ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

– Bəli, cənab. Uzunboylu bir italyan.  
– İngiliscə danışa bilirmi? 
– Yaman gündə, cənab, – nökər ikrahla bildirdi. – Amerikada yaşayır, dediyinə 
görə, Çikaqoda.  
– Onunla tez-tez söhbətləşirdinizmi?  
– Xeyr, cənab. Mən kitab oxumağa üstünlük verirəm. 
Puaro gülümsədi. Bir anda, bu centlmenin – “centlmen nökəri”nin deyingən 
italyanı necə yerinə oturtduğunu gözlərinin qabağına gətirdi.  
– İcazə verin maraqlanım, nə kitabı oxuyursunuz? – Puaro soruşdu. 
– Hal-hazırda, cənab, Arabell Riçardsonun “Məhəbbət əsiri” romanını oxuyuram. 
– Yaxşı kitabdır? 
– Çox maraqlıdır, cənab. 
– Lap yaxşı; gəlin davam edək. Siz öz kupenizə qayıdıb “Məhəbbət əsiri” romanını 
oxumağa davam etdiniz, saat... 
– Təqribən, on birin yarısına qədər, cənab. Sonra o italyan yatmaq istədi. Bələdçi 
gəldi və yataqları düzəltdi.  
– Bundan sonra siz də yatıb yuxuya getdiniz? 
– Xeyr, cənab. Uzandım, amma yuxuya gedə bilmədim. 
– Nəyə görə? Yuxunuz gəlmirdi? 
– Dişim ağrıyırdı, cənab.  
– Belə de! Dişağrısı çox pisdir. 
– Çox, çox pisdir. 
– Bəs dişağrısına qarşı bir dərman içdiniz? 


– Dişimə qərənfil yağı qoydum, cənab, o, bir az ağrını sakitləşdirdi, ancaq yenə də 
yata bilmədim. Mən yatağımın başındakı gecə lampasını yandırdım və oxumağa 
başladım, heç olmasa, bir az fikrimi dağıtmaq istədim. 
– Bütün gecəni yata bilmədiniz? 
– Səhərəyaxın dörddə huş məni aparıb.  
– Bəs yol yoldaşınız?  
– O italyanmı? Tirlənib vurub yatdı, cənab.    
– Gecə kupedən heç çıxmadımı?  
– Yox, çıxmadı, cənab. 
– Gecə bir səs eşitdinizmi? 
– Yox, cənab. Yəni, qeyri-adi bir səs eşitmədim. Qatar dayanmışdı, ona görə də 
çox sakitlik idi. 
Puaro bir dəqiqə susdu, sonra soruşdu: 
– Lap yaxşı, biz, demək olar ki, hər şeyi aydınlaşdırdıq. Siz bu faciənin 
açılmasında bizə heç nəylə kömək edə bilməzsiniz? 
– Qorxuram, kömək edə bilməyəm. Çox təəssüf edirəm, cənab. 
– Cənab Makkuinlə cənab Retçett heç ağızlaşardılarmı?  
– Xeyr, cənab. Cənab Makkuin çox mehriban bir ağadır.  
– Cənab Retçettin yanına işə düzəlməmişdən əvvəl kimin yanında qulluq 
edirdiniz? 
– Cənab Henri Tomlinsonun yanında, cənab, o, Qrouvernor-skverdə yaşayırdı. 
– Onun yanından niyə ayrıldınız? 
– O, Şərqi Afrikaya yollandı, cənab, daha mənə ehtiyacı qalmadı. Ancaq mən 
əminəm, cənab, o, məni axtaracaq. Onun yanında bir neçə il yaşadım. 
– Siz cənab Retçettin yanına işə nə zaman girdiniz?  


– Doqquz ay öncə, cənab.  
– Təşəkkür edirəm, Masterman. Hə, nə deyəcəkdim, siz trubka çəkirsinizmi? 
– Xeyr, cənab. Mən siqaret çəkirəm, çox da bahalı olmayan siqaretlərdən.  
– Sağ olun. Hələlik bu qədər. – Puaro başıyla nökərə getməsini işarə etdi. 
Nökər bir an tərəddüdlə dayandı: 
– Bağışlayın, cənab, amma yaşlı amerikalı xanım yolçu özündə deyil; cinayət 
barədə hər şeyi bildiyini söyləyir. Çox həyəcanlıdır, cənab. 
Puaro güldü:  
– Elə isə, heç yubanmadan onunla görüşək. 
– Onu çağırımmı, cənab? Qadın bayaqdan bəri müdiriyyətlə görüşməyi tələb edir. 
Bələdçi onu sakitləşdirə bilməyib.  
– Onu buraya göndərin, dostum, – Puaro dedi, – biz onun danışmaq istədiyi hər 
şeyə qulaq asarıq. 
 
IV fəsil 
Amerikalı yaşlı qadının söylədikləri 
 
Missis Habbard təntimiş halda vaqona daxil olanda həyəcandan danışa bilmirdi. 
– Mənə deyin görüm, burada başçı kimdir? Mən çox vacib bir məlumatı 
çatdırmalıyam. Cənablar, əgər siz... – Onun baxışları kupeni dolaşdı. 
Puaro qadına tərəf yönəldi: 
– Bəlkə, nə olduğunu mənə danışasınız, madam, – dedi. – Ancaq, rica edirəm, 
oturun. 
Missis Habbard ağır gövdəsini qarşı tərəfdəki stula basdı. 


– Baxın, sizə nəyi danışmaq istəyirdim. Dünən gecə qatarda bir cinayət işləndi! Və 
qatil mənim kupemdə idi.  
Xanım Habbard söylədiklərinin təsirini artırmaqdan ötrü bir an susdu. 
– Bundan əminsinizmi, madam? 
– Əlbəttə, əminəm! Bu da sözdür?! Hələ, Allaha şükür, ağlımı itirməmişəm. Sizə 
hər şeyi olduğu kimi danışacağam! Yuxuya dalmışdım, birdən-birə oyandım. Ətraf 
qaranlıq idi. Kupemdə bir kişinin olduğunu anladım o saat. Elə qorxdum ki, bağıra 
da bilmədim. Özünüz bilirsiniz, bu, necə olur. “Ay Allah, rəhm elə, məni 
öldürəcək”, – deyə düşündüm. Nə hisslər keçirdiyimi sizə çatdıra bilmirəm! Bu 
murdar qatarlarda nə qədər cinayətlər olur, qəzetlər ancaq elə bundan yazır. Sonra 
fikirləşirəm: “Ancaq qızıllarımı ala bilməyəcək”. Çünki qızıllarımı bir coraba 
dolduraraq yastığımın altında gizləmişdim. Düzdür, yatanda adam narahat olur
özünüz bilirsiniz, bu, necə olur. Deyəsən, mövzudan uzaqlaşdım. Hə, demək... 
Nədən danışırdım? 
– Hiss etdiniz ki, madam, sizin kupenizdə bir kişi var. 
– Hə, onu deyirdim axı, gözlərimi yumub fikirləşirəm: “İndi mən nə edim?” Sonra 
fikirləşirəm: “Yaxşı ki, qızım bu anda nə vəziyyətdə olduğumu bilmir”. Ancaq 
sonra özümü ələ aldım və bələdçini çağırmaqdan ötrü xəlvətcə divardakı zəngi 
basdım... basdım... Ancaq heç kəs gəlmir. Elə bilirdim ürəyim dayanacaq. 
“Deyəsən, qatarda hamını öldürüblər”, – deyə düşündüm. Üstəlik qatar da 
dayanmışdı. Ətrafda qorxunc bir səssizlik vardı. Ancaq mən zəngi çalmağa davam 
etdim. Sonra bir nəfərin qaçaraq koridordan gəldiyini və qapımı döydüyünü 
eşitdim. Ah, elə rahatlandım ki... “Gəlin!” – deyə qışqırdım. Eyni anda da işıqları 
yandırdım. İnanırsınız? Kupedə heç kim yox idi! 
– Sonra nə oldu, madam? 
– Nə olacaq? Bələdçiyə olanları danışdım. Ancaq o, mənə inanmadı. Yuxu 
gördüyümü deyirdi. Onu məcbur etdim, divanın altına baxdı. Ancaq oraya bir 
insanın sığmayacağını söylədi. Qatilin qaçmış olduğu göz qabağındaydı. 
Bələdçinin məni sakitləşdirməyə çalışması məni elə hirsləndirirdi ki! Mən xəyal 
görəcək bir qadın deyiləm, cənab... adınızı da bilmirəm. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə