ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   108   109   110   111   112   113   114   115   ...   157

əmim Avdı da gedir, uğurunuz xeyir olsun, yenə deyirəm, amma ehtiyatlı olun, bu 
bağışlanmadan heç gözüm su içmir. Bu, bolşevik bicliyinə daha çox oxşayır. 
Məmməd Koxa bir neçə yaxın adamı ilə geri qayıtdı. Həmid bəy isə 
Annaxoğlu Mədəd bəylə 1930-cu ilə kimi Türkiyədə qaldı. Az sonra Vətən, torpaq 
həsrəti onu da çəkib gətirdi. Onda Məmməd Koxa sürgün olunmuşdu. 
Uzaqgörən Həmid bəyin gəlişi “operasiya əməliyyatı” illərinə, güclü təqib
tuthatut günlərinə düşdü. O, başının dəstəsilə qaçaq kimi gəzməkdən başqa çarə 
tapa bilmədi. Yenidən Avey və Odun dağları, Ceyrançöl düzənləri, Xanlıqlar 
meşəsi onun məskəni oldu. Tale onun cavan ömrünə nöqtəni bir təsadüfdən qoydu. 
...Dustaq Məmməd Koxa nimdaş palazı yerə atdı. Dizlərini cütləyib aşağı 
çökdü. Namazını qılıb qurtardı. Ani olaraq başı aşağı sükutla dayandı. Birdən 
üzünü Allahın dərgahına tutub dua elədi. 
- Pərvərdigara, - dedi, qürbətdəki bircə oğlumu hifz edib qoru, qoy onun qışı 
mülayim, yazı yağışlı keçsin. Cəlayi-vətən olanların, həbsxana küncünə atılanların, 
yetim-yesirin dadına yet. İlahi, bircə balamı, bütün məxluqatı şeytan şərindən, 
zənən məkrindən qoru. 
Müdrik atanın xeyir-duası yeganə oğlunu 1932-ci ilin yayına kimi qoruya 
bildi. 
...Onlar bir axşam Dağ Kəsəmən meşəsindəki Hacı Yusif ağanın yataq 
damlarına gəldilər. Yataq bom-boş idi. Yaylağa qalxan el Alpout yurduna, Dəlik 
daşın yanına düşmüşdü.  İlyas o taya, Qarayazıya keçməyi məsləhət bildi: 
- Gedək, dədə-babamızın   Mehrab yatağına... 
Həmid bəy etiraz elədi: 
- Ora uzaqdı, uşaqlar yorulub, əldən düşüblər. Həmdə oranı otryad bərk 
güdür. Bura meşəlik olduğundan erməni dəstəsi qorxusundan gecələr yaxın düşə 
bilmir. 
Gecəni burda qalaq, səhər tezdən Dilbazilər meşəsinə çəkilərik. 
Gecə yarısı gözətçi qoyulan Tapdığı bərk yuxu təntitdi. Aşağı bulağın üstünə 
enib, əl-üzünü yudu. Axarın aşağısında hörüklənmiş atlara baş çəkdi. Yuxarı qaşa 
çıxıb Avey dağına, Daş Salahlıya həsrətlə baxdı. Kənddə nöqtə boyda közərən bir-
iki çıraq işığından başqa heç nə görə bilmədi. Oturan kimi yenə mürgülədi, yuxu 
ona aman vermirdi. Qayıdıb İlyası oyatdı. Yarıyuxulu İlyas gözlərini övkələyə-
övkələyə: 
- Abdullanı oyat - dedi, - o dözümlüdü. 
- Əyə, insafın olsun, o yazıq ötən gecə də yatmayıb, dur, bir azdan dan 
ağaracaq, bir tikə çimir alım, gözlərim acışıb yanır... 
İlyas tüfəngini götürüb çölə çıxdı. Yuxusunu dağıtmaq üçün damların 
arxasına keçib, sal qayanın çökəyindəki yağışdan qalma sudan üzünə vurdu. 
Kəsik-kəsik at kişnərtisi eşidəndə əli havadan asılı qaldı. Təpənin aşağısında 
yəhərli-yüyənli bir at dayanmışdı. Səksəkə ilə ona baxan atın üstündə heç kəs yox 
idi. İlyas aşağı sindi. Arxasınca adam gəlib-gəlməyəcəyini gözlədi. At gah yeri 
iyləyir, gah da kəsik-kəsik qorxu ilə gümüldənirdi. O sinə-sinə bir tikanın dalından 
o birisinə keçdi. Atın qabağına durdu. Xırdaca bir daş atıb ona ərklə, sahibisayağı  
təpindi. Aşağıda İlyasgilin atlarından biri kişnəyəndə nabələd at onlara tərəf 
götürüldü. Atlar bir-birini imsilədi. İlyas ehtiyatla yaxınlaşıb pişik cəldliyi ilə onun 


yüyənindən yapışdı. At bərk geri dartınıb ilan kimi fınxırdı, gözlərini bərəldib 
heyrətlə İlyasa baxdı. İlyas onu şirin-şirin muçqurdu, ehtiyatlı addımlarla 
yaxınlaşıb, oxşaya-oxşaya əvvəlcə üzünü, sonra yalmanını sığalladı. Cibindən bir 
tikə çörək tapıb ona uzatdı. Çörəyi yeyən at gərili ayaqlarını tamam boşaltdı. Çidar 
üçün boğazına dolanmış çatını açanda, ram olmuş at heç bir müqavimət 
göstərmədi. İlyas onu ağaca bağladı. Əyilmiş yəhərini düzəltdi, yəhərüstü zərif 
xalçaya yapışmış yabanı otları təmizlədi. Gözü xalçanın üstündəki əyri-üyrü yazıya 
sataşdı. Nə illah elədi oxuya bilmədi. Erməni atıdı - deyə fikirləşdi. 
O, geri qayıdıb yoldaşlarını oyadanda artıq dan yeri ağarmışdı. Bulaqda əl-
üzlərini yuyub atlandılar. 
- Bu nə atdı, ay İlyas,  kimindi? - Abdulla soruşdu. 
Hamı yüyəni çəkib dan qaranlığında yad ata baxdı. Tapdıq lap yaxın gəlib: 
- Bu at mənə tanış gəlir, - dedi, - qardaşlar, - bir az duruxub - Həmid, bu 
bilirsən kimindi, Ballı qaya kəndində özündən  deyən  bir  dığa  var  -  Cahan 
dığanındı bu at. Görünür, həftə bazarına gedirmiş, at onu yıxıb qaçıb. 
- Düz deyirsən, bu gün də bazardı, ola bilər. 
İlyas necə bir fəndlə atı tutmağını danışdı. Həmid bəy ona axıracan qulaq 
asmayıb: 
- Nahaq tutmusan, - dedi - gərək buraxaydın çıxıb gedəydi, nəyimizə 
lazımdır? 
- Həmid bəy, insafın olsun, belə ceyran kimi atı da əldən buraxmaq olarmı? 
- Sonra da bütün obaya, elə səs yayılacaq ki,   Həmidgilin  dəstəsi   
soyğunçuluqla məşğuldurlar. Kimi inandıracaqsan ki, at öz ayağı ilə gəlib çıxıb. 
Atları sürüb o taya keçdilər. Sola burulub, qalın meşədə görünməz oldular. 
Günəşin qızılı şüaları göyün ətəyini qızardanda Dilbazilər talasına çatıb çörəyə 
oturdular. Atları bir az aşağıda, talanın qırağında hörüyə açdılar. Həmid bəy üzü 
atlara tərəf oturmuşdu. 
- İlyas,  - dedi, - dığanın atı şeşələnib kəsik-kəsik kişnəyir, elə hey 
gümüldənir,  heç otlamır.  Ya qurd-quş görüb,  ya da çöllüyə alışa   bilmir. 
Üzülmüş elə hey boylanır... İlyas oturduru yerdə geriyə dönüb, lağla, ata 
baxa-baxa: 
- Əyə, bu köpək oğlunun atı niyə farağat durmur, bəlkə erməni dığası dalınca 
gəlib, ona gümüldənir. 
Hamı gülüşdü. Atlardan gözünü çəkməyən Həmid bəy yerində dikəlib ayağa 
durdu. O, ayağa duran kimi iki güllə dalbadal açıldı. Həmid bəy əvvəl ombasını, 
sonra qarnını tutub iki qatlandı. İlyas çörək əlində heyrətlə Həmid bəyə baxdı. Cəld 
tüfəngi götürüb ayağa durdu. 
Abdulla qışqırdı: 
- Dığadı, odu, qaçır, - deyib gülləni-güllə dalınca ata-ata üzü aşağı endi. 
Yaralı Həmid bəyi götürüb üzüaşağı endilər. Xeyli getdilər, qanı saxlamaq 
mümkün deyildi. Həmid bəy əlilə “dayanın” işarəsi verdi. 
 - Məni aparmağın xeyri yoxdu, - dedi. - Gecdi, qoyun rahatca ölüm... 
Doluxsunan İlyas aşağı əyilib onun üzündən öpdü, təsəlli verdi: 
- Ay qağa, nədi danışdığın, ölüm nədi, zad nədi, bir az da aşağı enək, 
Cəfərlidən türkəçarə həkimlərdən birini gətirərik... Səndə heç nə yoxdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə