu il iyunun 24-29-da keçirilən plenumu heç bir əsas olmadan, qondarma
ittihamlarla Azər​baycan SSR rəhbərliyini ciddi tənqid etdi. Azərbaycan KP MK-nın 1959-cu ilin
iyulunda keçirilən XI plenumunda İ.D.Mustafayev vəzifəsindən azad edildi. V.Y.Axundov Azərbaycan
KP MK-nın birinci katibi seçildi. Vəli Yusif oğlu Axundov (14.05.1916-1986) Bakıda anadan olub.
Tibb alimi olaraq Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1969) seçilmişdi. O, tibb
işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1946-1949), Azərbaycan SSR Səhiyyə
nazirinin müavini (1949-1952), AKP-də şöbə müdirinin müavini (1953-1954), Azərbaycan SSR
Səhiyyə naziri (1954-1958), AKP MK katibi (1958), Azərbaycan SSR Nazirlər Sovetinin sədri
(1958-1959) işləmişdi.
Uğursuz islahatlar, Sov.İKP XXII (1961, oktyabr) qurultayında elan etdiyi yaxın gələcəkdə SSRİ-də
kommunizm qurulacağı haqqında utopik ideyalar N.S.Xruşşovu cəmiyyətdə və partiyada hörmətdən
salmışdı. Sov.İKP MK-nın 1964-cü il 14 Oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən kənar
edildi. L.İ.Brejnev Sov.İKP MK-nın birinci (1966-cı ildən Baş) katibi seçildi.
1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisinin bir hissəsi Vartaşen (indiki Oğuz)
rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil
Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə