ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

Qatar rəisi kənara çəkildi, bələdçi oturacağa çöküb əlləriylə üzünü qapadı.  
– Vay, vay, vay... – Puaro üşənmiş halda dedi. – Ciddi bir məsələdir bu! 
– Əlbəttə, ciddi məsələdir! Cinayətin baş verməsi öz-özlüyündə ən böyük 
bədbəxtlikdir. Müdhiş bir fəlakətdir bu. Ancaq bu, hələ hamısı deyil. Qatar 
dayanıb. Burada saatlarca, hətta günlərcə qala bilərik. Sonra... bir ölkədən 
keçərkən qatarda o ölkənin polis nümayəndələri olmalıdır. Ancaq Yugoslaviyada 
belə bir şey olmur. Başa düşürsünüzmü, vəziyyət necə qəlizdir? 
Puaro:  
– Çox çətin vəziyyətdir, – dedi. 
– Daha da betəri var. Doktor Konstantin... Bağışlayın, sizi tanış etməyi unutdum: 
doktor Konstantin, müsyö Puaro. 
Balacaboy qarayanız adam Puaroya baş əydi. Belçikalı da ona təzim etdi. 
– Doktor Konstantin, Retçettin saat bir radələrində öldüyünü düşünür. 
– Belə hallarda dəqiq bir şey söyləmək çətindir, – doktor dedi. – Ancaq on ikiylə 
iki arasında öldüyünü qətiyyətlə söyləyə bilərəm. 
Puaro soruşdu.  
– Retçetti sağ ikən ən son nə vaxt görüblər? 
– Retçett birə iyirmi dəqiqə qalana qədər sağmış, – deyə Buk cavab verdi. – 
Bələdçiylə danışıb o radələrdə. 
Puaro təsdiq etdi.  
– Doğrudur. Danışdıqlarını mən də eşitdim. Ən sonuncu bu danışıqmı olub? 
– Hə. 
Puaro doktora tərəf döndü. 
– Retçettin kupesinin pəncərəsi taybatay açıq idi, – deyərək doktor sözünə davam 
etdi. – Bizdə elə bir təsəvvür yaratmaq istəyiblər ki, guya, qatil oradan qaçıb. 
Ancaq məncə, açıq pəncərə, sadəcə, bir hiylədir. Çünki əgər qatil pəncərədən 


tullansaydı, qarın üzərində ayaq izləri qalardı mütləq. Halbuki heç bir ayaq izi 
yoxdur. 
– Meyiti nə zaman aşkara çıxardınız? – Puaro soruşdu.  
– Mişel! 
Bələdçi dik atıldı. Hələ də uçunurdu, solğun üzündə qorxu ifadəsi vardı. 
Kəsik-kəsik danışmağa başladı.  
– Müsyö Retçettin nökəri bu səhər kupenin qapısını bir neçə dəfə döyüb, içəridən 
cavab verən olmayıb. Sonra, yarım saat bundan əvvəl vaqon-restorandan qarson 
gəldi. Müsyönün səhər yeməyi edib-etməyəcəyini öyrənmək istəyirdi. Başa 
düşürsünüz, saat artıq on bir idi. Açarlarla qapını açıram. Ancaq qapının zənciri 
taxılıdır. Müsyö Retçett cavab vermir. Və içəridən soyuq hava gəlir. Açıq 
pəncərədən içəriyə qar dolurdu. Cənabın ürəktutması keçirmiş ola biləcəyini 
düşündüm. Rəisi çağırdım. Zənciri qopararaq içəri girdik. O artıq ölmüşdü... ! Ah, 
c’etait terrible...1  
Əlləriylə yenə üzünü qapatdı. 
Puaro düşüncəli halda söylədi :  
– Demək, qapı içəridən kilidlənib və zəncir də taxılı olub... O halda intihar ola 
bilməz bu. Elə deyilmi? 
Doktor acı-acı gülümsünərək: 
– İntihara qərar verən bir adam heç görmüsünüzmü, özünü, ən azı, on yerindən 
bıçaqlasın?  
Puaronun gözləri kəlləsinə çıxdı.  
– Necə amansız vəhşilikdir! – nidası qopdu dilindən. 
Qatar şefi ilk dəfə danışığa qoşuldu.  
– Bu bir qadının işidir. Mənim sözlərimə inanın, bu işdə mütləq bir qadının 
barmağı var. Ancaq qadın kişini belə bıçaqlaya bilər. 
Doktor Konstantin fikirli halda alnını qırışdırdı.  


– O halda, qadın çox güclüymüş, demək. Texniki terminlər işlətmək istəmirəm. 
Bunlar, sadəcə, insanın ağlını qarışdırır. Ancaq sizi inandırıram, bir, ya da iki zərbə 
elə dəhşətli bir güclə endirilib ki, bıçaq sümük və əzələləri dəlib keçib. 
– Buradan belə nəticə çıxarmaq olar, qatil professional olmayıb, – Puaro dedi. 
Doktor Konstantin:  
– Bəli, professional olmayıb, – deyə cavab verdi. – Bıçaq necə gəldi saplanıb. Bəzi 
zərbələr heç zərər vermədən dərini cızıb keçib. Sanki, qatil gözlərini yumub və 
hirslə bıçağı dalbadal soxub-çıxarıb. 
Qatar şefi yenə:  
– C’est une femme2, – deyə təkrarladı. – Qadınlar belədir. Nifrətdən güc alırlar. 
– Bəlkə, mən də sizin bildiklərinizə bir əlavə edə bilərəm, – Puaro dedi. – Cənab 
Retçett dünən mənimlə danışdı. Mənə həyatının təhlükədə olduğunu söylədi. 
– Belə çıxır ki, onu ilişdiriblər. – Buk dedi. – O zaman, onu bir qadın deyil, 
qanqster və ya quldur öldürmüş ola bilər. 
Qatar rəisi onun versiyasını inkar etdiklərinə görə incidi. 
– Hətta qatil qanqster olsa belə, onu heç cür peşəkar adlandırmaq olmaz.  
Puaronun səsində peşəkar bir adamın qətiyyəti vardı.  
– Qatarda yekəpər bir amerikalı var. – Buk öz versiyasını yeritməyə davam etdi, – 
çox vulqar bir adamdır, dəhşətli dərəcədə pinti geyinir. Üstəlik, saqqız çeynəyir, 
kübar insan heç vaxt belə bir şey etməz. Söhbətin kimdən getdiyini bilirsiniz? 
Yataqlı vaqon bələdçisi – Buk üzünü ona tutaraq danışırdı – başıyla təsdiq etdi:  
– Bəli, müsyö. Ancaq qatil o ola bilməz. Əgər o, kupeyə girmiş olsaydı, mütləq 
görərdim. 
– Bilmək olmaz, bəlkə də, görə bilməzdiniz. Nə isə, bunu daha sonra danışarıq. 
İndi problem budur: nə edəcəyik?  
Buk Puaroya baxdı. Puaro da öz növbəsində ona baxdı. 


– Çox xahiş edirəm, dostum, – dedi Buk. – Sizdən nə istəyəcəyimi bilirsiniz. Sizin 
hər şeyə qadir olduğunuzu bilirəm. Bu istintaqın aparılmasını öz üzərinizə götürün. 
Xeyr, xeyr, sizi and verirəm, etiraz etməyin! Bizim şirkət üçün çox dəhşətli bir 
vəziyyətdir bu. Yuqoslav polisi gələnə qədər əlimizdə hazır nəticə olsa, hər şey 
asanlaşar. Əks halda, gecikmələrdən, süründürməçilikdən yaxamızı qurtara 
bilməyəcəyik. Hətta bəlkə, günahsız adamların belə başları dərdə girər. Siz 
cinayətin üstünü açsanız, bunların heç biri olmaz. Biz də: ”Bir cinayət işləndi, bax, 
qatil də budur“, – deyərik..  
– Bəs canini tapa bilməsəm? 
– Aman, dostum! – Bukun səsi təriflə dolub-daşırdı. – Nə qədər məşhur 
olduğunuzu bilirəm, sizin metodlarınızdan da xəbərim var. Əsl sizin 
araşdıracağınız bir hadisədir bu. Bu adamların keçmişini öyrənmək, yalan, ya da 
doğru söylədiklərini üzə çıxarmaq nə qədər zaman ala bilər. Ancaq sizdən mən 
dəfələrlə eşitmişəm: “Sirrin üstünü açmaqdan ötrü mənə yalnız rahatca oturmaq və 
arxaya söykənərək düşünmək lazımdır”. Xahiş edirəm, elə beləcə də edin. 
Sərnişinləri dindirin, cəsədə baxın, dəlilləri götür-qoy edin və o zaman... Bir sözlə, 
mən sizə güvənirəm. Əminəm ki, bu sözləri, sadəcə, lovğalanmaq üçün 
söyləməmisiniz. Bax, lütfən, arxaya söykənərək rahatca oturun, düşünün, özünüz 
dediyiniz kimi, beyninizin qırışlarını işə salın və hər şeyi aşkara çıxarın, boz 
hüceyrələri çalışdırın. – Bunları söylərkən sevgiylə dostuna baxırdı. 
Puaro həyəcanlanmışdı:  
– Etibarınız məni təsirləndirir, dostum. Siz dediniz, bu iş o qədər də çətin deyil. 
Mən özüm keçən axşam... Hələlik bu haqda danışmağa dəyməz. Sözün düzü, bu iş 
mənim üçün maraqlıdır. Cəmi yarım saat əvvəl bu qar basqınına görə əməlli-başlı 
darıxacağımızı düşünmüşdüm. Və qəfildən, göydəndüşmə kimi, bu tapmaca çıxıb 
ortaya. 
– Demək, siz mənim təklifimi qəbul edirsiniz ? – Buk səbirsizliklə soruşdu.  
– C’est entendu1. Bu işi mənə buraxın. 
– Əla! Biz hamımız sizin qulluğunuzdayıq. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə