ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

– Qoy yadıma salım. Deyəsən, hə, sürgülüydü. Hər halda, qapının tutacağına bir 
məftil keçirilmişdi. Sizi bu maraqlandırır?  
– Hə, maraqlandırır. Siz vaqona qayıdarkən məftili yerinə keçirtdinizmi? 
– Ah, xeyr. Deyəsən, keçirtmədik. Mən axırda girdim. Dəqiq yadımda deyil. 
Bunun bir əhəmiyyəti var? 
– Əhəmiyyətli ola bilər. İndi mənə deyin, müsyö, siz polkovnik Arbetnotla oturub 
danışarkən kupenizin qapısı açıq idi? 
Hektor Makkuin başıyla təsdiqlədi. 
– Zəhmət olmasa, söyləyin, əlbəttə, əgər xatırlayırsınızsa, qatar Vinkovcidən 
tərpənəndən sonra və polkovnik sizdən ayrılıncaya qədər koridordan kimsə 
keçdimi? 
Makkuin qaşlarını çatdı.  
– Deyəsən, bələdçi bir dəfə keçdi. Restoran tərəfdən gəlirdi. Sonra bir qadın da o 
tərəfə getdi. 
– Hansı qadın? 
– Bilmirəm. Çox da diqqət göstərmədim. O anda Arbetnotla bir şeyi mübahisə 
edirdik. Mənə qapıdan qırmızı ipək geyimli bir qadın keçmiş kimi gəldi. Yaxşı 
görmədim. Zatən üzünü görə bilməzdim. Bildiyiniz kimi, mənim kupem qatarın 
vaqon-restoranı olan tərəfinə baxır. Koridordan o tərəfə doğru gedən bir qadın 
kupemi keçər-keçməz arxası mənə tərəf dönmüş olur. 
Puaro başını yellədi.  
– Belə başa düşmək olar ki, qadın tualetə gedirmiş? 
– Yəqin ki.  
– Qadının geriyə döndüyünü gördünüzmü? 
– Maraqlıdır ki, görmədim... İndi fikirləşirəm, həqiqətən də, onun qayıtmağını 
görmədim. Ola bilər, buna diqqət verməmişəm. 
– Daha bir sual. Siz trubka çəkirsinizmi, cənab Makkuin? 


– Xeyr, cənab, çəkmirəm. 
Puaro bir dəqiqə susdu.  
– Yaxşı, indilik bu qədər, sanıram. İndi cənab Retçettin nökərini görmək istərdim. 
Hə, ağlıma gəlmişkən, siz və nökər hər zaman ikinci dərəcəli vaqondamı yolçuluq 
edirsiniz? 
– Nökər hər zaman ikincidərəcəlidə gedir. Mən çox vaxt birincidərəcəlidə gedirəm. 
Mümkün olduğu zaman cənab Retçettin kupesinin yanındakı kupe mənə ayrılırdı. 
Beləcə, cənab Retçett əşyalarının çoxunu mənim kupemə qoyardı, belədə həm 
mən, həm də əşyaları yaxınlıqda olmuş olurdu. Ancaq bu səfər özünə verilənin 
xaricində, bütün birinci dərəcəli kupelər tutulmuşdu.  
– Başa düşdüm. Təşəkkür edirəm, cənab Makkuin. 
 
III fəsil 
Nökər Mastermanın dindirilməsi 
 
Amerikalının yerini Puaronun hələ bir gün öncə fərqinə vardığı o boz və ifadəsiz 
üzlü ingilis almışdı. O, bir nökərə yaraşacaq şəkildə qapı ağzında dayanmışdı. 
Puaro ona oturmasını işarə etdi. 
– Mən bildiyimə görə, siz cənab Retçettin nökərisiniz. 
– Bəli, cənab. 
– Adınız nədir? 
– Eduard Henri Masterman. 
– Neçə yaşınız var? 
– Otuz doqquz. 
– Harada yaşayırsınız? 


– Klerkenuel, Frayar-strit 21-də. 
– Sahibinizin öldürüldüyünü eşitdinizmi? 
– Bəli, cənab. 
– Söyləyin, cənab Retçetti son dəfə nə zaman gördünüz? 
Nökər fikirləşdi.  
– Dünən gecə doqquz radələrində, hər halda, bundan gec deyildi.  
– Son görüşünüzü bütün təfsilatıyla təsvir edin. 
– Mən hər zaman olduğu kimi, yatmazdan əvvəl mister Retçettin yanına 
getmişdim. 
– Sizin vəzifəniz nədən ibarət idi, bunu təsvir edin.  
– Həmişə olduğu kimi, paltarlarını asdım, dişlərini suya qoydum və gecə vaxtı ona 
lazım olacaq şeyləri sahmanladım. 
– Kefi, əhvalı həmişəki kimiydi? 
– Mənə elə gəldi ki, bir az kefsizdir, cənab.  
– Nəyə görə? 
– Deyəsən, buna oxuduğu bir məktub səbəb olmuşdu. Zərfi kupesinə mənim 
qoyub-qoymadığımı soruşdu. Əlbəttə, elə bir iş tutmadığımı ona söylədim. Ancaq 
məni söydü və gördüyüm hər işdə bir nöqsan tapdı. 
– Bu, nadir hallarda olurdu? 
– Xeyr, cənab, xeyr. Çox tez özündən çıxan adam idi. Hər şeyə görə əsəbiləşirdi. 
– Cənab Retçett nə vaxtsa yuxu dərmanı içirdi? 
Doktor Konstantin marağını boğa bilməyib irəliyə doğru əyildi. 
– Qatarda yol gedərkən içirdi, cənab. Onsuz yata bilməyəcəyini söylərdi. 
– Adətən, hansı yuxu dərmanını içərdi? 


– Deyə bilmərəm, cənab. Şüşənin üstündə ad yazılmazdı. Sadəcə, “Yuxu dərmanı. 
Yatmazdan əvvəl içməli” yazılardı.  
– Dünən gecə dərman içdimi? 
– Bəli, cənab. Mən stəkana dərman tökdüm və masanın üstünə qoydum. 
– Siz özünüz onun dərmanı necə içdiyini gördünüzmü? 
– Yox, görmədim, cənab. 
– Başqa nə oldu? 
– Mən cənab Retçettdən, başqa bir şeyin lazım olub-olmadığını soruşdum və onun 
səhər saat neçədə qaldırılmasını istədiyini soruşdum. “Mən zəng çalıncaya qədər 
narahat edilmək istəmirəm”, – dedi. 
– Həmişə belə edərdi? 
– Bəli, cənab. Qalxmağa qərar verdiyi zaman bələdçini çağırırdı. O da gəlib mənə 
xəbər verirdi. 
– Cənab Retçett erkənmi qalxardı, yoxsa gec saatlara qədər yatardı? 
– Bu, onun kefinə bağlıydı, cənab. Bəzən səhər yeməyindən öncə qalxardı. Bəzən 
də günortaya doğru. 
– Demək, artıq günorta olmasına baxmayaraq, ağanızın sizi çağırmaması sizi 
narahat etmədi? 
– Yox, cənab. 
– Cənab Retçettin düşmənləri olduğunu bilirdinizmi?  
– Bəli, cənab. – Nökər ifadəsiz bir səslə söylədi bunu.  
– Haradan bilirdiniz? 
– Cənab Makkuinlə bəzi məktublar barədə söhbət etdiyini eşitmişdim. 
– Ağanızı sevərdinizmi, Masterman? 
Nökərin üzü olmayacaq dərəcədə, daha da ifadəsizləşdi:  


– Mən bu haqda danışmaq istəməzdim, cənab. O, comərd bir ağa idi. 
– Ancaq ondan xoşunuz gəlmirdi?  
– Belə desəm: ümumən amerikalılardan çox da xoşum gəlməz.  
– Amerikaya heç getdinizmi?  
– Xeyr, cənab. 
– Qəzetlərdə Armstronqun uşağının qaçırıldığını oxumuşdunuzmu? 
Nökərin yanaqları xəfifcə qızardı:  
– Hə, əlbəttə, oxumuşdum, cənab. Balaca bir qız uşağını qaçırmışdılar, elə 
deyilmi? Çox qorxunc bir hadisəydi. 
– Bu işi təşkil edənlərin başçısının ağanız cənab Retçett olduğunu bilirdinizmi? 
– Əlbəttə bilmirdim, cənab. – Nökərin səsində ilk dəfə həyəcan hiss olundu. – 
Buna inana bilmirəm, cənab. 
– Ancaq bu, bir həqiqətdir. İndi dünən gecə nə iş gördüyünüzə keçək. Özünüz də 
başa düşürsünüz, bu, adi bir formallıqdır. Cənab Retçettin yanından ayrıldıqdan 
sonra nə etdiniz? 
– Cənab Makkuinə ağanın onu istədiyini söylədim. Sonra öz kupemə gedərək kitab 
oxudum, cənab. 
– Sizin kupeniz... – Puaro vaqonun planına baxdı.  
– Ən sondakı ikinci dərəcəli kupe, cənab. Vaqon-restoranın yanındakı. 
– Başa düşdüm. Bəs hansı yeri tutursunuz? 
– Aşağıdakı yeri. 
– Yəni, dördüncü yeri? 
– Bəli, cənab. 
– Kupedə sizdən başqa yolçu varmı?  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə