Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

- Məsələ aydındı. İndi inandım ki, baş-ayaq suya dönə bilər. Hurü xanım, 
daha dağa-daşa düşmək lazım deyil. Fətir-pendir gətir yeyim gedim. Seminariyada 
işim çoxdu, gecikirəm. 
Səməd baş-ayağı aparıb seminariyanın arxasındakı təpədə yoldaşları ilə 
yeyir. Seminariyaya qayıdanda ona deyirlər ki, atan səni bərk axtarır. O, 
qorxusundan axşam evə gəlməyib Pəri xanımgilə gedir. 
- Ay bibi, - deyir, - amandı, məni elə gizlət ki, tapan olmasın. 
- Niyə, nə olub, a bala, yenə nə günahın yiyəsisən, kimdi səni hədələyən? 
- Yusif ağa öldürəcək məni, - deyib əhvalatı Pəri xanıma danışır. 
İki gün gizlin gəzən Səməd atasının gözünə görünmür. Kimdən soruşursa 
gördüm deyən olmur. Üçüncü günü Pəri xanımgilə gələn Yusif ağa həyəcanla 
deyir: 
- Ay Pəri xanım, evim yıxılıb, uşağı itirmişəm. 
- Uşaq kimdi, ay Yusif ağa? 
- Səmədi deyirəm, o əməlvazı. 
Pərixanım da təlaşla: 
- Uşağın üzünü axşam da, sabah da o qədər, danlayırsan ki, itər də, lap o 
yana da keçər. Allah bilir, getdi özünü Ağstafa çayınamı atdı, yoxsa Kürə. 
- A Pəri xanım, o allahın bir adına and olsun, atamın goru haqqı, mən ona 
heç bir şey deməmişəm. Amma bircə şeyi bilirəm ki, baş-ayaq məsələsi onun 
işidir. Kaş tapılaydı, eləyib-eləyib, əlinin içindən gəlib, doğmaca dədəsinin halalca 
malını yeyib, oğurluq ha eləməyib?.. 
Pəri xanım görür ki, Yusif ağa lap yumşalıb, acığı-filanı da soyuyub. 
Səmədin həsrətindən fağır, yetim uşaq kimi az qala boynunu bükür. 
- Gəl otur, bir stəkan çay iç, ay Yusif ağa, mənim ürəyim deyir ki, mütləq 
tapılacaq, başında da heç bir qara-qorxu yoxdur. 
- Yox e, mən dili qurumuş bir-iki adamın yanında onun qarasınca bərk 
deyindim. Dedim ki, harda tutsam ayağımın altına salıb dəli inək buzovunu 
ayaqlayan kimi çığnayacam. Görünür ona da bu sözləri çatdırıblar, ona görə də 
başını götürüb itib. 
Bircə tapılsın, güldən ağır söz deyən deyiləm. Az, allaha and olsun, iki 
gecədi, gözümə yuxu getmir. 
Urəyiyumşaq Pəri xanım daha dözə bilməyib: 
- Özünü üzmə, ay Yusif ağa, uşaq bizdədi. Qəsdən sənə gec dedim ki, görüm 
Səmədi çoxmu istəyirsən? - Pəri xanım üzünü o biri otağa tutub, yaylaq farmaşının 
arasında gizlənən Səmədi çağırdı. 
- Ay Səməd, bəri çıx, qorxma, Yusif ağa tamam-kamal yumşalıb. Bəri çıx, 
qorxma, ovsunlamışam onu... 
Oğlunu sağ-salamat görən Yusif ağa onu qucaqlayır, öpür və kövrək-kövrək: 
- Anam sənə qurban, - deyir, - haqq eləyib baş-ayağı yeyibsən, əlinin içindən 
gəlib, bə adam da atasını bu qədər nigaran qoyarmı?.. Mən öldüm, ölümdən 
qayıtdım, sənin nigarançılığından... 
Ata-bala deyə-gülə evə qayıdırlar. 
 


* * * 
 
Bir dəfə Səməd bizə qonaq gəlmişdi. O gələndə, ay oğul, elə bil aşıqlara 
kimsə gözəgörünməz bir tellə xəbər çatdırırdı. Səhər açılan kimi qapımızda hazır 
olardılar. Səməd də bunların gəlişinə uşaq kimi sevinərdi. heç birinin xətrinə dəyib 
deməzdi ki, sən pis çalırsan, ya da sən pis oxuyursan. Aşıq ağzını açan kimi bilirdi 
ki, bu hava onun “yemidi”,  ya yox. O dəqiqə-deyirdi ki, sən “Ruhani” çal, bunu 
sən hamıdan yaxşı çalırsan. Başqa birisinə isə deyərdi, sən “Yurd yeri” üstə oxu, 
bu havada sənin çalıb-oxumağın başqa aləmdi. Səsindəki qəm insanın varlığını 
yerdən göyə qaldırır. İstər-istəməz adamın gözü qabağına eli-obası köçmüş dağlar 
gəlir. Yurd yerində qaralan ocaq daşı, sögülmüş binələrin yeri, buz bulaqlar, bir də 
yavaş-yavaş aşağılara enən duman-çiskin, uzaqlaşmaqda olan haylı-haraylı köç 
dalınca həsrətlə baxır. 
 Demək istəyirəm ki, Səməd “Ay filan aşıq, sən pis oxuyursan, ya da sən pis 
çalırsan” kəlmələrini işlədib aşığın xətrinə dəyməzdi. Təsadüfən, tamam naşı aşığa 
rast gələndə deyərdi: bu yazıq sənətdə yolunu azıb. 
Nə isə... Aşıqlar sazı köynəkdən çıxartmamış həyat yoldaşım Camal dedi ki, 
gedim qonşu Mürsəldən icazə alım. Mürsəlin altıaylıq bir oğlu ölmüşdü. Səməd 
çöldə əl-üzünü yuyurdu. Camal bağımızın içindən keçib qonşunu çəpərin yanına  
çağırdı. Səməd bunu gördü.  
- Xeyir ola, - dedi, - Camal tezdən qonşuya niyə gedib? 
- Heç, - dedim; - boş şey olar, yəqin bu gün harasa gedəsi imişlər, təxirə 
salırlar. 
Camal da mənə tapşırmışdı ki, Səmədə demə, lazım deyil, birdən kefi 
pozular, o hər şeyi ürəyinə salandı. 
Qonşu Mürsəl də Camalla birgə söhbət eləyə-eləyə bizə tərəf gəlirdilər. 
Səməd əlüzyuyanın yanında onları gözlədi. Nə qədər çağırdım, içəri gəlmədi. Elə 
bil nəsə hiss eləmişdi ki, Camalın qonşuya getməyi onun gəlişi ilə bağlıdı. 
- Qoy görüm, Camal belə tezdən qonşuya niyə gedib? - deyib durdu. 
Çatan kimi qonşu Mürsəl şairə dil-ağız elədi. Səməd təəccüblə: 
- Nə olub ki? - deyə soruşdu; 
Onda Camal məsələni açıb dedi. Mürsəl kişi: 
- Ay Səməd, - dedi, - ölən altı aylıq  uşaqdı, dünən dəfn elədik. Lap on 
səkkiz yaşında oğlum da ölmüş olsaydı, sənə görə icazə verərdim. Ölüb, allah 
rəhmət eləsin, qismət belə imiş. Qoy aşıqlar çalıb-oxusunlar. Həmişə şadlıqda-
şadyanalıqda. Allah mənim də ömrümdən kəsib sənin kimi qiymətli adamlara 
versin. Yolun bizim tərəflərə az-az düşür. Ayda-ildə bir dəfə, o da çalğısız, 
aşıqsız... 
- Yox, yox, - deyib Səməd etiraz elədi. - Ölünün böyüyü-kiçiyi olmaz. Ölən 
insandı, istər bir aylıq olsun, istərsə altmış yaşında. Dünyadan canlı insan gedib. O 
evdə cavan ana yas içində ola-ola, bizim burda çalıb-oxumağımız namərdlik olar
ölüyə də hörmətsizlik... 


Kişiyə təsəlli verib özü ilə birgə çay içirtdi. Bu gəlişində heç bir aşığa icazə 
vermədi sazı köynəkdən çıxartsın. Aşıqları yedirib-içirdib, nəmərlərini də verib 
yola saldı. 
Qızxanım ana gənclik illərindən, Bakıda, V.İ.Lenin adına Pedaqoji İnstitutda   
oxuduğu dövrlərdən söhbət açanda hiss olunurdu ki, həyəcanlanır, elə bil cavanlıq 
çağlarının həsrəti onu xəyala daldırır. Qızxanım ana həmin illəri yada salaraq 
deyirdi: 
- Bakıda təhsil aldığım günlərdə Səməd Vurğunla tez-tez görüşürdüm, necə 
deyərlər, həftə səkkiz, biz doqquz... Ərim Camal Axundovla Səmədgilə gedirdik, 
Xavər xanım bizi gülərüzlə qarşılayar, həm də o saat qonaqpərvərliyini nümayiş 
etdirərdi, adi çay süfrəsi ilə kifayətlənməyib, mütləq ortaya yemək gətirərdi. 
Səməd də öz qaydasında zarafatından qalmazdı, Camala sataşaaraq deyərdi: 
“...tələbənin iki qarnı olar; biri ac, o biri tox. Allahınıza şükür edin, nə verirlər 
dinməz-söyləməz yeyin!”... 
Ali məktəbi başa vurub Qazağa işləməyə gələndən sonra Səməd Vurğundan, 
onun ailəsindən, ümumiyyətlə, Bakıdan ayrılmaq bizim üçün bir müddət çox ağır 
keçdi, mən də, Camal da intizar çəkirdik; xüsusilə Səməd Vurğunu görmək, onun 
söhbətinə qulaq asmaq üçün ürəyimiz nanə yarpağı kimi titrəyirdi. 
 
10 avqust, 1987 
 
 
AFTAB XALANIN DÜŞÜNCƏLƏRİ 
 
Aftab müəllimə bu gün dərsdən tez qayıtdı. Yol boyu şagirdlərin cavablarını 
və sabah yazdıracağı inşanı düşünürdü. Əlli ildi həmişə sinfə alnıaçıq, üzüağ 
girirdi. Axı o, məşhur pedaqoq Əhmədağa Mustafayevin Yuxarı Salahlıda 
rəhbərlik etdiyi məktəbi bitirmişdi. Onun adına da layiq işləmişdi. 
Çəpərlərarası yolla gedə-gedə bugünkü dərsi bir daha təhlil edir, şagirdlərin 
hazırcavablığına sevinirdi. Ağ darvazalı bir həyətin yanından keçəndə qonşunun öz 
arvadına dediyi sözlərdən yerində donub qaldı: 
- Yığışdır bu şələ-güləni, indi qonaqlar gələcək... 
...Bu sözlər ona tanış və doğma idi.  
“Yığışdır bu şələ-küləni...”. Bu sözləri iyirmi dörd il qabaq onların əziz 
qonağı, qohumu Səməd Vurğun demişdi. O zaman şair söz vermişdi ki, iyulun on 
beşindən sonra gələcək. Aftab xala da on gün əvvəl evin yorğan-döşəyini çölə 
çıxarıb, səliqə-sahman eləmək istəmişdi. Amma nədənsə şair verdiyi vəddən düz 
on gün tez gəldi. Darvazadan içəri girəndə ərklə: 
- Yığışdır, a yengə, bu şələ-güləni, - dedi, - sənin yanında urvatım yoxdu. Bu 
saat el-oba buraya töküləcək”.      
Doğrudan da, heç beş-on dəqiqə keçməmiş camaat tökülüb şairi görməyə 
gəldi. 
Şair: 
- Aşıqları çağırın, ayrı heç nə lazım deyil, - dedi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə