ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

– Əvvəlcə İstanbul – Kale vaqonunun planı mənə lazım olacaq. Hər kupeyə 
yolçunun adı yazılsın. Bundan başqa, yolçuların pasportlarını və biletlərini də 
görməliyəm. 
– Mişel onların hamısını sizə gətirər. 
Bələdçi kupedən çıxdı. 
Puaro soruşdu:  
– Qatarda başqa kimlər var? 
– Bu vaqonda təkcə doktor Konstantin var, bir də mən varam. Buxarest vaqonunda 
isə yaşlı və topal bir adam var. Bələdçi onu çoxdan tanıyır. Bir də adi vaqonlar var. 
Ancaq onlar bizi maraqlandırmır. Çünki dünən gecə, axşam yeməyindən sonra o 
vaqonların qapıları kilidlənmişdi. İstanbul – Kale vaqonunun önündə isə sadəcə, 
vaqon-restoran var. 
– Elə isə qatili İstanbul - Kale vaqonunda axtaracağıq, – Puaro dedi. Üzünü 
doktora tərəf çevirdi. – Siz də bunu demək istəyirdiniz, deyəsən? 
Doktor başıyla təsdiq etdi:  
– Qatar gecəyarısı qar yığınına görə dayanıb. O zamandan bəri də heç kimsə 
qatardan enib qaçmış ola bilməz. 
– Əgər elədirsə, – müsyö Buk söhbəti yekunlaşdırdı, – demək, qatil hələ də 
qatardadır. O, bizim aramızdadır! 
 
VI fəsil 
Bir qadın? 
 
  
– Əvvəlcə, – Puaro dedi, – mən gənc cənab Makkuinlə bir-iki kəlmə danışmaq 
istəyirəm. Bizə işimizə yarayacaq bilgi verə biləcəyi istisna deyil.  


– Şübhəsiz. – Müsyö Buk qatar rəisinə üzünü tutaraq, – mister Makkuini buraya 
çağırın, – dedi.  
Bələdçi pasport və biletləri gətirmişdi, onları Buka təhvil verdi.  
– Təşəkkür edirəm, Mişel. Məncə, artıq siz öz vaqonunuza getsəniz, yaxşı olar. 
Daha sonra rəsmi olaraq ifadənizi alarıq. 
– Əmrinizdə hazıram, cənab.  
Mişel çıxdı. 
Puaro Konstantinə tərəf döndü.  
– Makkuinlə danışdıqdan sonra mənimlə birlikdə ölünün kupesinə gələrsinizmi? 
– Əlbəttə, gələrəm. 
– Orada işimiz bitəndən sonra... 
Eyni anda qatar şefiylə Hektor Makkuin içəri girdilər. Buk nəzakətli bir tövrlə 
ayağa qalxdı.  
– Bura bir az darısqaldır. Siz mənim yerimə keçin, cənab Makkuin. Müsyö Puaro 
da qarşınızda otursun, bax belə. – Qatar rəisinə tərəf döndü. – Vaqon-restoranı 
boşaldın. Oranı müsyö Puaroya təhvil verək. Yolçularla orada danışmağı daha 
uyğun hesab edərsiniz, elə deyilmi, dostum? 
Puaro:  
– Bəli, – deyə cavab verdi. – Elə daha rahat olar. – Makkuin bu sürətli fransızca 
danışığı çox da anlaya bilməmişdi. Gah Puaroya baxırdı, gah da Buka.  
– Qu’est-ce qu’il y a?1 – fransızca kəlmələri aydın tələffüz etməyə çalışaraq 
soruşdu, – Pourquoi?2.  
Puaro qəti bir hərəkətlə ona öz yerində oturmasını işarə etdi. Gənc adam yerinə 
yerləşdikdən sonra təkrar:  
– Pourquoi?.. – deyə soruşdu. Lakin sözünü yarıda kəsib ana dilində danışmağa 
keçdi. – Burada nə baş verir? – dedi. – Bir hadisə olub? 


Puaro başıyla “hə” dedi.  
– Siz yanılmamısınız. Özünüzü hazırlayın, cənab Makkuin, sizi xoş olmayan bir 
xəbər gözləyir: Şefiniz cənab Retçett öldü! 
Makkuin dodaqlarını fit çalacaqmış kimi büzdü. Gözləri alışdı, ancaq heyrət və ya 
kədər bildirən heç bir söz söyləmədi.  
– Demək, axır ki, gəlib onu tapdılar, hə? 
– Nə demək istəyirsiniz bununla, cənab Makkuin?  
Gənc adam tərəddüd etdi.  
Puaro:  
– Siz Retçettin öldürülmüş olduğunu güman edirsiniz? – Puaro soruşdu. 
– Məgər öldürülməyib? – Nəhayət ki, bu yerdə Makkuin heyrətini bildirdi. – Bəli... 
– bir az təntiyəndən sonra dedi, – ilk ağlıma gələn bu oldu. Yoxsa, yuxuda keçinib? 
Axı qoca çox sağlam idi, elə bil, elə bil... – dili dolaşdı, bənzətməyə bir söz tapa 
bilmədi. 
– Yox, yox, – deyə Puaro onun sözünü kəsdi. – Sizin təxmininiz tamamən 
doğrudur. Cənab Retçett öldürülüb. Bıçaqlanıb. Ancaq mən sizin nəyə görə onun 
ölmüş olmasına deyil, öldürülmüş olmasına əmin olduğunuzu bilmək istərdim. 
Makkuin çaşıb qaldı.  
– Bu işi yaxşıca anlamalıyam, – nəhayət, dedi, – siz kimsiniz? Bu işlə nə əlaqəniz 
var? 
– Mən Beynəlxalq yataqlı vaqonlar şirkətini təmsil edirəm. – Puaro dedi və bir an 
dayanaraq əlavə etdi. – Mən detektivəm. Familiyam Puarodur. 
Bəlkə, qarşısındakına təsir edəcəyini ummuşdu, amma belə bir şey olmadı. 
Makkuin sadəcə: “Eləmi?”, – dedi və onun sözünə davam etməsini gözlədi. 
– Çox güman, bu familiyanı eşitmisiniz. 


– Elə bil, haradasa eşitmişəm. Ancaq mən həmişə bunun bir qadın dərzisinin 
familiyası olduğunu sanırdım. O zamanların tanınmış modelyeri Pyer Puaro 
nəzərdə tutulur. 
Erkül Puaro ona qeyri-məmnun bir ifadəylə baxdı.  
– Sadəcə olaraq, inanılası deyil! 
– Nədir o inanılacaq olmayan? 
– Heç nə. Əhəmiyyətli deyil. İşimizdən ayrılmayaq. Mənə Retçett haqqında bütün 
bildiklərinizi danışmanızı istəyirəm, cənab Makkuin. O, sizin qohumunuz idi? 
– Xeyr. Mən onun katibiyəm. Daha doğrusu, katibi idim.  
– İşə girəli nə qədər olub? 
– Bir ildən bir az çox. 
– Lütfən, mənə mümkün olduğu qədər ətraflı məlumat verin. 
– Cənab Retçettlə, təqribən, bir il əvvəl İranda tanış olmuşdum...  
Puaro onun sözünü kəsdi. 
– Orada nə iş görürdünüz?  
– Neft imtiyazları məsələsini araşdırmaq üçün Nyu-Yorkdan getmişdim oraya. 
Bunun sizinçün maraqlı olacağını düşünmürəm. Ancaq bu məsələdə mənim və 
dostlarımın ümidləri özünü doğrultmadı. Cənab Retçett mənimlə eyni oteldə 
qalırdı. O da katibiylə pozuluşmuşdu, mənə onun yerini tutmağı təklif etdi. Mən də 
qəbul etdim. O zaman əlim çox aşağı idi və yaxşı aylığı olan bir iş tapdığım üçün 
sevinirdim.  
– Ondan sonra nə iş gördünüz? 
– Gəzdik-dolaşdıq. Cənab Retçett dünyanı gəzib görmək istəyirdi. Dil bilməməsi 
ona mane olurdu. Mən katiblikdən daha çox bələdçilik və tərcüməçilik edirdim. 
Yaxşı bir iş idi. 
– İndi mənə patronunuz haqqında mümkün olduğu qədər ətraflı danışmağa çalışın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə