ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

– Təşəkkür edirəm, cənab Makkuin. 
Amerikalı kupedən çıxdı. 
Buk soruşdu:  
– Bu gənc adamın söylədiklərinə inandınızmı? 
– Dürüst və açıq danışan bir gənc təsiri bağışladı mənə. Yalandan özünü patronuna 
çox bağlıymış kimi aparmadı. Əgər bu işlə bir əlaqəsi olsaydı, mütləq özünü elə 
aparardı ki, guya, patronunu çox istəyir. Doğrudur, cənab Retçett mənim 
xidmətimdən istifadə etmək istədiyini ona söyləməyib, ancaq, məncə, bu, şübhə 
doğuracaq bir şey deyil. Anladığıma görə, Retçett ağızdan çox möhkəm bir 
insanmış. 
– Eləysə, demək, siz artıq bir adamı şübhələrdən kənarda hesab edirsiniz, – Buk 
sevinərək dedi. 
Puaro ona qınayıcı nəzərlərlə baxdı.  
– Elə deyil, mən ən son dəqiqəyə qədər hər kəsdən şübhələnirəm. Ancaq yenə də 
bu ciddi və ağırtəbiətli cavan oğlanın – Makkuinin başını itirərək qurbanını on 
yerindən bıçaqlaya biləcəyini düşünmürəm. Bu, onun xarakterinə uyğun gəlmir. 
Heç uyğun gəlmir. 
– Doğru deyirsiniz. – Buk düşüncəliydi. – Bu, müdhiş bir nifrət üzündən dəli 
olmaq dərəcəsinə gəlmiş bir insanın işidir. Daha çox latın mənşəli insanların 
xarakterinə uyğun bir şeydir. Ya da qatar rəisinin dediyi kimi, qatil bir qadın ola 
bilər. 
 
VII fəsil 
Cəsəd 
 
Puaro doktor Konstantinlə birlikdə qonşu vaqona keçib, öldürülən adamın 
kupesinə girdilər. Arxadan onlara yetişən bələdçi öz açarıyla qapını açdı. 


Kupeyə girdikdən sonra Puaro sualedici baxışlarla yoldaşının üzünə baxdı: 
– Burada bir şeyə toxunuldumu? 
– Xeyr, xeyr, heç bir şeyə toxunulmadı. Cəsədi müayinə edərkən də onu 
tərpətməməyə çalışdım. 
Puaro başını yellədi. Sonra da ətrafına baxındı.  
İlk öncə onun diqqət verdiyi şey kupenin buz kimi soyumuş olması oldu. Pəncərə 
mümkün olduğu qədər aşağıya endirilmiş, ştorlar çəkilmişdi.  
Puaronu üşütmə tutdu.  
– Uuuuf... 
Doktor özündən razı halda gülümsədi: 
– Qərara aldım ki, pəncərəni bağlamayım, – dedi. 
Puaro pəncərəni diqqətlə gözdən keçirdi.  
– Düzgün qərar vermisiniz, – dedi. – Heç kim pəncərədən tullanaraq qatarı tərk 
etməyib. Böyük ehtimal, pəncərəni qəsdən açıq saxlayıblar, belə fikir yaratmaq 
istəyiblər ki, guya, qatil pəncərədən qaçıb, ancaq qarın yolu bağlaması onun bu 
planını pozub. – Çərçivəyə baxdı. Sonra cibindən kiçik bir qutu çıxardaraq 
pəncərənin kənarına bir az toz püskürtdü. – Heç bir barmaq izi yoxdur. Bundan da 
çərçivənin silinmiş olduğu anlaşılır. Lap yaxşı, barmaq izi olsaydı belə, bu, bizə 
heç nə verməyəcəkdi. Çünki o barmaq izləri cənab Retçettə, nökəri Mastermana, 
ya da bələdçiyə aid olacaqdı. Son zamanlarda qatillər belə xətalara yol vermirlər 
artıq. – Nəşəylə əlavə etdi, – vəziyyət belə olduğuna görə pəncərəni örtə bilərik. 
Buranın soyuq hava deposundan heç fərqi yoxdur.  
Pəncərəni örtdü, ondan sonra ilk dəfə olaraq yataqda hərəkətsiz uzanan meyitə 
tərəf döndü. Retçett arxası üstə uzanmışdı. Pasa bənzər qan ləkələrilə dolu  
pijamasının köynəyi açılaraq geriyə itələnmişdi. 
Bunun nə üçün belə olduğunu doktor izah etdi.  
– Yaraları gözdən keçirməli idim, ona görə açdım.  


Puaro cəsədin üzərinə əyildi. Təkrar dikəldiyi zaman üzündə qeyri-məmnun bir 
ifadə vardı.  
– Heç ürəkaçan mənzərə deyil, – dedi. Qatil, sanki, burada dayanıb və onu dalbadal 
bıçaqla vurub. Yaraların sayı nə qədərdir? 
– On iki yara var. Bunlardan bir-ikisi cızıq sayıla biləcək qədər üzdəndir. Ancaq ən 
azı, üçü ölümə səbəb olacaq qədər dərindir.  
Doktorun səsində Puaronu üşəndirən nəsə vardı. O, balacaboylu yunana qısılmışdı: 
alnını qırışdıraraq, üzündə çaşqın bir ifadəylə cəsədə baxırdı. 
Puaro yavaş səslə:  
– Sizin heyrətə gəlməyinizə səbəb olan nəsə var, – dedi. – Elə deyilmi? Boynunuza 
alın, dostum, sizi heyrətləndirən şey nədir?  
Doktor:  
– Haqlısınız, – deyə etiraf etdi.  
– Nədir o? 
– Bu iki yaranı görürsünüzmü? Bunu və bunu. – Doktor barmağıyla göstərdi. – 
Burada bıçaq dərinə işləyib, qan damarlarını doğrayıb... Ancaq buna baxmayaraq, 
yaraların ağzı açıq deyil. Halbuki belə yaralardan qan sel kimi axmalıdır.  
– Bu, nə mənaya gəlir?  
– O mənaya gəlir ki, Retçettə bu yaraların vurulduğu zaman artıq onun ölümündən 
xeyli vaxt keçibmiş. Ancaq əlbəttə ki, gülünc bir fikirdir bu. 
Puaro fikirləri qarışmış halda söylədi:  
– İlk baxışdan siz dediyiniz kimi görünür. Ancaq ola bilər, qatil əmin ola bilmək 
üçün geri gəlib. Ancaq bu da o qədər ağlabatan deyil! Başqa nə var sizi 
heyrətləndirən? 
– Bir məqam daha var. 
– Nədir o? 


– Bu yaranı görürsünüzmü? Sağ çiynin qarşısında, demək olar ki, qoltuğun altında 
olan bu yaranı? Bu qələmi alın. Siz belə bir zərbə endirə bilərsinizmi? 
Puaro əlini apardı.  
– Sizi başa düşdüm. Sağ əllə belə bir zərbə endirmək çox çətindir. Hətta demək 
olar, imkansızdır. İnsanın belə bir yara aça bilməsi üçün bıçağı geriyə doğru 
aparması lazımdır. Ancaq əgər bu yara sol əllə vurulmuşsa... 
– Mən də elə bunu demək istəyirəm, müsyö Puaro. O zərbənin sol əllə 
endirildiyinə demək olar ki, şübhə yeri qalmır. 
– Demək istəyirsiniz ki, qatil solaxaydır? Xeyr... Məsələ bundan daha da qəlizdir. 
Mənimlə razısınızmı? 
– Tamamən razıyam, müsyö Puaro. Digər yaraların sağ əlini işlədən bir insan 
tərəfindən vurulduğu göz qabağındadır. 
– Demək, iki nəfər olublar. – Detektiv dodağının altında mızıldandı. – Yenə bu 
versiyanın üzərinə qayıtdıq. – Sonra da qəfildən soruşdu. – İşıq yanırdımı? 
– Bunu demək çətindir. Bilirsiniz, hər gün səhər saat doqquzda bələdçi bütün 
vaqonun işıqlarını keçirir. 
– Elektrik düyməsindən bunu bilə bilərik, – dedi Puaro.  
Başının üstündəki işığın düyməsini yoxladı. Sonra da yatağın baş ucundakı gecə 
lampasının düyməsinə baxdı. Üstdəki işıq söndürülmüşdü. Baş tərəfdəki isə açıq 
idi. 
Puaro düşüncəli halda:  
– Çox yaxşı, – dedi. – Bu versiyanı araşdıraq. Beləliklə, Birinci Qatil və İkinci 
Qatil. Böyük Şekspir onları belə adlandırardı. Birinci Qatil qurbanını bıçaqlayır və 
işığı söndürərək kupedən çıxır. İkinci Qatil qaranlıqda daxil olur. Qurbanın ölmüş 
olduğunun fərqinə varmır. Ölünü, ən azı, iki dəfə bıçaqlayır. Bu versiyaya necə 
baxırsınız? 
Balacaboylu doktor həyəcanla:  
– Əla! – deyə səsləndi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə